Sosial şəbəkələrdə yayımla

Şirkətinizin Həm Atası, Həm Anası Olmayın

Keçən həftə otel idarəetməsi sahəsində 10 ilə yaxın təcrübəsi olan bir dostum məndən kiçik bir konsultasiya istədi. Məsələ belə idi: 
 
Onun şəhərin mərkəzində yerləşən iki butik oteldə ortaqlıq payı var. Eyni zamanda həmin otellərin meneceridir. Otellərin biri yeni açılıb, digəri isə artıq 3-cü ildir ki fəaliyyət göstərir. Dostumun otel biznesində təcrübəsi, hər müştəri ilə tək-tək maraqlanmaq siyasəti və internet resurslarından istifadə şəriştəsi nəticəsində otellərin booking.com və tripadvisor.com kimi beynəlxalq reytinq saytlarında ölkə üzrə çox yaxşı reytinqi əmələ gəlib. Qonaqlar xidmətdən razı qalır və başqalarına tövsiyyə edirlər.
 
 
 
Lakin, otellərin doluluq səviyyəsində stabillik yoxdur. Bəzən tam dolan otel, bəzi günlərdə 50% boş qalır. İndividual rezervasiyalar (bron) müştərilər tərəfindən tez-tez ləğv olunur və otaqlar boş qalır. Bəzən isə otel dolduğu halda rezervasiya etmək istəyənlər aşıb-daşır və otel həmin müştəriləri qəbul edə bilmir. Bu isə müştəri məmnuniyyətini riskə salmaqla yanaşı, eyni zamanda otelin özü üçün də stres və əlavə əməliyyat xərclərinə səbəb olur.
 
Ümumiyyətlə bu cür qeyri-stabilliyin qarşısını almaq üçün korporativ müştərilərlə işləmək məsləhət görülür. Şirkətlərin qonaqları daha uzun müddətli səfərlər edir və adətən qeydiyyatlarına sadiq olurlar. Lakin korporativ müştərilərin əldə edilməsi hər zaman asan olmur. Bunun üçün korporativ müştərilərə yönəlik xüsusi bir marketinq və satış strategiyasının həyata keçirilməsinə ehtiyac var. Bunlar isə öz-özlüyündə kifayət qədər iş yükü deməkdir.
 
Məsləhət almaq üçün mənə müraciət edən dostumun qarşılaşdığı problem əslində yeni qurulan kiçik və orta biznes sahiblərinin ortaq dərdidir. Yeni qurulan bizneslərdə maliyyə axışı zəif olduğu üçün əmək haqqına çox büdcə ayrılmır. Daha çox ucuz işçi qüvvəsindən istifadə olunur və bir neçə funksiyanı bir şəxs həyata keçirməli olur. Nəticədə bütün yük bir menecerin üzərinə düşür. Menecer işin həm atası, həm də anası olmağa çalışır. Yəni ənənəvi ailə strukturuna bənzətsək, menecer həm ana kimi daxili əməliyyatları həyata keçirir və təlim-tərbiyyə yükünü öz üzərinə götürür, həm də ata kimi şirkətin kənarda tanıdılması, böyümə və genişlənməni həyata keçirir.
 
Bütün bunlar fokusun dağılması və streslə nəticələnir. Balansı qorumaq çətin olur. Bəzən, biznes əməliyyatları qaydasında gedərkən, biznesin inkişafı və portfelin idarə edilməsi geriyə qalır. Marketinq ikinci plana keçir. Bəzən isə, şirkət haqqında utopik bir imic yaradılmasına baxmayaraq biznes əməliyyatları gələn tələbi qarşılaya bilmir. Bu isə öz növbəsində müştəri məmnuniyyətinə və uzunmüddətli imicə zərər verir. Formalaşdırılan imic şarı (bubble) qısa zamanda partlayır.
 
Bütün bunlar sizə tanış gəlirsə və maliyyə vəziyyətiniz tam bir komanda ilə işləməyə imkan vermirsə, aşağıdakılardan uyğun gələnləri tətbiq etməklə biznesinizi bir sonrakı inkişaf mərhələsinə daşıya bilərsiniz:
 
1. Menecer-ortaq götürün: İnvestor-ortaqla yanaşı işin bir hissəsini öz üzərinə götürəcək menecer-ortaqla daha sürətli inkişafa nail ola bilərsiniz.
 
2. Daxili təlimləri intensivləşdirin: İşi bilən menecer tək qalmaq istəmirsə, əsasən daxili əməliyyatları idarə edə biləcək yeni menecer(lər) yetişdirə bilər. Bunun üçün uzun illərə ehtiyac yoxdur. Sistemli şəkildə və motivasiya edərək işçilərinizi gündəlik qazanc psixologiyasından uzaqlaşdırıb, biznesi idarə edəcək insanlara çevirə bilərsiniz.
 
3. Yetişdirdiyiniz insanlara güvənin: Bir zamanlar siz də onlar kimi yeni öyrənirdiniz və özünüzə güvənirdiniz. İşi bölüşdürə bilmək bir menecerin ən önəmli qabiliyyətlərindəndir. Yerinizə daxili əməliyyatları idarə edəcək menecer təyin edin və işləri kontrol etdiyinizi ondan gizləyin. Bir müddət sonra nəzarəti həftəlik, daha sonra isə aylıq hesabatlarla limitləyin.
 
4. Xarici işləriniz (PR, marketinq, biznesin inkişafı) üçün də ən az bir nəfər yetişdirin: Biznes görüşlərinizə aparacağınız, yazışmalarınızda sizə kömək edəcək asistentiniz tələbə və ya praktikant belə ola bilər. Bir müddət sonra şirkəti daha az əhəmiyyətli görüşlərdə tək təmsil etməyi ona tapşırın. Həm daxili, həm də xarici gündəlik işləri həvalə edəcəyiniz əməkdaşlarınız olmadığı müddətcə, siz əsl menecer ola bilməyəcəksiniz. Unutmayın ki, əsl menecerin işi işləri idarə edən insanları idarə etməkdir.
 
5. Komandanızı maarifləndirin: Kiçik biznes olsanız belə komandanızla strateji hədəflərinizi və ona necə getmək istədiyinizi vaxtaşırı müzakirə edin. Onların fikirləri və motivasiyası sizin üçün aparıcı qüvvəyə çevrilməlidir.
 
Zəhmət olmasa, bu siyahıya əlavələrinizi oxuculardan və müəllifdən əsirgəməyin!
 
Ramiz Mammadli, PMP
VIPCON

Baxılıb: 15532

Şərhlər(1)

Şərhlər (1)

Milad Milad
Çox maraqlı və uyğun məqalədir