Sosial şəbəkələrdə yayımla

Ən sürətli şəhər minikarı

BRABUS şirkəti Smart ForTwo avtomobilinin modifikasiya olunmuş versiyasını istehsal edib. Baza modelinin xarici görünüşü daha aqressiv şəkil alıb. O, əlavə idman keyfiyyətləri də əldə edib. Yeni BRABUS 112 şəhər idman avtomobilləri arasında layiqli yerini tutub. Bu modelin hazırlanması üçün baza qismində Smart ForTwo modeli götürülüb. BRABUS şirkətinin modifikasiyaları nəticəsində yeni model daha yaxşı dizayn üslubu əldə edib.
Yeni ön spoyler, yan tərəflərin dəyişdirilmiş xətləri, xüsusi radiator barmaqlıqları – bütün bunlar yeni modelə daha sanballı görkəm verir. Şirkət müştərilərə avtomobilin rəngini öz istəkləri əsasında seçib sifariş etmək imkanı verir.
Üzərinə yüksək keyfiyyətli şin taxılmış 18 düyümlük disklər və tənzimlənən asqı Smart avtomobilinin təkərlərinin yerdən üzülməyəcəyinə və hər cür şəraitdə hərəkətini davam etdirəcəyinə zəmanət verir.
Yeni Smart ForTwo avtomobilinin kapotunun altına 3 silindrli turbokompressorlu mühərrik yerləşdirilib. Bu mühərrik 110 at gücü və 150 Nm fırlanma anı istehsal edir. Yeni modelin texniki göstəriciləri avtomobil həvəskarlarını yaxşı mənada heyrətə sala bilər. Belə ki, Smart ForTwo 60 km/saat sürətini cəmi 3,9 saniyəyə, 100 km/saat sürəti isə 9,5 saniyəyə yığmağa qadirdir. Avtomobilin maksimal sürəti isə 170 km/saat təşkil edir.
Sürücü öz istəyi əsasında həm avtomat, həm də mexaniki transmissiyadan istifadə edə bilər.
Smart ForTwo modelinin salonu qara dəri ilə yüksək səviyyədə işlənib və içəridəkilər üçün komfortu təmin edir. Salonda kondisioner, stereosistem və naviqasiya sistemi var.
Yeni avtomobilin qiyməti 45.900 avro təşkil edir. Onun adındakı 112 rəqəmi isə istehsal olunacaq avtomobillərin sayını göstərir.
avtomobil.az

Baxılıb: 4858

Şərhlər