Sosial şəbəkələrdə yayımla

2012: Seçilmiş Reklamlar

Ötən il 2011-in ən yaxşı reklamını seçəndə, bunu sonuncu dəfə etdiyimizi düşünənlər olmuşdu. Demirəm ki, kimlərinsə mak.az-ı gözləri götürmür. Xeyr! Sadəcə dünyanın 2013cü ilə keçə bilməyəcəyini düşünənlər var idi.

Amma nəhayət ki, 2013 gəldi və bu o deməkdir ki, 2012-nin ən yaxşı reklamını seçmək vaxtıdır.

El birliyi ilə yığışıb ən yaxşı 10 reklamı müəyyən etdik ki, siz də onların arasından ən layiqlisini seçəsiniz.

 

Seçim meyarı: Reklamlar facebook-a inteqrasiya olunmuş səsvermə vasitəsilə geniş publikaya təqdim olunur. Hər kəs ən bəyəndiyi reklamı özü seçir, lap çox bəyənirsə ətrafdakılara seçməsini təbliğ edir. Toplanan səslər ekspertlərin rəyləri ilə formalaşdırılan cədvələ əlavə ediləcək. 

Səs vermədə iştirak etmək üçün keçid. (Səs vermə 20 fevral tarixinə qədər davam edəcək)

Qarşınızda nominantlar:

1. Vergilər nazirliyi: "Əmək müqaviləsini tələb edin"

Agentlik:

Xülasə: Dövlət qurumlarımızın reklam çəkməklə bağlı təcrübələri dolğundur. Heyf ki, bu işlər hər zaman ürəyimizi açmır. Mən deyim kreativ yanaşma əksikliyi, siz deyin istər istehsalat keyfiyyətsizliyi, özləri desin "konsepsiya, o nədir?" Vergilər Nazirliyinin əmək müqaviləsiz işləyənlərə lağ və hədə, amma lazımlı gerçəklik qarışıq xəbərdarlığı yaxşı üslübda çatdırılıb. 1-ci yerə oynamasa da, sonuncu olmamalıdır.

 

2. Unibank: "Unibankda zaminə ehtiyac yoxdur"

Agentlik: TOTEM

Xülasə: Unibank Azərbaycan bazarının innovator marketer bankıdır. Özləri də həmişə stereotiplərin qırılmasındakı rollarından danışırlar. Real rəqəmlərə təsiri ayrı mövzudur, ancaq reklamlarında istifadə edilən üslub olduqca maraqlı və xoşagələndir. Zaminə maska geyindirib şöbədən qovan "Unibank" siyahımıza düşə bildi. 

 

3. Azercell: "Mürəkkəbli su üzərində kommunikasiya"

Agentlik: Saatchi&Saatchi Türkiyə

Xülasə: Yarandığı gündən Azərbaycanın marketinq cameəsini yüksəkbüdcəli işləri ilə xoşbəxt edən Azercell 2012-də də qiyamət söyləntilərini qulaqardına vurmuşcasına xeyli reklam hazırladı. Mürəkkəbli su sənəti ilə ərsəyə gəlmiş bu əsər isə diqqətimizdən kənar qala bilməzdi. Deyilənə görə, şirkətdə də bu reklam işindən yüksək məmnunluq var.

 

4. Accessbank: "Yığma komandamız AÇ-yə gedir"

Agentlik:

Xülasə: Accessbank Azərbaycan bank bazarının önəmli fiqurlarındandır. Avropa sərmayəsi bank işində özünü göstərdiyi kimi, bu reklam çarxında da nəzərə çarpır. Özü də təkcə alman Berti Foqtsun çarxa çəkilməsi ilə deyil... Reklamda heç bir saniyənin boş getmədiyini demək olar. Ancaq bazarımızın 2 ildir daha bariz üzə çıxan "packshot" problemi yenə mənzərəni korlayır.

 

5. Nar Mobile: "Eşitməmək – düşünməmək deyil!"

Agentlik: Prosper

Xülasə: GSM sektorunun Azərbaycan marketinq aləmində böyük çəkiyə malik olduğu sirr deyil. Ortalam hər ay 1 yeni çarxı efirə verən operatorlarımız müxtəlif spektrli işlər təqdim edirlər. Amma Nar Mobile-ın ölkədə yanlış istiqamətdə qavranmağa başlayan Korporativ Sosial Məsuliyətlə bağlı bu iş özəl yerə sahibdir.

 

6. Helen Harper: "Gələcəyin uğurlu iş adamları üçün"

Agentlik: Advert

Xülasə: Reklam kretivdirmi? - Xəfif. Gözəgəlimlidirmi? - Yüz faiz. Konseptualdırmı? - Əminliklə demək olar ki, bəli. Bütün bunlardan isə daha önəmli olanı qlobal bir FMCG markasının Azərbaycan bazarı üçün özəl reklam çəkməsidir. Xüsusən, Pampers kimi bir nəhənglə rəqabətə tab gətirməyə çalışan və bunu çətinliklə edən bir markanı belə yatırım etməsi diqqətəlayiqdir.

 

7. Danone: "Rastişka ilə övladlarınızı qoruyun"

Agentlik: MPG Azərbaycan

Xülasə: Bu reklam barədə də yaxın şərhləri vermək olar. "Danone"nin Azərbaycan bazarındakı gücü "Helen Harper"lə müqayisədə daha dominantdır. Reklama milli ünsürlər ustalıqla yerləşdirilib. Üstəlik, reklam çarxının Gürcüstanda da göstərilmək üçün hesablanması vərdiş etmədiyimiz bir dəyərdir.

 

8. Bakcell: "Ulduzlar xidmətinizdə"

Agentlik: McCann Erickson Azerbaijan

Xülasə: "Bakcell"in "Manchester United" ilə tərəfdaşlığı şübhəsiz 2012-ci ildə marketinq aləmimizin bir nömrəli hadisəsi oldu. Yerli markamızın reklamında Ryan Giggs, Robin van Persie kimi ulduzları görməkdən məmnun qalmamaq mümkün deyil. 2011-in ən yaxşı reklamını çəkən Bakcell-in bu dəfə də qələbə qazanması çox realdır. Hətta hadisələri qabaqlayaraq 2013 üçün də eynisini proqnozlaşdırmaq olar. Buradan şirkətin Marketinq Kommunikasiyaları bölməsinə təbriklər!

 

9. Bağdan: "Məclislərin bəzəyi"

Agentlik: Cinealliance

Xülasə: Bağdan kompot bazarının ikinci (pay olaraq "Bizim Tarla"dan çox geri qalsa da, ikincidir) böyük oyunçudur. Sektorun böyüməsində öz payı var. Bunu aqressiv distribyusiya siyasəti ilə yanaşı qablaşdırmadakı innovasiyaları ilə edir. Bu reklam işi isə kommunikasiyaya da ciddi yanaşmanın göstəricisi oldu. Sloqanı isə nəzərdən qaçırmamağı tövsiyə edirik. Bu işdə agentliyi də vurğulamaqda fayda var. Ötən il Jalə su üçün çəkilən reklam ilə sorğuya daxil olan Cinealliance yenə agentlikləri qısqandıracaq keyfiyyətdə iş çıxarıb. Onların reklam istehsalı şirkəti olduqlarını xatırladaq.

 

10. Bank technique: "Rebrendinq"

Agentlik: Peachline

Xülasə: Qalmaqallı Texnikabank fransız şivəsinə meyl edərək özünə köhnə-yeni ad seçdi. Yeni ada isə biraz müəmmalı, biraz klişe, amma xeyli məsrəfli reklam həsr edildi. Görüntü keyfiyyəti, elementlər, səsləndirmə... Söz yox. Ümumi qiyməti isə sorğuya qatılan istifadəçilər və ekspertlər verəcək. İlin ən aktiv agentliyi olan Peachline da beləcə siyahıya daxil oldu.


Vüsal Qəmbərov
Baş Redaktor

Baxılıb: 2473