Sosial şəbəkələrdə yayımla

3-cü məkan

Evimiz... işyerimiz... bəs kefimiz?.. o da kafemiz...

Səhər naxıra, axşam axıra?

Müasir həyat tərzini “səhər naxıra, axşam axıra” deyimi ilə ifadə etsək yanılmarıq hərhalda. Günümüzün iş rəqabəti elə bir mühit yaradıb ki insanlar “işdən başını qaşımağa” vaxt tapmayanda fəxr edir. Amma kim nə deyir desin insanıq! Hər kəsin gündəlik iş təlaşı və rutin məişət problemlərindən uzaqlaşmağa ehtiyacı var. Amma bu uzaqlaşmağı məsafə baxımından 3 rəqəmli km-lərlə ifadə etməyə imkan yoxdur... vaxt da yoxdur. 3-4 rəqəmli km-lərlə ancaq ezamiyətdən ezamiyətə uzaqlaşa bilirik “rutin problemlər mərkəzi”ndən. O da yenə işdir. Məzuniyyəti isə gözləyənədək çartlamaq olar...

O zaman çarə qalır həftənin orta günlərində axşam vəya həftənin axır günlərində səhər-axşam hərhansı vədə “başını götürüb qaça biləcəyin” yerlərə. Qohum-əqraba, dost-tanış... Yenə evdə? Biz – azərbaycanlılar bunu sevirik, düzdür. Amma qismən təəssüf, qismən modernləşmə, qismən də prosesin labüd nəticəsi deyək – sirr deyil ki insanlar artıq qonaq getmək və qonaq qəbul etməyə isti yanaşmır. Başqa bir məkan lazımdır! Evdən və işdən sonra 3-cü məkan...

Şultzla başlayan axın

Hovard Şultz 80-ci illərin əvvəllərində “Starbaks”ı (Starbucks) öz idarəçiliyinə keçirəndə o dövr üçün inqilabi bir konsepsiya təqdim etdi biznes dünyasına – 3-cü məkan. 30 il öncədən danışdığımın fərqindəsiniz yəqin ki. Beləcə “Starbaks” iddia etdi ki, insanlara evləri və işyerlərindən sonra 3-cü məkan ola biləcək mühiti təqdim edir. Zamanla bunun kafelər üçün dəyişilməz bir amplua olduğu aydınlaşdı. Sadəcə Hovard müəllim sektora bələd olması və dərindən bilməsi sayəsində kafelərin gələcəkdəki mövqeyini görmüşdü. Bu isə onun qısa müddətdə dünya markasına çevrilən qəhvə evini yüksəltməsinin başlanğıcı oldu. Təbii ki, Şultz “mən 3-cü məkanam” deyib oturub qonaqlarını gözləmədi. “Starbaks”la əlaqəli kitab-kitab məlumat və keyslərin yazılması boşuna deyil.

Beləcə, 30 ilə belə ehtiyac qalmadan aydın oldu ki, kafelər müasir iş sistemində insanlara 3-cü məkan təşkil etmək üçün mövcuddur. İş və ev problemlərindən uzaqlaşa biləcəyimiz bir mühit... Bunu edərkən isə kafe biznesinin təkamülünü hər zaman diqqətdə saxlamaq lazımdır.

Kafe biznesinin təkamülü

Həsən müəllimin Turizm İnstutunda seminarda lövhəyə çəkdiyi şəkillər hərhalda heç tələbələrin də yadından çıxmayacaq. Prezentasiyanın 2-3 dəqiqəlik qismi kafe biznesinin son illərdə necə təkamül etdiyini göstərdi.

Əvvəl bayırda içə biləcəyin bir stəkan çay tapmaq asan olmurdu. O çayı təqdim edən də olurdu “super kafe”. Daha sonra baxdılar ki, məkana əl gəzdirmək lazımdır. Məkan düzəldi amma, az keçməmiş hamının məkanı oldu. O zaman işçilərin xidməti yanında təbəssümü lazım oldu. Təbəssüm bir müddət rəqabət üstünlüyü kimi işlədi.
Haşiyə: Düzünə qalsa Azərbaycanda hələ də təbəssümə ehtiyac var.

Nəhayət hamı öyrəndi ki, təbəssüm və müsbət aura insanları başına toplamağa kömək edir. Bundan sonrası isə, hazırda tədavüldə olan trenddir – sosial aidlik hissi vermək.

Artıq kafelər insanların sadəcə yemək vəya vaxt keçirmək üçün gəldiyi məkanlar deyil. İnsanlar ziyarət etdiyi kafedə özünü müəyyən bir qrupa daxil olurmuş kimi hiss etməlidir. İstənilən düzgün prinsiplə işləyən – uğurlu kafeyə getdiyinizdə bunu görməyiniz mümkündür. Oraya aid olmayan – “yad ünsür” anında hiss olunur. Elə özünüz də o icmaya daxil deyilsinizsə özünüzü nataraz hiss edəcəksiniz.
Bəs görəsən bu mövqelənməni, hansı icmanı toplamağı nələr müəyyən edir?

Mövqeləndirməni nə müəyyən edir?

Bu çox kritik bir sualdır. Əslində marketinqin kafe sahəsində ən vacib təsir sahəsidir. Hansı faktorların birləşdikdə hansı mövqeləndirməyə gətirdiyini kafe işində məhz marketinq idarə etməlidir. Bu isə standart STP-Makreting mix zinciri üzrə götürülür. Yəni bütün marketinq ünsürləri bir araya gətirilir.

Kafe işində Product – məhsulun xidmətin xarakteristikasından dolayı başqa P-lərlə (Process, People vs.) açıqlandığını demək lazımdır. Amma bunu bu yazıda detallı açıqlamaq mümkün olmayacaq. Price və Place az qala bütün digər işlər edildikdən sonra özlüyündə formalaşır. O ki qaldı Promotion-a əsas iki məqam – (1) hədəf kütlənin anladığı və qəbul etdiyi dildən danışmaq, (2) hədəf kütlənin mesajı görə biləcəyi kanallardan istifadə etmək.
Product məsələsində isə dizayndan tutmuş, təklif olunan məhsullara, paltarlardan tutumuş istifadə olunan texniki vasitələr qədər hamısı ahəng təşkil edir. Və ən əsası... personal!

Özünüzü ev sahibi, müştərini qonaq kimi görün

Personal bu işin can damarıdır. Mənim prinsipim – personalın hədəf kütlə ilə eyni dünya görüşünə sahib olması lazımdır! Amma heyf ki, bunu hər zaman təşkil etmək alınmır. Ən böyük problem isə “təhsilli kafe personalı” tapmaq ilə bağlı çətinlikdir.

Təbii ki, hər şeyin asan olmadığını bildiyimiz iş dünyasında bu maneəni aşmaq yenə sahibkara və menecerə qalır. Treyninq mövhumu elə belə şeylərdən ötrü mövcuddur.

Azərbaycanda və Türkiyədə kafe işində samballı təcrübəsi olan dostumla söhbət edəndə mənə maraqlı bir məqamdan danışdı. Deyir ki, biz türk xalqları qonaqpərvər və hətta qonaqsevənik. Elə ki, bir yaxınımızın bizim evə təşrif buyuracağını öyrənirik onunçün soyuducudakı ən gözəl əti ayırırıq... orada yoxdursa qəsssabdan. Ən məxsusi yeməkləri bişiririk ki, ürəyi xoş olsun. Çay süfrəsində belə masada boşluq olmamasına çalışırıq. Tərtəmiz yuyulmuş və ətir saçan mələfələr, yorğanlar çıxarılır sandıqdan. Uzun sözün qısası qonağın evimizdən xoş təəssürat və dualarıyla ayrılması üçün əlimizdən gələni və artıqlamasını edirik.

Bax elə kafedə də personal ev sahibidir, müştəri isə qonaq. Bu qonağın o qonaqdan bir fərqi var ki, (Allah onun canını sağ eləsin!) gedəndə xidmətlərinə görə pul qoyub gedir. Kapriz də etsə, hərhansı bir şeyi bəyənməsə də, yeri gəlsə başqasından yığdığı hirsi üstünüzə də töksə gərək öz evinizdəki qonağa göstərdiyiniz ehtiramı müştəridən də əksik etməyəsiniz. Kim-kim biz – azərbaycanlılar bunu etməyi bacarmalıyıq... amm heyf ki, hələ öyrənməliyik.

Bir dəfə personaldan xoş rəftar görən, müsbət enerji alan qonaq isə həmin məkana bir də gələcək, bir də gələcək... və daha çox zaman keçirəcək...

Yoxsa kafelər Facebook-la rəqabət aparır? Bəlkə tərsinə?

Müştərini kafeyə tez-tez daxil edib, onun məkanda daha çox qalmasını təmin etmək – belə desək onu kafeyə bağlamaq – isə hər bir kafe idarəçisinin ən böyük uğuru olar. Qonaq heç kimə heç nə demədən və heç nə sifariş emtədən gəlib bir kənarda internetdə “sörf” etsə də, bu “gəlirsizlik” sizi sıxmamalı, əksinə sevindirməlidir – o insan üçün özünü rahat hiss etdiyi mühit yaradılıb deməli.

Maraqlıdır ki, facebook da insanların öz virtual məkanında daha çox vaxt keçirməsi ilə fəxr edir və uğur meyarı kimi bunu götürür. Facebook ilə kafelər arasında paralel aparsaq görərik hər ikisi insanların rutin problemlərdən uzaqlaşdığı məkandır, hər ikisində sosiallaşmaq vacib məqsədlərdəndir, hər ikisində ətrafdan qismən uzaqlaşma var. Hətta bunun real bir araşdırma mövzusu olduğunu belə demək olar...

Amma bu araşdırmaya daxil olmadan yazıya xitam verək və xülasə olaraq deyək ki, kafelər artıq 30 ildir bizə şəhər həyatının problemlərindən qaçıb gizlənmək/dincəlmək üçün mühiti təqdim edir. Azərbaycanda da bu sahədə alternativlərin olması üçün real mühit yaranıb.

Baxılıb: 5314

Şərhlər(8)

Şərhlər (8)

Zero Zero
Qerbe aid seylerin qerbde populyar olmasi, burda da ele olmalidir menasina gelmemelidir mence. Orda kafeye girmeye haminin pulu catir ve bu sosial adetdir, burda ise pulu catanlar girir. ferq var.
Amerikanin kafeleri=bizim cayxanalar.
Milletimizin dusunce terzi cox ferqlidi qerbdekilerden. :)
gue_rilla gue_rilla
Azərbaycanda bu vəziyyətdən çıxmaq üçün global cafe brendlərinin güclü franchising aparmasıdır.
Misalcun, Sturbacks vəya Gloria Jeans Cafe-si Bakida tam franchising fəaliyyət göstərsə və hər yerdə olduğu kimi öz standartlarını təmin etdirsə burda bir müddətdən sonra digər kafelər də müştəri itirəcəyi üçün onların təcrübəsindən yararlanmağa başlayacaq.

Ümumiyyətlə isə biz etiraz etməyi bilməyən və öz daxilimizdə hərşeyə boyun əyən millətik. Kafelərdə bizi döysələr belə bunu normal qəbul edərik yəginki :)) Birdəki şirin dil deyilən şey yoxdur bizdə. Ofisiant, mağazada satıcı, marşrut sürücüsü, polislər, dövlət qulluqçuları və daha çox saya biləcəyim və gün ərzində aktiv ünsiyət quran işçilər belə acıdil olurlar.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Qarışdırmamaq onsuz da müasir həyat tərzində əsas məsələdir. yeməyini də, işlərini də, məkanlarını da :)

Virtual həyatdan geri qayıtmaq isə artıq çətindir. Bu məkan çox böyük imkanlara sahibdir və internet bir çox tərəfə əlverişlidir. İstər siyasi, istər ticari baxımdan.

Məncə Azərbaycanda nələrisə yoxlamağın tam sırasıdır. Dəyişikliklərə ehtiyacı hamı görür amma heç kim addım atmağa ürək eləmir. Əvvəl axır ciddi davranış və mental dəyişikliklərinə stimul verənlər vəziyyəti də idarəsində saxladığı müddətcə ticari fəaliyyətini möhkəm edə bilər. Eynən də kafeni 3-cü məkan markasına çevirmək işində.

Evin isə ampluası və təyinatı elə evdir. İnsanların ənənəmizdə olduğu kimi evi 3-cü məkan kimi istifadəsi artıq çətindir. Yaylaq-qışlaq məsələsi isə həm hər kəsin imkanları daxilində deyil, həm də biz onu mövsümlük istifadəyə öyrəşmişik. Buna görə də biraz çətindi ev-iş-digər ev formatı.
mak mak
market, evə dəvət gözəl təşəbbüsdür, amma bilirsinizmi internet və televiziya 1-in əhəmiyyətini demək olar ki, aradan qaldırıb...
mARket mARket
hr. müəllif, məncə 3-cü məkan kimi kafe, vəya inet səhifələrini formalaşdırmaq yerinə insanların evinə girmək daha yaxşı olardı.. Emosiadan kənar düşünürəm.. 3-cü məkan lazımdırmı? Bunu 1-ci məkana sıxışdırsaq daha efektiv olmazmı.. Düzdü kafe alternativ məkandı.. Xidmət və təklif müəyyən çərçivələrdədi.. Alternativ məkanları evə yaratsaq daha çox məhsulu bazarlaya bilmək olar.. mən 1-2-1 deyirəm...))
Rafiq Hunaltay Rafiq Hunaltay
Eslinde Azerbaycanda indi neyise sinamaq ozu riskli bir sheydir. Cunki bu qeder elmi, tecrubi, texnoloji ve daha ....loji axinlarin icinde Azeerbaycan olaraq, millet olaraq konkret neyi isteyirik ozumuz de bilmirik. Neyi istediyimizi bilende her shey gun kimi aydin olacaq.
ArzuSal ArzuSal
Mene de lezzet eledi Facebook meselesi. Amma virtual dunya geldi gederdi, kafeler, meyhaneler qalici...

Bir de kafede hec ne sifarish etmeden oturanlara mane olmayin sohbeti superdi. BUNA EMEL ETMEK LAZIMDI!
mak mak
əsas məsələ 1,2,3 hamısını yerini bilmək və qarışdırmamaqdır... açığı facebook-a rəqib kimi toxunmağın aktualdır, Amerikada bir neçə şirkət `real həyata geri dönün` tipli başlıqlarla kampaniyalara başlayıblar. xatırlamıram hansı şirkət idi amma maraqlı məsajları var idi - you chat we drive