Sosial şəbəkələrdə yayımla

3G Azərbaycanda

Azərbaycanda 2008-ci ilin birinci rübündə ölkə ərazisində üçüncü nəsil (3G) rabitə xidmətlərinin göstərilməsi ilə bağlı lisenziyaların verilməsi üzrə müsabiqə elan ediləcək. Bu barədə rabitə sahəsində Regional Əməkdaşlıqla bağlı iclaslarda iştirak etmək məqsədilə Astanada səfərdə olan Azərbaycanın rabitə və informasiya texnologiyları naziri Əli Abbasov müsahibəsində bildirib.
Əvvəllər ölkənin hər üç GSM-operatoru (Azercell Telecom, Azerfon və Bakcell) bu xidmətlərin göstərilməsində maraqlı olduğunu bildirib.
Nazirin sözlərinə görə, hər üç operator üçün tezliklərin hazırlanması ilə bağlı işlər aparılır. «Problem ondan ibarətdir ki, bu texnologiyaya qədər bütün tezliklər digər məqsədlər üçün ayrılıb və indi bu tezliklər qaydaya salınır» - deyə Abbasov bildirib.
Hökumətin proqnozlarına görə, 2008-ci ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 5,2 mln.-a çatacaq. Bu rəqəm 2009-cu ildə 5,9 mln., 2010-cu ildə 6,2 mln., 2011-cu ildə isə, 6,8 mln. –dək arta bilər.
Hazırda Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 4 mln.-dan çoxdur. Beləliklə, hər iki nəfərdən birinə mobil telefon düşür. Ölkədə 3 GSM operatoru fəaliyyət göstərir. Bazarda ən böyük paya 2,8 mln. abunəçiyə malik olan «Azercell Telecom» BM, ikinci böyük paya «Bakcell» (700 mindən çox) və müvafiq olaraq, «Azərfon» BM malikdir (100 min nəfər).
3 G standartı Beynəlxalq Elektron Rabitəsi Birliyi tərəfindən işlənib hazırlanıb. 3 G- «üçüncü nəsil» İnternet şəbəkəsi xidmətlərinə yüksəksürətli mobil çıxışı, radiorabitə texnologiyasını birləşdirən xidmətlər toplusudur.

Dünyada iki 3G standartı mövcuddur: UMTS ( və ya W-CDMA) və CDMA2000. UMTS ,əsasən, Avropada, CDMA2000 isə, Asiya və ABŞ-da yayılıb. /Trend Capital

Baxılıb: 4576

Şərhlər