Sosial şəbəkələrdə yayımla

Auditoriya üçün yox, auditoriya ilə danışın!

“İctimai nitqin 10 fundamental prinsipi” silsiləsindən 6-cı məqalə.
 
Keçən söhbətimizdə mən “İctimai nitqin 10 fundamental prinsip”indən 5-cisi, yəni “Sükut qızıldır, və ya səsdən məharətlə istifadənin sirri” prinsipi haqda danışmışdım. Həmin məqaləyə siz bu link ilə keçid edə bilərsiniz. 
 
Beləliklə, bu dəfə mən söylədiyim 10 əsas prinsipdən altıncısı haqqında danışacağam: Dinləyicilərinizi söhbətə cəlb edin.
 
 
“Əgər sizin reklamınız yanğın söndürənə aiddirsə, onu alov ilə başlayın,” əfsanəvi reklam mütəxəssisi Devid Oqilvi deyir. Reklam çarxı zamanı insanların diqqətini cəlb etmək üçün sizin maksimum 30 saniyəniz olur. Eyni qayda ictimai çıxışlara da aiddir. İlk 30 saniyə mühümdür. Bu qısa vaxt ərzində dinləyiciləriniz sizin haqqınızda fikir formalaşdırır və əgər siz onların diqqətini cəlb edə bilsəniz, bu, çıxışınıza uğurlu start verəcək. 
 
Bəs auditoriyanın diqqətini necə cəlb etmək olar?
 
Bunun ən sınanmış və ən yaxşı yolu onları çıxışınızın fəal iştirakçısına çevirməkdir. Dinləyicilər söhbətə cəlb olmağı sevirlər, bu zaman onlar nitqi daha yaxşı başa düşüb yadda saxlayırlar. Sübut olunub ki, insanın bir hadisəni və ya prosesi yadda saxlaması, onun bu hadisəyə cəlb olunmasına proporsionaldır. 
 
Auditoriyanı çıxışınıza bir neçə üsulla cəlb edə bilərsiniz. Onlardan biri dinləyicilərin rahatlığı ilə maraqlanmaqdır. Məsələn, hamının sizi eşidib eşitməməyi, otağın kifayət qədər işıqlı olub olmamasını, proyektorun göstərdiyi şəkillərin hamının görüb görmədiyi ilə maraqlana bilərsiniz. Əgər hər hansı bir narahatlıq olsa, növbəti addım iştirakçılardan bu narahatlıqları aradan qaldırmaq üçün yardım istəmək ola bilər (materialları paylamaq, işığı yandırmaq, ekranı çevirmək və s.). Lakin yadda saxlayın ki, müraciətiniz məhz yardım istəmək məqsədi daşımalıdır, məsələn, “Zəhmət olmazsa, mənə bu materialları paylamaqda kömək edin”. Ona görə də “Zəhmət olmazsa, bu materialları paylayın” cümləsi yalnışdır: dinləyicilər çıxış edənin tapşırıqlarını yerinə yetirməli deyil, ona yardım etdiklərini hiss etməlidirlər.
 
Cəlb etmənin digər üsulu iştirakçılarla tanış olmaqdır. Əgər bu sizin təqdimatınızın əvvəlidirsə, və otaqdakı insanların sayı nisbətən azdırsa, onlardan özlərini təqdim etmələrini: adları, peşələri, hobbiləri barədə danışmağı xahiş edin. İnsanlar özlərini yad adamlar arasında narahat hiss edir, ona görə də qısa təqdimat “buz”u əritməyə kömək edə bilər.
 
 
Üçüncü üsul slaydları təqdim etdiyiniz vaxt tamaşaçılara suallar verməkdir
 
Sadə suallar verin: sizə aydın olan və cavabını dəqiq bildiyiniz bir şey. Bu, auditoriyanıza öz biliklərini nümayiş etdirməyə yardım edəcək və şübhəsiz ki, onlar özlərini daha yaxşı hiss edəcəklər. Eyni zamanda, müəyyən rəqəmləri onlardan ehtimal etmələrini xahiş edin, məsələn, “Sizcə, bu il şirkətimizin satış statistikası keçən illə müqayisədə neçə faiz artıb?”
Təbii ki, burada əsas məsələ sizin və auditoriyanın danışması arasında balansı qoruyub saxlamaq (onlar sizdən çox danışmamalıdırlar) və müzakirəni siz istədiyiniz istiqamətə yönəltməyi (vəziyyətə nəzarəti başqalarının əlində buraxmamaq) bacarmaqdır. 
 
Yuxarıda yazdıqlarımı izah etmək üçün, sizə bir filmdən nümunə gətirmək istəyirəm. Yəgin ki, bir çoxunuz “Da Vinçi şifrəsi” filminə baxmısınız. Filmin əvvəlində baş qəhrəman, Harvard Universitetinin dini simvolizm üzrə professoru Robert Lenqdon müəllifi olduğu kitabının təqdimatı məqsədi ilə auditoriyada qarşısında çıxış edir. Proyektor vasitəsi ilə ekranda müxtəlif simvollar göstərir və mövzunu auditoriyaya daha da maraqlı etmək üçün onlardan bu simvolların mənasını soruşur və müxtəlif cavablar alır. Lakin onun çıxışı təkcə bu suallardan ibarət deyil. Kiçik çıxışının sonunda o ritorik suallar verir və bununla da dinləyicilərinin diqqətini bir az da cəlb edir.
 
 
Bir əlavə üsul da auditoriyanın fikrini soruşmaqdır. İnsanlar istənilən, hətta onların bilik çərçivəsindən kənar olan sahələrdə fikirlərini bildirməyi xoşlayırlar. Siz dinləyicilərinizdən kosmik raketin tikilməsi haqqında soruşsanız belə onların bu barədə öz fikirləri olacaq. 
 

Və nəhayət, auditoriyadan onların təcrübəsindən gələn misallar göstərmələrini xahiş edin. Məsələn, əgər siz təşkilatınızın yenicə həyata keçirdiyi bir layihə haqqında danışırsınızsa, görüş iştirakçılarından onlarında nə vaxtsa belə bir faliyyətdə olduqlarını soruşun.

Sizə digər bir misal gətirim. Türkiyə, Ankara Universiteti Təhsil elmləri fakültəsinin professoru Üstün Dökmən öz ölkəsində həm də aparıcı psixoloq və ictimai natiq kimi də məşhurdur. Onun televiziya üçün hazırladığı ictimai proqramlar insanlar arasında böyük marağa səbəb olur. Bu proqramların insanlar üçün maraqlı olmasına əsas səbəb, aparıcının tamaşaçılarla qarşılıqlı səmimi ünsiyyəti və diskusiyalarıdır.

Bu diskusiyalar tamaşaçılarla salamlaşandan sonra, aparıcının onlara, qoyulmuş mövzu əsasında verilmiş sualları ilə başlayır, məsələn:”Siz ulduz falına inanırsınız?”və yaxud “Çarəsiz vəziyyətdə nə edirsiniz?”. Sössüz ki, cavablar müxtəlif olur və bundan sonra aparıcı ilə tamaşacılar arasında söhbət başlayır və hər kəs bu söhbətdə iştirak etmək istəyir. Belə bir atmosferdə tamaşaçılar arasında nə bir darıxan,nə bir telefonla oynayan,nə də murgüləmək istəyən insan görmək olmaz.Bu cür söhbətlərin sonunda Üstün Dökmən,müzakirəyə qoyduğu mövzunu aktyorların ifasındasəhnələşdirilmiş halda tamaşacılara əyani şəkildə təqdim edir. 

Yəqin ki, bu proqramın nədən belə populyar olduğu aydındır. Etdiyiniz cıxışlarda mövzunun nədən bəhs etməsindən asılı olmayaraq, sizi dinləyənlərin marağını cəlb etməyə çalışın.

Yekunda bir daha əsas məqamları təkrar etmək istəyirəm. Auditoriyanın diqqəti və marağı olmasa, siz çıxışınızın məqsədinə nail ola bilməyəcəksiniz. Sizin işiniz yalnız auditoriyanın sizi dinləməsi deyil, həm də onların dediklərinizi başa düşüb, yadda saxlayıb, gələcəkdə tətbiq etməyinə yardım etməkdir. Buna nail olmağın ən asan və sınanmış yolu dinləyicilərin nitqinizə cəlb olunmasındadır. Dinləyicilərin nitqə cəlb olunması bir neçə üsülla mümkündür: çıxışdan əvvəl siz onlarla tanış ola bilrəsiniz; adlarını, yaşlarını, peşələrini soruşa bilərsiniz;onlara sual verə bilər, hər hansı məsələ haqqında fikir və ya ehtimallarını soruşa bilərsiniz. Nəhayət, siz auditoriyanın təcrübəsindən gələn misallar göstərmələrini xahiş edə bilərsiniz. 

Sonda bir şey əlavə etmək istəyirəm. Yemək bişirdiyi zaman, aşbaz hansı ədviyyatların ləzzətli yeməyi adi yeməkdən fərqləndirəcəyini bilir. Lakin o, həmçinin həddindən çox qatılmış ədviyyatların adi yeməyi korlanmış yeməyə çevirəcəyini də bilir. Eyni hadisə yuxarıda göstərilən qaydalara da aiddir. Onlardan həddindən çox istifadə etsəniz, çıxışınız istəmədiyiniz yerə gəlib çıxacaq. Onların qənaətli istifadəsi isə sizin çıxışınızı qat-qat güclü edəcək. 

Baxılıb: 2160

Şərhlər