Sosial şəbəkələrdə yayımla

“Auditoriyanızın diqqətini necə cəlb edə bilərsiniz?”

“İctimai nitqin 10 fundamental prinsipi” silsiləsindən 2-ci məqalə. 

Keçən söhbətimizdəmən “İctimai nitqin 10 fundamental prinsip”indən 1-cisi, yəni  “Auditoriyanı tanı” prinsipi haqda danışmışdım. Həmin məqaləyə siz bu link ilə keçid edə bilərsiniz. 

İndi isə gəlin ictimai nitqin 2-ci prinsipi – “Nitqi düzgün qur” barədə danışaq.

Görkəmli  Amerikalı ictimai natiq və psixoloq Deyl Karnegi demişdir: “Auditoriyaya nə demək istədiyinizi əvvəlcədən bildirin, sonra nitqinizi söyləyin və axırda dediyinizi təkrar edin.” Yəqin ki, bu hər hansı bir nitqin strukturunu göstərməyin ən sadə yoludur. Başqa sözlə, hər bir nitqin girişi, əsas hissəsi və nəticəsi olmalıdır. 

Giriş

Nitqinizin ilk 30 saniyəsi, demək olar ki, ən vacib hissəsidir. Həmin müddət ərzində siz auditoriyanın diqqətini cəlb etməli və söyləyəcəklərinizə qarşı onlarda maraq oyatmalısınız. Buna nail olmağın bir neçə yolu var və mən onlar haqda aşağıda daha ətraflı məlumat vərəcəyəm. Auditoriyanızın diqqətini cəlb etdikdən sonra, siz asanlıqla nitqinizin əsas hissəsinə keçə bilərsiniz.

Əsas hissə

Bu hissəni,auditoriyanıza çatdırmaq istədiyiniz ən vacib ismarıcların üzərində qurun. Məsələn, əgər siz şirkətinizi hər hansı biznes tədbirində təmsil edirsinizsə, siz nitqinizi 3 məsələ ətrafında cəmləşdirə bilərsiniz: 1) şirkətiniz nə ilə məşğuldur, 2) onu fərqləndirən cəhət nədir, 3) önündə çıxış edəcəyiniz auditoriyaya nələr təklif edə bilərsiniz.

Bu məsələlər barədə fikirlər düzgün qurulmalıdır. Belə ki, hər bir məsələ əvvəlki iləəlaqəli olmalıdır. Bu, həmçinin nitqinizdə məntiqi ardıcıllıq yaradacaq və dinləyicinin işini asanlaşdıracaq. Auditoriyanı yormayın və 3 ən vacib məsələ ilə kifayətlənin. Çünki bu, dinləyicilərinizin yadda saxlaya biləcəkləri ismarıcların maksimal sayıdır.

Nəticə

Giriş hissəsi kimi, nitqinizin nəticəsi də güclü olmalıdır. Siz əsas məqamları ümumilikdə təkrar etməli, dinləyicilərinizi düşündürə biləcək ideyalar verməli və nitqiniz haqda auditoriyanızda müsbət fikir yaratmalısınız.

Fikrimcə, nitqi bitirməyin ən gözəl yolu, fəaliyyətəçağırış etməkdir. Nitqinizi bitirdikdən sonra, auditoriyanın nə barədə düşünməyini və ya etməyini istərdiniz? Bax bunu siz onlara deməlisiniz! Əgər siz xüsusi çağırış etməsəniz, nitqiniz insanları əyləndirə bilər, lakin onun praktik cəhətdən heç bir dəyəri olmayacaqdır.

Dinləyicinin diqqətini necə cəlb etmək olar?

Bunun üçun müxtəlif yollar mövcuddur. Nitqinizi sual verməklə başlaya bilərsiniz. Bu yolla siz dərhal qarşılıqlı ünsiyyətənail olacaqsınız.

Mövzuya uyğun  bir hadisənin tarixçəsini-hekayəsini danışa bilərsiniz.İnsanlar hekayələrə qulaq asmağı sevirlər.Və yaxud hər hansı bir şəxsiyyətdən sitat gətirə bilər və öz mövzunuza keçid edə bilərsiniz.

Məşhur ideyalardan istifadə ənənəsi də mövcuddur.Məsələn, mən “iqtisadiyyatda böhran” mövzusu ilə çıxış etməli olsaydım, nitqimi “Xaos” nəzəriyyəsinin məşhur elementi olan “kəpənək effekti”ndən söhbət açmaqla başlardım.

Bu ideyaya görə kainatda hər nə varsa qarşılıqlı əlaqədədir və hər hansı bir məkanda baş verən kiçik  dəyişiklik,müəyyən zaman kəsiyindən sonra, digər məkanda böyük dəyişikliklərə səbəb ola bilər. Məsələn,Çində kəpənəyin qanad çalması Texasda tufan qopara bilər.

“Kəpənək effekti” özünü hər sahədə: psixoloji, sosial, mədəni, əxlaqi və digər sahələrdəgöstərir. İqtisadiyyat və onun böhranlarını da bu sıraya əlavə etmək olar.Biznes mühitində baş vermiş cüzi dəyişiklik və ya hər hansı yeni addım qlobal iqtisadi dəyişikliklərə gətirə bilər.

Məşhur “kəpənək effekti” ilə giriş edərək, auditoriyanın nəzərini mövzuya tam cəlb etdikdən sonra, mövzunu lazımi qaydada təqdim edərdim. Yeni fərqli yanaşma tərzini hiss edən dinləyici, qeyri-adi fikirlər eşitmək marağıilə mövzunu sonadək diqqətlə izləyəcək. Çünki ən vacib odur ki, insanlaraonları maraqlandıran mövzuda danışdığınızı göstərə biləsiniz.

Yaddan çıxartmayın ki, giriş hissəsində nitqinizin əsas məqamları və ya bölmələri haqqında da danışmalısınız ki,dinləyicilər eşidəcəklərinə hazır olsunlar. İcazə verin,söylədiklərimi bir misalla izah edim.Tutaq ki, mən siqaret çəkməyin təhlükələri barədə danışmağa hazırlaşıram. Mənim nitqimin girişi belə ola bilər.

“Salam. Mənim adım Rəşad Bayramovdur və mən “Siqaret çəkməyə yox de” layihəsini təmsil edirəm. Bilirsinizmi ki, siqaret üç ölümcül xəstəliyə səbəb olur? Bu gün biz siqaret çəkmək barədə, onun sağlamlığımıza göstərdiyi mənfi təsirlər barədə söhbət açacaq, hər birimizin səhhətində törətdiyi fəsadlardan danışacağıq. Siqaretin yaratdığı iki sağlamlıq problemi xüsusi vurğulanacaqdır. Bunlar ağ ciyər və dəri xərçəngi xəstəlikləridir. Biz həmçinin, siqareti tərgitməyin 3 sadə addımları barədə də danışacağıq.Hazırsınız? Elə isə, gəlin başlayaq.”

Hələlik, demək istədiklərim bunlardır. Gələcək görüşlərimizdədigər fundamental prinsiplər barəsində ayrı-ayrılıqda söhbət açacağam.

O vaxta qədər isə, salamat qalın, özünüzə güvənin və inamla danışın! 

Baxılıb: 3203

Şərhlər