Sosial şəbəkələrdə yayımla

Azərbaycana yeni Volkswagen Tiguan modeli gətiriləcək

Ötən ilin payızında konsept halında təqdim olunan modelin seriyalı istehsalına konsern artıq bu ildən başlamaq niyyətindədir. Noyabr ayında istehsalına start veriləcək modelin 2007-ci ilin sonu 2008-ci ilin əvvəllərində Azərbaycanda görmək mümkün olacaq. Bunu Azərbaycanda Almaniya istehsalı olan Volkswagen minik avtomobillərinin satışı və servisini həyata keçirən “Euro Style Ltd.” şirkətinin satış üzrə meneceri Elgiz Yusifoğlu bildirib.

E.Yusifoğlunun sözlərinə görə, Azərbaycana idxal olunacaq yeni modelin qiyməti hələlik müəyyənləşməyib. İdxal olunacaq modelin sayına gəldik də isə, bu göstərici əsasən yerli bazarın tələbatından və sifarişlərin sayından asılı olaraq müəyyənləşəcək.

Həmçinin Elgiz Yusifoğlu müsahibəsi zamanı bu avtomobilin mühərrikləri sırasına da toxundu. Azərbaycana idxal olunacaq Tiguan modeli 1.4, 1.6 və 2.0 litr həcmli mühərriklərlə təchiz olunacaq. Texniki göstəriciləri haqqında ətraflı məlumat olmadığından menecer sadəcə olaraq, yeni modelin Volkswagen konserninin istehsalı olan və ilin ən yaxşı mühərriki seçilən yeni TSI mühərrikləri ilə komplektləşəcəyini bildirdi.

Şirkət rəsmisi, həmçinin qeyd etdi ki, ümumilikdə bu ilin sonuna kimi “Euro Style Ltd.” şirkəti Azərbaycana 100-ə yaxın Volkswagen markalı minik avtomobillərinin gətirilməsini planlaşdırır. Xatırladaq ki, şirkət ötən il ölkəyə 60 ədəd Volkswagen avtomobili idxal edib.

Avtomobil.az


Baxılıb: 4057

Şərhlər