Sosial şəbəkələrdə yayımla

Azərbaycanda biznes təhsili - 2

Bugün vəziyyət dəyişir. Əvvəla universitetlər arasında sağlam biznes təhsili verməyə meyl var. Ən azından yuxarıda adını çəkdiyim özəl universitetlər və ADİU-da. Azərbaycanda təhsil işinin özünün peşəkarları yaranır və bunun nə qədər geniş və əhəmiyyətli sahə olduğunu dərk edənlər var artıq. Şirkətlər də işçilərinin öyrənməsinə meyllidir. Sahibkarlar isə vərdiş etidiyi iş prinsiplərinin biraz yumşaq desək “vaxtının keçmək üzrə olduğunu” görməyə başlayır. Nəticədə öyrənmə istəyi biznesin təhsilinə təkan verir. İlk mərhələ maliyyə təhsilinə ciddi təkan verdi. Bu təkanvermədə dünyada sahənin liderləri olan 3 şirkətin səyləri böyükdür. Deloitte, PWHC, Ernst&Young. XİQ və banklar da bu inkişafda pay sahibidirlər. Bu prosesin nəticələrindən biri GRBS kimi bir şirkətin ölkədə özünə yer tutması oldu. Qlobal maliyə və mühasibatlıq sertifikatlarına yolu açan şirkət 6-7 ilə kifayət qədər böyük iş görüb.

Qlobal şirkətlər samballı müştərilərlə işləyir və buna müqabil kadrları da özündə cəmləşdirir. Təbii ki, gələcəyə investisiya üçün gənc kadrları da cəsarətləndirir. KPMG-ni də əlavə etsək bu şirkətlər özləri üçün yaxşı bir sistemi qurublar. Və bu dairəyə daxil ola bilmiş XİQ-i alqışlamaq lazımdır.

Amma 1 – təhsil biznesi maliyə və muhasibatlıqdan ibarət deyil, 2 – sadəcə bu dar çərçivədən ibarət deyil, 3 – ana dilimizdə təhsil daha vacibdir.

Hər 3 qeydin dərininə endikdə yenə irəliləyiş, amma ləng bir irəliləyiş görürük. Və görürük vəziyyət yenə ürək açmır. Burada ilk qeyd isə müəllimlik ilə bağlıdır. İnstitutlaşma olmadığı üçün müəllim və dərslik cəhətdən ciddi problemimiz var. Belə baxanda, Azərbaycan biznesinin bütövlükdə ən böyük problemlərindən biri elə institutlaşma və peşəkarlaşmadır. Kadr çatışmazlığı və sahibkarlarının əlini cibinə salmağa ərinməsi ucbatından “yaxşı kadrlar” belə konkret sahə üzrə mütəxəssis ola bilmir. Bu sırada müəllimlik də var. Tərcümə yox, real təcrübəni ana dildə dəyərli kitaba çevirə biləcək kadrlar sektorun vurhavurunda. Çünkü bu həm daha maraqlıdır, həm daha gəlirli. Belə də olanda, bazara keyfiyyətli kitab təqdim edə bilmək həqiqətən müşkülə çevrilir. Xüsusən də sosial duzu olan ümumi menecment, srategiya və marketinq (satış, PR, brendinq vs.) sahələrində.

Bir sözlə azərbaycan dilində biznes təhsili bu şərtlərlə effektivlik və keyfiyyətini itirir. Ona görə də ən yaxşı biznes təhsili verən fakültələr ingilis (XİQ, Qafqaz MBA və BBA, Xəzər MBA, Azərbaycan BBA vs.) və türk (Qafqaz İşletme, Türk dünyası institutu) dillərindədir.

Baxılıb: 4907

Şərhlər