Sosial şəbəkələrdə yayımla

Azərbaycanın KİV rəhbərləri yayda harada dincəlib? Sorğu

Yay mövsümü başa çatmaq üzrədir. Artıq istirahət məkanlarına üz tutanlar geri, iş başına dönüblər. Bu sırada Azərbaycanın mətbuat nümayəndələri də var.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin yay ərzində iki dəfə dincəlmək imkanı olub. Birinci dəfə müalicə məqsədi ilə Yessentuki kurortuna gedib. Bu yaxınlarda isə İsmayıllıda dincəlib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə həmkarından fərqli olaraq dincəlməyib, yayı Bakıda keçirib. Qəzetin yaradıcılıq işləri ilə məşğul olduğunu deyən baş redaktor arada bir-iki günlüyə də olsa, Naxçıvana, anadan olduğu kəndə getdiyini söyləyib.

“Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə yay aylarında dincəldiyini deyib. O, ABŞ Dövlət Departamentinin dəvəti əsasında Azərbaycanın bir qrup KİV rəhbəri ilə ABŞ-da işgüzar səfərdə olmasını həm də istirahət hesab edir. Baş redaktor bundan əvvəl isə Türkiyənin Bodrum kurortunda bir həftə istirahət etdiyini bildirib.

APA-nın baş direktoru Vüsalə Mahirqızı bu yay istirahətə vaxt ayırmadığını deyib: “Yalnız iyulda həmkarlarımızla birgə ABŞ-a işgüzar səfəri zamanı bir neçə günlüyə Florida ştatında və Portland şəhərində dincəlmək imkanım oldu”.

“Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlu da iyulun əvvəllərindən sonlarına qədər həmkarları ilə birgə ABŞ-da səfərdə olduğu müddətdə həm də istirahət etdiyini bildirib: “Düz doqquz ildir ki, istirahət üçün xüsusi vaxt ayıra bilmirəm. İşlər çox olduğundan dincəlməyə imkan olmur. Hərdən cəmi 1-2 günlüyə təmiz hava almaq üçün dağlara gedirəm”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə yayı Bakıda keçirib: “Qəzetimizin fəaliyyətini bərpasına çalışmışam. Bu yöndə müsbət nəticə əldə olunmasını elə istirahət sayıram”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı yayın cəmi 8 gününü istirahət edib. O, 7 gün Bodrumda, 1 gün isə qəzetin kollektivi ilə birgə Qubada dincəlib.

“Yayda istirahət etmədən işləmişəm” deyən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə hərdənbir anadan olduğu Şamaxıya getmək imkanı qazandığını açıqlayıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu da bəzi həmkarları ilə ABŞ-da keçirdiyi günləri istirahət sayır: “ABŞ-dan qayıdandan sonra isə ailəmlə birgə Xızıda dincəlmişəm”.

“Mediaforum” portalının baş redaktoru Azər Qaraçənli isə yayda yaşadığı Köhnə Günəşli qəsəbəsində istirahət etdiyini deyib: “Başqa yerlərdə istirahət etməyə imkan olmayıb. Doğma yerlərimiz erməni işğalı altındadır, xaricdə dincəlməyə isə imkan yoxdur”.

“Day.az” portalının baş redaktoru Elnur Baimov isə fəaliyyətə başladıqları 4 ildə istirahət etmədiyini deyib: “Bu yay həmkarlarımla birgə ABŞ-da səfərdə olmuşam ki, bu da istirahət yox, işimizlə bağlı idi”.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də istirahət etmədiyini deyib: “Avqust ayında səhhətimlə bağlı sanatoriyaya getmək istəyirdim. Amma qəzetimizin ətrafında yaranan problemlər buna imkan vermədi”.

"Mak.az" internet resursunun əməkdaşları bu yay istirahət edə bilməyib. Saytın əməkdaşları bunu gələn il kompensə edəcəklərini qeyd ediblər.

Sorğunu APA informasiya agentliyi keçirmişdir.

Baxılıb: 5104

Şərhlər