Sosial şəbəkələrdə yayımla

Azercell-in dəstəyi ilə Azərbaycan Dövlət Neft Akademiyasında elmi-texniki konfrans işə başlayıb

Bu günlərdə “Azercell Telekom” BM-in dəstəyi ilə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Konstitusiya gününə həsr olunmuş 56-cı elmi-texniki konfrans öz işinə başlayıb. Tədbirin açılışı mərasimində Akademiyanın rektoru Siyavuş Qarayev bildirib ki, belə tədbirlər tələbələrin elmi fəaliyyətinə müsbət təsir göstərir, onların öz aralarında informasiya mübadiləsi aparmalarına kömək edir. O, konfransın baş tutmasında yardımçı olan sponsorlara, xüsusilə də “Azercell”ə, elmin gələcəyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Daha sonra təhsil naziri Misir Mərdanov, millət vəkili, 2000-ci ildə ADNA-nın məzunu olmuş Fuad Muradov və digər qonaqlar çıxış ediblər.

Üç həftə davam edəcək konfransın məqsədi ADNA tələbələrinin ötən tədris ilində apardıqları elmi - tədqiqat işlərinin nəticələri haqqında ictimaiyyətə geniş məlumat verməkdir. Bu məqsədlə, tədbir çərçivəsində 20 iclas keçiriləcək və 342 məruzə dinləniləcək.

Hər məruzə 5 nəfərdən ibarət xüsusi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən maraqlı məruzə ilə çıxış edən tələbələrə həm Təşkilat Komitəsinin diplomları, tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatları, həm də konfransın baş sponsoru, son illərdə ADNA-da keçirilən elmi konfranslara, Milli Dirçəliş Günü və Respublika Gününə hər edilmiş tədbirlərin keçirilməsinə yardımçı olan “Azercell”-in hədiyyələri təqdim ediləcək.

Təhsil ocağı ilə sıx əlaqələr quran “Azercell” burada yalnız elmi tədbirlərin keçirilməsində iştirak etmir, həm də tələbələrin inkişafına birbaşa yardım göstərir. Belə ki, “Azercell” indiyədək Neft Akademiyasına xeyli sayda kompüter avadanlığı və sürətli İnternet hədiyyə edib, akademiyada kompüter otağı açıb.

ADNA-da keçirilən bu dəfəki konfransın işi dekabrın 7-də yekunlaşacaq. / Trend Capital

Baxılıb: 4664

Şərhlər