Sosial şəbəkələrdə yayımla

“AZERCELL” dən YENİ OPERATOR KODU- 051!

08 noyabr, 2007, Bakı: Şəbəkəsi ölkə ərazisinin 78 % -ni, əhalisinin isə 99%-ni əhatə edən və Azərbaycanın mobil rabitə bazarında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərini tətbiq edən “Azercell Telekom” BM-in abonentlərinin sayı durmadan artaraq
2 800 000 nəfəri keçib.
Abonentlərin sayının artımı həm də ikinci operator kodunun zəruriliyini şərtləndirib. Ona görə də operator ikinci kodla - 051-lə başlayan nömrələrin istifadəsinə başlayır. Beləliklə, bundan sonra “Azercell Telekom” BM iki operator koduna - 050 və 051 kodlarına malik olacaq.
“1996-cı ildə fəaliyyətimizə yalnız 050 kodu ilə başladıq və bu dövr ərzində bazarın lideri olaraq sürətlə böyüdük, inkişaf etdik. İndi ölkənin bütün mobil rabitə abonentlərinin 73 faizi bizim abonentlərimizdir və çox yaxında onların ümumi sayı 3 milyon nəfərə çatacaq. Bu göstərici özündə yalnız kəmiyyəti deyil, həm də yüksək keyfiyyəti əks etdirir. Bu rəqəm mobil rabitədən yararlananların böyük hissəsinin “Azercell Telekom” BM-nə olan inamının əyani göstəricisidir. Yüksək inkişaf tempini nəzərə alaraq biz bu gündən etibarən yeni operator kodu ilə başlayan Azercell nömrələrinin istifadəsinə başlayırıq”-deyə yeni 051 kodun təqdimatı mərasimində çıxış edən “Azercell Telekom” BM-in baş müdiri A. Halim Ateş bildirdi.
Yeni 051 kodun istifadəyə verilməsi Azercell abonentlərinin şəbəkədaxili yığım qaydalarında müəyyən dəyişikliklər yaradacaq. 050 kodlu abonentlər bir-birinə əvvəlki qaydada, kod yığmadan, 7 rəqəmli nömrə ilə zəng edə, SMS və MMS göndərə biləcəklər. 050 kodlu abonentlər 051 kodlu abonentlərə zəng edərkən və ya SMS, MMS göndərərkən hökmən 051 kodunu, sonra isə 7 rəqəmli nömrəni yığmalıdırlar. 051 kodlu abonentlər isə bütün istiqamətlərdə, o cümlədən şəbəkədaxili və xarici zənglər edərkən, SMS, MMS göndərərkən 10 rəqəmli nömrəni  (şəbəkənin 3 rəqəmli kodu + 7 rəqəmli nömrəsi) yığmaqla həyata keçirməlidir.
Yeni kod “Azercell” ailəsinə qoşulmaq istəyənləri yeni nömrələrlə təmin etməyə imkan verəcək. Abonentlərin sayınının durmadan artması isə  “Azercell”ə  olan etimad göstəricisidir.

Əlavə məlumat üçün əlaqələndirici şəxs:

Rüfət Abbasov
Mətbuat katibi
Tel: (+994 12) 496-70-07
e-mail: ssarufat@azercell.com
www.azercell.com

Baxılıb: 11374

Şərhlər