Sosial şəbəkələrdə yayımla

Böhranın reklam bazarına təsiri

Qlobal maliyyə böhranı dünya ölkələrinin çoxunda qiymətlərin ucuzlaşmasına səbəb olub. Məlumdur ki, böhrana birbaşa təsir göstərən neftin qiymətinin ucuzlaşmasıdır. Azərbaycan da neft ölkəsidir. Ancaq müşahidələrimizdən görürük ki, bizdə nəinki qiymətlər aşağı düşmür, əksinə bahalaşma gedir. 

Bahalaşma gedən sahələrdən biri də media reklam bazarıdır. Reklam qiymətlərində, 2009-cu ilin yanvar ayında 2008-ci ilin yanvar ayı ilə müqayisədə bəzi media daşıyıcılarında bahalaşma gedib, bəzilərində isə olduğu kimi qalıb. Bahalaşmaya səbəb isə reklama tələbin artması ilə əlaqələndirilir. Hal-hazırda reklam bazarında vəziyyət demək olar ki, sabitdir. Reklam büdcələri əvvəlcədən müəyyən olduğu üçün reklamın həcminin azalması müşahidə olunmur. 

Bunun məntiqi nəticəsi kimi 2009-cu ilin yanvar ayına  reklam qiymətlərində 2008-ci ilin eyni ayı ilə müqayisədə televiziya reklamı üzrə orta hesabla 15 % artıb. Müvafiq olaraq kanallar üzrə Xezer TV – 52%, İTV – 17%, Lider – 13%, ATV, AzTV – 12% artım olub, digər kanallarda qiymətlər dəyişməyib. Reklam gəlirlərinə görə televiziyadan sonra ikinci yerdə olan küçə reklamı (OOH) üzrə 15% artım olub, yalnız radio reklamı üzrə qiymətlər demək olar ki, dəyişməyib. 

Məlumdur ki, reklam istehlakçının hesabına mövcuddur və əgər ölkəmizdə böhranın təsiri daha da dərinləşərsə o zaman alıcılıq qabiliyyəti də aşağı düşəcək. Bu isə birbaşa olaraq reklam xərclərinin də azalmasına gətirib çıxaracaq.

Böhranın dərinləşdiyi qonşu ölkələrdən biri olan Ukraynada artıq televiziya reklamı üzrə qiymətlər yeni güzəşt sisteminin tətbiqi nəticəsində 40% aşağı düşüb. Rusiyada isə artıq Moskva rəhbərliyi küçə reklamı satışı ilə məşğul olan şirkətlərin (satış evlərinin) rentabelliyini saxlamaq üçün fevral ayının ortasında bilbordların icarə haqqlarının 30% endirilməsi imkanlarına baxacaq. Buna səbəb isə reklamverənlər tərəfindən tələbin azalması nəticəsində yanvar ayında aparıcı satış evlərinin gəlirlərinin keçən ilin eyni ayı ilə müqayisədə 40% azalması olub. 

Azərbaycanda isə televiziya üzrə reklam həcminin artımının aşağı düşməsi yalnız dekabr ayında hiss olundu. Belə ki,  dekabr ayında noyabr ayına nisbətən alışdığımız reklam həcminin artımı baş vermədi və reklamın həcmi noyabr ayında olduğu kimi qaldı. 

Böhranın ölkəmizin iqtisadiyyatına və dolayısı yolla reklam bazarına nə qədər təsir etdiyini isə yalnız zaman göstərəcək. 

Baxılıb: 4948

Şərhlər