Sosial şəbəkələrdə yayımla

Bizə niyə inanmırlar?

Bizə deyəndə marketerləri, xüsusən marketinq direktorları nəzərdə tuturam...

Bu yaxında bir ingilis dərgisində marketinq direktorlarına olan inamın illər keçdikcə azaldığı barədə məlumatın dərc olunduğu bir məqaləni oxudum. Qlobal düşünmək istədim və məyusluq yaşadım, “ən yaxşısı lokal düşünüb, təsəlli tapım” dedim.

Çünki daha çox bizdə bu problemin qabarıq olduğu düşüncəsində idim və daha çox bizi narahat etdiyini fikirləşirdim. 2010-cu ildə aparılan sorğuda milli marketerlərimizin fəaliyyətini tənqid edən rəhbərliyin faiz göstəricisi 15% idi. Buna adi işçiləri də əlavə etsək, 32% edirdi, deməli, tənqidlərin 1/3-i şirkət daxilindən bəslənir. Buradan bizdə də qlobal inamsızlığın oxşarının mövcudluğunu görürük. 

“Deloitte” və “CIM”in (chartered  institute of marketing) İngiltərədə apardığı son araşdırmalara əsasən, idarə heyəti səviyyəsində verilən qərarların yarısında (49%) marketinq müdirlərinin fikirləri diqqətə alınmır.

Marketinq işində, vəzifələrində “strateji” sözünün hallanması son zamanlar artsa da, daha çox kommunikasiya terminalogiyaları ilə yadda qalan bu 

peşə rəhbərlik səviyyəsində heç vaxt tam hüquqlarla təmsil olunmayıb. Ən çox sosial şəbəkələrdən, KSM-dən, İmicdən, Brand Awarenessdən danışan marketerlərə, investisiyanın geri dönüşünü, qənaət və satış qayğılarını düşünən idarə heyəti və sahibkar ciddi münasibət göstərmir.

Marketinq rəhbərləri haqqında fərqli və mənfi rəy yaradan digər bir statistika isə iş dəyişmə müddətlərinin daha qısa olmasıdır. Sahibkarın - işə götürənin əsas dərdi həmişə sabitlik və davamlılıqdır. Marketinqdən məsul şəxsin daha tez-tez iş dəyişməsi göstəricisi ona uzunmüddətli “bel bağlamaq” düşüncəsini yıxıb dağıdır.  

Digər maraqlı bir araşdırmanı isə Synovate şirkəti aparıb. Nəticələr ürəkaçan deyil. Belə ki, nəticələrə əsasən, həkimlər və təhsil çalışanları ən çox etibar olunan peşə sahibləri hesab olunur. Təəssüflə qeyd edək ki, araşdırma nəticələrində marketerlərə inamın çox az olması faktı öz əksini tapır. 

Məhz bu nəticələrin mövcudluğu inamsızlığın əsasları kimi götürülə bilər.  

Ümidverici trend Qərbdə artıq başlayıb. IBM şirkətinin dünya üzrə 1700 CMO (Chief Marketing Officer) arasında apardığı son araşdırmalara əsasən CMO-lar statistikalara və satışa bağlı fəaliyyətlərini qurmağa daha çox yönəlməyə başlayırlar. Araşdırmaya görə 80%-dən çox marketer heç də buna həvəsli deyil. 60% dən çox respondent rəqəmlərə və statistikaya yönəlmə tələblərini çox təzyiqli hesab edir, bunun onların kreativ fəaliyyətinə və yeni texnologiyalara adaptasiyalarına mənfi təsir etdiyini düşünür...

CMO-ların 80%-nin fikrinə görə, növbəti 5 ildə onların uğurlu olması üçün tələb edilən əsas meyar media, maliyə və texnologiyalarla bağlı yeni bacarıq əldə etmək cəhdləri yox, məhz şəxsi liderlik və netvorkinq bacarıqları olacaq.

Bizim ölkə üçün xarakterik olan bu vəziyyət qeyd olunan liderlik və netvorkinq (dairə) məsələsi ilə həll olunana oxşamır, gərək bir az satış əhli ilə oturaq duraq. Hətta satış, istehsal, distribusiya, bunların hamısı üzrə yenidən işimizin istiqamətini quraq. Bəlkə bundan sonra marketinqi reklamdan, sponsorluqdan və mətbuatla əlaqədən ibarət olması streotipindən qurtara bildik.

Mənbələr:

1 - Marketing Week(July issue)
2 - http://mak.az/articles.php?item_id=20090204062938837&sec_id=2
3 - IBM’s 2011 global CMO study
4 - http://mak.az/articles.php?item_id=20100323060542986&sec_id=2

*şəkillər getty images və businessweek jurnalından götürülüb. 

Baxılıb: 5850

Şərhlər(1)

Şərhlər (1)

ArzuSal ArzuSal
Mamed Oldugu kimi. En cox, sonda menbeler gosterilmesini sevdim, Mamed :) Her zamanki sadeliyindesen :)
Shexsi liderlik ve networking meselesi lap Azerbaycan ucundu :) qorxuram esl marketologlar yene kolgede qala