Sosial şəbəkələrdə yayımla

BMW və Nissan “M” hərfi üstündə mübahisə edirlər

Bir müddət bundan öncə kütləvi informasiya vasitələri Kanada məhkəmələrində BMW konserni ilə Infiniti arasında (Nissan şirkətinin bölməsi) gedən çəkişmədən xəbər vermişdilər. Mübahisə avtomobillərin adı üstündə gedirdi. O vaxt almanlar modellərin adlarında “M” hərfindən istifadə üzərində müstəsna hüquqlarını qoruya bilmiş və yaponlar öz reklam kampaniyalarında dəyişiklik etməli olmuşdular.
Çoxları bununla hər şeyin bitdiyini düşünürdü. Amma, yaponlar inadkar xalqdır. Onlar çox düşünmədən apelyasiya şikayəti vermişlər. Öncə işə baxmış məhkəmədən fərqli olaraq, apelyasiya məhkəməsi Nissan-ın hüquqşünaslarının dəlilləri ilə razılaşmış və bu dəfə BMW məğlubiyyətlə barışmalı olmuşdur.
Bundan sonra hadisələrin necə inkişaf edəcəyi aydın deyil. Bavariya konserninin təmsilçisi bəyan etmişdir ki, indi onun şirkətinin iki yolu var: ya ali məhkəməyə getmək, ya da Nissan ilə hər iki tərəfi qane edən barışıq sazişi bağlamaq. BMW-nin rəhbərliyi sonrakı addımları barədə düşündüyü bir vaxtda yaponlar qələbəni bayram edirlər. Hələ tez deyilmi?
/avtomobil.az

Baxılıb: 4864

Şərhlər