Sosial şəbəkələrdə yayımla

“Cin bala”nın reklamı dayandırılacaq

Azərbaycan Milli Televiziya və Radio Şurası «Bakcell»in «Cin Kart» telereklamını qadağan edəcək
Azərbaycanda mobil rabitə xidməti göstərən “Bakcell” şirkətinin telereklam roliklərində uşaq əməyindən istifadə etmə qanunvericiliyə ziddir və Milli Televiziya və Radio Şurası bununla bağlı ölçü götürəcək.
Bunu “APA-Economics”ə açıqlamasında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirib. “Bakcell”in “Cin Kart” reklamında körpə uşaqdan istifadənin qarşını almaq üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Internet Forumunun mobil operatora ünvanladığı müraciəti müsbət qarşılayan N.Məhərrəmlinin sözlərinə görə, bu müraciətdən sonra araşdırmaların aparılması üçün artıq hüquq şöbəsinə göstəriş verib:"Uşaqların əməyindən istifadə olunmamalıdır. Uşaqlardan mobil telefonlardan istifadə etməsi isə ümumiyyətlə ziyanlı haldır. Həmin reklamda uşaqdan istifadə etmə faktı qanunvericiliyə ziddir. Ona görə də o reklam çarxı telekanallarda göstərilməməlidir. Biz televiziya kanallarının hamısından bu reklam çarxının çıxarılmasını tələb edəcəyik. “Bakcell” özü də bu reklamı başqa reklamla dəyişdirilməsində maraqlı olmalıdır".
“Bakcell”dən isə şirkətin mətbuat xidmətinin rəhbəri Ilham Əfəndiyevin məzuniyyətdə olduğunu əsas gətirərək məsələ ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Azərbaycan Internet Forumu bir sıra qurumlara göndərdiyi müraciətdə uşaqların istifadə etmədiyi, onların sağlamlığı üçün təhlükəli olan əmtəə məhsullarının, xidmətlərin reklamında uşaqlardan istifadə edilməsinə qarşı mübarizənin sistemli aparılmasının zəruriliyini vurğulayıb və müvafiq qurumlardan “Bakcell”in xidmətlərinin reklamında körpə uşaqdan istifadənin qarşısını almaq üçün tədbirlər görməsini xahiş edib.

Azadlıq qəzeti

Baxılıb: 6830

Şərhlər