Sosial şəbəkələrdə yayımla

Citroen C-Cactus konsept-karı

Fransanın Citroen şirkəti yeni C-Cactus konsept-karını ictimaiyyətə nümayiş etdirməyi qərara alıb. Avtomobilin rəsmi təqdimat mərasimi gələn həftə Frankfurtda keçiriləcək. Şirkət ümid edir ki, konsept-karın nümayişi sərgiyə gələnlərin şirkətin yeni işləri ilə və müasir avtomobilqayırma texnologiyaları ilə, o cümlədən C-Cactus konseptinin istehsalına çəkilən xərcləri azaltmağa imkan verən və onu “büdcə” avtomaşınına çevirən texnologiyalarla tanış olmasına imkan verəcək. Avtomobil cəmi 200 detaldan yığılır, amma bununla belə, onun salonu və dizaynı insanı heyrətləndirir və valeh edir. Avtomaşının istehsalı zamanı yalnız təkrar emal materiallarından istifadə edilməsi planlaşdırılır.
Avtomobilin adı təsadüfən seçilməyib. Citroen C-Cactus hibrid mühərriklə işləyir. Avtomobilə 70 at gücünə malik dizel mühərriki və 30 at gücünə elektrik aqreqatı quraşdırılacaq. Modelin avtomat transmissiya ilə təchiz olunacağı gözlənilir. Hər 100 kilometrə yanacaq sərfi cəmi 3,4 litr təşkil edir. Yanacağın qiymətinin daim qalxdığını nəzərə alsaq, bu göstərici avtomobil həvəskarlarını sevindirəcək.
Bundan başqa, avtomaşın bütün ekoloji tələblərə cavab verir. Citroen C-Cactus 1 kilometr məsafə qət etdikdə atmosferə 78 qram karbon qazı buraxır.
C-Cactus avtomobili Citroen С4 modelinin platformasında hazırlanıb. Avtomobilin uzunluğu 4,2 metr, eni 1,8 metr, hündürlüyü 1,5 metr, çəkisi isə 1.306 kiloqramdır.
Yeni modelin standart komplektasiyasına iqlimə nəzarət sistemi, stereosistem, naviqasiya, kruiz-nəzarət sistemi, panoramlı dam örtüyü və 21 düymlük disklər daxildir.
C-Cactus avtomobilinin seriya ilə istehsal olunub-olunmayacağı hələ bilinmir, amma şirkət bu suala yaxın vaxtlarda cavab verəcəyini bildirib.

Baxılıb: 4693

Şərhlər