Sosial şəbəkələrdə yayımla

DİL

Başlığa baxandan sonra, nahar fasiləsi öncəsi ürəyindən dil soyutması keçənmi desəm, "Marketinq portalında filoloji mövzu nə gəzir" deyə düşünənmi desəm, ya da DİN əvəzinə DİL yazdığımı düşünənmi desəm... Heç birisi deyil narahat olmayın :)

 

Zarafat bir yana, bugün əslində çox ciddi bir məsələdən danışmaq istəyirəm: Azərbaycan biznesində dil məsələsi. Mövzunun iki aspekti var və hər ikisi eyni dərəcədə ağır (önəm cəhətdən) və ağırdır (problem olaraq).

- Korporativ səviyyədə hansı dilin istifadə edilməsi

- Yazışma üslubu - Korporativ dil

Bu mövzular bir-birindən ayrı imiş kimi görünsələr də, əslində mülahizələr yürütdükcə kökdə birləşir. Azərbaycanda, xüsusən yeni mediada və gənc yazarların qələmindən dilimizin problemləri bir çox dəfələrlə qabardılıb. Azərbaycan dili dünyanın sürətlə inkişaf etdiyi 20-ci əsrdə demək olar təkmilləşməyib. Bunun təməlində həm cəmiyyət olaraq dilimizin qeydinə qalmamağımız, həm də SSRİ-nin tərkibində ikən daha geniş dil olan rus dili ilə əhatə olunmağımız durur. Ən primitiv gündəlik ifadələrimizi belə rusca sözlərlə (koneçno, prosto vs.) əvəz etdiyimizi düşündükdə yeni sözlərin dilimizə uyğunlaşdırılmasının heç kimi maraqlandırmayacağı gün kimi aydındır. Müstəqillikdin sonra isə sıravi bir banan respublikası məntiqinə əcnəbi heyranlığı əlavə edilincə tendensiyanın davamı labüd olub. Nəticədə bugün Azərbaycan dilində müasir sözlər və müasir cümlə şablonları inkişaf etdirilməmiş şəkildə qalıb. Kopirayterliyin cəfalarını çəkənlər bunu yaxşı bilir. Bunlar görünən səbəblərdir. Bir də iki pərdə arxası səbəb var: kitabdan uzaqlaşma və paxıllıq. Kitabdan uzaqlaşdığımız üçün dil ilə bağlı bilgilərimiz, bacarığımız və istifadədəki elastikliyimiz koralıb. Çox kitab oxuyanların yazı üslubuna diqqət etsəz fərqi görəcəksiniz. İkincisi isə daha böyük bəladır. Dilə yeni sözlər əlavə etmək və konseptləşdirmənin 3 təməl üsulu var: Dilçilərin əlavələri, xalqın əlavələri və peşəkarların əlavələri.

Götürək "brand" sözünü. İngilis dilindən bir çox dilə keçmiş bu sözün əvəzinə Türkiyədə "marka" ifadəsi işlədilir. Türkiyədə təhsil alsam da, zamanla bunun bizim dilimzə keçməsi mənə məntiqsiz gəldi. Amma ondan da əminəm ki, "marka" "brend"dən daha yaxşıdır. İngilis dilindəki səslənməsindən həvəslənib "brənd" işlətmək isə ümumən mənə gülməli gəlir. Osmanlı dövründə "alamet-i farika" ifadəsi var imiş. İndi Türkiyədə belə bir məşhur reklam agentliyi var. Azərbaycana da dəvət olunurlar hərdən. Brand sözünün mənasını çox gözəl açıqlayan bir ifadədir. Əslində peşəkarlar və dilçilər bir araya gəlsə fərq və nişan kimi sözlərdən doğru bir ifadəni ortaya çıxara bilər. Di gəl ki, müasir terminologiyaya yaxın dilçilərimizlə fəxr edə bilmirik. Daha vacib məsələ isə peşəkarların bir-birini qəbul etməməsidir. Marketinqlə 15 ildir tanış olan ölkədə, özünü marketinq qurusu sayan onlarla adam var. Amma soruşsan əksəri digərinə eyni gözlə baxmır. :) Bu isə birinin ortaya atdığı qavramın digəri tərəfindən qəbul edilməməsinə gətirib çıxarır. Marketinqlə əsrə yaxındır tanış olan Türkiyədə belə demək olar eyni problem mövcuddur.

Əslində yazını planlaşdırarkən deduksiyadan istifadə etməyi düşünsəm də, mövzu özü məni induksiyaya sövq etdi. Saydığımız faktorlar bəhs etdiyimiz problemi də aralarına qataraq Azərbaycan biznesində dil probleminin əks olunmalarını əmələ gətirib. Özəl sektorumuzun korporativlik və peşəkarlıq problemi onsuz da yazışmalarda arzuolunmaz nəticələrə gətirib çıxarır. Hərdən aldığın məktubun kim tərəfindən yazıldığını belə anlamaq olmur. Elə bu yaxınlarda dünyanın ən hörmətli şirkətlərindən birini təmsil edən işçidən göndərilən məktubu deyə bilərəm. Həmin adamın ürəyi qopmasın, adını və yazdıqlarını göstərməyəcəm. :) Amma qeyri-peşəkarlığın tipik nümunəsi idi.

Öz işlədiyim vaxtda brif hazırlayarkən (sifarişçi kimi) və briflərə cavab verərkən (agentlik adına) terminiologiya və şablonların əksikliyini dəfələrlə hiss etmişəm. Azərbaycan dilinin istifadəsinin hər yerdə təşviqatını aparsam da, marketinq mətnlərimin öz dilimizdəki və ingilis dilindəki versiyaları arasındakı fərqdən dəfələrlə məyus olmuşam.

Təbii ki, bu fərqdən sonra iki Azərbaycan şirkəti arasındakı yazışmanın ingilis dilində aparılmasını bir anlıq normal qəbul edirsən. Amma bu utanc vericidir. Azərbaycan dilində marketinq mətnləri hazırlamaq mürəkkəb məsələ olsa da, mövqeyi qorumaq önəmlidir. İngilis dilində təqdimat hazırlamaq bu mənada asan olmaqla bərabər, sirr deyil ki, göstəriş tərəfi də var. Kiçiklik kompleksimiz bizi "mən də ingilis dili bilirəm" deməyə sövq edir. Özəl sektorda çalışan peşəkarların facebook profillərini incələmək yetərli olar. Müxalif aktivistlərin profilləri isə bonusdur.

Yerli şirkətlərdə komplekslərimizin istifadə etdiyimiz üslub və seçdiyimiz dilə təsiri qədər başqa bir problemimiz daha var: transmilli şirkətlərimizdəki dil problemi. PG, Colgate vs. şirkətlərdə onsuz da yazışmalarda azərbaycan dilindən istifadəni gözləmək yersizdir. Heç digər ölkələrdə buna riayət edilmir. Standartlar, standartlar... Di gəl ki, bu tipli şirkətlərdə qeyri-rəsmi, yəni şifahi dil olaraq da əndrəbadi bir dil istifadə edilir. Kim hansı dildə danışa bildiyini göstərməyə çalışırsa o dildən istifadə edir. Normal mühitdə hər kəs ən yaxşı hakim olduğu dili işlətməli olsa da, müdürü Türkiyədən gələn anadolu türkcəsində, özünü göstərməyə çalışan ingilis dilində, rusqafalılar isə rus dilində danışır. Çünkü bir qayda olaraq belə yerlərdə ana dilində danışmağın iki mənası var: ya başqa dil bilmirsən, ya da şovinistin birisən. Halbuki elə həmin şəxslər Fransada fransızın (ingilis dilini bildiyi halda) onunla ingilis dilində danışmaqdan imtina etməsini müsbət nümunə kimi səsləndirir.

Bir də Azərbaycana özəl başqa bir maraqlı durum daha var. SSRİ-dən qalmaq rus heyranlığımız və rusdilliliyimiz yavaş-yavaş əriməkdədir. Bu öz yerini ingilisdilliliyə verir. Amma dilimizə digər hücum Türkiyədən gəlir. 10-15 il sonra vəziyyət lap qarışıq olacaq. Normal uşaq kanallarımız olmadığı üçün ailələr əksərən övladlarına Yumurcak TV və TRT Çocuk izlətdirir. Bunlar tərbiyəvi verilişləri olan yaxşı kanallardır. İntaası, bu kanalları izləyən uşaqların leksikonu anadolu türkcəsindən sözlər və şablonlarla yüklənir. Bu isə gələcəkdə xalqın istifadə etdiyi dil üslubunu korlayacaq. Biznes mühitimizdə də buna bənzəyən bir problem var. Türkiyə vətəndaşı olan sahibkarların və peşəkarların axını dolayısıyla bir çox şirkətdə ikidillilik yaranıb. Bu tipli şirkətlərə adətən ingilis və rus dilləri girə bilməsə də, bir-birinə çox yaxın olan iki dil qarışıq istifadə olunur. Bu tipli şirkətlərdə şəxsən təcrübəm olub və yazışmalarda bəzən tragikomik mənzərələr yaranır. Heyf ki, həmin məktubları burada paylaşa bilmərəm.

Beləliklə, Azərbaycan biznesin mühitində də azərbaycan dili qənaətbəxş bazar payı götürə bilmədi. Rəhmətlik Cəlil Məmmədquluzadə "Anamın kitabı"nı yazanda bəri 1 əsr keçsə də, mövzu olduğu kimi qalıb. Yəqin ki, Mirzə Cəlil həmin əsəri indi yazsaydı əlavə edəcəyi elementlər ingilis dili və elə həmin biznes mühitimiz olardı.

Baxılıb: 4165

Şərhlər(1)

Şərhlər (1)

mak mak
dil ünsiyyət vasitəsi olduğu qədər, həm də baryer məsələsidir.. cəmiyyətdəki baryeri marketerlər həll edə biləcək gücdə deyil, bunu ideologiyadan məsul şəxslər fikirləşsin gərək... a tak )) yavaş yavaş marketinq tərəfdə vəziyyət düzəlir