Sosial şəbəkələrdə yayımla

Etibarsızlıq və çarəsi

Azərbaycan biznesinin bazara etibarı yoxdur!

Bu ifadə özlüyündə çox dərin mənalar və təcrübələr daşıyır. Sadəcə bu ifadə Azərbaycan biznesində peşəkarlığın əksikliyinin, marketinqlə bağlı barmaqarası yanaşmanın kökünə enmək üçün kifayətdir.

Bazar nə deməkdir? Bazar hər hansı məhsul vəya xidmətin (hər hansı başqa marketinq təklifi də ola bilər. Məs. Şəxslər, informasiya vs.) kateqoriya üzrə götürüldükdə dövriyyə potensialıdır. Məsələn Azərbaycanda un bazarının həcmi təxminən 700-800 min tondur. Bu 1 milyard dollar ətrafında bir rəqəmə aparıb çıxarır. Bu baxımdan istənilən şirkətə un sektorunda “çörək vardır”.

Həqiqətən varmıdır?

Bax bu yerdə məhz şirkətlərin və şəxslərin bazara etibarsızlığı haqda danışmaq lazım gəlir. Burada bazara etibarsızlıq 4 başlıq altında götürülə bilər:

- Oyunçulara etibarsızlıq
- Alıcılara etibarsızlıq
- Resurslara etibarsızlıq
- Dövlət instansiyalarına etibarsızlıq

Oyunçulara etibarsızlıq Azərbaycan üçün xüsusilə xarakterikdir. Cəlbedici istənilən sektor bir andaca kiminsə iştahını çəkə bilər və artıq o aləmdə mövcudluq problemə çevrilə bilər. Buna marketinq ədəbiyyatında “siyasi” adı verilən dövlət faktorunu da əlavə etmək olar.
Alıcılara olan etibarsızlıq gündəlik tələbat malları üçün xarakterik deyil. Bununla belə, istənilən sektor istehlakçıların tərcihlərindən asılıdır və Azərbaycan yağ bazarındakı dekadan-dekadaya dəyişiklikləri analiz etdikdə hər bir yeniliyə hazır olmaq lazım olduğu görünür. Resurslara etibarsızlıq isə Azərbaycan üçün çox böyük problemdir. Yerli istehsalın özünü doğrulda bilməməsinin təməlində resursların (xammal, dəstək xidmətləri, insan resursları vs.) stabilliyi problemi durur. Təbii ki, bu da müvəqqəti məsələdir.

Bu etibarsızlıq mühiti sahibkarları 6 aydan sonra haqda düşünərkən çox diqqətli olmağa və sabahkı satışlara mənfi təsir edəcək hər addımdan qaçmağa vadar edir. Çünkü hərhansı bir bazara etibar edib investisiyaya girişmək sabah istehlakçının tərcihini dəyişməsi, siyasi səbəblərin “zərbəsi” vəya resurs çatışmazlığı kimi problemə tuş gələ bilər.

Xidmət sahəsində bu daha böyük bir problemdir. Çünkü istənilən maliyə sıxıntısı insanları maddi resursunu vazkeçilməz – çay-qənd-yağ-şəkər-un-qatıq döngüsünə bağlı saxlayır. Dolayısıyla avtomobili də, geyimi də, xidmət istehlakını da sonraya saxlamaq olur.

Nəticə?! Nəticədə etibarsızlıq etibarsızlığı doğurur. Şirkətlər öz markalarına investisiya etmədiyi üçün müştərilərin etibarını qazanma ehtiyacı ödənməmiş qalır. Yekunda bu mühitdə udan idxal olunan məhsulların əcnəbi – qlobal istehsalçıları olur. Ciddi rəqabət təzyiqini hiss etməməklə...

Bosch şirkətinin banisi Robert Boş deyib ki “pul itirməyə razı olaram, amma etibarı əsla”. Bizim şirkətlərin də qazandığı adda-budda etibara möhkəm yapışmaları lazımdır. Yoxsa etibarsızlıqları öz qaşıqlarına çıxacaq... İstənilən bazar böyükdür  və böyük/etibarlı çömçə ilə pay götürməyə çalışmaq məsləhətlidir.

Baxılıb: 4873

Şərhlər