Sosial şəbəkələrdə yayımla

Güzgü, telefon, dost: nitq məşqinin üç pilləsi

Keçən söhbətimizdə mən “İctimai nitqin 10 fundamental prinsip”indən 7-cisi, yəni “Hekayə danışın” prinsipi haqda danışmışdım. Həmin məqaləyə siz bu link ilə keçid edə bilərsiniz. 
Beləliklə, bu dəfə mən söylədiyim 10 əsas prinsipdən səkkizincisi haqqında danışacağam: Məşq edin.
 
 
Təsəvvür edin ki, sizin yaxın dostunuzu (gəlin onun adını Tural qoyaq) beynəlxalq konfransa dəvət ediblər. Özü də ona yaxşı tanış bir mövzuda çıxış etməyə xahiş ediblər.
Təbii ki, məsuliyyətli insan olaraq Tural bəy öz çıxışını bir neçə həftə qabaq hazırlamağa başlayır: tələb olunan rəqəmlər, diqqət çəkən şəkillər, peşəkar slaydlar – heç bir şey diqqətdən qaçmır. 
Tural bəy ünsiyyəti asan quran insan olduğuna görə təqdimatını mümkün qədər interaktiv etməyə qərarına gəlir. O bilir ki, uzun monoloq insanları yorur, ona görə də tədbir iştirakçılarını maraqlandırmaq üçün bir neçə uyğun sual tərtib edir.
Tədbirə yol üstü Tural bəy ürəyində düşünür: “Peşəkar təcrübə, ünsiyyət qurmaq qabiliyyəti, özünə inam – axı insana xoş təəssurat bağışlamaq üçün daha nə lazımdır?” Bu müsbət fikirlərdən ilhamlanmış Tural bəy mehmanxanadakı iclas zalına təbəssümlə daxil olur. Müəyyən vaxtdan sonra ona çıxış üçün söz verilir. 
Birinci dəqiqədən Tural bəy auditoriyanın marağını cəlb edir. “İnteraktiv ünsiyyət öz bəhrəsini verir” düşünürək Tural bəy öz həmkarları ilə dialoqu davam edir. O özünü sanki pərəstişkarları ilə görüşə gəlmiş məşhur bir kinoaktyor kimi hiss edir. 
 
 
Bu “yuxudan” onu iclasa sədrlik edən şəxsin səsi oyadır: “Tural bəy, xatırlatmaq istəyirəm ki, sizin çıxışa yalnız 15 dəqiqə ayrılıb.” Bunu eşidən Tural bəy otağın o biri başında divarda asılmış böyük saata baxıb görür ki, vaxtının tam yarısı gedib, o isə hələ də nitqinin giriş hissəsindədir. “Bu necə oldu axı? Gərək bir az diqqətli olardım” deyə Tural bəy dərhal çıxışının əsas hissəsinə keçir. İlk iki slaydı izah edəndən sonra o hiss edir ki, qalan 7-8 dəqiqəyə bütün materialı çatdırmağa vaxtı qalmayacaq. Eyni zamanda, yazdığı nitq belə ona yad gəlir. Kağızda maraqlı görünən cümlələr şifahi nitqdə quru və formal səslənir. 
15 dəqiqə çox tez bitir lakin Tural bəy hələ də təqdimatının ortasındadır. Sədrdən əlavə 5 dəqiqə istəyərək o, sürətini bir az da artırır – artıq slayddan slayda hoppanır, “bu lazım deyil”, “bunu artıq dedim” kəlmələrindən istifadə edərək çıxışını “Formula-1” pilotu kimi finişə gətirir. 
Beləliklə, 15 dəqiqə danışmağa hazırlaşmış Tural bəy nitqini yalnız 25 dəqiqədən sonra bitirir. Çıxışına inamlı təbəssümlə start vermiş natiq səhnəni bir qədər çaşqınlıq içində tərk edir. “Axı mən yaxşı təqdimat hazırladım. Auditoriya da maraqla qulaq asırdı. Nəyə görə çatdıra bilmədim? Gərək slaydları azaldardım. Elə isə hansı slaydları kəsmək olardı? Hamısı vacib idi. Çətin məsələdir. Ya da gərək əvvəldən daha çox vaxt tələb edərdim. Əlbəttə! Sadəcə vaxt az idi. Nə isə, olan oldu.”
İndi isə gəlin bu hadisəyə birbaşa aidiyyatı olan ictimai nitqin prinsiplərinin səkkizinci olan “Məşq edin” prinsipinə yaxından baxaq.
Tural bəyin macərası nadir hadisə deyil. Əslində, buna oxşar əhvalat hər birimizin başına heç olmasa bir dəfə gəlib. Təqdimatı lazım olan vaxt çərçivəsində bitirmək bizə asan gələ bilər. “On beş dəqiqə vaxtım var, rahat bu 10 slaydı təqdim edəcəm” deyə çoxumuz heç düşünmürük ki, bu, reallıqdan nə qədər uzaq ola bilər. Əlbəttə, vaxt çatmayanda çıxışı - Tural bəy etdiyi kimi - yerində qısaltmaq olar. Bu, vaxtında mədə problemlərini pəhrizlə müalicə etməyib axırda cərrahiyə əməliyyatına razılaşmağa bənzəyir. Düşünmürəm ki, bu effektiv strategiyadır.
Bəs nə etmək lazımdır? Ayrılan vaxta çıxışı necə bitirə bilərsiniz? Cavab sadədir – təqdimatınızı məşq etməklə. 
Beləliklə, siz çıxışınızı necə məşq edə bilərsiniz? Gəlin məşq etməyin yollarına və üstünlüklərinə nəzər yetirək.
 
Nitqinizi əvvəldən axıra qədər oxuyun 
Oxuyun deyəndə, ucadan oxumağı nəzərdə tuturam. Urəyinizdə oxumaq işə yaramaz – siz düzgün səslənməyən xırdalıqları eşidə bilməyəcəksiniz. Ucadan oxumaqla, siz həmçinin nitqinizin nə qədər vaxt apardığını, onun çox uzun və ya çox qısa olduğunu görəcəksiniz. Eyni zamanda siz hansı sözlər və ya cümlələrin vurğu tələb etdiyini və harada dramatik effekt yaratmaq üçün fasilə etməli olduğunuzu hiss edəcəksiniz. 
Əgər kağızsız çıxış etməyə planlaşdırırsınızsa, o zaman heç olmazsa bir dəfə bütün nitqinizi güzgü qarşısında məşq edin. Bu sizə həm də bədən dilinizin (xüsusilə də baxış, mimika, və əl hərəkətləri) nə qədər dinamik və təsirli olduğunu nümayiş etdirəcək.  
 
Çıxışınızı telefona yazıb sonradan onu dinləyin 
Bu, ucadan oxumaqdan daha üstün metoddur. Kənardan səsinizi eşitmək sizdə çıxışınız haqqında fərqli təəssürat yaradacaq. Eyni zamanda, siz səsin tonu, sürəti, məntiqi vurğular və fasilələr də daxil olmaqla nitqinizin axarını daha obyektiv təhlil edə biləcəksiniz.   
Çıxışı güzgü qarşısında məşq etmək və ya telefonda qulaq asmaq sizə əsl təqdimat vaxtı daha sərbəst olmağa kömək edəcək. Əgər məşqin bu formalarından istifadə etməsəniz, bir neçə problemlə üzləşə bilərsiniz. 
Birinci, təqdimatınız sizə ayrılan vaxtdan daha çox uzana bilər. Bu zaman siz ya əlavə vaxt istəməli, ya da çıxışınızı yerindəcə qısaltmalı olacaqsınız. İkinci, nitqiniz təbii səslənməyə bilər. Yazıda uyğun görünən cümlə şifahi nitqdə süni və hətta yersiz səslənə bilər. Üçüncü, çıxışın mətni qədər onun emosional çatdırılması da vacibdir. Buna isə yalnız məşq etməklə nail olmaq olar. 
 
 
Bəs yazılı çıxış yoxdursa?
Bu məqamda bəziləriniz sual verə bilər: “Məndə yazılı çıxış yoxdur. Sadəcə slaydlar hazırlamışam. Təqdimatımı onların üzərində quracağam. Mən də məşq etməliyəm?” 
Əlbəttə! Təqdimatın slayd toplusu formasında olması heç də o demək deyil ki, sizin yazılı nitqiniz olmamalıdır. Əslində, hər bir slaydın öz yazılı izahı olmalıdır, yəni elə bir mətn ki, slayd ekrana çıxanda həmin izahı auditoriyaya verəsiniz. Bu izahlar birlikdə sizin çıxışınızın mətnini təşkil edir. Təbii ki, bunların arasında hamar keçidlər qurmaq lazımdır. Əks təqdirdə çıxış yorucu məlumat yığımına çevriləcək. 
Əgər sizdə hətta belə yazılı izah yoxdursa, o zaman sadəcə slaydları bir-bir çevirərək onları şifahi izah edin – sanki real auditoriya qarşısında olduğunuz zaman kimi. Təbii ki, bu xəyali tamaşaçı qarşısında təqdimatı edərək vaxtı nəzərdən qaçırmayın. Fikir verin ki, hər bir slayda neçə dəqiqə vaxt sərf edirsiniz. Sizi əmin edim ki, əksər hallarda nəticə təsəvvür etdiyinizdən fərqli olacaq. Çoxumuz hər slayda nə qədər vaxt sərf edəcəyimizi heç düşünmürük. Əslində, orta hesabla hər slayda ən azı 2-3 dəqiqə ayırmalısınız. Reallıqda bəzi slaydlar 4-5, sual çıxarsa - hətta 6-8 dəqiqə apara bilər. Həqiqəti bilməyin yalnız bir yolu var - məşq.   
 
Güzgü yoxsa insan?
 
 
Bura qədər verilən məsləhətlər təklikdə edilən məşqə aiddir. Təbii ki, bu cür məşq sizə çıxışın uzunluğunu ölçmək, süni səslənən parçaları düzəltmək, və vurğulanmalı hissələri müəyyən etməyə kömək edəcək. Lakin təklikdə edilən məşqin bir böyük çatışmazlığı var – o sizə vəziyyəti obyektiv şəkildə qiymətləndirməyə imkan vermir. 
Bəs obyektivliyə nə cür nail olmaq olar? 
Gərək məşqi digər insanların qarşısında edəsiniz. 
Əslində, bu ardıcıllıq məntiqidir. Əvvəl siz çıxışınızı təklikdə ucadan oxuyub gözə çarpan səhvləri düzəldirsiniz, nitqi lazım gələrsə qısaldırsınız və ya slaydların ardıcıllığını dəyişirsiniz. Ondan sonra yaxın bir (və ya bir neçə) insandan xahiş edirsiniz ki, sizə maksimum 30 dəqiqə ayırsın və onun (onların) qarşısında çıxış edirsiniz. 
Yaxşı, bəs bu “tənqidçi”nin rolu nədən ibarət olmalıdır?
Əslində, o insan çıxışınızı dinləyərək üç əsas suala cavab verməlidir: 
1) Çıxışın məqsədi və məzmunu aydındırmı? 
2) Natiq auditoriyada maraq oyada bilir?
3) Dinləyicilərdə hansı sual əmələ gələ bilər?
Təbii ki, dinləyici rəyi daha dərin ola bilər. Burada həm bədən dilindən istifadə, həm səs tonu - hətta geyimə aid də məsləhət verilə bilər. Haşiyədə siz tənqidçi rəyini formalaşdıran sual və meyarların daha ətraflı siyahısı ilə tanış ola bilərsiniz.   
 
Tənqidi necə istifadə edək? 
Birinci, tənqidi rədd edə bilərsiniz. (Təbii ki, könüllü tənqidçinizə təşəkkür etmək şərti ilə.) Bu sizin ixtiyarınızdadır. Bu yanaşmanın üstünlüyü odur ki, çıxışa dəyişiklik etməyə vaxtınız getməyəcək. Zəif cəhəti isə odur ki, bir nəfərin məşq zamanı hiss etdiyi çatışmazlıqlar real çıxış vaxtı auditoriyanın rəyi ilə üst-üstə düşə bilər. 
İkinci, tənqidi qismən və ya tamamilə qəbul edə bilərsiniz. Bu ssenaridə çıxışınızı təkmilləşdirmək üçün əlavə vaxt tələb olunacaq, amma nəticədə, şübhəsiz ki, daha keyfiyyətli məhsul alınacaq. Niyə görə? Çünki hətta bir dinləyici görmədiyiniz iki-üç xırda səhvi mütləq hiss edəcək. Eyni zamanda, həmkar və ya dostunuz heç bir səhv tutmasa belə, onun sualları təqdimatdakı potensial boşluqlara və ya qeyri-müəyyənliklərə işarə edəcək.
Bu qədər. Unutmayın ki, istənilən uğurlu çıxışın bünövrəsində hazırlıq durur. Hazırlığın əvəzsiz elementi isə məşqdir. 
Sizə uğurlu çıxışlar arzulayıram.

Baxılıb: 12413

Şərhlər