Sosial şəbəkələrdə yayımla

"Hər şey yaxşı olacaq!?"

Hər şey yaxşı olacaq –dır deyə bir məqaləyə niyyətlənmişdim ki, internet səhifəmizi bağladılar (hostingə görə problem yaranmışdı, Azeronline şirkətinə yüksək müştəri münasibətlərinə görə təşəkkürümü bildirirəm).

Hər şey yaxşı olacaq - Mən bu cümləni işlədərkən çox zaman istehza dolu vurğumu gizlədə bilmirəm. Təssüf ki, və ya xöşbəxtlikdən bu vurğunu yazıda istifadə edə bilmirəm.
Çünki uzun zamandır ki, bu məhşur ifadə öz sübutunu tapmır ki, tapmır.
Başlıq, ölkədə bu vəya digər formada marketinqlə əlaqəsi olan əslində isə cılız ölkə marketinqini əmələ gətirən reklam və kreativ agentliklərin fəaliyyətinə həsr olunacaq bir məqalənin ilk cümləsidir. Bu cümlə isə öz növbəsində 3 il ərzində əməkdaşlıq üçün can atdığımız şirkətlərlə görüşlərimiz zamanı istifadə etdikləri və "perspektiv" vədləri ilə dolu olan cümlələrinin nüvəsidir. Başda qeyd etdiyim kimi, mən də elə düşünməyə başlamaq istəyirdim ki, "hər şey yaxşı olacaq" hadisələrin inkişafı göstərdi ki, xeyr, "hər şey yavaş yavaş yaxşı olacaq".

Ölkədə "Yellow Pages" məlumat kitabçasına əsasən 200-ə yaxın reklam şirkəti fəaliyyət göstərir. Bunların bir çoxunun təqdim etdikləri xidmətlərin siyahısına baxanda Azərbaycanda yerli onlarla McCannlərin, Ogilvylərin, Publicislərin, Dentsuların olduğu qənaəti yaranır. Həqiqətdə isə sadəcə biznes kartların və ən yaxşı halda vinil üzərində çap işlərini aparan şirkətlərin bol olduğu ölkəmizdə kreativə, bazar araşdırmasına, strateji planlaşdırmaya əsaslanan və ya bu barədə fəaliyyətlərində istifadə etdiklərini iddia edən cəmi 10-15 reklam agentliyimiz mövcuddur.
Bu şirkətlər də öz fəaliyyətlərini tamamı ilə kölgə iqtisadiyyatının bir parçasına çevirməyə başlayıblar və ya əvvəldən elə parçası idilər.
Şəffaqlığın çatışmadığı bu sektor tamami ilə həvəskar formasında öz axarındaca harasa gedir.

3 ilə yaxındır fəaliyyət göstərən internet səhifəmizin məzmun bazasını əslində inkişaf etmiş ölkələrdəki kimi, bu bazarın oyunçularının işləri deyil məhz bayaq qeyd etdiyimiz inkişaf etmiş ölkələrə aid xəbərlər təşkil edir. Bəs niyə? Niyə bu cür əməkdaşlıq imkanları olan və maliyyə baryerləri olmayan mak.az layihəsinə yerli reklam və kreativ şirkətlərimiz həvəssiz qoşulur?

Bunun səbəblərini aşağıdakı kimi müəyyən etmişəm:

1- Şirkətin və rəhbərliyinin kompitentliyinin zəif olması
2- Sifarişçi şirkətlərin əməkdaşlıq etdikləri reklam agentliklərinin portfoliolarını yaymaq istəklərinə məhdudiyyət qoyması
3- Reklam şirkətində reklam şirkətinin marketinqi və PR-ı ilə məşğul olan personalın olmaması
4- Vaxt yoxdur (Bizim xalqın heç bir nümayəndəsinin vaxtı yoxdur)

Bu 3 ilə yaxın müddətdə reklam agentliklərinin ən fəal dövrünü yeni il ərəfəsini hesab etmək olar. Bu isə öz növbəsində həmin dövrdə tərəfimizdən həmin agentliklərə yazılan onlarla email və dəfələrlə edilən zənglərin nəticəsidir. Bəs qalan vaxtlar? Sükut və ya ən yaxşı halda il ərzində könüllü olaraq 2-3 ədəd press riliz. Bu süküt həqiqətən yuxarıda sadaladıqlarımızınmı nəticəsidir? Yoxsa... 

Biz yeganə ölkəyik ki, eyni anda həm öz ÜDM-nın artımına görə fəxr edə bilir həm də dünyada keçirilən ən nüfüzlu reklam müsabiqələrində iştirak etmədiyimizə görə üzülə bilirik. Biz yeganə ölkələrdən biriyik ki, kreativ agentliyi tərəfindən hazırlanan ideyanın reallaşması barədə məlumatı həmin agentliyə onu sifariş edən şirkət tərəfindən alırıq. Məsələn Azercell şirkəti üçün reklamlar barədə məlumatı onu hazırlayan MaxMedia vəya Shift şirkəti deyil, Azersun şirkəti üçün hazırlanan reklam çarxı xəbərini Aqil M. Film deyil, Hyundai şirkəti üçün hazırlanan reklam çarxının xəbərini Teatral studiyası deyil məhz sifarişçi qismində olan Azercell,Azersun və Hyundai özü mak.az-a çatdırır.

Bütün bunlar yenə "niyə" sualının beynimizdə qurcalanmasına səbəb olur. Niyə? Bəlkəm rəqabət yoxdur, bəlkəm reklam agentliklərinin seçilməsi prosesi bizdə başqa cürdür, bəlkəm reklam agentliyi və onu şirkətə bağlayan məsul şəxsin ortaq maraqları reklam şirkətinin ümumi maraqlarından daha üstündür. Bax bu suallar və 3 il ərzində bu suallara tapmaq istədiyimiz cavablar "hər şeyin yaxşı olacağı" cümləsini "hər şeyin yavaş yavaş yaxşı olacağı" cümləsi ilə əvəz olunmasına gətirib çıxarır.
Bir çox agentliklərin adlarını neqativ şəkildə burda tənqid məqsədi ilə açıqlamadım, bu yenə də bizim onlarla əməkdaşlığa nə qədər əhəmiyyət verdiyimizin bəruz nümunəsidir.
Buradaca yazımı bitirirəm, söz verirəm gələn yazılarım daha pozitiv ruhlu və ümid verici olacaq.

Baxılıb: 3638

Şərhlər