Sosial şəbəkələrdə yayımla

“Həyəcanla necə mübarizə aparmaq olar?”

“İctimai nitqin 10 fundamental prinsipi” silsiləsindən 3-cü məqalə.
 
Keçən söhbətimizdə mən “İctimai nitqin 10 fundamental prinsip”indən 2-cisi, yəni  “Nitqi düzgün qur” prinsipi haqda danışmışdım. Həmin məqaləyə siz bu link ilə keçid edə bilərsiniz: 
 
Beləliklə, bu dəfə mən söylədiyim 10 əsas prinsipdən üçüncüsü haqqında danışacağam: Həyəcanınızı cilovlayın.
 
Buna inanmaq çətindir, lakin, bəzi araşdırmalara əsasən, ictimaiyyət qarşısında çıxış etmək qorxusu insanın qorxuları sırasında ən yüksək yeri tutur – hətta ölüm qorxusundan da yuxarıdadır!  
Lakin  qorxunun dəf edilməsi və ictimaiyyət qarşısında çıxış edərkən rahat olmaq sizin özünə inamınızı quvvətləndirə bilər,  əlavə olaraq, bu sizin karyeranıza böyük faydadır. Xoşbəxtlikdən, həyəcanı müsbət enerjiyə çevirməyin bir çox üsulu vardır. Əsas onu yadda saxlamaq lazımdır ki, insanlar sizin uğur qazanmağınızı istəyirlər, buna görə də, diqqətinizi həyacanınıza deyil, çatdırmaq istədiyiniz fikirə yönəldin. 

Biz çıxış etməkdən niyə qorxuruq? 

 
Faktiki olaraq, düşünürük ki, insanlar bizi təhlil edir və səhvlərimizi axtarırlar. Bu da narahatlığımıza səbəb olur. Çünki  insanların  haqqımızda nə düşündükləri bizim üçün maraqlıdır. Bu narahatlıq da sürətli ürək döyüntüsü, ağızın quruması və ya üzün  qızarması ilə özünü biruzə verir. Bunu bəzən “səhnə qorxusu” adlandırırlar. Hər insan ömründə heç olmasa bir dəfə bu hissləri keçirir.
 
Beləliklə, biz  həyəcanla necə mübarizə apara bilərik? 

Hər şeydən öncə, siz öz mövzunuzu gözəl bilməlisiniz. Ekspertlər auditoriya qarşısında çıxış etməkdən qorxmurlar. Lakin çıxış etmək üçün sizin ekspert olmağınız vacib deyil. Sadəcə olaraq, siz mövzunuzu yaxşı bilməli və verilə biləcək suallara hazır olmalısınız. Bu, sizin çıxış zamanı keçirdiyiniz həyəcanı azaldacaq.
 
Daha sonra, siz deyəcəklərinizə inanmalısınız. Ürəkdən gələn ilham hissini natiqlik qabiliyyəti ilə əvəz etmək mümkün deyil, bu hiss isənitqinizdə yalnız o zaman yaranacaq ki, siz dediklərinizə inanasınız. Siz ilhamlananda isə həyəcan hissi sizi tərk edəcək.

Üçüncü məsələ məşq etməkdir. Hazırlaşmaq işin yarısıdır, məşq etmək isə hazırlaşmağın əsas elementidir. Siz çıxışınızı əvvəlindən sonuna qədər vizual olaraq təsəvvür etməlisiniz. Uğuru vizuallaşdırsanız, çox guman ki, onu əldə edəcəksiniz. Məşq etmək sizə çıxış zamanı özünüzə əmin olmağa kömək edəcək.

Dördüncü - nəfəs almaq texnikasıdır. Çıxışınıza bir neçə dəqiqə qalmış yerinizdə rahat əyləşin, bədəninizi sərbəstləşdirin, gözlərinizi bağlayın, dərindən nəfəs alın və yavaş-yavaş nəfəsinizi buraxın. Bunu ən azı üç dəfə təkrar edin və sizi əmin edirəm ki, gərginliyiniz azalacaq.

Beşinci məsələ isə göz kontaktının qurulmasıdır. Biz qarşımızdakı dinləyicilərə baxanda  insan kütləsi  görürük və bu da bizi qorxudur. Bu baş verməsin deyə, bütün auditoriyanı beyninizə həkk etməyin, onlardan birini  seçib, həmin insanla göz əlaqəsi yaradın və danışın. Nitqinizin digər bölməsində seçdiyiniz insanı dəyişərək söhbətinizi davam etdirin.
 
 
Icazə verin, mən sizə uğurlu biznesmenin ictimaiyyət qarşısında çıxış etməyin qorxusunu necə fəth etdiyini danışım. Mən onunla ABŞ-də təhsil alarkən tanış oldum. O, universitetin kapmusunda keçirilən bir tədbirdə çıxış edirdi. O, bunları danışdı:

“Məktəb illərində mən çox utancaq idim və məktəb dostlarımla əlaqələr yaratmaqdan çəkinir, ictimaiyyət qarşısında çıxışlar etməkdən qorxurdum. Qorxu və həyəcan yaradan neqativ düşüncələrdən azad olmaq üçün kifayət qədər vaxt sərf edirdim. Daxilimdə daima mübarizə gedirdi. Debatlardan və çıxışlardan qorxsam da, bütün toplantılarda iştirak etməyə  çalışırdım. Lakin cəhdlərim faydasız idi. “Hamının gözü mənə zillənəcək. Mənim barəmdə nə düşünəcəklər? Söyləmək istədiklərimi unudacağam” kimi neqativ fikirlər mənə rahatlıq vermirdi. Lakin bir hadisə hər şeyi dəyişdi.” 

“Məktəb dostlarımdan şəhər ətrafında yerləşən atçılıq idman klubuna üzv olmaq təklifini qəbul etdim. Məşqlərə başladığımız ilk gün, atlara minib təlimçinin müşayəti ilə ətrafda yerləşən, meşə ilə örtülmüş yüksəkliyə doğru hərəkət etməli idik. Yüksəklik artdıqca atların hərəkət etdiyi cığır daralır, meşə sıxlaşır, cığırın hamarlığı daş-kəsəklə əvəz olunurdu. Hər an atdan yıxılma təhlükəsinin real olmasına baxmayaraq, səyahətimizi heç bir insident olmadan başa vurub, klubun həyətinə daxil olmağa hazırlaşırdıq. Həyətə daxil olmaq üçün kiçik bir məsafəni qət etmək lazım idi. Tam rahatlandığım bir vəziyyətdə, gözlənilmədən hiss etdim ki, ayağım nəyəsə pərçimlənib, at irəliləyir, ayağım isə bərk sıxıldığı üçün dözülməz ağrı verirdi. Təsəvvür edirsiniz, ayağım üzəngi ilə qətiyyən gözə çarpmayan poçt payasının arasında sıxılıb galmışdı. Ağrıdan ayağımı dartıb, çıxarmağa cəhd göstərirdim, hətta, bir neçə dəfə bərk qışqırdım da. Xöşbəxtlikdən, ayağım ayaqqabıdan çıxdı, lakin onu var gücümlə dartdığımdan müvazinəti itirdim və yerə çırpıldım.” 

“Özümə gəlib ayağa duranda ətrafımda çoxlu sayda insan toplaşmışdı. Onlar gözlərini mənə zilləmişdi, suallar yağdırırdılar və tələb edirdilər ki, baş vermiş hadisənı təfərruatı ilə danışım. Mən isə xilas olma sevincimi onlarla paylaşaraq, böyük coşqu ilə danışmağa başladım. Müəyyən zaman kəsiyində, heç bir qorxu və həyacan keçirmədən, insanlar qarşısında çıxış etdiyimi anlayanda daha böyük bir sevinc yaşadım. Bu sevincin səbəbi onda idi ki, mən sərbəst danışmağın sirrini özüm üçün kəşf etmişdim. Sirr ondadır ki, hər bir nitqi mühüm bir hadisədən xəbər verdiyin kimi təqdim etməlisən. Hiss və düşüncələrin çatdırmaq istədiyin mesajın üzərində cəmlənməlidir. Söylədiklərinə elə bir coşqu ilə inanmalı və aludə olmalısan ki, fikirlərinlə söylədiklərin arasında heç bir boşluq qalmasın. Boşluq yoxdursa, qorxu və həyacan daxil olmağa yol, özünə yer etməyə məkan tapmayacaqdır. Unutma ki, daima insanların sənin barəndə nə düşünəcəklərini fikirləşmək, mühüm addımlar atmağin qarşısında böyük maneədir. Qorxu və həyacan uğursuzluğa, onu dəf etmək isə, uğura aparan yoldur.” 

Mən də həmin biznesmenin fikirlərinə qoşuluram və hesab edirəm ki, azacıq qorxu təbiidir, belə ki o gələrsə, nəzərdə saxla, o, səninlə yanaşı dayanmışdır, sən isə onu yerində qoyaraq irəliləməlisən. Hər bir insan qorxu və həyacan hissi yaşayır, müvəffəq insan isə onun içində batıb qalmır, hiss və həyacana onu tutub saxlamağa imkan vermir. Qorxu və həyacan yaşayan insanlara isə tövsiyyəm budur: risk etməyə hazırlaşın, çünki bunun alternativi yerində saymaqdır. 

Baxılıb: 5413

Şərhlər