Sosial şəbəkələrdə yayımla

Hekayə danışmağın gücü

“İctimai nitqin 10 fundamental prinsipi” silsiləsindən 7-ci məqalə.
 
Keçən söhbətimizdə mən “İctimai nitqin 10 fundamental prinsip”indən 6-cısı, yəni “Auditoriya üçün yox, auditoriya ilə danışın!” prinsipi haqda danışmışdım. Həmin məqaləyə siz bu link ilə keçid edə bilərsiniz. 
Beləliklə, bu dəfə mən söylədiyim 10 əsas prinsipdən yeddincisi haqqında danışacağam: Hekayə danışın.
 
 
“Biri var idi, biri yox idi, bir uzaq ölkədə bir şahzadə var idi”... Bu sözləri eşidən hər bir kəs (böyük ya kiçik) dərhal tam fərqli bir emosional duruma keçir. Az yaşlılar diqqətlərini cəmləşdirib sehrli və maraqlı nağıl aləminə səyahət etməyə hazırlaşırlar. Böyüklər isə bir qədər nostalji hissi ilə uşaqlıq illərini xatırlayırlar, həm eşitdikləri əhvalatları həm də o nağılları danışan yaxın insanları yada salırlar. 
 
Nağıl ümumbəşəri fenomendir. Dünyada elə bir xalq və ya etnik qrup yoxdur ki, onların folklorunda nağıl olmasın. Ən qədim tarixə malik xalqlar və çox gənc millətlər – hər yerdə yaşlı nəsil gənc nəsilə mənəvi dəyərlərini məhz nağıl vasitəsilə ötürür. Nəyə görə? Çünki nağıl sadə, hətta körpələrin anladığı dildə danışılır; nağılda baş qəhrəmanın sərgüzəştləri bütün təfsilatları ilə, dramatik formada çatdırılır və ona görə də dinləyicinin diqqəti yayınmır; nağıl sevgi, qorxu, təəccüb kimi emosiyalarla zəngindir; nəhayət, nağıl böyük mənaya malikdir. Bütün bu meyarların sayəsində nağıllar unudulmur və yüzilliklər boyu şifahi formada böyükdən uşağa ötürülür.
 
Hekayələr böyük qüvvəyə malikdirlər. Onlar əyləndirir, öyrədir, ilham verir və çağırış edir. Onlar bizə həyatı başa düşməyə kömək edirlər. Onlar bizim beynimizdə təsvirlər yaradırlar. Əgər siz nəyisə vurğulamaq və ya hansısa bir məsələni qaldırmaq istəyirsinizsə, hekayə danışmaq bunun ən yaxşı yoludur. Əmin olun ki, auditoriya sizin çıxışınızı yaddan çıxarsa da, danışdığınız maraqlı hekayəni uzun müddət unutmayacaq.
 
Yaxşı hekayə nə cür olur?
 
İlk öncə, hekayə real insanlar haqqında olmalıdır. Nəzərə alın ki, auditoriyada oturan insanlar əksər hallarda nağıl yaşını adlayıblar. Onlar danışdığınız hadisəni reallıq prizmasından, “bu mənə aiddirmi?” sualı ilə qiymətləndirəcəklər. Məhz ona görə də çıxışınızı real həyatdan misallarla zənginləşdirin. 
 
Yaxşı hekayə emosional olur. Bu sırf hər hansı bir hadisə deyil; yaxşı hekayə emosiyalarla: sevinc, təəccüb, hirs, qorxu, kədər, sevgi ilə doludur. Emosiyalar dinləyənə həmin hekayəyə yalnız qulaq asmağı deyil, həm də onu yaşamağa imkan yaradır. 
 
Yaxşı hekayə sadə olur. O, baş qəhrəmanın təcrübə əldə etməsi və nəsə öyrənməsindən bəhs edən sadə süjetdən və mənəviyyatı olan sonluqdan ibarətdir. Nağıl sadə hekayənin gözəl nümünəsidir. Şubhəsiz ki, bundan sadə heç nə tapa bilməzsiniz – hətta azyaşlı uşaqlar belə nağılı anlayırlar.
 
Yaxşı hekayədə dramatik gərginlik olur. Auditoriya sanki kəskin-süjetli filmi seyr edir. Hadisələr elə cərəyan edir ki, dinləyicilər daima “Sonra nə olacaq?” sualını versin. Dramatik gərginlik olmadan hekayəyə və nəticədə bütün nitqə diqqət və maraq azalacaq.
 
Yaxşı hekayədə yadda qalan təfsilatlar olur. Pencəyin rəngi, gölün dərinliyi, kafedə çayın qiyməti, sifətin mimikası… belə təfsilatlar hekayəni canlandırır və yaddaqalan edir. Bu xırdalıqların köməyi ilə natiq hekayəni danışaraq dinləyicinin beynində təsvirlər yaradır. Adlar, üzlər, rənglər, ölçülər, səslər kimi xırda detallardan yaranan məhz bu təsvirlərin sayəsində hekayə daha da maraqlı və təsirli olur.
 
 
Nəhayət, yaxşı hekayəda məna var. Nağıllarda və təmsillərdə buna ibrət deyirlər. Bu, çox vacib bir ideya, məsləhət və ya “aha!” məqamı ola bilər – bir sözlə, auditoriyanın sizi və hekayənizi unutduğundan uzun müddət sonra belə yadında saxlayacağı bir məna. 
 
Belə yaddaqalan hekayələrdən birini mən streslə mübarizə aparmağın yollarına həsr olunmuş bir seminarda eşitdim. Orada təlimçi stresə qalib gəlmək üçün dincəlməyin vacibliyi haqqında danışırdı. Fikrini gücləndirmək üçün belə bir hekayə danışdı. 
 
“İkinci Dünya Müharibəsi başlayanda, Britaniya höküməti tezliklə başa düşdü ki, onlara əvvəl olduğundan daha da çox qoşun və hərbi təhcizatlar lazım olacaq. Ona görə də, hökümət 7 günlük iş rejiminə keçdi. Düşünürdülər ki, insanlar daha çox saat işləsələr, daha çox sayda silah və güllə istehsal edəcəklər. 
 
 
Müharibə bitdikdən sonra ise hərbi arsenalın sayı azaldıla bilərdi, buna görə də hökümət istehsalı azaltmaq qərarına gəldi və 7 günlük iş həftəsi 6 günlüklə dəyişdirildi. 
 
Sonra isə… möcüzə baş verdi. 
 
Işçilərin 6 günün içində istehsal etdikləri hərbi təhcizatın sayı 7 gündə istehsal etdiklərindən çox idi. Məlum oldu ki, fasiləsiz işlədiklərinə görə lazımi qədər dincələ bilməyiblər, bu da onların gördükləri işin effektivliyini aşağı salıb. Bundan sonra Britaniyanın hərbi sənayesi heç bir vaxt 7 günlük iş rejiminə keçməyib.”
Bu kiçik hekayəni yuxarıda verilən meyarlara əsasən təhlil etsək görərik ki, o, real insanlar haqqındadır, çox sadədir, müharibə vaxtının gərginliyini emosional çatdırır, dramatik formada nəql edilir və dərin mənaya malikdir. Məhz ona görə də o yaddaqalan və təsirlidir. 
 
106 yaşlı Ən Kuperin hekayəsi, və ya “Bəli, biz bacarırıq” 
 
 
Siyasətçilər hekayə danışmaq metodundan məharətlə istifadə edirlər. Bunun bariz nümunəsi Barak Obamanın 2008-ci ildə Çikaqo şəhərində ABŞ-nin Prezidenti seçildikdən dərhal sonra söylədiyi qələbə nitqidir. Həmin çıxışda o, sadə ABŞ vətəndaşı Ən Nikson Kuperin həyat hekayəsini danışaraq öz qələbəsinin eyni zamanda Ən Kuperin və bütün Amerika xalqının qələbəsi olduğunu vurğulayır. 
 
“...Bu seçki bir çox “ilk”lər və nəsildən nəsilə keçəcək hekayələrlə yadda qalacaq. Amma hal-hazırda mənim beynimdə olan Atlantadan səs vermiş bir xanımın hekayəsidir. O, bu seçkilərdə növbədə dayanıb öz səsini eşitdirmək istəyən milyonlarla insanlardan biridir. Lakin onu fərqli edən bir cəhət var: Ənn Nikson Kuperin 106 yaşı var.
 
O, quldarlıqdan sonra gələn ilk nəsildə anadan olmuşdu. O zamanlar nə avtomobil, nə də təyyarələr var idi və onun kimi insan iki səbəbən: qadın olduğu üçün və dərisinin rənginə görə səs vermədə iştirak edə bilmirdi.
 
Və bu gün, mən bir əsr ərzində onun gördükləri haqqında düşünürəm - əziyyət və ümid, mübarizə və irəliləyiş, bacarmayacağımızı eşitdiyimiz zamanlar və Amerikalı inadkarlığı ilə “Bəli, biz bacararıq” deyən insanlar.
 
O, qadının səsinin susdurulduğu, ümidlərinin doğrulmadığı bir zamanda yaşayıb, bir gün qadınların ayağa qalxıb danışacaqları, səsvermədə iştirak edə biləcəyini gördü. Bəli, biz bacararıq.
 
Depressiya və böhran hökm sürən ölkədə, o qorxuları ilə yeni işlər və ümumi məqsəd duyğusu vasitəsilə mübarizə aparan xalqı gördü. Bəli, biz bacararıq.
 
Limanlarımıza bombalar atıldığı, dünyanın zülm qorxusu ilə yaşadığı bir zamanda, o, yeni nəslin ayağa qalxdığının və demokratiyanın xilas olunduğunun şahidi oldu. Bəli, biz bacararıq.
 
Və bu il, bu seçkilərdə, o... səs verdi, çünki yaxşı vaxtlar və çətin məqamlarla dolu 106 ildən sonra Amerikanın yaxşılığa doğru dəyişə biləcəyini gördü. Bəli, biz bacararıq.” 
 
Təbii ki, bu məqamda sizdə sual əmələ gələ bilər: “Axı mən görkəmli dövlət xadimi və ya siyasətçi deyiləm. Bunun mənə nə aidiyyatı var? Bu cür pafoslu nitqi mən heç bir zaman söyləyən deyiləm”.
 
Bəli, mən sizinlə qismən razıyam. Ola bilsin ki, bu konkret hekayədə istifadə olunan qəhraman obrazı və hekayənin mənəvi yükü qeyri adi və pafosludur. Təəccüblü deyil – axı bu Prezident Obamanın qələbə nitqidir! 
 
Sizin çıxışlarınız bu qədər həlledici olmasa da, orada istifadə olunan hekayə quruluşu və nəql tərzi heç də kəskin dərəcədə fərqli olmayacaq. Düzdü, 106 yaşlı Ən Kuper kimi insan haqqında hekayə sizə (və auditoriyanıza) qəribə və süni gəlsə də, 19 yaşlı tələbə yoldaşınız Kamilə, 25 yaşlı dostunuz Fərid və ya 40 yaşlı həmkarınız Fidan haqqında hekayələr heç kəs də təəccüb doğurmayacaq. Onlardan istifadə edin. Kamilə, Fərid və Fidanın başına gələn hadisəni təfsilatı ilə danışın, ona rəng qatın, mənasını vurğulayın və fərqini dərhal hiss edəcəksiniz.   
 
Nəhayət, əgər sizə digər insanın həyatından misal gətirmək istənilən səbəbə görə çətindirsə, daha asan yola əl atın - öz təcrübənizlə bölüşün. Birinci, auditoriya natiqin öz həyatından olan misalla daha çox təsirlənəcək, və nəticə etibarilə həm hadisənin doğruluğuna həm də hekayənin vurğulamaq istədiyi həqiqəti daha böyük ehtimalla qəbul edəcək. İkinci, danışdığınız hadisə öz həyatınızdan götürüldüyünə görə, onu vacib təfsilatlarla zənginləşdirə biləcəksiniz. Təfsilatlar isə, bildiyiniz kimi, hekayəni maraqlı edən cəhətlərdən biridir.
 
“Birdən baxışım prezidentin baxışı ilə kəsişdi”
 
Mən öz təlim kurslarımda bu metodikanı tez-tez istifadə edirəm. Dərslərimin birində bank işçilərinə çıxış zamanı həyacan faktoru haqqında danışırdım. Həyacanla mübarizədə auditoriya ilə göz kontaktının vacibliyini vurğulamaq üçün başıma gələn bu əhvalatı danışdım. 
 
“Mən BP neft şirkətində on ildən çoxdur ki, çalışıram. Bu müddətin yarısını mən xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsində olmuşam. Bu vəzifədə şirkətimizin bir çox VİP qonağı qarşısında çıxış etmişəm. Həmin günlərin birini heç vaxt unutmayacağam: 2009-cu ilin 11 iyul tarixi. 
 
İsti günəşli bir gün idi. BP şirkəti Azərbaycanın ən vacib enerji obyekti olan Səngəçal neft və qaz terminalında xarici ölkə prezidentini qəbul edirdi. Mən həmin qonaq üçün terminalın avtobus turunu aparmalı idim. Tünd göy kostyum və kip bağlanmış qırmızı qalstuk isti hava şəraitində mənim gərginliyimi bir qədər də artırırdı. Həm bayırda həm içərdə insanlar daima hərəkətdə idi, və qonağın gəlişi yaxınlaşdıqca gərginlik sanki havadakı rütubət kimi artırdı. Mən hazırladığım çıxışın mətnini qeydlərimə baxaraq təkrar edirdim, harada dayanacağımı və vacib qonaqla necə danışacağımı düşünürdüm. 
 
 
Nəhayət, prezidentin korteji Səngəçala daxil oldu. Ənənəvi salamlamadan sonra qonaqlar xüsusi ayrılmış geniş avtobusda yerlərini tutdular. Avtobus hərəkətə gələn kimi mən çıxışımı başlamalıydım. Həyəcan hissi mənə bürümüşdü: ürəyim bərk döyünür, fikirlər beynimdə dolaşır, ağzım qurumuşdu. Həm qonağın həm də şirkət rəhbərliyinin (onlar da həmin avtobusda idi) qarşısında hiss etdiyim məsuliyyət gərginliyi artırırdı. Hər keçən saniyə mənə bir saat kimi gəlirdi. İmkan olsaydı, pəncərənin o tayında, isti havada bayırda dayanan istənilən insanla sərin avtobusdakı yerimi göz qırpımında dəyişərdim. Gərginliyim pik həddə çatdı. Gözlərimlə bir sərnişindən digərinə “atlayaraq” sanki yanğın çıxışını axtarırdım. 
 
Birdən baxışım prezidentin baxışı ilə kəsişdi. Onun baxışı aydın, sakit, inamlı idi. Üzündə yüngül təbəssüm də var idi. Başını yüngülcə önə tərpədərək məni dinləməyə hazır olduğunu nümayiş etdirdi. Həmin məqamda möcüzə baş verdi. Sakit baxışı sanki məni də sakitləşdirdi; təbəssümünə cavab olaraq mən də gülümsündüm. Həyacanım tədricən səngiməyə başladı. Prezidentin gözünə baxaraq mən öz çıxışımı başladım. Hər cümlədən sonra inamım bir qədər də artırdı və iki dəqiqədən sonra mən nitqimi artıq rahat və sərbəst tərzdə çatdırırdım. Söylədiyim hər cümləni “kütlə”yə yox, hər dəfə konkret bir insana ünvanlayırdım; üzümü həmin insanın üzünə tuturdum – sanki çıxışı yalnız onun üçün edirdim. Heç özüm də hiss etmədim ki, 20 dəqiqəlik bu tur necə sona yetdi. 
 
Bu hadisədən sonra həyəcana qalib gəlmək üçün göz kontaktının vacibliyi mənə əyani şəkildə sübut olundu.” 
Lakin bir məqamı yadda saxlayın. Təqdimat zamanı danışdığınız hekayələrin sayı həddindən artıq çox olmamalıdır. Adətən bir kifayət qədər güclü və təsirli hekayə bəs edir. İki və ya üç hekayə çatdırmaq istədiyiniz mesajı daha da güclü edə bilər. Lakin üçdən artıq hekayə auditoriyanı çaşdıra bilər, çünki onlar hər bir hekayənin əsas fikrini yadda saxlamağa çalışacaqlar. Hekayələrinizi sadə və mövzuya uyğun edin və əmin olun ki, auditoriya çıxışınız bitəndən uzun müddət sonra bu hekayələri yadda saxlayacaq.
 
- SON - 
 

Baxılıb: 2042

Şərhlər