Sosial şəbəkələrdə yayımla

İctimai nitqin 10 fundamental prinsipi

1-ci prinsip: Auditoriyanı tanı
 
Mübahisəyə hazıram ki, ömrünüzdə heç olmasa bir dəfə insanlar qarşısına çıxaraq danışmaq məcburiyyətində qalmısınız. Ola bilər ki, bu, hər hansı bir yığıncaqda və ya ad günü şənliyində sağlıq demək istərkən, yaxud da öz layihənizisizinlə birgə çalışan işçilərə təqdim etdiyiniz zaman baş vermişdir. Fərqi yoxdur, əminəm ki, siz bu vəziyyətdə ürək döyüntüsü, boğazın quruması, səsin titrəməsi kimi hallarla müşayət olunan narahatlıq hissi yaşamısınız.
Narahat olmağa dəyməz. Buna bənzər hiss və həyəcanı dinləyici kütləsi qarşısında çıxış edən hər bir kəs yaşayır. Sizin üçün yaxşı xəbər isə bundan ibarətdir ki, ictimai nitqin 10 fundamental prinsipini tətbiq etməklə siz, inamla danışmağı oyrənə bilərsiniz.
 
Hətta, siz bu prinsiplərin,heç olmasa, bəzilərini tətbiq etməyi öyrənsəniz, güvəninizdə və başqalarının önündə çıxış etmək qabiliyyətinizdə gözəçarpan dəyişiklikləri müşahidə edəcəksiniz.
 
Auditoriyanı tanı
Bu prinsiplərin birincisi “Auditoriyanı tanı” prinsipidir.
 
Hər hansı bir çıxışı hazırlamamışdan əvvəl üç vacib sualacavab vermək lazımdır: 
 
1) Dinləyiciləriniz kimlərdir? 
2) Onların problemi nədir? 
3) Siz onlara necə kömək edə bilərsiniz?
 
Dinləyiciləriniz kimlərdir? 
 
Siz, qarşısında çıxış edəcəyiniz insanlar haqqında bacardığınız qədər çox öyrənməlisiniz. Onlar sizin həmkarlarınız, müdiriniz yoxsa müştərilərinizdir? Onlar hansı yaş qrupuna daxildirlər? Onların peşə statusu nədir: tələbələr, sıravi işçilər və ya təcrübəli peşəkarlar? Nitq hansı tədbirdəsöylənilir: qrup iclası, yeni il şənliyi yoxsa peşəkar konfrans? Nə qədər çox bilgi əldə etsəniz, nitqiniz bir o qədər uğurlu olacaq.

Onların problem nədir?

 
Başqa sözlə, bu insanlar sizdən nə gözləyirlər? Onlar bu tədbirə niyə toplaşıblar? Əgər, bu, qrup iclasıdırsa, yəqin ki, həmkarlarınız onlara informasiya verəcəyinizi gözləyir. Əgər, bu, əyləncə gecəsidirsə, dostlarınız onları əyləndirəcəyinizi gözləyir. Əgər, qarşınızdakı potensial müştərinizdirsə, sizdən məhsul və ya xidmətinizin yüksək səviyyədə olduğuna onu əmin etmənizi gözləyir. Sizə verilə biləcək suallar haqqında fikirləşin. Siz buna öncədən hazır olsanız, özünüzü daha inamlı hiss edəcək və əminliklə danışacaqsınız.
 
Siz onlara necə kömək edə bilərsiniz?

Və yaxud, sizin çıxışınızın məğzi nədir? Siz bu insanlara nə demək istəyirsiniz? Əgər, siz ilk iki suala cavab versəniz, üçüncüsünün cavabı da asanlıqla gələcək. Mesajınızın həqiqətəuyğunolmasını istəyirsinizsə, o zaman, auditoriyanı narahat edən məsələlər barədə danışın. Əks təqdirdə, sizin qarşınızda sakit, lakin,başları öz telefonlarına, “iPad”-lərinə və fikirlərinə qarışan bir qrup insan olacaq. 
Böyük fikir sahiblərimizə müraciət etdikdə isə Azərbaycan ədəbiyyatı tarixində ən milli və bəşəri yazıçılardan biri olan Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullah personajı buna bariz nümunə ola bilər. 
Şeyx Nəsrullah öz nitqi ilə insan qruplarına təsir göstərir. O hazırlıqlıdır, auditoriyaya yaxşı bələddir, bu ucqar bölgədə insanların boğaza qədər xurafat bataqlığında olduqlarından xəbərdardır. 
Dini faktora söykənməyin  nəticə verəcəyinə əmin olsa da, öz köməkçisi və şagirdi Hacı Əhməd vasitəsi ilə auditoriyanı tanımağa çalışır. Nitqə başlamamışdan əvvəl, kütlədən fərqlənən, xaricdə təhsil almış hər bir kəslə, ayrı-ayrılıqda, sual-cavab etməklə, dərhal tanış olur. Özünü baş verə biləcək hər bir fövqəladə vəziyyətdən sığortalamaq üçün, onlardan soruşur: “Şəhərdə sizdən savayı da əcnəbi dərsini oxuyan var?”
Məlum olduqda ki, Kefli ləqəbini qazanmış İskəndər də mövcuddur, dərhal onun məclisə çağırılmasını tələb edir. Yerli camaat İskəndərə heç bir əhəmiyyət verməsə belə, o, İskəndəri yaxşı qarşılayır, ona “İskəndəri Rumi, İskəndəri Zülgərneyn, nə gözəl isimdir” deyə müraciət edir. Onu auditoriya içində özünə dost tutmaq istəyir. Şeyx Nəsrullah məqsədinə nail olmadıqda isə, yenə özünü itirməyərək İskəndəri məclisdən xaric etməyi tələb edir. 
 
Auditoriya ilə tam tanışlıqdan sonra, ictimai nitqin digər fundamental prinsiplərindən də istifadə edərək öznitqinin təsirini qaçılmaz edir.Məsələn: dini faktora söykənərək ərəb və fars dillərindən istifadə, səs tonunu ucaltmaq, sual–cavab texnikasından istifadəyə əl atır.
 
Yazıçı ictimai nitqin əsas prinsiplərini gözəl bildiyindən,öz personajının qələbəsini real etmək məqsədi ilə, bu bilgidən istifadə edir. Nə qədər acı olsa da Şeyx Nəsrullah öz hədəflərinə çatır.Yazıçı isə, əsərdə qoyulmuş əsas məqsədlə yanaşı,auditoriyanı tanımaqla hazırlanmış nitqdən istifadənin necə güclü bir alət olduğunu oxucuya çatdırır.
Demək istədiklərim hələlik bunlardır. Gələcək yazılarımda digər fundamental prinsiplər barəsində ayrı-ayrılıqda söhbət edəcəyəm. 
 
O vaxta qədər isə, salamat qalın, özünüzə güvənin və inamla danışın!

Baxılıb: 10374

Şərhlər(1)

Şərhlər (1)

Huseyin Huseyin
Bilmək istərdim, bu məqaləni oxuyanların neçəsi müəllimdir???