“In God We Trust”
ABŞ dollarındakı sloqan sevgini yox, inanmağı vurğulayır... Qərblilər praktiklik cəhətdən həmişə bizlərdən – şərq cəmiyyətlərindən müsbət mənada fərqlənə bilir(b)lər.
Fəlsəfə və ədəbi əsərlərdə inam və etibar mütləq sevgidən öndə gəlir. İslamın da əsas şərti inanmaqdır. İnsanlara sevgi və anlayışlı olmaq kimi hisslər, daha sonra təlqin olunur.
Mənə görə də İnam, etibar həyatda daha önəmli dəyər və hisslərdir. Etibarlılıq və İnamla müqayisədə Sevgi ilə assosiasiya olunan mənfi məqamlar daha çoxdur. Sevgi - bəzən nəyisə istəmədən qurban verməkdir və ya istəmədən görməməzlikdən gəlmək. Sevmək deyilən hiss, rasional anlayış olmadığına görə ona çox bel bağlamağın tərəfdarı deyiləm.
Məhz bu səbəbdən Lovemarks anlayışının sevgi üzərindən qurulması cəhdini doğru hesab etmirəm.
Hər nə qədər Kevin Roberts qərbli olsa da və hər nə qədər lovermarks anlayışını fiziki və rasional dəyərlərlə bağlamağa çalışsa da, bu məsələdə əsas vurğu sevgiyədir. Daha çox emosional bağlantıya, birliyə dəvət izah olunur.
Sevgi boş şeydir, əsas hörmətdir! Bu ifadəni, ələlxüsus, bizim cəmiyyətdə dəfələrlə eşitmişik. Əslində bəlkə Kevin də hörmət məsələsini məhz bu səbəbdən unutmayıb. Lakin hörmət hissi, çox zaman rasional və təbii yaranmır: Buna nüfuz, yaş, təcrübə, ictimai rəy və s. təsir edir.
Bu səbəbdən də, şəxsi düşüncəmə görə, daha praktik və realistik olan, insan münasibətlərində olduğu kimi brend yaradarkən də yararlılıq, davamlılıq, inam yaratmaq yolunu tutmaqdır. Kommunikasiya zamanı sevgi dolu ismarıcların əvəzinə səmimi, praktik və etibar yaradacaq faktların səslənməsinin tərəfdarıyam. Nielsen araşdırması belə göstərir ki, ənənəvi kommunikasiya kanalları effektini durmadan itirməkdədir. Markalara inam və etibar, qeyri ənənəvi kommunikasiya kanallarından və insanların normal istifadə təcrübəsindən formalaşır. Deməli cəmiyyət fikri necə formalaşdırıb ifadə edirsə, biz də o cür olmağa çalışmalıyıq.
Bu yolun sonu sadiq müştəri, sadiq dostlar və sizə sadiq bir çevrə deməkdir.
Sizə sadiq, inanan və etibar edən müştəri kütləsi və müştərilərə də eyni dəyərləri təqdim edə bilən markalar arzusu ilə … “In God We Trust”
Baxılıb: 15686
Şərhlər