Sosial şəbəkələrdə yayımla

Jestlər yoxsa sözlər: hansı daha təsirlidir?

Keçən söhbətimizdə mən “İctimai nitqin 10 fundamental prinsip”indən 3-cüsü, yəni “Həyəcanınızı cilovlayın” prinsipi haqda danışmışdım. Həmin məqaləyə siz bu link ilə baxa bilərsiniz. 
 
Beləliklə, bu gün mən söylədiyim 10 əsaslardan dördüncüsü haqqında danışacağam: Bədən “dilindən” istifadə edin.
 
Bədən hərəkətləri, və ya bədən “dili” nəyə deyilir? Bu, insanın fiziki, əqli və ya emosional vəziyyətini göstərən və digər insanlarla sözsüz danışmağa imkan verən duruş, jestlər və üzün müxtəlif ifadələridir. Beləliklə, necə oturmağınız, dayanmağınız, əllərinizdən istifadə etməyiniz, danışdığınız zaman etdiyiniz hərəkətlər – bunlar hamısı dinləyicilərinizə bəzən dediyiniz sözlərdən də çox məlumat verir.
 
Əslində, ABŞ-nin, insanların üz-üzə ünsiyyətinin öyrənilməsi tətqiqatından gətiriliən sitata əsasən hər bir nitqin təsirli olmağı 55% bədənimizin “dilindən” asılıdır. Beləliklə sözünüzü necə deyəcəyiniz nə deyəcəyinizdən daha çox vacibdir! Bədəninizin “dilini” pozitiv etməklə və fikiri yayındıracaq jestlərdən uzaq olmaqla, siz nitqinizin uğurlu olmasına böyük təsir göstərə bilərsiniz.
 
Danışarkən istifadə etdiyimiz jestlər bizim haqqımızda çox söz deyə bilər. Jestlərdən ən çox istifadə edən xalqlardan hindliləri və italyanları misal göstərmək olar. Hindlilərdən fərqli olaraq italyanlar əl jestlərindən ən çox əsəbi vaxtlarında istifadə edirlər. Bunu onların jestlərindən anlamaq olur. Hindlilər isə danışıq jestlərindən hər zaman istifadə edirlər. Yəqin ki, hind kinolarında personajların danışarkən sinxron olaraq əlləri ilə də fikirlərini çatdırmaq istədiklərinə fikir vermisiniz. Əslində, Hindistanda jestlər dövlət dili səviyyəsindədir. Bu bədən “dilini” Hindistanın istər varlı istərsə də kasıb - hər bir sakini bilir. Hətta dili bilməyən insanlar jestlər vasitəsi ilə bir biriləri ilə asanlıqla ünsiyyət qura bilirlər.

Doğrudan da danışarkən jestlərdən lazimı qaydada istifadə etsəniz, bu söyləmək istədiyiniz fikirləri daha dəqiq çatdırmaqda sizə yardımçı ola bilər. Buna misal olaraq ümummilli liderimiz Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlmələrini misal gətirmək olar. Bu sözləri deyərkən onun əlini yumruq şəklində havada yelləyərək etdiyi jest hamının yadındadır və məhz bu jestlə Heydər Əliyev fikrində nə qədər ciddi olduğunu göstərə bilmişdir.         
 
Jestlər pozitiv və neqativ ola bilər. Pozitiv bədən “dilini” hansı hərəkətlər göstərir? Gülümsəmə, açıq vəziyyətdə olan əllər, başla işarə, göz əlaqəsi, və düz durmaq yaxşı misallardır. Əgər siz çıxışınızı bu pozitiv bədən dili ilə müşayiət etsəz, dinləyicilər sizin çıxışınızı daha çox bəyənəcəklər, və siz bir natiq kimi onların daha da xoşlarına gələcəksiniz.
 
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın cıxışları zamanı istifadə etdiyi jestlərə diqqət yetirək. Obamanın cıxış etmək ücun pərdə arxasından tribunaya gedərkən yolunda dayanan insanlarla necə səmimi  ünsiyyət qurduğunu görmək olar. Bu səmimiyyət onun əl hərəkətlərindən aydın gorünür. Həmin jestlərə qarşısındakılara gülümsəmək, əl ilə gorüşmək, kiminsə çiyninə dostcasına əl qoymaq aiddir.
 
Yaxşı, bəs neqativ bədən “dilinə” aid hansı misalları gətirmək olar? Göz əlaqəsi yaratmamaq, qolları sinədə çarpazlaşdırmaq, əllərinizlə və ya əlinizdə tutduğunuz hansısa əşya ilə əsəblə oynamaq, danışdığınız zaman üzünüzü yana çevirmək – bunlar tez-tez rast gəldiyimiz neqativ bədən hərəkətləridir. Bu hərəkətlər dinləyicilərə sizin əminliyinizin, marağınızın ya da biliyinizin çatışmamasını göstərir. Qısaca desək, onlar sizə kömək etmir.
 
Mənfi  jestlərdən istifadə edən insanların əsəbi olduğu qabarıq nəzərə carpır. Yuxarıda buna biz italyanları misal gətirdik. Başqa bir misala nəzər salaq.    
 
Təsəvvür edin ki, siz kiminləsə söhbət edirsiniz və sizin həmsöhbətiniz qollarını sinəsində çarpazlaşdırıb sizi dinləyir. Sizcə bu jest dinləyici haqda nə deyir? Qolları sinədə çarpazlaşdırmaq neqativ bədən dilinin ən əsas nümunələrədindən biridir. Bu jest dinləyənin özünə qapanmasını, mövzuyla maraqlanmamasını, danışanla özü arasında məsafə qoyduğunu göstərir. Bir çox insan bu jestdən rahat olduğu üçün istifadə etdiyini deyir. Lakin hər bir jestin rahatlığı sizin özünüzu necə hiss etdiyinizi göstərir. Əgər siz söhbət zamanı özünüzü narahat hiss edirsinizsə, tənqidi əhval-ruhiyyədəsinizsə bu jest sizə rahat gələcək. Həmçinin yadda saxlayın ki, danışan dinləyənin jestinə fikir verir. Və dinləyici bu jestdən rahat olduğu üçün istifadə etsə də, kənardan bu yalnız neqativ təəssüratlara səbəb olacaq.
 
Digər misal gətirim. Təsəvvür edin ki, söhbət zamanı sizin həmsöhbətiniz sizə baxmır. Bu zaman siz özünüzü necə hiss edərsiniz? Yəqin ki, bu sizin xoşunuza gəlməz. Danışarkən göz əlaqəsindən yayınmaq ən böyük səhvlərdən biri hesab olunur. Danışanın dinləyənlə göz əlaqəsini qurmaması onun mövzuyla maraqlanmadığının, dinləyiciyə güvənmədiyinin, hətta yalan danışdığının göstəricisi ola bilər. Əslində bəzi insanlar bu jestin neqativ olduğundan xəbərdar deyillər və göz əlaqəsi yaratmaqdan  çəkindikləri üçün və ya buna vərdiş etmədikləri üçün ondan qaçınırlar. Lakin unutmayın ki, həmsöhbətiniz bundan xəbərdar olmaya bilər və sizin göz kontaktından qaçınmanız sizə qarşı mənfi fikirlər oyada bilər.
 
Bəs neqativ bədən dilinə necə qalib gəlmək olar? Hər şeydən əvvəl, onun sizdə mövcudluğundan xəbərdar olun. Dostlarınız və ya həmkarlarınızdan sizin tamaşaçılar qarşısında olan çıxışınıza rəy bildirmələrini xahiş edin. Fikri yayındıran jestləri bir-bir aradan qaldırın. Beləliklə, əgər sizin dodaqlarınızı dişləmək, slaydlara baxmaq və ya  qollarınızı carpazlaşdırmaq kimi vərdişləriniz varsa onlardan birini seçin və növbəti dəfə danışarkən məhz o vərdişdən azad olmaq üçün səy göstərin. Yalnız bir vərdişin öhdəsindən gəldiyinizə tam əmin olduqdan sonra növbəti vərdişə keçin.
 
Demək istədiklərim hələlik bunlardır. Gələcək yazılarımda digər fundamental prinsiplər barəsində ayrı-ayrılıqda söhbət edəcəyəm. 

Baxılıb: 2564

Şərhlər