Sosial şəbəkələrdə yayımla

“Kapital Bank” satılır

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar ölkə başçısının tapşırığına uyğun olaraq “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin dövlətsizləşdirilməsini nəzərdə tutan tədbirləri həyata keçirir. Hazırda bankın nizamnamə kapitalının əlavə səhmlərin buraxılışı hesabına artırılmasından sonra formalaşan və dövlətə məxsus 50 faiz səhm zərfinin özəlləşdirilməsi istiqamətində zəruri işlər görülür. Komitədən bildiriblər ki, görülən işlər nəticəsində “Kapital Bank”ın nizamnamə kapitalı iki dəfə artırılaraq 24 milyon manata çatdırılıb.

Xatırladaq ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bərabər, Maliyyə Nazirliyinin, Milli Bankın və cəlb edilmiş məsləhətçi şirkətin təklifləri nəzərə alınmaqla Azərbaycanın iqtisadi maraqlarına cavab verən alıcıların seçilməsi üçün hərracın keçirilməsinə dair üçtərəfli müqavilə imzalanıb. Bankın alıcısı olmaq istəyən iddiaçı bir səhmin nominal dəyəri 10 manat olmaqla hər biri 240 min ədəd olan beş bərabər səhm zərfinə bölünməklə hərracda iştirak etməlidir. İndiyədək komissiya tərəfindən alıcıların seçilməsi iki mərhələdə aparılıb. İlkin mərhələdə müraciət edən iddiaçıların Azərbaycanın iqtisadi maraqlarına uyğun müəyyənləşdirilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi həyata keçirilib. Sonrakı mərhələdə isə onların bankın institusional inkişafı və qiymətlə bağlı təklifləri əsasında seçim aparılıb. Yeni buraxılan səhmlərin satışı zamanı hərracın qalibləri “Xalq” Bankı (20%), “Ata Holdinq” (20%) və “Azərsun Holdinq” (10%) müəyyən edilib.

Azərbaycan qəzeti

Baxılıb: 6531

Şərhlər