Sosial şəbəkələrdə yayımla

Kreadivin faydaları

Bir kreadiv daha belə getdi. Tədbirin sonunda beynimizdən keçən ən dominant fikir isə bu qədər fasilə verməməli olduğumuz idi. Yəqin ki, nə icmamız, nə biz, nə də tələbələr 3-cüsünü 2-cisi qədər uzun müddət gözləməyəcək. Arzu və ümid...

Bəs nəyə lazımdır bu kreadiv? Niyə tədbir boyunca insanlar davamlı olaraq bu tipli bir işin bazarımız üçün çox lazımlı olduğunu ifadə edirdi? Nədir Kreadivin faydaları?
 
Əgər Azərbaycandakı universitetlərin yerlərini belə unutmuş kadrlar departamenti və digər top menecerlər tədbirdən sonra bəyəndiyi tələbələrə vizitkart verirsə... Missiyanın yerinə yetirilmiş olduğunu düşünməyə yetər. Bir universitet müəllimi olaraq tələbələrimiz fikirlərini ifadə etmək və məsələlərə kreativ yanaşma tətbiq etməklə bağlı problemlərinə bələdəm. Kreadiv isə əslində elə tələbəyə bu ikisini vermək üçün var. Bir halda ki, bu ikisinə sahib olmayan gənc əməkdaşın şirkətlərimizə çox da faydalı olacağını düşünmürük... Deməli məsələ aydındır. Kreadiv vəya başqası – adı da, təşkilatçısı da kim olur olsun tələbələrimizə saf və təzə ideyalarını dilə gətirəcək zəmin lazımdır. 

Kreadiv bizim – marketinq icmasının üzvlərinin bir yerə yığışması, ortaq havadan tənəffüs etməsi və gündəmi paylaşması deməkdir həm də. Bu isə cəmiyyətimizin bəlkə də ən böyük problemlərindən biri olan “hər kəsin öz yuvasına çəkilib yaşaması”na qarşı düzgün məlhəmdir. Istər kreativçi, istər şirkətdə marketinq strategiyasını müəyyən edən şəxs olsun, istər prodakşn işləri ilə məşğul olan şirkətin nümayəndəsi, istər mediadan iqtisadiyyatı izləyən insan olsun hər kəs gündəmi ancaq bu tipli yığıncaqlarda izləməyə fürsət tapır.

Sponsor layihəni gözə xoş gələn, cəlbedici etmək üçün ən önəmli dəstəkçidir. İnvestisiyasının bugün geri qayıdışının dalınca qaçmayan və cəmiyyətə faydalı xidmətlər göstərən hər kəsi alqışlamaq lazımdır. Mak.az onsuz da, marketinq icması və mühiti üçün bu tipli layihələrin və tərəfdaşlıqların daimi iştirakçısıdır. Ümidimiz çəkilən əziyyətlərin meyvələrini də toplamağadır.

Baxılıb: 5944

Şərhlər