Sosial şəbəkələrdə yayımla

Longines daha bir çempionata öz imzasını atdı

Bədii Gimnastika üzrə 23-cü Dünya Çempionatının başa çatması ilə əlaqədar çempionatın rəsmi partnyoru “Longines”in və onun ölkəmizdəki rəsmi nümayəndəsi “VMF” şirkətinin təşkil etdiyi mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycan idmançısı, “Longines”in siması olan Dinara Gimatova və “Longines” şirkətinin satış üzrə regional meneceri Kristof Janere  iştirak ediblər. Mətbuat konfransında 29 iyun – 1 iyul tarixlərində Bakıda keçirilən, bir çox dünya ölkələrinin diqqətini şəhərimizə yönəldən Avropa çempionatında əldə olunan uğurlardan danışılıb və ümumiyyətlə, son illərdə Azərbaycan idmanında, xüsusilə də bədii gimnastika sahəsində böyük nailiyyətlərin müşahidə olunduğu vurğulanıb. K.Janere bildirib ki, dünyada üç idmançı – Dinara Gimatova (Azərbaycan), Olqa Kapranova (Rusiya) və Aliyə Yusupova (Qazaxıstan) “Longines”in zəriflik elçiləri seçilib. Daha sonra regional menecer D.Gimatovaya “Longines” saatı hədiyyə edib. Öz növbəsində D.Gimatova Avropa çempionatına hazırlıq prosesinin, eləcə də yarışın yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Xatırladaq ki, əsası 1932-ci ildə qoyulan və İsveçrənin ən qədim saat markalarından olan “Longines” artıq uzun illərdir bir çox beynəlxalq yarışlara sponsorluq edir.
Hazırda Beynəlxalq Gimnastika Federasiyasının rəsmi partnyorlarından olan şirkət bu günə qədər çoxsaylı qış və yay olimpiya oyunlarında, habelə 1950-ci ildən başlayaraq bir sıra ölkələrdə gimnastika üzrə keçirilən Avropa və dünya çempionatlarında rəsmi xronometr qismində çıxış edir. Bakı şəhərində keçirilən bədii gimnastika üzrə 23-cü Avropa çempionatında da “Longines” bir daha rəsmi xronometr, xal hesablayıcsı və rəsmi partnyor qismində çıxış edib. Beləliklə, şirkətin idman dünyasındakı 125 illik təcrübəsinə Bakıda keçirilmiş daha bir çempionat əlavə olunub. Qeyd edək ki, 2005-ci ildə paytaxtmızda təşkil olunan bədii gimnastika üzrə 27-ci dünya çempionatının rəsmi partnyoru da “Longines” şirkəti olub.

/ANS-PRESS/

Baxılıb: 4711

Şərhlər