Sosial şəbəkələrdə yayımla

Müasir Şirkətin Uğuru: Çevik Layihələr

Dəyişikliklər, innovasiya və yeni məhsullar müasir şirkətlərin uğurlu fəaliyyəti üçün hər zamankından daha vacibdir. Bir çox sahibkarlar gündəlik biznes proseslərinə kifayət qədər resurs və vaxt xərclədikləri halda daim dəyişən işgüzar mühitdə rəqabətə davam gətirə bilmirlər. Bunun həlli yenilənmək və inkişafa yönəlik dəyişikliklər etməkdədir.

 
Bəs nə etməli? Heç kim konkret qazanc gətirən əsas fəaliyyət sahəsindən yayınıb yenilik fantaziyaları ilə riskə girmək istəmir. Bunun üçün “layihə” adlanan müddətli işlərdən istifadə olunmalıdır.
 
Layihələrin əsas 3 xüsusiyyəti var:
 
 1) Müddətlilik: hər bir layihənin əvvəlcədən müəyyən olunmuş başlama-bitmə tarixi olmalıdır. Layihəyə ayrılan resurs və vaxt limitlidir. Bəzən bunlardan yayınmalar olsa da, limitlərin əvvəlcədən müəyyən edilməsi lazımdır.
 
 2) Məhsul: layihənin nəticəsində hər hansı bir məhsul əldə olunmalıdır. Bu yeni bir əmtəə ola biləcəyi kimi, bir sənəd, bir dizayn, bir yeni biznes proses və s. də ola bilər.
 
 3) Xüsusilik: ləyihənin məhsulu təkrarlanan deyil, unikal bir nəticə olmalıdır. Məsələn, yeni bir məhsulun prototipi layihə ilə əldə edilir. Həmin məhsulun çoxsaylı istehsalı isə artıq istehsal prosesidir və buna layihə demək doğru deyildir.
 
 
(Closing the gap: The link between project management excellence and long-term success, Economist Intelligence Unit, October 2009).
 
 
Hansı hallarda layihələrə ehtiyac duyulur:
 
 1) Olmayan bir biznes prosesin və ya məhsulun meydana çıxarılması: Yeni bir avtomobil seriyasının dizaynı, yeni IPad-in bazara çıxarılması və s.
 
 2) Mövcud uğursuz proses(lər)in yaxşılaşdırılması: Satışı zəif gedən məhsul haqqında reklam çarxının hazırlanması, rebrandinq, istehsalat prosesinin təkmilləşdirilməsi layihəsi və s.
 
 3) Uğurlu biznesin innovasiyası və inkişafı: Brand Recognition, KSM, ArGe layihələri.
 
Layihələr biznesə çeviklik gətirir. Cari proseslərə mane olmadan şirkətinizin işlərinə uğur əlavə etmək istədikdə qısamüddətli layihələr yeganə çıxış yolunuz olacaqdır. Bu zaman əmək müqaviləsi bağlayaraq əməkdaşların sayını artırmaqdansa, xidmət müqavilələri ilə qısamüddətli komandalar qura bilərsiniz. Cari əməkdaşlarınızı layihələrə daxil edərək maksimum effektivlik əldə edə bilərsiniz.
 
Bunun üçün sizə nə etmək istədiyinizi dəqiq bilmək, bunu planlayacaq və nəzarət edəcək professional layihə rəhbərini müəyyənləşdirmək və onu resurslarla təmin etmək lazımdır. Uğurlu və çevik layihələriniz işinizi daima rəqabətə davamlı edərək böyümənizə zəmin yaradacaq.
 
Sizcə Azərbaycanda orta və böyük biznes nümayəndələri layihələrdən doğru istifadə edirmi?
 
Ramiz Məmmədli, PMP
VIPCON
(Photo courtasy of BP, Şahin Abasəliyev)

Baxılıb: 2432

Şərhlər