Sosial şəbəkələrdə yayımla

Müsahibə - Ülviyyə Həsənzadə

Xanım Həsənzadə 2008-ci ildən etibarən Azercell şirkətinin Korporativ Ünsiyyət bölümünə rəhbərlik edir. Bu vəzifədə o, şirkətin xarici və daxili ünsiyyət, hökümət və mətbuatla əlaqələrinə cavabdeh şəxsidir. Həmçinin o, şirkətdə korporativ məsuliyyət qrupuna rəhbərlik edir və sosial yönümlü layihələrin tətbiqi və icrasına cavabdehdir. 
 
Ülviyyə Həsənzadə peşəkar karyerasına Azərbaycan Respublikası Prezident Administrasiyasının sosial-siyasi şöbəsində başlayıb. Həmin şöbədə 5 ildən artıq çalışaraq, oranı baş müşavir vəzifəsində tərk edib. Bundan sonra, xanım Həsənzadə Böyük Britaniya Parlamentinin aşağı palatasının yardım, borclar və ticarət komitəsində lobbiçilik üzrə məsul şəxs kimi çalışıb. 2006-ci ildə özəl sektora üz tutaraq, Weber Shandwick adlı Qlobal PR şirkətinin Azərbaycan bürosunda biznesin inkişafı üzrə menecer vəzifəsində çalışıb. Xanım Həsənzadə ictimaiyyət və mətbuat, hökümət və korporativ əlaqələr sahəsində 10 ildən artıq təcrübəyə malikdir. Xanım Həsənzadə Bakı Dövlət Universitetin beynəlxalq münasibətlər fakültəsini və Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Elmləri İnstitutunu maqistr diplomu ilə bitirib.

mak.az: Keçən il bu vaxt rebrendinq baş verdi, bu prosesi 1 il sonra müzakirə etmək daha maraqlıdır. Bu proseslə bağlı gözləntiləriniz  nə idi, nəticələr, əldə olunanlar marketinq icmamıza maraqlıdır.

Ülviyyə Həsənzadə: Bildiyiniz kimi “Azercell” yerli şirkət olmaqla yanaşı beynəlxalq “TeliaSonera” şəbəkəsinə aiddir. “TeliaSonera”nın əsas fərqləndirici xüsusiyyəti odur ki, bu qrupa daxil olan şirkətlər beynəlxalq şəbəkəyə aid olsalar da fəaliyyət göstərdiyi ölkələrdə yerli şirkət kimi davranırlar. Çox illər ərzində bu şəbəkəyə aid olan şirkətlər müxtəlif brendlər altında işini davam etdirib. Artıq bir ildir ki, “Azercell Telekom” MMC fəaliyyətinin yeni mərhələsini yaşayır. Bu mərhələni “bir brend altında fəaliyyət gostərmək” kimi adlandırmaq da olar. “Azercell” brendinin yenilənməsi də bu regional təşəbbüsün tərkib hissəsiidi. Məqsəd isə bir şirkət ailəsinə aid olan, lakin müxtəlif brendlər altında fəaliyyət göstərən mobil operator brendlərinin birləşməsi və eyni brend altında fəaliyyət göstərmələri idi. Nəticədə bu şirkətlər fəaliyyət göstərdiyi ölkələrdə yerli şirkət kimi adlarını dəyişmədən beynəlxalq şəbəkəyə aid olan eyni brend individuallığına sahib olduqlarını nümayiş etdirdi. Eyni zamanda bənövşəyi rəngi gündəmə gətirdik (gülümsəyir), şəhərimizi rəngarəng poster və bannerlərimizlə bəzədik, yeni tarif və kampaniyalarımızı təqdim etdik və ən əsası TeliaSonera ailəsinin bir üzvü olduğumuzu ictimaiyyətə aydınlaşdırdıq. Həmişə olduğu kimi nəticədə qazanan yenə də bizim abonentlərimiz oldu, belə ki, onlar yaxşı tanıdığı bir ailənin üzvlərinə çevrildilər və dünyanın 18 ölkəsində özlərini evdəki kimi hiss edəcəklər.

mak.az: Loqoda istifadə olunan daş ilə bağlı ölkə marketerlərinin ümumiyyətlə təzadlı fikirləri mövcuddur. Bir qismi bunu sabitlik və möhkəmliklə əlaqələndirsə də digərləri bunu hərəkətsizlik və soyuqla əlaqələndirir. Bu barədə nə deyərdiniz?

Ülviyyə Həsənzadə: Qeyd etdiyim kimi, “TeliaSonera”nın əsas prinsiplərindən biri - qlobal şirkət olmaqla yanaşı fəaliyyət göstərdiyi ölkələrdə yerli şirkət kimi davranmaqdır. Daha dəqiq desək, milli dəyərləri qoruyub saxlamaqla bahəm bizi müasir dünya ilə birləşdirən dəyərləri kəşf edib onlara yeni rəng qatmaq və həyatımızın bir hissəsinə çevirməkdir. Hazırda gördüyünüz “Azercell”in yeni siması - birlikdə yaşadığımız “müasir” və “milli” dünyaları özündə əks etdirir. “Daş” və bənövşəyi rəng isə yeni brendimizin tərkib hissələridir. Daş birgə yaşadığımız “müasir” və “milli” dünyaları özündə cəmləşdirir. Daş “milli” olaraq kökümüzü və irsimizi ifadə edən bir simvoldur. Xüsusilə Azərbaycanda daşın bizə doğma olan ayrıca bir tarixi vardır. Bu günədək qoruyub saxladığımız Qobustan, Içəri şəhər, Qız Qalası və digər tarixi abidələr kimi dəyərlərin adını çəkmək olar. “Müasir” kimi isə daş yenilikçiliyi ifadə edən bir simvoldur. Hər şeyin başlanğıcı daşdan ibarət bir bünövrəyə bənzəyir. Bənövşəyi rəng isə enerji və cəlbedici xüsusiyyətə malikdir. Məhz bu rəng “TeliaSonera” qrupunun fəaliyyətini tam olaraq əks etdirir.
Düşünürəm ki, Azercellin fəaliyyətini diqqətlə izləyən hər bir kəs şirkətin hərəkətsizlik və soyuqluqdan çox-çox uzaq olduğunu görməyə bilməz. Bu gün abonentlərimizin sayı 4,2 milyondan çoxdur və burada durğunluq haqda söz ola bilməz.

mak.az: Son vaxtlar Azercell kommunikasiya fəaliyyətində daha çox PR və sponsorluqlara diqqət ayırır. Daha çox xeyriyyəçilik, sərgilər, KSM və bu tipli fəaliyyətiniz daha çoxalıb. Ənənəvi kommunikasiya vasitəsi reklamdan imtina nə ilə bağlıdır?

Ülviyyə Həsənzadə: Bilirsiniz ki, hər il Azercell şirkəti həm reklam, həm də PR və sponsorluq işlərinə müəyyən büdcə ayırır. İl ərzində isə bu büdcə uyğun şöbələr tərəfindən lazımi işlərə sərf edilir. Görünür, bizim şöbənin işləri bu il daha çox nəzərə çarpıb və yadda qalıb ki, bu gün Siz mənə belə sualla müraciət edirsiniz. (gülümsəyir) Özünüz qeyd etdiyiniz kimi, yaşadığımız bu dövrdə ənənəvi kommunikasiya vasitəsi olan reklamdan imtina mümkün deyil, çünki Azercell şirkəti çox dinamik şəkildə müştərilərinə daim yeni-yeni məhsullar təklif edir. Bu məhsulları müştərilərimizə təqdim edilməsi üçün əlbəttə ki, reklamdan istifadə olunur.

mak.az: Sosial şəbəkələrdə kommunikasiya strategiyanızı necə qurmusunuz? Hamı bilir ki, idarə olunması çox çətin olan kanal bu şəbəkələrdir. Bu istiqamətdə hər hansı bir siyasətiniz mövcuddurmu?

Ülviyyə Həsənzadə: Bəli razıyam, çətindir, amma bununla belə bu strategiya qurulub və şirkətimizin əməkdaşları tərəfindən daim kontrol altında saxlanılır. Manata keçid dövründə komandamızın gördüyü iş isə xüsusi olaraq vurğulanmalıdır. Belə ki, həmkarlarım bir neçə gün ərzində səhərə qədər abonentlərimizin bitib-tükənməyən suallarını həvəslə cavablandırır, bütün detallara aydınlıq gətirirdilər. Bu böyük işin arxasında bərabər çalışan güclü komanda dayanır. Eyni zamanda, bilirsiniz ki, bu yaxınlarda Azercell şirkətinin bloqu da (blog.azercell.com) fəaliyyətə başladı. Qürur hissi ilə deməliyəm ki, bloqu şəxsən özüm aparıram və hər gün orada şirkətimizə, həmkarlarımıza aid xəbərlərlə bölüşməyə çalışıram. Ümumiyyətlə, sosial şəbəkə gələcəkdir və hər bir şirkət bu sahəyə diqqətlə yanaşmalıdır.

mak.az: Ölkəmizdə təsis olunan mükafatlarlar barədə fikrinizi bilmək istərdik. Bu mükafatlandırmaları obyektiv qiymətləndirirsinizmi? "Uğur, Brand Award, Azeri Business Award" və s. Bu mükafatları sırası ilə demək hər bir sektorun şirkətləri alır. Bunu sonradan kommunikasiya etmək sizcə nə qədər məntiqlidir, istehlakçı artıq bu mükafatın hər bir şirkət tərəfindən alındığı barədə məlumatlıdır axı...

Ülviyyə Həsənzadə: Bəli, əksəriyyət mükafatlandırmaları obyektiv hesab etmək olar. Çox xoşdur ki, belə mükafatlar təsis edilir və qabaqcıl şirkətlərə təqdim olunur. O ki qaldı bu mükafatlar haqqında sonradan kommunikasiya edilməsinə, düşünürəm ki, xalq qəhrəmanlarını tanımalıdır. (gülümsəyir). Azercell şirkəti və rəhbərliyi hər il “Telekommunikasiya sahəsinin lideri” , “Jurnalistlərin dostu”, “İlin ən yaxşı PR xidməti” və bir çox digər mükafatlarla təltif olunur. Əminəm ki,  bu mükafatların obyektiv və layiqli olduğu ilə siz də razılaşacaqsınız.

mak.az: Çox tez tez eşitdiyimiz sualı vermək istəyirəm, sizcə PR və Marketinq hansı formada bir birinə bağlıdır?

Ülviyyə Həsənzadə: Bu sual haqqında fikirlər iki müxtəlif tərəfə yönəlir:

1.PR marketinqin bir alətidir və satışın artırılmasına yönəlib.
2.PR təmamilə müstəqildir və marketinqə tabe olmur. Satış bir kənara, PR-ın məqsədi, məsələn, şirkətin ümumi biznesi üçün pozitiv imic yaratmaq olur
Marketinq nədir? Marketinq – satış xidmətinə yönəldilən bir sahədir. Bura həm reklam, həm paylama,  həm də bazarın tələblərini nəzərə alaraq yeni məhsulların hazırlanmasını aid etmək olar.  Amma etibarlı şirkətin imicini yaradan xəbərlər və press relizlər, müsahibələr də yeni təqdim olunan məhsulun alınması üçün alıcıda müsbət rəy yaradır və bununla da bilavasitə satışa işləyir. Belə çıxır ki, bu marketinqdir? Bazara hər hansı yeni məhsulun çixarpılmasını PR kampaniyanın müşayəti olmadan təsəvvür etmək mümkün deyil. Burada PR təmamilə marketinq üçün işləyir. Elə məhz buna görə də bir çoxları PR-ı marketinqə aid edirlər.
Digər tərəfdən, məgər PR-ın işi yalnız satışa dəstəklə məhdudlaşır? Axı bir çox sahələr var ki, burada satışla əlaqə demək olar ki yoxdur. Məsələn, daxili korporativ ünsiyyət, anti böhran PR, investorlarla və dövlətlə əlaqələr və s.
Marketinq və PR iki müstəqil və geniş sahələrdir. Bu sahələr birgə işləyərək bir məqsədə - gəlirin artırılmasına nail olmağa çalışır. Gəlirin əldə olunmasına söhbət çatanda bu sahələr arasında sərhədlər sanki pozulur, çünki həm marketoloqlar, həm PR işçiləri eyni alətlərdən – kommunikasiyadan istifadə edirlər.
PR və marketinqin şirkət daxilində kimə tabe olmasına da toxunmaq istərdim. Bu şirkətin strukturundan asılıdır. Bir çox iri şirkətlərdə adət olaraq iki direktor, biri marketinq şöbəsi üçün, digəri isə PR şöbəsi üçün çalışır. Nisbətən kiçik şirkətlərdə isə marketinq və PR bir şöbədə birləşib bir rəhbər altında idarə olunur.
Bir daha vurğulamaq istəyirəm ki, marketinq və PR, şəxsən mənim üçün, iki müstəqil sahələrdir. Ancaq bununla belə, PR marketinqsiz, marketinq isə PR-sız mövcud ola bilməz.  Onlar iş əsnasında bir-biri ilə çox tez-tez sıx əməkdaşlıq edirlər. Siz necə düşünürsüz?
Bir məsələni də deyim ki, hətta belə bir fikir var: PR – marketinq səhvlərinin düzəlişidir. Bu isə ayrı bir söhbətin mövzusudur. (gülümsəyir)

mak.az: Mobil operatorların biznesində çox önəmli zamanlardan biridir - Konturdan Manata keçid prosesində, Azercellin strategiyasında kifayət qədər yeniliklər görünür. Bu əsasən qiymət endirimləri ilə yadda qalır. Kommunikasiya olaraq “rahatlığa” vurğu edirsiniz, Sizcə bazar bunu necə həzm edəcək və ümumiyyətlə bu proses barədə bir az məlumat verərdiniz.

Ülviyyə Həsənzadə: Bəli, Azercell 1998-ci ildə dünyada əvvəlcədən ödəmə və danışıqların konturlarla ölçülməsini tətbiq edən ilk şirkətlərdən olub və biz elə əvvəldən abonentlərimizə manat və kontur arasında seçim etmək imkanı verirdik, belə ki bizim fakturalı abonentlərimiz ilk gündən manatla ödəmə aparırlar. Kontur sisteminin tətbiqi isə həmin dövrdə zamanın tələbi idi.. Bu gün isə SimSim abonentləri üçün kontur əvəzinə manat hesablama sisteminə keçid də bir zaman tələbidir. Yeni ödəmə sisteminə keçidin əsas məqsədi milyonlarla abonentin danışıq vaxtı ilə bağlı daha çox məlumat alması və müqayisələr aparmasıdır. Ümumiyyətlə proses çox çətin və mərhələli oldu. Bu haqqda müvafiq şöbələrimiz ictimaiyyətə açıqlamalar da veriblər. O ki qaldı bazarın bunu həzm etməsinə, əminəm ki, bununla əlaqədar heç bir axsaqlıq olmayacaq. Belə ki, Azercell həqiqətən də “Azercell-də manat – indi daha rahat” devizinə sadiq olaraq rahat şəkildə öz xidmətlərini abonentlərinə təqdim edir. Manata keçidlə əlaqədar şirkətimiz brendimizin unifikasiyasını nəzərə alaraq müştərilərimizə çox sərfəli tarif paketləri və kampaniyalar təqdim etdi və rominq xidmətlərində xeyli endirimlər elan olundu. Hər hansı çətinlik və suallar olan təqdirdə isə müştərilərimiz hər zaman müştəri  xidmətləri və telefon mərkəzlərinə müraciət edə bilərlər.

mak.az: Kontur anlayışına Azərbaycanda ilk dəfə Azercell başlayıb, belə desək Azercell-in böyük dəyəri kimi bundan imtina necə bir hissdir?

Ülviyyə Həsənzadə: Bir daha qeyd edim ki, bu zamanın tələbidir və zamanla ayaqlaşmaq lazımdır.

mak.az: Yenə bu proseslə bağlı sualımız var. Keçidlə bağlı internet resurslarda xüsusi ilə sosial şəbəkələrdə virus reklamları dolaşmaqdadır, bu prosesə Azercell-in CorpCom rəhbəri və adi marketinq icmasının bir üzvü kimi 2 ayrı münasibət soruşmaq istərdik. Sizcə bu cür formalı reklamların inkişafına imkan verilməlidir mi?

Ülviyyə Həsənzadə: Həm CorpCom rəhbəri, həm də adi marketinq icmasının bir üzvü kimi deməliyəm ki, bu tip virus reklamlarının yayılması sahəsini inkişaf etdirmək çox vacibdir. Belə ki, şirkətin ictimaiyyətə göstərmək, elan etmək istədiyi hər hansı layihə, kampaniya elə şirkətin müştəriləri tərəfindən də yayılır və ictimaiyyətə çatdırılır. Amma bəzən elə virus reklamlar olur ki, onlar heç bir etik çərçivələrə sığmır və xoşagəlməz olur. Hər halda düşünürəm ki, bu sahəni inkişaf etdirmək və sağlam şəkildə istifadə etmək lazımdır.

mak.az: Bazar payınız son 4 ildir azalmaq tendensiyasındadır, buna baxmayaraq hələ də bazar liderisiniz. Sizcə rəqabətin daha da kəskinləşdiyi bu dövrdə liderlik kimə keçəcək və ya kimdə qalacaq?

Ülviyyə Həsənzadə: Məncə keyfiyyət hər şeydən üstündür. Lider olmaq üçün keyfiyyəti hər zaman qorumaq və onu yüksək səviyyədə saxlamaq lazımdır. Biz 15 ildir ki liderik və əminəm ki, bu belə də qalacaq.

mak.az: Onlayn dərgimizin oxuyucularına və Marketinq icmasının üzvlərinə arzu və sözləriniz:

Ülviyyə Həsənzadə: Hər zaman mehriban olmağımızı arzu edirəm. Niyə “olmağımızı” dedim? Çünki biz də bu icmanın bir üzvüyük və inkişafımız üçün sağlam rəqabət və tənqidə ehtiyacımız var. Hər kəsə uğurlar diləyirəm! Bu da çox vacibdir.

Baxılıb: 6076

Şərhlər(1)

Şərhlər (1)

nomre nomre
Müsahibə maraqlı və səmimi alınıb. Amma Ülviyyə xanım burada Marketinq və PRı ayrı-ayrı sahə olduğun iddia edir. Amma PR Marketinqin sonuncu kommunikasiya sistemi sayılır. Marketinqi marketinq edən 5 elementdən biri PRdı. Düzdü İEÖ-də PR ayrıca şöbə kimi istifadəyə verilir. Amma nəticə etibarilə PR marketinqdən ayrı sayıla bilməz.