Sosial şəbəkələrdə yayımla

Müsahibə - Ənvər Hüseynov

Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr və Menecment üzrə magistr təhsili alıb.  2003-2008ci illərdə "Procter and Gamble" şirkətində müxtəlif marketinq vəzifələrində, 2008-2010 illərdə isə Baku Electronics şirkətində marketinq müdir olaraq çalışıb. 2010-cu ildən Azertelekom şirkətində marketinq və satış üzrə müdir vəzifəsində çalışır. Xəzər Universitetində marketinq və menecment üzrə mühazirələr verir.

Mak.az: Bütün çalışdığınız şirkət və sahələrin müzakirəsini "Baku Electronics"lə başlamaq istərdik. Adı çəkilən şirkət üçün brendinq işləri gecikmiş kimi görsənir, bu nə ilə bağlıdır?

Ənvər Hüseynov: Mən prinsipcə deməzdim gecikmişik. Gəlin ümumi bazardakı vəziyyətə baxaq. Məişət texnikası sahəsində bütün şirkətlər arasında bu işi (brendinqi) aparan heç kimi görmürük. Bizim rəqiblər sadəcə 2007-2008ci illərdə öz şəbəkələrini tam formada qura bilmişdilər. Biz 2008-ci ilin yay yaylarında rebrendinq prosesinə başladıq. İşlərin aparılması üçün Türkiyənin 3 agentliyi ilə danışaqlara başladıq, nəticədə "Kromozom" şirkətini seçdik. Bu agentliyin "Beko", "Bosch", "Castrol" və "P&G" kimi şirkətlərlə təcrübəsi mövcud idi. Rənglər və bir çox mövzularda "Kromozom"la sözlərimiz düz gəlməsə də sonda biz nəticəyə gələ bildik və bu proses baş tutdu.

Mak.az: Bir çox alıcı tərəfindən hal-hazırda "Beko" və "Samsung" adları paralel olaraq çəkilməyə başlayıb, bu sizcə niyə belə olub?

Ənvər Hüseynov: Ümumiyyətlə brendlər fərqli mövqelərdədir. "Samsung" innovativdir, "Beko" isə daha çox qiymət və aqressiv reklama ağırlıq verir. Onların mövqelənməsi də çox aqressivdir: "Bir dünya markası". "Beko"nun bizim ölkədə əsas yaxşı mövqeləri əldə etməsi daha çox qiymət faktoru ilə özünə yer qazandı. Mən deməzdim ki, "Beko" aşağı kateqoriya məhsullar istehsal edir, kifayət qədər keyfiyyətli məhsulları var. Bunu mən daha çox "Cisco" və "Huawaie" ilə müqayisə edərdim. Hər ikisi də şəbəkə məhsulları üzrə ixtisaslaşıb, hər ikisi liderdir, lakin biri daha çox innovasiyalar biri isə daha praktik həllər təklif etməklə bazarda pay tuturlar. Distribusiya  işinin də yaxşı təşkil olunması "Beko"ya bu cür yaxşı nəticələri əldə etməyə kömək edir.

Mak.az: CRM barədə soruşmaq istəyirik, “Samsungdan kartım var” cümləsi demək olar ki, bir çox vətəndaşın soruşduğu və dediyi bir cümlədir. Buna necə nail olmusunuz? Marketinqin burda rolu olubmu?

Ənvər Hüseynov: "Baku Electronics"də "Bonus kart" və “golden kredit” kartları mövcuddur. Kredit kartının təxminən 10 yaşı olacaq.. Əsas həmin dövrün şəraiti bunun uğurlu olmasına səbəb olub, biz kredit şərtlərini bu kartlar vasitəsi ilə çox asanlaşdırırdıq və bu böyük uğura səbəb oldu. WOM (word of mouth) özü baş verib. "Bonus Kartı" isə daha cavandır. Bu daha çox nəğd alış veriş edənlər üçün “məmnunluq” proqram idi. Əsas məqsəd qeyri adi bir şey etmək idi ki, müştərilər bizə daha bağlı olsun. Və qeyd edim ki, "Baku Electronics" uzun müddətdir ki, ölkədə məişət texnikasının satışının trendlərini müəyyən edən şirkətdir.

Mak.az: Yaxşı marketoloq olmaq üçün nə məsləhət edirsiz?

Ənvər Hüseynov: Mənim təxminlərimə görə ölkədə yüksək səviyyəli marketer cəmi 10-12 nəfər olar. Bu mənim şəxsi subyektiv fikrimdir. Yaxşı marketer  olmaq üçün əsas təcrübə üçün imkanı əldə etməkdir, böyük şirkətdə olub həm araşdırma, həm brendinq həm strategiya həm reklam and product management(məhsulun menecmenti) bütün marketinq proseslərində iştirak etmək önəmlidir.
Ikinci məqam isə odur ki, yaxşı marketer liderlik, dərin düşünmə və fərqli insanlar və peşə sahibləri ilə effektli əməkdaşlıq etməyi bilməlidir. Liderlik marketer üçün daha çox menecmenti nəyəsə inandırmaq və ya hər hansı gerçəkləri rahat söyləmək üçün lazımdır. Marketer öz mövqeyini və fikrini qəbul etdirmək üçün çox cürətli olmalıdır. Və əlbəttə marketer fərqli insanlarla – menecment, həmkarlar, agentliklər, işçilərlə çalışdığı üçün onların hər biri ilə fərqli özünə məxsus olmağı bacarmalıdır. Dərin düşünmə ilə bağlı izahata məncə ehtiyac yoxdur. 

Mak.az: Yaxşı marketer olduğunu sübut etmək üçün və ümumiyyətlə karyerasının inkişafı məqsədi ilə müxtəlif sertifikat, diplom və s. proqramlara müraciətlər çoxalıb. Buna münasibətiniz?

Ənvər Hüseynov: Cavabım çox qısa olacaq. Mən heç vaxt marketinq üzrə diplom almamışam. Və mən düşünmürəm ki, bu göstərici ola bilər. Sadəcə iş yerində işlə bağlı treyninq və səfərlər başqadır.

Mak.az: Marketinqi elmi olaraq tədris etmək və həmçinin onu iş yerində tədbiq etmək, alınır? 

Ənvər Hüseynov: Alınır. Mənim akademik həyatımın mövcudluğu əslində əsas 2 səbəbə görədir:
- Mənim dərs keçməkdən xoşum gəlir
- Əgər təcrübəm varsa mən bunu paylaşmalıyam fikrinə görə. Əsas bu səbəblərə görə mən akademik həyatı seçmişəm. “İşləyən oxuyandan çox bilir” bu fikir bir mənalı olaraq doğru deyil. Əsas bacarıq və biliklərini necə istifadə etməkdir.

Mak.az: "Baku Electronics" və "Procter & Gamble" həm yanaşma həm sektor olaraq fərqli sektorlardır. Əsas fərqlər hansılardır?

Ənvər Hüseynov:
Heç biri bir biri ilə üst üstə düşmür. Məsələn "Baku Electronics" ailə şirkətdir, "P&G" qlobal idarə olunan şirkətdir. Amma "Henkel" də ailə şirkətdir, yəni bu əslində bir idarə etmə formasıdır, ona görə bu pis sayılmır. Hər iki idarə formasi mənim üçün tanışdir, hər birindən müəyyən şeylər öyrənmişəm.

Mak.az: FMCG ən çox sevilən sektordur (marketerlər arasında), sizdə də bu belə olub?

Ənvər Hüseynov: Mən bu sektora çox maraqlı şəkildə gəlmişəm. Bizim bir yaxın adam çalışırdı, o zəng vurdu satış bölməsində pozisiyanın olduğunu söylədi. Mən o zaman QHT-də çalışırdım, çox düşündüm amma sonda qərar verdim. İntervyudan sonra məni satışa yox marketinqə götürdülər. Və mən doğurdan hesab edirəm ki, FMCG marketinq ən çox tədbiq olduğu sahədir. Burada siz hər şey – araşdırma, reklam, PR, layihə idarə etməsi və s. ilə məşğul ola bilirsiniz və bunların hamısı ən yüksək templə baş verir. 

Mak.az: Oxumaq həmişə lazımdır deyirsiz, Kitab mövzusunda məsləhətlər:

Ənvər Hüseynov:
Mən kitab məsləhəti heç vaxt vermirəm – "tastes differ". Adətən həmin ana görə müəyyən olan kitabları oxuyuram. Oxuyuram bədii ədəbiyyat, fantaziya janrı, yəni özümü sadəcə marketinqlə məhdudlaşdırmıram. İnternet özü də böyük resursdur. Gündəlik məlumat təminatını bu yolla həll edirəm. Trendi bilmək üçün və s.

Mak.az: Azərbaycanın akademik marketinq mühiti necədir, nəşr olunan kitablar, müəllimlər, tədris proqramları və s.

Ənvər Hüseynov: Müsbət bir şeylər hələ ki, çox görsənmir. Milli Kitab, dərslik vəsaiti və s. düşünürəm ki, buna ehtiyac yoxdur. Beynəlxalq nəşrlər kifayət qədərdir bizə keyfiyyətli tərcümələr lazımdır. Bizə əsas biznes case-lər lazımdır. Tədris formamız buna keçməlidir. Nəzəriyyə hamısı yazılıb, əsas indi case-lərdir.

Mak.az: Is marketing everything?

Ənvər Hüseynov:
...definetely not. 

Mak.az: Marketinq icmamıza və Mak.az-a təklif və arzularınız.

Ənvər Hüseynov: Çox sağ olun ki, siz fəaliyyət göstərirsiniz. Çünki bu sahənin peşəkarlarının öz təcrübə və biliklərini paylaşdığı yeganə məkandır.
Digər tərəfdən düşünürəm ki, Mak.az hələ çox yeniliklər etməlidir, çox adamlar tanımalıdır. Nəyinki peşəkarlar hətta digər peşənin sahibləri və adi adamlar da bu sayta daxil olmaq üçün maraqlı olsunlar gərək.
Dil məsələsində ingilis dili və ya rus dilinin də olması məncə yaxşı olardı. Müəyyən toplantı və seminarların təşkili çoxaldılmalıdır. Netvorking tədbirlərini çoxaltmaq lazımdır, uğurlar. 

Baxılıb: 3613

Şərhlər