Sosial şəbəkələrdə yayımla

Müsahibə - Aysel Süleymanova

Mak.az-ın bu dəfəki qonağı Aysel Süleymanovadır. 
Xanım Süleymanova PwC Azərbaycan şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəridir. O uzun müddət American Chamber of Commerce təşkilatında marketinq və pr işləri üzrə menecer vəzifəsində çalışıb. Son illərdə isə, o özünün təsis etdiyi "BrandCom" dizayn agentliyinin işləri ilə də tanınıb. Azərbaycan Dövlət Dillər Universitininin məzunudur. Evlidir, 2 övladı var. 
 
Mak.az: Ad brendinqin əsas tərkib hissəsidir, bildiyimiz kimi PwC üç soyadın birləşməsindən əmələ gəlib, bu istiqamətdə Azərbaycanda çətinlik çəkirsinizmi? İnsanlar şirkəti necə adlandırır?
 
 
Aysel Süleymanova: Azərbaycanda bir çox xarici mənşəli şirkət adlarının düzgün tələffüzü ilə bağlı çətinliklər var. O cümlədən PwC ilə. Bu təbiidir, çünki şirkət adlarının əksəriyyəti əcnəbi dillərdədir və onların tələffüzü doğma dilimizdən hiss olunan dərəcədə seçilir.  
 
Bildiyiniz kimi, PwC 5 il bundan öncə PricewaterhouseCoopers kimi tanınırdı. 2010-cu ildə biz re-brendinq etdik. Yeni brend fəlsəfəmiz daha çox müasirlik və bəsitlik üzərində qurulmuşdu və yeni adımız da elə bu fəlsəfənin bir tərkib hissəsi idi. Re-brendinq həyatımızı xeyli asanlaşdırdı, xüsusən də Azərbaycanda. Hal-hazırda şirkətin rəsmi əmtəə nişanı dünya üzrə PwC, Azərbaycan üzrə isə PwC Azərbaycandır. 
 
Mak.az: Reklam və marketinq kanallarınız daha çox hansılardır? 
 
Aysel Süleymanova: Əslində şirkətin biznes inkişaf strategiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da münasibət üzərində qurulub. 180 illik tarixə malik PwC öz brend dəyərini qoruyaraq kütləvi marketinq kanallarına üstünlük vermir; bizim öz hədəf dairəmiz var. Təbii ki, bu o demək deyil ki, bu şirkətlərin hamısı PwC-nin müştəriləridir. Amma bu şirkətlərin məsul şəxsləri “böyük dördlüyün” istənilən bir üzvünün xidmətlərini doğru şəkildə qiymətləndirib, müvafiq seçimlərini etmək qabiliyyətinə malikdir. PwC-nin əsas məqsədi cəmiyyətdə etibar yaratmaqla vacib problemləri həll etməkdir. 
 
 
Mak.az: Ümumiyyətlə B2B sektorunda marketinq nə ilə fərqlənir bu istiqamətdə marketinqdə yeniliklər nədir?
 
Aysel Süleymanova:  B2B sektorunun alıcıları daha tələbkardır. Çünki onların əsas öhdəliyi  öz şirkətləri üçün bu və ya digər məhsulu (xidməti) almaqdır və onlar verdikləri qərara görə öz şirkətləri qarşısında məsuliyyət daşıyır. Ayrı-ayrılıqda fərqlərə qaldıqda isə, B2B sektorunda qərar qəbul edilməsi prosesinin daha uzun zaman aparması, seqmentasiyanın məhdud olması, təklif olunan məhsulların mahiyyətinə görə  daha qəliz olması və s. faktorları misal göstərmək olar. Bununla bərabər qeyd edim ki, B2B sektorunda şəxsi münasibətlər böyük rol oynayır və bu sektorun alıcıları daha uzun müddətli alıcılardır. Buna görə, B2B sektorunda fəaliyyət göstərən marketoloq öz hədəf auditoriyasını mükəmməl tanımalıdır. 
 
Mak.az: Sosial medianı necə istifadə edirsiniz?
 
 
Aysel Süleymanova:  Sosial mediadan çox aktiv istifadə edirik. Facebook-da müxtəlif proqram və layihələrimizin fəaliyyətini əks etdirən və 5000-dən artıq izləyici sayını özlərində birləşdirən 4 rəsmi səhifəmiz mövcuddur. Eyni zamanda, Linkedin peşəkar sosial şəbəkəsindən insan resurslarının cəlb edilməsi məqsədi ilə istifadə edirik. 2015-ci ildə Twitter və Instagram vasitəsilə də izləyicilərimizlə daha yaxın və interaktiv ünsiyyətə girməyi planlaşdırırıq.
 
Mak.az: Azərbaycanda PwC xidmətlərini daha çox hansı sektor dəyərləndirir? 
 
Aysel Süleymanova:  Hal-hazırda, bu suala cavab vermək bir qədər çətindir. Çünki PwC Azərbaycan bu gün öz müştəriləri üçün sadəcə özünü doğrultmuş audit, vergi və ya hüquq məsləhətçisi deyil. Artıq 7 ildən artıqdır ki, fəaliyyət göstərdiyimiz hər bir ölkədə olduğu kimi, Azərbaycanda da peşəkar biznes məsləhət xidmətləri fəaliyyətə başlamış və hal-hazırda bu istiqamət çox dinamik şəkildə inkişaf edir. Göstərdiyimiz məsləhət xidmətlərinin mənşəyi, xüsusiyyəti və həcmindən asılı olaraq, müştərilərimiz arasında neft-qaz sektorundan başlayaraq maliyyə, tikinti, kənd-təsərrüfatı və s. sektorlarda fəaliyyət göstərən şirkətləri misal göstərmək olar. Ümumiyyətlə, biz hər bir müştərimizin ayrı-ayrılıqda strateji biznes tərəfdaşıyıq.  
 
Mak.az: Audit və konsaltinq biznesinin effektivliyi sərf olunan vaxt ilə ölçülür, Azərbaycanda sərf olunan vaxt ilə ölkədən kənardakı vaxtın dəyərinin fərqi vardırmı?
 
Aysel Süleymanova: Təbii ki. Çünki hər bir ölkədə məsləhətçinin sərf olunan vaxtı həmin ölkənin iqtisadi-inkişaf durumu, həyat səviyyəsi, biznesin həcmi və s. kimi faktorlarla tənzimlənir.
 
Mak.az: Çox yaxın bir zamanda sizin rebrendinq prosesi baş verdi, buna ehtiyac nədən yaranmışdı, ümumiyyətlə rebrendinq proseslərini idarə etmək necə bir fəaliyyətdir, hansı spesifik nüanslar mövcuddur?
 
Aysel Süleymanova: Rebrendinqə ehtiyac müasirləşmək və bazarda brend mövqeyimizi daha da gücləndirmək məqsədindən irəli gəldi. PwC kimi qlobal bir şirkətin rebrendinqinin idarə edilməsi çox məsuliyyətli və vaxt aparan bir prosesdir. Çünki loqodan başlayaraq şirkət fəlsəfəsinə qədər brend-bukun bütün tərkib hissələri qlobal səviyyədə qəbul edilib ciddi şəkildə tənzimlənir. 
 
Mak.az: “After six clubu” barədə qısaca əsas məqsəd nədir və bir marketinq aləti kimi nəyə xidmət edir?
 
Aysel Süleymanova: Müasir biznes həyatı çox dinamik şəkildə inkişaf edir. Bu inkişafın müəyyən bir mərhələsində biz hiss etdik ki, quru və formal biznes ünsiyyəti artıq geridə qalıb və bizim tərəfdaş və dostlarımızı bir araya gətirə biləcək interaktiv bir platformaya güclü ehtiyac  var. PwC “After Six Club” elə məhz belə yarandı. Klubun iki əsas məqsədi var. Birinci məqsəd “Networking Café” formatında müzakirə etdiyimiz mövzulara uyğun məkanlarda interaktiv mübahisələr aparmaq, ikinci məqsəd isə “Special You!” proqramı çərçivəsində layihə partnyorlarımızla birgə klub üzvləri üçün xüsusi imkanlar yaratmaqdır. Bir sözlə, biz hər bir addımımızla çalışırıq ki, bizə güvənən tərəfdaşlarımız özlərini hər zaman “special”, yəni, özəl hiss etsinlər! 2014-cü ilin sentyabr ayında yaradılmış “After Six” klubu çərçivəsində biz artıq iki görüş keçirmişik, görüşlərin məzmunu “Game of Minds” və “Big Bosses, Money & Business” əsasında qurulmuşdu. Ən yaxın zamanda biz “Live.Love.Laugh”, “Business on High Heels”, “Cities of Opportunity” və s. mövzularda görüşlər keçirməyi planlaşdırırıq. Mövzular PwC qlobal şəbəkəsinin çoxsaylı tədqiqat və hesabatlarına uyğun olaraq seçilir. 
 
Mak.az: PwC Talents Club barəsində nələr deyərdiniz? 
 
Aysel Süleymanova: PwC İstedadlar Klubu Azərbaycanın yüksək tədris göstəricilərini və fəal ictimai mövqeyini nümayiş etdirən tələbələr üçün nəzərdə tutulan və gələcəkdə karyera həyatında zəruri olan biznes biliklərini təmin etməyə yönələn bir proqramdır. 3 aylıq intensiv təlim və 3 aylıq təcrübəni ehtiva edən bu proqram tam ödənişsiz əsaslarla keçirilir. Təlimin mövzuları arasında audit, vergi, məsləhət xidmətləri, marketinqin əsasları, maliyyə hesabatlarının hazırlanması, biznes yazışma və ünsiyyət bacarıqları, milli qanunvericiliyin əsasları, vaxtın və komandanın idarə olunmasını qeyd etmək olar. Tələbələr intensiv təlim prosesindən sonra Azərbaycanın aparıcı şirkətlərində təcrübə keçmək imkanı qazanırlar.   
 
 
Mak.az: Yeni il ərəfəsində çox maraqlı bir layihə - "Santa.az"a dəstək oldunuz, necə bir təcrübə idi? 
 
Aysel Süleymanova: Santa.az möcüzəli bir layihə oldu! Biz və layihənin digər iştirakçıları bu layihədən sözün əsl mənasında zövq aldıq! Mənə müxtəlif ictimai layihələrlə bağlı il ərzində onlarla təşkilat müraciət edir; lakin dəstək göstərdiyimiz layihələrin sayı olduqca məhduddur. Buna səbəb bu layihələrin davamlı olmaması, icraçı təşkilatların özlərini doğrultmaması və ya əksər hallarda bu və ya digər layihənin şirkətin KSM strategiyasına uyğun olmamasıdır. Santa.az layihəsi ilə bağlı müraciət məni təəccübləndirdi: layihə müəllifi bizdən maliyyə və ya digər dəstək gözləmirdi. Sadəcə, mövcud daxili kommunikasiya kanallarımız vasitəsilə uşaqların yeni il arzularının daha çox insana yayılmasını xahiş etmişdi. Amma layihə o qədər xoşumuza gəldi ki, biz “müşahidəçidən” “icraçıya” çevrildik və yüzlərlə xeyirxah insanla birgə baş vermiş yeni il möcüzəsinin bir hissəsi olduq. Layihə nəticəsində öz arzularını şaxta babaya bildirmiş fiziki qabiliyyəti məhdud olan və imkansız ailələrdən olan 74 uşaq onlar üçün xüsusilə təşkil olunmuş yeni il şənliyində öz hədiyyəsini aldı. Amma hədiyyələrin sayı 4000-dən artıq olduğuna görə, şaxta baba Azərbaycan regionlarına baş tutdu və orada fəaliyyət göstərən uşaq evləri və internatlara yollandı. Uşaqların sevincinin həddi-hüdudu yox idi, onlar sevincindən hətta şaxta babanı qucaqlayıb yerə yıxmışdılar :) Bildirim ki, santa.az davamlı bir layihə olacaq və ildən-ilə biz bu layihəni daha böyük formatlarda gerçəkləşdirməyi düşünürük. Dünya Azərbaycanlıların həmrəylik günü ərəfəsində həyata keçirilən Santa.az bir daha sübut etdi ki, biz, Azərbaycanlılar həmrəy olanda – möcüzələrə qadirik!

Baxılıb: 2270

Şərhlər