Sosial şəbəkələrdə yayımla

Müsahibə - "Bruketa & Zinic"

Bruketa & Zinic OM agentliyi onun yaradıcıları və kreativ direktorları olan Davor Bruketa və Nikola Zinic şərəfinə adlandırılmışdır. Son 16 ildə (1995-ci ildə Zaqreb, Xorvatiyada əsası qoyulub) agentlik Avropa kreativ dünyasında özünəməxsus ad qazanmağa nail olmuşdur. Bugün o müxtəlif ölkələrdən olan və marketinq komunikasiyalarının bütün sahələrində ixtisaslaşan 70-ə yaxın peşəkarın olduğu bir icmadır. Agentlik brendinq və stratejik planlama üçün özünəməxsus vasitələrə və istehlakçı motivasiyaları üçün əla insaytlara sahibdir. Baxmayaraq ki, Bruketa & Zinic OM agentliyi illər boyu müxtəlif bazarlar üçün, həmçinin 2009-cu ildən Azərbaycan bazarı üçün işlər görüb, keçən ildən başqa ölkələrdə öz agentliklərini yaratmağa başlayıb. İlk belə agentlik Azərbaycanda, ikincisi Serbiyada açıldı və hazırda Vienada (Avstriya) agentliyin əsası qoyulmaqdadır. Və növbəti yeni agentliyin açılması İtaliyada gözlənilir.  

Bruketa & Zinic OM bir neçə agentlikdən ibarətdir: Reklam agentliyi Bruketa & Zinic OM, marka məsləhəti  Brandoctor, digital agentlik Brlog və pərakəndə satış nöqtələrinin planlanması və dizaynında ixtisaslaşmış studio Brigada.
Onu da qeyd edək ki, agentlik Nyu York, London, Moskva, Yaponiya və digər yerlərdə Art Directors Club New York, Epica, London International Awards, New York Festivals, Cresta, Clio, Effie kimi 350-dən çox mükafatlar almışdır və iki dəfə agentliyin işi Kann Şirlərinin qısa siyahısına düşüb. 
İntervyu agentliyin yaradıcılarından biri və kreativ direktoru, agentliyin beynəlxalq mükafatlar alan layihələrinin rəhbəri Davor Bruketa ilə keçirilmişdir. Bruketa Cənub-Şərqi Avropadan London Beynəlxalq Mükafatlarında jüri kimi iştirak edən ilk şəxs olmuşdur. O həmçinin Art Directors Club New York, D&AD London, NY Festivals, Graphis, MIAF-Moscow kimi beynəlxalq festivallarda jüri olub və Cresta Awards jürilərinin daimi üzvüdür. 
İntervyuda həmçinin Bakı ofisinin direktoru Helena Rosandic də iştirak edib. Rosandic Bruketa & Zinic OM Zaqrebdə Tele2 və digər böyük müştərilərə xidmət üzrə Direktor olaraq çalışmışdır. 
 
Mak.az: Baxmayaraq ki, Bruketa & Zinic OM Xorvatiyanın öndə gedən agentliyi idi, burada o qədər də tanınmamışdı. Necə oldu ki, Azərbaycanın reklam bazarında işləməyə başladınız? 

Dönüb geri baxanda, bütün bunlar bir az sürrealistik görünür, əslində biz Azərbaycanı növbəti hədəf nöqtəmiz kimi seçmədik, elə oldu ki, Azərbaycan bizi seçdi.
2009-cu ildə Nar mobile keçirdiyi beynəlxalq tenderə dəvət aldıq və qalib gəldik. Bu bizim üçün yeni bir sınaq idi və yeni mədəniyyət, yeni insanlar və Azərbaycanı tanımaqla bağlı hamımız çox həyəcanlı idik. Bizim üçün bu bazar çox da yaxşı tanınmış deyildi, lakin ev tapşırığını layiqincə yerinə yetirməyə çalışdıq. 

Bizim agentliyin özəlliyi işlərə fərqli yanaşmasıdır; gündəlik agentlik işlərində  yeni kreativ həllər tapmaq, müştərilərin ehtiyaclarını qarşılamaq və markanın istehlakçılarla yeni kommunikasiya yollarının tapılması. Biz hər zaman yeni sınaqlara can atırıq və bunun öhdəsindən gələrkən də əylənməyə çalışırıq. 
Beləliklə Azərbaycanda iş yaratmaq bizim siyahıda əsas prioritet idi, belə bir yeni bazarda yeni işlər görmək elə bizim agentliyə xas adət-ənənə idi.
İki il ərzində görüşlər, TV Reklam çəkilişləri üçün Zaqreb və Bakı arasında tez-tez səyahət edirdik və ötən ilin Martında biz yerli MMC-ni açdıq. Belə bir zamanda Bakıda olmaq möhtəşəmdir, hər şey çox tez baş verir, bazar çox sürətlə inkişaf edir. Belə bir bazarla heç vaxt rastlaşmamışdıq və dəyişiklikləri izləmək və şahidi olmaq, xüsusilə də istehlakçı gözü ilə çox maraqlıdır – Bruketa deyir. 
 

Agentliyin baş ofisindən görüntü

 

Mak.az: Azərbaycan və Xorvatiyanın reklam bazarlarındakı qiymətləri müqayisə edə bilərsinizmi? 

 
Reklam bazarının qiymətləri demək olar ki oxşardır; kreativ xidmətlər və "media bayinq" demək olar ki eynidir. Lakin TV Reklam istehsalı qiymətləri Avropa standartından çox fərqlənir. Digər tərəfdən gündəlik həyat qiymətləri Xorvatiyadakından çox yüksəkdir və başlanğıcda bu mənim üçün şok oldu - Helena Rosandic deyir.
 
Mak.az: Sizcə Azərbaycanın media gücü sizin istədiyiniz mesajı verə bilirmi?
 
Xorvatiya və digər Avropa ölkələri ilə müqayisədə Azərbaycanda media bölgüsü fərqlidir. Misal üçün, həmin ölkələrdə gündəlik qəzet və jurnal reklamları media mix yaratmaqda mühüm rol oynayırlar, lakin burada vəziyyət tam fərqlidir. Bu isə bazarın yalnız bir xüsusiyyətidir və buna baxmayaraq media gücü mesajımızı kifayət qədər yaxşı çatdıra bilir. 
 
Lakin ümumi trendi unutmamalıyıq: markalar marketinq büdcələrində “klassik” ATL reklamından BTL, xüsusilə də onlayn, sosial şəbəkələr və sair reklamlara üstünlük verirlər. 
Bu reklamçılar üçün yeni bir dünyadır, istehlakçıların fikirləri daha çox eşidilir, insanlar nə istədiklərini bilirlər və onların marka ilə açıq komunikasiya kanalları var. Bu bir markanı inkişaf etdirə və ya öldürə bilər, elə bir marketinq alətidir ki ağıllı idarə olunmasa olmaz. 
Sosial media yeni məhsulu kiçik sayda insanlarla bölüşməyə imkan verir və onların bu məhsuldan xoşu gəlsə onun haqda söz-söhbəti işıq sürətilə yayırlar. Hazırda yeniliklər çoxdur və əsas məsələ kütləvi mediadan uzaqlaşmaqdır. 
Azərbaycanda da istehlakçılar və markalar bu trendi izləyirlər və bu sürətlə baş verir. Biz həm Azərbaycanda, həm də bütün dünyada media sahəsində dəyişiklikləri gözləyə bilərik – Rosandic deyir. 
 
Mak.az: Azərbaycan üçün reklam hazırlayarkən mədəniyyətdə olan fərqləri idarə etməyin öhdəsindən necə gəlirsiniz? 
 
İstehlakçılarınız, hədəf kütləniz arasında olmaq, onları tanımaq, onların necə düşündüyünü bilmək, necə yaşadıqlarını görmək düzgün insaytların alınması üçün çox vacibdir və bu qayda bütün ölkələrdə eynidir. İstehlakçılar ən yaxşı məlumat mənbəyidir. Daha əvvəl də qeyd etdiyim kimi buraya gəlməzdən əvvəl biz ev tapşırıqlarını etdik və bazarı araşdırmağa davam edərək indi də hər gün yenilikləri öyrənirik. Əlbəttə, yerli köməklik olmasaydı biz bunu edə bilməzdik, bizim müştərilər, yerli əməkdaşlarımız və bizim partnyorumuz İnnomark agentliyi bazarı və yerli adət-ənənənin anlaşılmasında böyük köməklik ediblər. 
Bütün bazarlarda insaytların toplanması, strategiyaların və kreativ konseptlərin hazırlanması üçün metodologiyalar hazırlamışıq. Resept həmişə eynidir, sadəcə yerli inqredientlərlə daha da yaxşılaşdırılmalıdır: dəyərlər, inanclar, ehtiyaclar və istehlakçıların həyat tərzi mümkün qədər uyğun olmalıdır. Başqa bazarlar üçün işləyəndə bizim yerli bazardan fərqli olaraq, bəzən düşünürük ki, istehlakçı motivasiyalarını obyektiv görə bilərik. Çünki bəzən böyük şəkli kənarda duranda daha yaxşı görmək olur, nəinki onun ortasında duranda – Bruketa deyir. 
 

Ofisdən görüntü

Mak.az: Sizcə doğrudurmu ki, dünya “Qlobal Kənd” (Red: Global Village) olub və eyni mesajı dünyanın fərqli nöqtələrində verməklə effektiv nəticə ala bilərik? 
 
İnformasiya texnologiyalarının sərhədləri aşa bilməsi və qlobal kənddə yaşadığımızı deyə bilməyimiz möhtəşəmdir. Deməzdim ki eyni mesajı "kopi-peyst" üsulu ilə hər yerdə istifadə edə bilərsiniz, lakin istehlakçı davranışı və fərqli bazarlarda spesifik sahələrdə əldə etdiyiniz təcrübə marka problemlərini həll etməyə və hədəflərə daha asan çatmağa kömək edər. 
 
Bizim üçün mühüm olanı, fərqli bazarlarda işləmək bizə yeni biliklər gətirir və bunları bütün agentliklərimizlə bölüşə bilirik. Bilirik ki, buradakı kreativ insanlardan öyrənməyimiz və Xorvatiya, Azərbaycan və digər ölkələr arasında mədəni dəyərləri bölüşməyimiz üçün əla imkanımız var. Və buradakı məqsədlərimizdən biri iki mədəniyyətimizi yalnız biznes sahəsində deyil, həyatımızın başqa sahələrində də bir yerə gətirməkdir. 
 
Azərbaycanlı kreativ insanlarla bərabər Azərbaycanda güclü ofisi yaratmaq bizim hədəfimizdir, bu insanlar bir neçə ildən sonra başqa ölkələrdə olan müştərilərimiz üçün də işləyə biləcəklər. Biz Azərbaycanın qədim mədəniyyətindən, həmçinin Azərbaycanın sərhədlərindən kənarda işləyə bilən güclü agentliyin qurulması üçün əsas olan gənc kreativlərdən çox təəsirlənmişik. Başlanğıc üçün Azərbaycan agentlyi artıq Ukraynanın 4G internet provayderinin tenderində qalib gəlib – Bruketa deyir. 
 
Mak.az: Siz yəqin ki, Azərbaycanda yerli agentliklərin hazırladığı reklamları görmüsünüz. Ümumiyyətlə hansı hissələri inkişaf etdirməyə ehtiyac var, misal üçün kreativ düşüncəni, prodakşn, aktyor oyunu, kopiraytinqi və s? 
 

Helena Rosandic, B&Z Bakı direktor (solda),  Davor Bruketa, təsisçi and Tanja Skoric, Kreativ Direktor

Yerli agentliklərin hazırladığı bir neçə çox yaxşı reklamlar var, bəzi markalar əla işlər görürlər və nəticədə, dünyanın istənilən yerində tapa biləcəyiniz “qlobal kənd”-dən olan markalar var. Bəziləri o qədər də böyük deyil, lakin bütün dünyada yayılıblar. 
Yerli kreativ insanlarda görmək istədiyim daha çox qrafik dizayn, kopiraytinq – ümumilikdə kreativ düşüncə üzrə daha çox təhsil və ixtisaslaşma. Məncə, bazar beynəlxalq seminarlar, festivallar, məktəblər və hətta yerli bazarda işləyən agentliklər arasinda bilik və təcrübə ilə paylaşmaq üçün hazırdır . 
Yaxşı təhsil yaxşı kreativ insanlar yaradır, bacarıq işin yarısıdır çünki qaydaları bilmirsənsə və praktikada tədbiq etmirsənsə heç vaxt böyük peşəkar ola bilmərsən – Rosandic deyir. Biz beynəlxalq təcrübəli yerli agentlik kimi bu prosesdə Azərbaycan marketinqini qlobal xəritəyə daşımaqla iştirak etmək istərdik.  Mən şadam ki, Mak.az Magdalena festivalının Azərbaycan bazarına təqdim olunmasında bizə dəstək oldu və yerli kreativ həmkarlarımızı həmin festivalda iştirak etməyə və may ayında Sloveniyada bizə qoşulmağa dəvət etmək istərdim. Və Azərbaycanda çoxlu yeni tədbirlər olacağına ümid edirəm. Bununla yanaşı, düşünürük ki, bu bazar ixtisasın daha çox biznesdə yayılması, özünü-idarəetmə qaydalarını gətirməkdə və kopiraytinqin müdafiəsi, həmçinin müştərinin hüquqi müdafiəsində Avropa standartlarının təmin olunmasını öhdəsinə götürə bilən milli peşəkarlar assosiasiyasının güclənməsi üçün kifayət qədər yetişmişdir -  Bruketa əlavə etdi.
 
Mak.az: Reklamın mütləq olmalı xüsusiyyətlərindən biri kopiraytinqdir və bilirsiniz ki, adətən reklamın tərcüməsi zamanı məlumat itə bilər və  ya oriqinal dildə verdiyi gücü tərcümədən sonra verə bilməz. Azərbaycan üçün reklam hazırlayarkən bu baryeri necə aşırsınız?
 
Bizim işdə yerli mədəniyyəti və dili bilmək çox vacibdir. Əlbəttə ən əsası istehlakçı motivasiyalarını bilməkdir, lakin istehlakçının nə istədiyini biləndən sonra həmin mesajı ona çatdırmağın ən yaxşı yolunu tapmalısan. Bu isə bizim əməkdaşlıq etdiyimiz yerli Azərbaycanlı insanlar, fərqi yoxdur bizim komandamızda olan kopirayter və ya müştəri olmadan mümkün deyil, Əksinə, gözlənilməyən kreativ həllər fərqli mədəniyyətdən olan əməkdaşlıqlar əsasında yaranır. Bu da bizim işimizin keyfiyyətini gücləndirir – Rosandic deyir.

Baxılıb: 3549

Şərhlər