Sosial şəbəkələrdə yayımla

Müsahibə - Ceyhun Osmanlı

Osmanlı Ceyhun Yunis oğlu yanvar ayının 30-u 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində, məktəbin ilk altı ilini 48 saylı orta məktəbdə, 1993-cü ildən isə Bakı Özəl Türk Litseyində təhsil alıb. 1999-cu ildə həmin Litseyi müvəffəqiyyətlə bitirib. 1999-ci ildən 2005-ci ilədək Bakı Dövlət Universitetinin Politologiya fakültəsində bakalavr və magistr elmi pillələrinə yüksəlib. İctimai fəaliyyətə 2000-ci ildə başlayan Ceyhun, bu illər ərzində Azərbaycan Könüllülər İctimai Birliyini yaradaraq, Vətənə sevgi hissi ilə yaşayan gəncləri həmin təşkilatda birləşdirdik. Azərbaycana könüllülük ənənəsini gətirdik, xeyriyyəçilik aksiyaları həyata keçirdik.
2000-ci ildən bu günə kimi onlarla tədbirin təşkilatçısı, onlarla layihənin koordinatoru olub.
2001-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası Katibliyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri, 2003-cü ilin Noyabr ayında Milli Şuranın baş katibi vəzifəsində çalışıb.
2002-ci ildən Avropa Şurasının Gənclər siyasəti üzrə Məsləhət Şurasının üzvüdür.
26 avqust 2005-ci ildən "İrəli" Ümumrespublika Gənclər Hərakatının həmtəsisçisidir. 4 dil bilir, evlidir, bir övladı var.

 

Mak.az: 3 illik fəaliyyət nəticəsində kiçik bir qrup ilə başladığınız hərakatın hal-hazırda minlərlə üzvü vardir, bu uğurun sirri nədədir?
 
Ceyhun Osmanlı: Bizim hərəkatın ideyası var—Bu ideya milli mənəvi dəyərlərə hörmət edən və bu dəyərlərin ruhunda böyüyən, inkişaf edən gənclik yetişdirməkdir. Gəncləri ətrafımızda birləşdirən məhz bu ideyadır. "İrəli" 3 il əvvəl 6 nəfərlə başlayıb bu gün ətrafında 6000-dən çox gənci birləşdirən hərəkatdır.  Bu gün biz Azərbaycanda ən böyük gənclər hərəkatı olmaqla yanaşı, demək olar ki, ictimai aktiv gənclərin əksəriyyətini ətrafımızda toplamışıq. Üç il ərzində "İrəli" irili-xırdalı 500-dən çox layihə həyata keçirib. Keçirdiyi layihələrin sayına, beynəlxalq əlaqələrin həcminə görə də "İrəli" hərəkat olaraq liderdir. Eyni zamanda "İrəli" hər il 200-dən artıq üzvünə xaricdə təhsil almaq, seminarlarda iştirak etmək imkanı yaradır. Bu da "İrəli"nin beynəlxalq əlaqələrinin genişlənməsi zəminində baş verir. "İrəli" dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir. Azərbaycanla yanaşı "İrəli" üzvləri Avropa və Amerikada da çox fəaldır, bu isə orada təhsil alan üzvlərimizin sayəsində baş verir. Bu gün "İrəli"-nin tərkibində 29 klub və departament fəaliyyət göstərir. Fəaliyyətimiz 20 ali məktəbi, 10 orta məktəbi, 30 dan çox regionu əhatə edir. Bununla yanaşı fəaliyyətimiz haqqında məlumatı "İrəli PRESS" qəzeti, www.ireli.az saytı, 15 ədəd blog, "ireli" yahoogroups-u və internetdə "youtube" xidmətində "ireli/tv" olaraq yayımlayırıq.
 

Mak.az: Bildiyimiz qədər "İrəli" sözü artıq brend halına keçib və İlham Aliyevi dəstəkləyən insanları öz ətrafında birləşdirmək missiyası daşıyır. Bu adın müəllifi kimdir və onun yaranması tarixçəsi necə olub?
 
Ceyhun Osmanlı: Bir çox təşkilatlar yaranmamışdan əvvəl ad seçirlər və sonra həmin ada uyğun ideya, məqsəq müəyyən edirlər. Lakin bunlardan fərqli olaraq "İrəli" yaranarkən ilk öncə ideya ortaya çıxmışdı. Bu ideyanı 6 nəfər gənc yaratmışdı. Həmin ideya Azərbaycan gəncliyinin milli mənəvi dəyərlər, Azərbaycançılıq ruhunda inkişaf etdirilməsi idi. "İrəli" adı ideyadan sonra ortaya çıxıb. Cəmiyyət inkişaf edir, müasirləşir və belə demək mümkünsə, daim hərəkət edir. Gənclər də bu inkişafın, müasirləşmənin və hərəkətin önündə gedir. Bu gəncləri istiqamətləndirmək və stimul verərək onları səfərbər etmək lazımdır. Bütün bunları ifadə etmək üçün isə biz "İrəli" adını seçdik və bu ad artıq özünü doğrultdu və brendə çevrildi. İdeya-Söz-Hərəkət. Bu düstur da "İrəli" adını ortaya çıxarıb. Biz yarandıqda sadəcə olaraq bir ideya idik. Hər bir addımımız nəzəriyyə idi. Bu ideyanı ilk öncə ifadə etdik. İctiamiyyətə öz fikirləşdiklərimizi, düşündüklərimizi, ideyalarımızı açıqladıq. Bu ideyalar ya cəmiyyətdən dəstək alaraq hərəkətə çevrilməli idi, ya da cəmiyyət tərəfindən dəstəklənməyərək geri çevrilməli idi. Lakin bizim ideyalarımız cəmiyyət tərəfindən, xüsusən də gənclər tərəfindən dəstəkləndi. Bu ideyalar gənclərimizi hərəkətə gətirdi. Gənclərimiz öz problemlərini həll etmək, inkişaflarını stimullaşdırmaq, milli mənəvi dəyərlərini qorumaq uğrunda hərəkətə gəldilər və səfərbər oldular. Nəticədə Azərbaycanda yeni bir ideya yayıldı və cəmiyyət tərəfindən uğurla dəstəkləndi.

mak.az: Bizim ölkədə Siyasi PR fəaliyyətinə daha çox seçki qabağı dövrlərdə rast gəlinir, Qərb ölkələrində isə bu demək olar hər gün aparılır. Sizcə bu nə ilə əlaqədardır?
 
Ceyhun Osmanlı: Seçki öncəsi və seçkiyə qədər PR arasında çoxlu fərqlər vardır. Bu proses hətta qanunla tənzimlənir. Bu gün bir çox qurumlar və şəxslər PR-larını özü aparır. Lakin istənilən halda PR dərin bir sənətdir və bu iş hər zaman peşəkarlara həvalə olunmalıdır. Şəxsən mən reallıq və səmimiyyətə əsaslanan, kreativ PR metodlarına üstünlük verirəm.

mak.az: Bu ilki seçkilərdə prezident İlham Aliyevin seçki devizi hərakatınızın adı "İlhamla İrəli" ilə eynidir və siz prezidentin seçki ilə bağlı nümayəndəsi təyin edilmisiniz, bu məsuliyyəti necə qiymətləndirərdiniz?
 
Ceyhun Osmanlı: Ümumiyyətlə, "İrəli" Azərbaycanda "İlhamla İrəli" brendinin müəllifidir və artıq bu deviz bildiyiniz kimi prezidentimizi dəstəkləyən insanların əsas brendinə çevrilib. Adı gedən aksiya simvolik olaraq internet vasitəsiylə həyata keçirilir və indiyə kimi Azərbaycanda belə bir orijinal siyasi aksiya olmayıb. Aksiyaya qoşulanlar bəyəndikləri şəkillərini www.ilhamlaireli.az saytına yükləyərək bu aksiyada iştirak etmiş olurlar. Azərbaycanda internetdən istifadə geniş yayılsaydı və hər həs gündəlik internetdən istifadə etsəydi, əminəm ki, aksiyaya qoşulanların sayı yüz minlərlə ölçülərdi.

Bizim indiyə kimi həyata keçirdiyimiz aksiyalar öz prezidentini sevən, onu hər an dəstəkləyən, onun səsinə səs verən, onunla əl-ələ, çiyin-çiyinə olan gənclərin təşəbbüsləri sayəsində meydana gəlib. Bizim prezidentimizə olan dəstəyimiz, Azərbaycanın dinamik inkişafına olan dəstəyimizdir. Lakin bildiyiniz kimi, aktiv seçki təbliğat kampaniyası hələ başlamayıb, odur ki, indiyə qədər olan aksiyalarımızı seçki ilə bağlamaq doğru olmazdı.  Lakin biz  hələ "İlhamla İrəli" aksiyasına start verəndə bəyan etmişdik ki, bu seçkilərdə cənab İlham Aliyevin namizədliyini irəli sürürük və əlbəttə ki, namizəd qeydə alındıqdan sonra da öz namizədimizə fəal dəstəyimizi verəcəyik. Ümumiyyətlə götürsək, "İlhamla İrəli" aksiyasının başlıca məqsədi Azərbaycan əhalisini, xüsusən gəncləri Azərbaycanın inkişafına səsləməkdir. Bu aksiyanın keçirilməsində məqsəd, ötən beş ili əldə rəhbər tutaraq gələcək beş ili Azərbaycan əhalisini daha da dinamik inkişafa səsləməkdir

Cənab prezident İlham Aliyevin "gənclər bizim gələcəyimizdir" ifadəsini xatırlamaq istəyərdim. Bu ifadə prezidentin gənclərə olan inam və dəstəyinin bariz nümunəsidir. Bü gün mənim YAP-ın namizədi İlham Aliyevin prezident seçkilərində vəkil təyin olunmağım da gənclərə olan inama əsaslanır və mənə göstərilən etimaddır. Bu, həmçinin böyük bir məsuliyyətdir ki, mənim üzərimə qoyulub və mən də vəkil olaraq uğurlu fəaliyyətimlə bu məsuliyyətin öhdəsindən uğurla gəlirəm.

mak.az: Daim könüllülərlə çalışırsınız. Bu xüsusi səbr və davamlılıq tələb edir. Bunu necə tənzimləyirsiniz?
 
Ceyhun Osmanlı
: Mən 1998-ci ildən gənclərlə işləyirəm. Hətta o vaxt könüllü işini peşəkar müstəvidə davam etdirmək üçün Azərbaycan Könüllülər İctimai Birliyini yaratdıq. Hal-hazırda bu təşkilat Azərbaycanın ən tanınmış təşkilatlarından biridir. Həmin dövrdən özümün də qoşulduğum könüllülük proqramları var idi. Həmin dövrlərdə könüllülük işi yeni-yeni yayılırdı və gənclərin bu uşə marağı çox idi. Bu günün reallığına baxdıqda artıq gənclərin könüllü olaraq toplaşdıqları və müəyyən bir problemi həll etdikləri mühitlər çox azdır. Bu cür mühitlərdən indi olanı "İrəli" və bu tipli kütləvi hərəkatlardır. Könüllülərlə işi qarşısına məqsəd qoymuş olan ictimai birliklər isə bu işin öhdəsindən gələ bilmirlər. Nəticədə hərəkatlar könüllülük işini üzərlərinə götürürlər. Bəli, könüllülərlə işləmək çətindir, lakin bu iş həmçinin məsuliyyətlidir. Hər şeydən öncə könüllülərlə işləyən şəxs bilməlidir ki, könüllü xəyalları, arzuları, ümidləri olan bir gəncdir və həmin gənc şəxsiyyət kimi formalaşmaq üzrədir. Bunları nəzərə alan liderlər ətraflarında olan könüllülərlə asanlıqla işləyirlər və heç bir problem yaşamırlar. 

mak.az: Dunya ölkələri arasında imicimizin yüksək olması üçün çox böyük tədbirlər keçirilir, buna misal kimi beynəlxalq konfranslar, idman yarışları, sərgilər və s. qeyd edə bilərik. Ümumiyyətlə sizcə bu imicin müsbət formalaşması üçün daha çox hansı tədbirlərə üstünlük verilməlidir?
 
Ceyhun  Osmanlı: Hər bir millətin tarixi, mədəniyyəti, incəsənəti onun qürur mənbəyidir və digər millətlər arasında klassifikasiya elementidir. Bu gün Avropaya getdikdə biz nə ilə rastlaşırıq? Həmin millətlər bizlərə özlərinin mədəniyyətlərini, tarixlərini, incəsənətini nümayiş etdirirlər. Biz hər zaman uğur əldə edilmiş nümunələrdən istifadə etməliyik. Biz bu gün özümüzün sahib olduğumuz tariximizi, mədəniyyətimizi, incəsənətimizi daha güclü şəkildə təbliğ etməliyik. Bu işi bu gün Heydər ƿliyev Fondu uğurla həyata keçirir və nailiyyətlər də əldə edilmişdir. Həmçinin "İrəli" gəncləri də xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak zamanı Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətini barədə tədbir iştirakçıları arasında yüksək səviyyədə təbliğat aparırlar. Məhz bu sahələrin təbliği nəticəsində gələcəkdə Azərbaycana dünya ölkələri arasında tarixi, mədəniyyəti, incəsənəti olan qədim xalq kimi yanaşarlar və bu da imicimizin daha da yüksəlməsinə səbəb olar. 

mak.az: Cənab Prezident təbii resurlarımızdan daha çox insan resurslarımızı prioritet hesab edir və bu istiqamətdə gənclərə daha çox etimad göstərir. Sizcə Azərbaycan gənci bu etimadı doğruldurmu?
 
Ceyhun Osmanlı: Cəmiyyətimiz idarə edənlərdən və idarə edilənlərdən ibarətdir. Idarə edənlər nə qədər peşəkar olsalar idarə edilənlər dövlətdən və hakimiyyətdən narazı olmazlar. Hər bir hakimiyyət də idarəçilikdə olduğu zaman bu siyasətin həyata keçirilməsinə xüsusi önəm verir. Məhz İlham Aliyevin hakimiyyəti illərində də bu siyasətin həyata keçirilməsinə diqqət ayrılmışdır. İdarə edənlərin dövrün və zaman tələblərinə uyğun yeni kadrlarla əvəz edilməsi prioritet istiqamətlərdəndir. Lakin bu kadrlar yüksək intellektual gücə malik olmalıdır. Bunun əldə edilməsi üçün isə, təklif və təşəbbüs Azərbaycan Prezidenti cənab İham Aliyevdən gəldi. 2007-2015-ci illər ərzində 5 min Azərbaycan gəncinin Dövlət Neft Fondu hesabına xaricdə nüfuzlu ali təhsil ocaqlarında oxumağa göndərilməsi ilə bağlı Prezidentin 2007-ci il 16 aprel tarixli sərəncamı Azərbaycanda güclü insan kapitalının formalaşdırılmasının ən böyük müjdəçisi oldu. Proqram nəticəsində xarici ölkələrdə yerləşən ən mötəbər universitetlərdə dövlət hesabına təhsil alacaq gənclər sonradan idarəedənlər qismində işləyəcəklər. 
 
mak.az: Bu gün Azərbaycanda siyasi PR üçün hansı vasitələrdən daha çox istifadə edilir?

 
Ceyhun Osmanlı: Bu gün Azərbaycanda Siyasi PR mədəniyyəti hər keçən gün daha da təşəkkül tapır. Siz özünüz də yəqin ki, bunu müşahidə edirsiniz. Bizim çalışdığımız budur ki, bu günkü PR reallıq və səmimiyyət üzərində qurulsun. Çünki hesab edirəm ki, ən yaxşı PR reallığa əsaslanan PR-dır.

mak.az: Siyasi PR sahəsində apardığınız işlərin və fəaliyyətin effektivliyini necə ölçürsünüz?
 
Ceyhun Osmanlı: Bu gün cəmiyyətdə  ictimai nəzarət funksiyasını daşıyan bütün qurumlar əslində bu işin eyni zamanda monitorinqini aparırlar. Lakin bu işlə məşğul olan peşəkar ATL və BTL şirkətlərin də əməyindən istifadə olunur.

mak.az: Ceyhun Osmanlı şəxsən Azərbaycan siyasi PR tarixində nə ilə yadda qalacaq və ya qalmağı planlaşdırır?
 
Ceyhun Osmanlı: Mənim üçün indiyə qədər daşıdığım vəzifələrin arasında ən şərəfli və məsuliyyətli olanı bu Prezident Seçkilərində Cənab İlham Aliyevin vəkili olmaqdır. Hal-hazırda çalışıram ki, bu missiyanı layiqincə yerinə yetirim. Bu ilki seçki kampaniyasının əsas xəttini təşkil edən məqamlardan ən əsası ondan ibarətdir ki, heç bir seçicini nəzərdən qaçırmadan bir kampaniya həyata keçirilsin. Bununla bağlı olaraq hətta Azərbaycanın ən ucqar kəndi olan xınalıqda da görüş keçirmişik. Doğrusu keçən 5 il ərzində Cənab İlham Aliyev hər bir addımı ilə müasir Azərbaycan tarixinin önəmli səhifələrini yazıb və xalq da bunu düzgün mənimsəyib.
Bildiyiniz kimi "İrəli" olaraq ilk dəfə olaraq internetdə www.ilhamlaireli.az saytını yaratmışdıq və qısa zamanda 20 mindən çox insan bizə qoşuldu. Bu tip bir akisya Azərbaycanda ilk olduğundan çox yadda qaldı. Bir sözlə demək istəyirəm ki, şəxsən mənim üçün ən yaxşı PR reallığa əsaslanan PR-dır. Şəxsən mən qara PR-ın tərəfdarı deyiləm. Çünki bizim millətin öz mentaliteti və dəyəri var. 

Baxılıb: 4562

Şərhlər