Sosial şəbəkələrdə yayımla

Müsahibə - DJ Fateh

Məmmədəli Nazim oğlu Məmmədov (DJ Fateh) 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə paytaxtın 42 saylı orta məktəbinə gedib. 2000-ci ildə məktəbi əla qiymətlərlə bitirən M.Məmmədov, Azərbaycan Dövlət Neft Akademiyasına yüksək nəticə ilə daxil olub. 1999-cu ilin iyulundan 2005-ci ilin yayınadək ANS Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə çalışıb. İşlədiyi 6 il ərzində ANS Ç.M. radiostansiyasında aparıcı, baş aparıcı, ANS-TVdə aparıcı, eyni zamanda ANS-PRESS Nəşriyyat Evinin "Elman" dərgisində redaktor və baş redaktor vəzifələrində çalışıb. 2005-ci ilin oktyabrından 2006-cı ilin oktyabrına kimi AR Ədliyyə Nazirliyinin MQİBİ-nin Mühafizə Alayında hərbi xidmət çəkib. 2006-cı ilin dekabrından 2008-ci ilin dekabrına kimi ölkənin ən iri özəl maliyyə-sənaye qrupu olan "AB Standard" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsində çalışıb. 2008-2010-cu illərdə "Promo-Vision" PR agentliyinin Baş Direktoru vəzifəsində çalışıb. Hal-hazırda "Media FM" radiostansiyasının səhər aparıcısı və Baş prodüseridir.

mak.az: Suallarımız çoxdur, birincisi: nə vaxt evlənirsən? )))

DJ Fateh: Bu sual, ümumiyyətlə, məni uzun zamandır ki, təqib edir, bu müsahibəyə gələnə kimi artıq bunu məndən 2 dəfə soruşublar, yəni bu, həqiqətən insanları narahat edir. İndi də siz soruşursunuz, bu da üç. Mən düşünürəm ki, bu  sual ritorik hal alana kimi mən evlənəcəyəm. Dəqiq vaxtına gəldikdə isə, yəqin ki, şənbə günü olacaq, çünki insanlar növbəti gün işə getmək problem ilə üzləşməsinlər.

mak.az: İlk sualımız nə qədər zarafatcıl olsa da, istərdik ki, Məmmədəli Məmmədov (DJ Fateh) həm radio aparıcısı kimi, həm Media FM radio kanalı üçün etdiyi kopirayter işləri, həm də iş təcrübəsində marketinq işlərinin olduğunu nəzərə alaraq, bu qədər geniş profildə çalışmasını bizə təsvir etsin.

DJ Fateh: Mən əslində 1999-cu ildən radioda çalışıram. O vaxt mən 11-ci sinifdə oxuyurdum, evdə radioda işləmək planımın olduğunu dedikdə anam - “sən nə danışırsan?! Sən instituta hazırlaşmalısan! Bu nə oyundur çıxardırsan?! Otur dərsini oxu!” - dedi. Atam isə bu fikrimi dəstəklədi və işləməyimə müsbət baxdığını söylədi. Bu, mənim üçün şok hadisə idi. Bundan başqa, mənim o vaxtkı tələffüz qüsurumu aradan qaldırmaq və efir danışığımın inkişafı üçün müəyyən peşəkarların yanına göndərdi. Atam bu işə az qala investisiya səviyyəsində diqqət və vaxt ayırmağa çalışırdı. Mən o qədər ruhlandım ki, artıq geriyə addım atmaq barədə heç düşünmürdüm. Radioda işə düzəldim və 2005-ci ilə kimi ANS ÇM radiosunda çalışdım. Paralel olaraq TV, jurnal - bütün bu məkanlarda çalışdım və təcrübə topladım. Qapalı bir insandan tam açıq və sosial varlığa çevrildim. 2005-ci ildə mən ali məktəbi bitirdim və əsgərliyə getmək qərarı verdim.
2006-da əsgərlikdən qayıtdım və iş axtarırdım, ANS-ə qayıtmağı düşünmürdüm, çünki, mənim bərabər çalışdığım dostlar artıq orada çalışmırdılar. Digər bir səbəb isə, ANS həmin zaman məni əvvəllər cəlb etdiyi ANS deyildi. Axtarışlarım təxminən 2 ay davam etdi, təsadüfən tanış olduğum Rüfət Abbasov mənə bu mövzuda yardımçı oldu. Onun məsləhəti ilə Gündüz Babayevin (AB Standard Şirkətlər Qrupunun Marketing və Reklam Direktoru) yanına getdim, görüşdən sonra məni işə qəbul etdilər. Beləcə mən radio işindən gəldim marketinq- PR sahəsinə. AB standard şirkətlər qrupunda PR menecer kimi çalışdım. İki il burada çalışdım, marketinq və PR sahəsində yeni olduğum üçün bir çox şeyi Gündüz müəllimdən öyrəndim. Bu iki il ərzində kommunikasya kanallarının dəyişdirilməsi və yeniləri ilə əvəz olunması əsas işim oldu.  Sosial şəbəkələr, portallar və s. bu tip kanallarla iş 4-5 dəfə artdı. Arxivləşməyə start verildi, bütün marketinq case-lər gələcəkdə təhlil üçün toplanmağa başladı.
Təzə bir iş axtarmağıma səbəb maddi səbəblər idi, işlədiyim qurumda gəlirdən asılı olmayan məvacib sistemi mövcud idi. Yəni daha çox çalış, daha çox qazan prinsipi ilə çalışan işlər maraqlı gəlməyə başladı. Həmin dövrdə bir dostumun açdığı PR şirkətinə direktor kimi keçdim. Həm də ona görə maraqlı idi ki, mən özümü menecer kimi sınaqdan keçirmək istəyirdim. Bu şəraiti 2 il dəyərləndirdim və həmin dövrdə mən radioda da aparıcı kimi çalışırdım. Bir müddət sonra radioda qazanc imkanlarımın çox olduğunu aşkarladım və ümumiyyətlə radio mənim üçün həmişə daha cəlbedici iş kimi gəlib. Mən əvvəllər sadəcə aparıcı kimi yanaşırdımsa, radio işinə sonradan biznes modeli kimi baxmağa başladım. Tamamilə radio işinə qayıtmağımın digər böyük bir səbəbi özümü menecer vəzifəsi üçün çox yaradıcı birisi saymağım oldu. Məni rəsmiyyət işləri, prosedurlar bir az usandırdı.
2009-da Media FM açıldı, o vaxtdan bu kanaldayam və həmin gündən elə gün olmayıb ki, mən işə həvəssiz gəlim. Hər gün həvəslə gəlirəm, yeni ideyalar, yeni imkanlar və s.
Mən indi sevdiyim işlə məşqul oluram, çalışdığım işdən çox razıyam. Amma yenidən PR - marketinq işinə qayıdarammı? Soruşsanız, deyərdim ki, mənim həyatımda "Radio – PR – Radio" parabolası olubdur. Yəni Parabola yox, Para Bol olarsa niyə də yox :)))

mak.az: Azərbaycan radio məkanında marketinq cəhətdən ən effektli layihə “Pomidor-yumurta”-dır. Sadəcə reklam adına deyil, aqressiv aksiya və fləş mobların olması yeni trend yaradır. Burada Media FM-in yaratdığı bir təsir var, bir də Fatehin marketinq biliklərinin payı nə qədərdir?

DJ Fateh:
Bu şirkət rəhbərliyinin mənə etdiyi etimadın nəticəsidir. Amma yalnız  mənim təcrübəm və biliklərimə bağlamaq istəməzdim bu uğuru. Çünki, qeyd etdiyiniz layihə ölkədə ən bahalı radio layihədir. Bu verilişdə sadəcə aparıcı və prodüser deyil, ən azı daimi 6-7 nəfər işləyir və əlavə 3 nəfər mövsümqabağı iş aparanlardır. Qeyd olunan verilişi biz 4 ay öz hesabımıza inkişaf etdirdik, sponsorları sonradan qoşduq. Unibank, Nar Mobile və s. Amma bir faktı deyim ki, indi “Pomidor-yumurta”nın sponsoru olmaq artıq bir lüksə çevrilib. Hər şirkət bunu öz büdcəsinə uyğunlaşdıra bilmir. Amma büdcəsinə qıyıb, bu layihədə iştirak edənlər artıqlaması ilə effekti görürlər və daha uzun müddətli əməkdaşlığa həvəs göstərirlər.
3 ən uğurlu layihəmiz varsa, “Pomidor-yumurta” 100% onlardan biridir. Mənə görə, bunun əsas zəhmətini mən yox, komanda çəkir. Mən ən az əziyyət çəkənəm.

Sualımız hakimiyyətlə bağlıdır :))) Yəni həmişə “media 4-cü hakimiyyətdir!” ifadəsini eşitmişik, son zamanlar bu anlayışa internet əməlli-başlı kölgə salmış kimi görsənir. İnternetin özü bir mediadırmı? Ümumiyyətlə, radionun payı bu media işində nə qədərdir – həm  ictimai rəyi formalaşdırmaq cəhətdən, həm də bu vətəndaş cəmiyyətində hakimiyyətin bir hissəsi olmaq cəhətdən?..

DJ Fateh: Mənə görə, radionun 4-cü hakimiyyətin bir hissəsi olması şübhəsizdir və danılmazdır. Əlbəttə, ümumi mənada payı əvvəlki qədər deyil, amma mən düşünürəm ki, yaxın illərdə hələ də bu payını saxlamaq iqtidarındadır. Amma indi radionun üstün cəhəti ortaya çıxır, daha dəqiq desəm, bir bazar seqmenti olan sürücülərə müraciət edirik. Əvvəl bizə evdar xanımlar da qulaq asırdı, indi onların sayı azalıb, onlar radionu artıq ucuz olan tv aparaturaları ilə əvəz edirlər, telefonun radiosu ilə bizi dinləyənlərin sayı azalıb, hamı artıq mp3 yükləyir və telefonlarını pleyer kimi istifadə edir.  Düşünün, bir pleyerin qiyməti o vaxt mənim bir aylıq maaşım idi, indi bu vasitələr çox ucuzlaşıb…

mak.az: Youtube, facebook bütün media ənənəsini dəyişib…

DJ Fateh: Bunu mütləq etiraf etmək lazımdır ki, bu, belədir. Mən efir vaxtı başıma gələn bir hadisəni danışacam və bu, radio və sosial şəbəkənin necə gücə sahib olduğunu bir daha isbatlayacaq.
Ziya Bünyadov küçəsində tıxac idi. Bu barədə radioya məlumat gəldi və biz bu barədə radioda xəbər verdik. Biz bu tıxac barədə dinləyicilərdən məlumat göndərmələrini xahiş etdik və təxminən 230-240 sms aldıq. Dinləyicilərdən bəziləri yazdı ki, maşınlardan bəziləri qarşı yola çıxıb geri dönürlər. Və mən bu mesajı efirdə oxudum. Bir müddət sonra yenidən mesajlar gəlməyə başladı ki, siz bunu dedikdən sonra hamı maşınları çevirib bu yolla qayıdır. Mən onda çox qorxdum, radio mən düşündüyümdən daha çox gücə sahibmiş. Tüklərim biz-biz olmuşdu ki, deməli, bir söz deməzdən əvvəl gərək düşünüm.

mak.az: Maraqlı sualımız var, bu Fatehlik iddiası haradan gəlib? Haranı fəth etmək istəyirsən?

DJ Fateh: 1999-cu ildə efirə çıxmalı idim, səmimi olaraq deyim ki, mən istəyirdim ki, mənim adımla bağlı olmasın bu iş. Bilmək olmazdı məndə alınacaq, yoxsa yox. Ona görə, başqa bir ad fikirləşirdim və elə həmin vaxt Rahib Azəri mənə bu adı təklif elədi. Ad çox xoşuma gəldi və istifadə etdim. Maraqlısı odur ki, mənə heç kim bu günə qədər türkiyəlilərlə əlaqələndirməyib. Həmin dövrlərdə Fatih Terimin belə məşhurluğu bu tip şübhələrin yaranmasına səbəb ola bilməmişdi.

mak.az: Media FM ilə Unibank çox maraqlı bir layihə etdi. Demək olar ki, Avroviziya qələbəmizdən bir neçə gün sonra Azərbaycan finalı üçün biletlərin oynanılması layihəsi…keçiriləcək yer bəlli deyil, biletlərin  qiyməti bəlli deyil, amma ideya unikaldır… qeyri-ciddi qəbul olunmaq riski var idi… bunu nəzərə almışdınız?

DJ Fateh: Açığı biz reputasiya riskimizi bu layihədə çox diqqətə almadıq, çünki bu günə qədər bütün viktorinalar və vəd olunan hədiyyələri tam şəkildə sona çatdıra bilmişik. Ona görə də bizim belə bir qayğımız yox idi. Bizim prinsipimiz hədiyyəni verib, daha çox adama bu barədə virus marketinq eləməkdir, nəinki eləməyib daha çox adama virus marketinq eləmək. Vaxt olub ki, VİP konsertlərin biletlərini vermişik dinləyicilərə, özümüz isə ayaq üstə konserti seyr etmişik.
Bu layihədə də partnyorumuz Unibank idi, onlar biletləri neçəyə olur-olsun təmin edəcəkdilər. Burada risk yox idi, çünki biz bunu qazanmışıq, deməli bunu həyata keçirməliyik, deməli bu keçiriləcəksə, böyük bir məkanda olacaq, ən azı 10 min nəfərlik yer olacaq. Hər halda, bu dəfə əsgərlərlə məkan doldurulmayacaq, insanlara bilet satılacaq. Bu arada qeyd edim ki, ideya tam olaraq Unibanka məxsusdur. Oturduq müzakirə etdik və qərar verdik ki, bu layihəni edəcəyik.
Hələ də şübhələr mövcuddur, bizi facebookda narahat edirlər, hər dəfə atmacalar olunur, amma bunlar olacaq şeylərdir.

mak.az: Evi su basmaq ilə bağlı bir hadisənin efirdə səslənməsinə şahid olmuşuq. Uşağın adını soruşduqda Aydın, hə onda Aydındır, su Aydınlıqdır kimi zarafatı edə bilmək…bu enerjini haradan alırsan?

DJ Fateh:
Bilirsiziniz, mən deyim ki, bu peşakar cəhətdir. İş məndən tələb edir ki, müəyyən mənada hazırcavab olum, müəyyən mənada kinayə ilə yanaşım, müəyyən mənada kədərlənim və s.
Həmin gün isə mən ümumiyyətlə maraqlı vəziyyətdə idim; FHN gəlib, qapını aça bilmirlər, öz-özümə fikirləşdim ki, indi nə maraqlı ola bilər… Bütün bu şırhaşırın içində qapını açardı bir dənə Aydın adında biri, mən də deyərdim su aydınlıqdır, bütün bu hekayənin piki olardı. Efirdə isə bəzən mənim başıma gəlməmiş hadisələri də danışıram, amma mənim ətrafımda olan adamların başına gəlir. Məsələn, mən bayaq Nərgiz Ticarət mərkəzinin yanından keçirdim, üstümə su dağıldı. Açıq rəngdə şalvar geyinmişdim. Üzərimdəki izlər sudan çox fərqli bir fikir yaradırdı :).  Və mən düşünürdüm ki, ay Allah, bu nə biabırçılıqdır, görüşə gedirəm, camaat nə fikirləşəcək filan… Bu fikirlə gəlirəm və qarşıma bir qadın ilə qızı çıxdı. Qızına məni göstərir, yanlarından keçəndə mənə baxıb gülürdülər. Mən də özümü saxlamadım dedim ki, neyniyək arada olur da… Mənə görə, bizim həyat ki var istər Bakıda, istər dünyanın başqa şəhərində, ona gülməyi bacarmaq lazımdır. Bu, bəlkə qeyri-ciddilik kimi də qəbul oluna bilər, amma mən bu qeyri-ciddiliyi özümə yaraşdırıram…

mak.az: Kinayədən danışmışkən, pomidor-yumurtada bir zarafat var… hardan çıxdı bu ad?

DJ Fateh: Ümumiyyətlə, proqram üçün ad məsələsi necə yaranır bu barədə deyim. Bu, adətən kollektiv şəkildə müzakirə olunur. Veriliş 2 nəfər tərəfindən aparılacaqdı, ona görə ikili ad ağlımızda var idi.  Pomidor-yumurta mənim təklifim idi və pomidor-yumurtanın kim olması isə - hələ ki, bilmirik kim kimdir.
Bu adın əsas önəmi odur ki, heç kim düşünmür ki, bu veriliş ciddi mövzuludur, hər kəs istədiyini zəng vurub müzakirə edə bilir. Bu, şouya zəng edənlərin şousu deyil, dinləyənlərin şousudur. Bizim sponsorlar da həmin insanlara işləyir.

mak.az: Vergilər Nazirliyin reklam çarxı barədə onlayn dərgimizdə bir neçə əsəbi suallar var. Bu suallar saytda yerləşdirilən variantla hal-hazırda efirdə gedən variantların arasındakı sonluq fərqilə bağlıdır. Saytdakı variantda bizim üçün də maraqlı olan səhnə var, niyə bu hissə efirdə getmir? Auditoriya, yoxsa sifarişçi bu cür şeylərə hazır deyil?

DJ Fateh: Əslində, bu reklamda çəkilmək üçün SS Production şirkətindən təklif aldım, onlar daha çox kopirayter kimi məni bu işə cəlb etdilər və bir neçə senari yazdım. Biri bəyənildi, sonradan Könül xanım soruşdu ki, bəs kim çəkiləcək? Mən tərəddüd etmədən dedim ki,  mən tanıyıram sadəcə eynək taxır, əlbəttə ki, özümü nəzərdə tuturdum :) Onların da xoşuna gəldi. Reklam çəkilişləri başladı, hər şey planlaşdırıldığı kimi gedirdi, son səhnədə mən köynəyi qızın üzərinə atdım, bu senaridə nəzərdə tutulmamışdı, hamı şokda idi. Mən bunu daha çox bir az prosesi canlandırmaq məqsədi ilə etdim. Sonradan isə bu istifadə olundu. Lakin sonra Vergilər Nazirliyi bu səhnəni efir variantına daxil etməyə icazə vermədi.

mak.az: Ümumiyyətlə, bu tip zarafata, aqressivliyə bizim efir məkanı hazırdırmı? Lazımdırmı?

DJ Fateh: Tam hazırdır və lazımdır. Çünki mən metodlardan istifadə edirəm və mənə maraqlıdır ki, bu barədə insanların reaksiyası necə olacaq. Mənim bu cür hərəkətlərimə, həm deputat, həm biznesmen, həm adi vətəndaş - bir çox müxtəlif statuslu insanlar fikir bildirir.
 
mak.az: Bugün (22 iyul) milli mətbuat günüdür, sizcə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov bu dördə yaşasa hansı mediani seçərdi? TV, Radio, Qəzet-Jurnal yoxsa ...

DJ Fateh: Zənnimcə, bu suala cavab vermək nə dərəcədə asan gəlirsə, sadlanan şəxslərin indiki zəmanədə bir seçim etməsi bir o qədər zor olardı. Bazar iqtisadiyyatı, sözü gedən, mütəfəkkirlərin sosial məramını başa düşməyə bilərdi. Onlar hansısa qurumun KSM işini və ya qrant hesabına bir QHT kimi fəaliyyət göstərə bilərdilər. İnternet üzərindən bir layihə etmiş olsaydılar da, güman ki, daha dar auditoriya sahibi olacaqdılar.

Baxılıb: 6509

Şərhlər