Sosial şəbəkələrdə yayımla

Müsahibə - Elxan Ağamirzəyev

Ağamirzəyev Elxan Polad oğlu 05.10.1974 tarixində Quba şəhərində anadan olub.
1991-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Fakültəsinə daxil olub və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirb.
1994-1995 akademik ilini tələbə mübadiləsi proqrami üzrə Viskonsin Ştatının Universitetində (ABŞ) keçirib.
2003-cü ildə biznes sahəsində təhsilini davam etmək qərarına gəlib. Amerikanın prestijli Yale, Rochester və Emory Universtitetlərinə dəvət alıb və onların arasında Emory Universtitetində təhsil almaq qərarına gəlib və 2005-ci ildə Marketing və Maliyyə sahələrində MBA dərəcəsini alıb.
1996-1998-ci illərdə Bakı Dövlət Universtitetində dərs deyib.
1998-ci ildə Procter&Gamble şirkətində çalışıb. Bundan sonra Neft və Qaz sahəsində Vergilər, Hüquq, Kommersiya, Maliyyə sahələrində müxtəlif vəzifələrdə çalışıb.
1999-cu ildə Bakılılar.az saytını yaradıb.
Yaratdığı Bakililar MMC şirkəti İT, Marketing, Konsaltinq sahələrində xidmətlər göstərir. Odnoklassniki.ru saytının Azərbaycan üzrə eksklyuziv partnyorudur.
Yeniliklə, Moldovada Via Marketing SRL şirkətini yaradıb və Odnoklassniki.ru ilə əməkdaşlığını orda da davam edir.
Evlidir, iki övladı var.


mak.az: Azərbaycanın ilk saytlarından birinin qurucusu olmaq necə bir hissdir? Gəlin həmin dövrləri xatırlayaq.

Elxan Ağamirzəyev: Borcun yetirilməsi hissi. İnternetin geniş istifadəsi Azərbaycana gec gəlib və məsələn, ermənilər bu faktı öz propaqandalarında istifadə edib bizi geridə qalmış bir xalq kimi göstərməyə çalışırdılar. Bakililar.az saytının qısa bir zamanda bütün Cənubi Qafqaz saytları arasında ən populyar və hətta keçmiş SSSR saytları arasında top 100 saytlar arasına daxil olması bu söhbətlərə son qoydu. 

Bundan əlavə, Bakililar.az çox sayda azərbaycanlıları yeni saytlar yaratmağa həvəsləndirib və Azərbaycanda İnternetin inkişafına güclü təkan verib. 

mak.az: İşlərinizlə əlaqəli vaxtınız böyük hissəsini ölkəmizdən kənarda olursunuz, inkişaf etmiş  ölkələrlə Azərbaycanın interaktiv həyatını  müqayisə etsək, biz haralardayıq?

Elxan Ağamirzəyev: Təəssüf ki, arzu ediləndən qat qat geridə. İnkişaf etmiş ölkələrdə əgər internetdən 50-70% istifadə edilirsə, bizdə bu göstərici təxminən 10-12% ətrafındadır. Lakin MDB-nin bəzi ölkələrində bu göstərici 30-40% bərabərdir. 

Belə zəif inkişafın bir neçə səbəbi var:

Birincisi, internet əlaqənin qiyməti bizdə digər ölkələrlə müqayisədə dəfələrlə bahadır və baha olub, bəzən 10 dəfə və daha artıq.

İkincisi, internetə qoşulmaq üçün, əlbəttə ki, bilgisayar olmalıdır və  burda mövzuda da qiymətlər Azərbaycanda heç də ucuz deyil. 

Üçüncüsü, Azərbaycanın regionlarında internet istifadəsi sıfıra yaxındır. Həm infrastruktur yoxdur, həm maddi imkan, həm lazımi təhsil və hazırlıq. 

Dördüncüsü, bizdə  texniki təhsilin (xüsusilə də informasiya texnologiyaları  sahəsində) səviyyəsi çox aşağıdır və bu səbəbindən həm internet xidmətləri təklifi, həm də tələbatı aşağıdır.

Beşincisi isə, bizim dilimizin və əlifbamızın internetdə dəstəyi həm çox zəif olub, həm də illərlə gecikdirilib. Məsələn, hətta indinin özündə də, eyni şrift ilə ingiliscə, rusca və yaxud azərbaycanca yazsaz, azərbaycanca yazının əks etdirilmə keyfiyyətində xeyli fərq hiss edərsiniz. 
 
mak.az: İnternet Reklam daha effektlidir! iddiadır yoxsa fakt?

Elxan Ağamirzəyev: Bu reklam kampaniyasının qabağına qoyulmuş məqsədlərdən asılıdır və həm də konkret xidmətdən, məhsuldan, bazardan asılıdır. Ancaq, ümumiyyətlə demək olar ki, bizdə İnternet reklamın imkanlarından istifadə lazımınca istifadə olunmur və bu da şirkətlərə itki gətirir.

Adətən, ən ucuz TV reklam sayılır. Amma son 6 ildə Azərbaycanda bu növ reklamın qiyməti 6 dəfə artıb. Bu fonda, düzgün seçilmiş İnternet reklam daha əlverişli ola bilər.

Qəribədir ki, bizim reklamvericilər  İnternet reklamın effektivliyini ancaq kliklə ölçür, baxmayaraq ki 95% reklam büdcələrini klikin heç mümkün olmadığı TV, radio, çap, bilbord və sair reklamlara yönəldır. Reklamvericilər bilməlidirlər ki, İnternet reklamın interaktiv imkanları, klik daxil olmaq ilə bu növ reklamın əlavə üstünlüyüdür -yeganə yox və digər növ reklam kanalların təqdim edən imkanlar burda da mövcuddur və onlar da ölçülə bilinir.

Azərbaycanda İnternet Reklamın  ən əlverişli variantlarından, Odnoklassniki.ru saytında reklamı  qeyd edə bilərik. Bu sayt Azərbaycanda yaşayanlar arasında ən populyar saytdır və ayda 600 000 unikal şəxs bu saytı ziyarət edir və 100 milyona yaxın səhifəni gözdən keçirir. Bu o deməkdir ki, Azərbaycanın bütün internet istifadəçilərinin 70%-ə yaxını, rusdilli və yaxud azərbaycan dilli olmasından asılı olmayaraq, hər ay orda olur. 

Bu cür auditoriyanı  əhatə etmək üçün alternativ yolla Azərbaycanın, yəgin ki, digər 20 saytında eyni vaxtda reklam aparmaq tələb olunardı, çünki auditoriyanı sadəcə cəmləmək olmaz.

Odnoklassniki.ru da reklamın bəzi digər üstunlükləri (həm digər saytlardan, həm də  TV-dən, bilbordlardan və s.): 

    * Reklamın cins və yaş üzrə ancaq müəyyən lazımi əhali qruplarına göstərilməsi
    * Hər şəxsə gündəlik neçə dəfə reklamın nümayiş olunması limiti (bu da əhatəni qat qat artırmaq imkanı verir)
    * Zaman tarqetingi
    * Ancaq Azərbaycandan olan istifadəçilərə göstərilir
    * İri ölçülü reklam
    * Müstəqil Adriver real-zaman statistikası.

Ümumiyyətlə isə, İnternet reklamın Azərbaycanda zəif istifadəsi, marketinq biliyi səviyyəsinin həm şirkətlərdə, həm də reklam agentliklərinin çoxunda aşağı səviyyədə olmasından irəli gəlir. TV reklam və yaxud bilbordlarda reklam xüsusi bilik tələb etmir, internet reklam işində isə vəziyyət bir az başqadır.

Təəssüf ki, bizim marketinq “mütəxəssis”lərin zəifliyindən bir çox sayt sahibləri haqqsız olaraq faydalanır. Məsələn, Azərbaycanda Alexa.com fırıldağı çox geniş  istifadə olunur. Bu sayt hər ölkə üçün reytinq qurur. Onun əsası odur ki, Alexa.com saytından proqram istifadəçinin kompüterinə qurulur və bu proqram istifadəçinin hansı saytları ziyarət etdiyini izləyir. Alexa.com saytının Azərbaycanda təbii istifadəçiləri demək olar ki 5-10 adamdır. Məsələn, 100 tanışınızdan soruşsaz, onların birində də bu proqram tapılmayacaq. Amma fırıldaqçı istifadəçilər Azərbaycanda yüzlərlədir. Onlar bu proqramı öz kompüterlərinə qurur, sonra da öz saytlarına vaxtaşırı daxil olur, çox vaxt avtomatik olaraq. 

Əsl neytral və hər bir viziti ölçən sayğaclardan başları çıxmayan bir çox reklam agentliyi, Alexa.com əsasında reklam kampaniyaları qurur və nəticədə bu fırıldaqçı saytları daha da həvəsləndirir.

Son zamanlar bu falsifikasıya yarışması o yerə çatıb ki, Alexa.com saytında nəinki Azərbaycan üzrə, hətta dünya reytinqi üzrə bizim ölkədən ilk 2000-10000 saytlar arasında 10 qədər “təmsilçimiz” var və bu utandırıcı bir haldır. Bu saytların çoxunun 100 000 – 150 000 real istifadəçisi var ki, bu da heç dünyanin ilk 50 000 saytının siyahısı üçün kifayət olmamalıdır. 

Elə bir gülünc hal alınıb ki, cəmi ayda 15000 yaxın istifadəçisi olan “salamnyuz”  saytı Azərbaycan üzrə 23-cü yerdə gedir Alexa.com saytında, amma 300 000 yaxın, yəni 20 dəfə çox istifadəçisi olan, Bakililar.az saytı 118-ci yerdədir. 

Yenə də, real trafiklə, neytral sayğaclar əsasında, Bakililar.az ölkəmizin ən populyar 3-4 saytı sırasındadır. Biz prinsipcə bu Alexa.com fırıldağına qoşulmaq istəmirik və arzu edirik ki, reklamvericilər də  bu metriksdən uzaqlaşsınlar ki, digər sayt yaradıcıları saytın populyarlaşması ilə məşğul olsun, yalan rəğəmlərlə yox.
 

mak.az: Bir çox ilk başlayan saytlar kimi sizin resurslar da rus dilindədir, bu mövzuda nə düşünürsünüz? O vaxt ki, texniki problemlərin hal-hazırda demək olar ki, aradan qalxması  niyə mənzərəni dəyişmir?

Elxan Ağamirzəyev: Bakililar.az yarananda əsas məqsədlərdən biri Azərbaycan tərəfinin ermənilər ilə  konfliktdə mövqeyini rusdilli keçmiş SSSR auditoriyasına çatdırmaq idi və bu məqsəd hələ də durur. Məsələn, azərbaycanlıların ermənilər tərəfdən genosidi, dünya üzrə erməni terror aklarının ətraflı xronoloqiyası və s. 

Buna görə də, rus versiyasının saytda olması vacibdir. Amma bizim yaxın planlarımızda doğma dilimizdə versiyanın yaradılması nəzərdə tutulur. 
 
mak.az: İnternetin ən son parlayan mövzusu və  istiqaməti olan sosial şəbəkələrin ölkəmizdə də məşhur olduğu danılmaz faktdır, sizcə marketinq cəhətdən bu şəbəkələr kifayət qədər effektli istifadə olunurmu?

Elxan Ağamirzəyev: Bu sahədə inkişaf var. Bu sosial şəbəkələrdən ən populyarı Azərbaycanda Odnoklassniki.ru saytıdır. Artıq bir ildir ki, Bakililar LTD şirkəti bu saytı Azərbaycanda eksklüziv olaraq təmsil edir və bu il ərzində bu saytın Azərbaycan seqmentində reklamın sayı təxminən 10 dəfə artıb. 

Qürur doğurucu bir haldır ki, bizim reklamvericilərin əksəriyyəti sınaq reklamından sonra bizdə daimi olaraq və yaxud vaxt aşırı olaraq Odnoklassniki.ru saytında reklam yerləşdirirlər.

Bundan əlavə, Odnoklassniki.ru da banner reklamından əlavə digər imkanlar da var ki, bu yaxınlarda Azərbaycan şirkətlərinə də təqdim olunacaq.
 

mak.az: Təxmini ölkədəki internet reklamı  nə qədərdir?

Elxan Ağamirzəyev: Əlbəttə ki, bu sahədə  şəffaf məlumat yoxdur, amma bizim həsablamalara görə, illik pul həcmi təxminən 0.9-1.2 milyon manat arasındadır. Biz gözləyirik ki, bu rəqəm ildə 15-20% artacaq.

mak.az: İnternet reklam xidmətlərinizlə bağlı hansı maraqlı məqamları marketerlərə söyləmək istərdiniz?

Elxan Ağamirzəyev: İnternet reklam inkişaf etmiş  ölkələrdə artıq ümumi reklam büdcələrində 15-25% yer tutur və, məsələn Böyük Britaniyada 2009-cu ildə ilk dəfə olaraq internet treklam TV reklamı irəliləyib.

Bizim marketerlər hələ  də çox geridədirlər və reklam büdcəsinin 0-10% dən  çox adətən bu sahəyə ayırmırlar. 

Nəticədə, qəribə  hal alınır: onların müştəriləri artıq çoxdan internetdə  əsasən tapıla bilir, yəni bir çox yüksək təhsilli və imkanlı şəxslər, heç yerli kanallara baxmir, çap məhsullarını izləmir, amma reklamvericilər onları hələ də köhnə üsulla axtarır.

Bunun yan effekti də  odur ki, TV reklam, məsələn, çox böyük templə bahalaşır. 

Bu cəhətdən, hansı şirkət ki, indi rəqiblərindən qabaq, internet reklama lazımi diqqət yetirəcək, öz bilik səviyyəsini artıracaq və bu növ reklama prioritet verəcək, sonda rəqabətdə böyük üstünlük əldə edəcək.

Fürsətdən istifadə  edib, MAK-ın gördüyü işin vacibliyini qeyd etmək istəyirəm. Sizin marketoloqları bir yerə gətirməniz, onların bilik mübadiləsində və inkişafinda olan rolunuz çox vacib və lazımlıdır. 

mak.az: Bildiyimiz qədəri ilə  Aze.az saytı da sizə məxsusdur. Yeni tərtibatla oxucularınıza xəbər yayımı edirsiniz, Xəbər portalı  olmaq nə qədər asan və  çətin işdir?

Elxan Ağamirzəyev: Aze.az saytı yaranan andan Azərbaycanın ən çox oxunan iki xəbər saytları  sırasına çıxmışdır.

Bunun əsas səbəbi, yeni texnoloqiyalardan istifadə, qərəzsiz xəbər təqdimatı üslubu, xəbərlərin maraqlılıq və vaciblilik faktorları arasında lazımi balans, oxucuların maraqlarının izlənməsi və nəzərə alınması və sairədir.

Xəbər portalı professional diqqət tələb edir və bu sahəyə Aze.az saytının Baş  Redaktoru Sevinc Əhmədova, redaktorlar və jurnalistlər komandası  cavabdehdirlər.

Baxılıb: 7016

Şərhlər(22)

Şərhlər (22)

Jalal Amiraslan Jalal Amiraslan
Bizim millətdə çox maraqlı bir xarakter var, mütləq kimisə qınaqa çəkməlidirlər-) Bakililar.az yarananda təsəvvür edirəm Azəri dil dəstəyi nə gündə idi..Adi nəzərə alsaq ki bu gün Online satış üçün mövcud cms-sistemlərin heç birinin azəri dil dəstəyi yoxdu, məcbur qalıb ,başdan ayağa tərcümə etməli oluruq.O zamanlar da Rİp yaxud nulled skriptdən istifadə edilsə belə alqışa layiqdir. Ancaq razılaşıram ki , Bakililar.az bu gün baxımsız formadadı.Reklam mövzusuna gəldikdə isə, facebook-un fərqli,odno-nikin fərqli auditoriyası var.Və hesab edirəm ki facebookun imkanları nə qədər çox olsada ,həmin sosial şəbələdə istifadəçilərin reklama diqqəti çox azdır.(sanki real reklamlara oxşamır,yaxud istifadəçini cəlb etmir) Hər halda bu mənim şəxsi fikrimdi.

Təşəkkürlər
Emin Quluzadə Emin Quluzadə
Məncə mak.az istifadəçiləri, bu millətin bir hissəsi olaraq, SHaigə öz etirazlarını bildirməlidirlər! Necə deyərlər - ictimai qınaq şəklində.
AZE.az AZE.az
Shaig,

Gəlin özümüzə, millətimizə bir hörmət olaraq, qoyulmuş qaydalara riayət etməyi öyrənək.

Aflatunus və Mak aşağıda tövsiyə ediblər ki, fb vs ok müzakirəsi forumda davam etsin və buna hörmətsiz yanaşmağınızın səbəbi mənə aydın deyil.

Hörmətlə,

Elxan
SHaig SHaig
Salam.
Mənim dediyim üstünlüklər Page www.facebook.com/nikefootball və API-lərdə apps.facebook.com/seyahetim/ reklam imkanı varsa onu niyə də reklama qatmayım. Sadəcə üstünlükdür. Odnoklassnikidə də API açılmağa başlaması deməli uğurun davamıdır. Uğurlu üstünlük olmasa idi açılmazdı. Və odnoklassnikinin sonradan açması deməlu uğurlu modelidir davamıdır. Ona görə reklama qatılmağı normaldı.

Box.az-a qalanda orada real reklam olduğuna görə o qədər keçid verib. Text reklamları var.

Aze.az-a keçid verilməmə səbəbi isə sadədir. Aze.azın Facebookda Pagei olsa və 6000+ üzvü olsa, orada linklər paylaşılsa kifayət qədər keçid alar - www.facebook.com/pages/www1NEWSaz/305995220062

Facebookun rəqəmlərini isə reklamlar başa çatandan sonra yazaram.

Mən elə həmişə kifayət qədər çox linklə danışıram. Mümkün olsa sizdə öz arqumentiniz haqqında FORUMDA bir mənbə göstərərdiniz və müzakirəni də ətraflı orada davam edərdik.

P.S. heç bir çayxanada bu qədər link paylaşmırlar. mən developer kimi yazıram.
mak mak
fcbk vs. odnklsnk muzakiresi forumda davam edir, burada umumi xarakterli suallar ve fikirler post olunsun xahish olunur.
aflatunus aflatunus
Maraqlı müzakire gedir. Qoşulmaq istiyirem, ancaq Facebook vs. Odnoklassniki müzakiresinin bu müsahibe üzerinden getmesi mence düzgün deyil. Belke Forumda bir mövzu açaq bu barede?
AZE.az AZE.az
Shaig, salam

Gəlin APİ-yı reklam ilə biri birinə qatmayaq. Korporativ APİ funksionali Odnoklassniki.ru da planlaşdırılır və onda APİ-APİ müqayisə oluna bilər.

Reklama gəldikdə, Facebookda klik reklamını mən özüm sınamışam. Birincisi, klikin biri artıq qəlib 20 sent səviyyəsinə çatıb. Bu da ki, nə qrafik üstünlüyü olmayan (Odnoklassniki.ru kimi), nə də ki search context üstünlüyü olmayan (google, yandex) bir klik üçün heç də az deyil və daha da bahalaşıb bir ilə 0.4 səviyyəsinə gədər çata bilər auksyon sistemi olduğundan. Hər halda, 20 sentdən öz məlumatına görə gündə cəmi 10-20 klik verir ki, bu da qiymətlərin artacağını göstərir.

İndiki klik qiyməti ilə, 100 manata 500 klik alacaq ki, bu da heç bir əhəmiyyət etməyəcək və heç administrasiyasını kampaniyanın doğrultmur.

Mənim testimdən, Facebook-da reklam CTR-ı Odnoklassniki CTR-ından aşağıdır. Qrafikanın vacibliyinin testi: hətta balaca loqo ilə CTR 0.08% dən 0.1% artdı test zamanı Facebook-da.

Fırıldaq: mən Sizə Norveçdən bir real fakt gətirdim Facebookun fırıldağı barədə. Amma Siz boş yerə böhtan atırsız onun əsasında ki Russiya saytıdır. Onlar hər halda üçüncü tərəfin məlumatını verir klientə. Facebook amma istədiyini edə bilər və edir.

Bundan əlavə, Liveinternet stats ilə digər kampaniyalardan gördüyüm fərq, Facebook ilə gördüyüm fərqdən qat qat azdır. Yəqin Liveinternetin Facebook ilə qəsdi qərəzliyi var?

Əgər kimsə bunu yoxlamaq istərsə, rus və ya Amerika qoysun bir yana, və özü testini etsin.

Təəssüf ki, bizdə statistika analizindən başı çıxan mütəxəssislər çox azdır və hətta Marketinq dərslərinin ancaq yumşaq aspektləri keçirilir, həsablama məqamları isə diqqət almır.

Hətta burda da mütəxəssislərin müzakirələrinə baxsaz, görərsiz ki, söhbət hisslərdən, subyektiv təəssüratlardan gedir, həsablamalardan yox, rəqəmlər də görəndə, nə cür onları düzgün oxumağı bilmir.

Referrallara gələndə, yenə də, reklamı səhv salırsız məlumat axtarışı və bölüşmə ilə. Sizin statistika görə, box.az elə facebook vaciblikdədir və yəqin 1 mlrd dollarlıq qiyməti var.

Facebook keçidlərinin cüzi bir hissəsi pullu reklama aiddir. Və şirkətləri bloggerlərlə səhv salmaq lazım deyil. Onlar saytlarına populyar kontent qoyub oxucular gətirməklə yox, biznesləri ilə maraqlanan və həmən brand üçün gələn auditoriya istəyir.

Sonra, Siz öz saytınızın statistikasını bir qlobal statistika kimi nəzərdən keçirirsiz, bu da ki çox böyük bir səhvdir.

Məsələn, AZE.az saytına əsas keçidlər google, yandex, mail.ru search, Odnoklassniki.ru (reklam) gəlir, FB-dən orqanik giriş çəmi 5-10 dur və heç 200-cü yerdə də deyil. Bundan nə nəticə çıxarmaq olar ki?

Anlayın ki, search, kataloq və link sharingin məqsədi elə saytlara referral göndərməkdir. Onları bu məqsədlə yaradıblar və bu saytın trafikinə ancaq həmən funksionalı olan saytlarla müqayisədə bir parametr ola bilər. Birdə, əlbəttə, email xidmətləri.

Odnoklassniki isə belə referral imkanı yaradmır hələlik və bu da reklamverici üçün daha yaxşıdır, çünki istifadəçinin diqqəti min şeyə yayılmayıb.

Shaig, çox xahiş edirəm, gəlin professional söhbət edək və faktsız heç kimə ləkə yaxmaq lazım deyil. Odnoklassniki tanışlıq saytı yox, sosial netdir və əksər auditoriyanın profilində öz dost tanışlarıdır, mazağlaşma tanışları yox. Bundan əlavə, orda camaat öz adı ilə oturur və özünü biabır etmir.

Yox əgər söhbət professional marketoloq səviyyəsində yox, çayxana söhbəti kimi aparılacaqsa, onda burda ünsiyyətimizi saxlayaq.
SHaig SHaig
Salam.
Araya bayram filan girdi, cavab bir az gec oldu....

Dni.ru ilə bağlı məsələ artıq maraqlı olub ) - url.az/382

Sözün düzü Rusiya kimi bir ölkənin məhsulunun fırıldaqlı olduğuna inanmaq daha asandır, nəyinki Facebook-un.

Əfsanə məsələsi də, qulaq asmaq xoşuma gəlsə də danışmaqla aram yoxdu. Mən kampaniyanın içində olmamışam deyə statistik məlumatları dəqiqliklə deyə bilməyəcəm. Səhv etmirəmsə kitab klubu idi. Sadəcə bir məclisdə reklam verən özü məmnuniyyətini bildirmişdi. Araşdırıb yazaram. Digər bir reklam isə Qafqaz Jazz festivalının reklamı olmuşdu. Bu zaman da nəticədən razı qalınmışdı.
İndi niyə kitab reklamının odnoklassnikidə uğursuz ola biləcəyi fikrimi əsaslandırım. Bir neçə səbəbi var. Əvvəla kitablar o qədər bahalı və çox satılan bir əşya deyilki ona çox pul xərclənsin. Odnoklassnikidə qiymətlər kifayət qədər yüksəkdir. Kitab üçün bu sərfəli olmaz. Odnoklassnikidə kiçik büdcələrlə reklam imkanı yoxdur. Mən 100 manata özümə lazım olan kütləyə reklam edə bilmərəm, ancaq Facebookda bu mümkündür. Ən böyük üstünlük isə klikə görə reklam vermək imkanı var. Yəni kitabla maraqlanan adamlara pul verməli olacam, mənə onları görən lazım deyil.

Söz klikdən açılmışkən, Facebook istifadəçilərinin klikləmə alışqanlığı Odnoklassnikidən qat qat çoxdur. Odnoklassnikdə klikə üstünlük verməyənlər reklam verirsə onların özləri bu barədə şərh eləsinlər. Ancaq internet reklamda əsas üstünlük insanları öz səhifənə çəkmək, onu tanıtmaqdır. Hər reklam kampaniyasında müəyyən qədər istifadəçi qazanılsa, gələcək kampaniyalar üçün üstünlük əldə edilir.
Facebookda klik anlayışının yüksəkliyinə səbəb, onun özündə sosial media statusu daşımasından irəli gəlir. Burada klikləmə və paylaşım faizləri daha çoxdur. Bir az doğru strategiya ilə minimum xərclə maksimum nəticə əldə etmək olar. Page-lər, Qruplar, Evnetlər və onların daxili reklamdakı üstünlükləri.

Hətta pulsuz belə Facebookdan istifadəçi çəkmək mümkündür. Onun share-i üçün API-lər və page-nin funksiyalarından yararlanaraq bunu rahat etmək olar.

Facebookda olan klikləmə və paylaşım alışqanlığına sadə bir nümunə kimi öz əlimdə olan real statistikaları götürəcəm. Saytımızın son aylardakı keçidləri - url.az/387

Google-dan sonra ən çox keçid verən sayt Facebookdur. Bu Facebookda pul xərclənmədən alınan nəticələrdir. Sadəcə düzgün istifadə eləmək lazımdır. url.az/388

Ancaq Odnoklassniki belə mühit üçün əlverişli deyil, tanışlıq saytıdır. Deməli Odnoklassniki.ru saytının 25% yaxını qədər useri olan bir sayt Google-a yaxın keçid verir. Azərbaycanın bütün internet istifadəçilərinin 70% yaxınının əhatə etdiyi bir say isə 1-2min useri olan Twitter qədər belə keçid veməyib. Mail.ru , Yandex.ru-dan keçidlər olub 10 dənə keçiddən çox olan saytlar arasında ondoklassniki yoxdur - url.az/389. Ona görə Facebooka uduzduğunu düşünürəm. Odnoklassnikidə ən yaxşı brendinq reklamı olar.
AZE.az AZE.az
Emin, salam

Azneti bağlamaq lazım deyil, inkişaf etdirmək lazımdır. Qaldı ki, reklamvericilərə, onların öz şirkətləri qarşısında borclarıdır ən sərfəli, rahat, böyük kanallardan istifadə etmək, Ermənistan ilə əlaqədar məqamı çıxmaq ilə.

Klikə münasibət:

Sizin münasibət kəskin, ritorik və qeyri-elmidir. Deyək ki, mənim şirkətimdə iki işçi var, biri overtime işləmək istəmir, o birisi razıdır. Bu o deməkdir ki, ikincisinin işini ancaq overtime-da gördüyü xeyir ilə ölçməliyəm, çünki bu onun *əsas fərqidir? Yoxsa ümumi gördüyü işlə?

Kliklər hələ hədəf auditoriya demək deyil, eyni ilə də klik etməyənlər hədəf auditoriyadan kənar deyil. Məsələn, deyək ki mən avto reklamı görürəm, amma maşını ancaq 2 aydan almaq fikirim var. İndi klikləməsəm də, reklam mənim qərarıma təsir göstərə bilər. Nadir hallarda reklam olunan xidmət elə indi lazımdır. Və nadir hallarda reklam o saat hərəkətə gətirir. Əvvəl hər bir kliyentin qabağında tanınma və fikir yaratmaq lazımdır.

Bundan əlavə, eyni kampaniya, eynı məhsul, eyni kanal üçün üçün iki banner yaratmaq olar ki, onların CTR-ı 5 dəfə fərqlənsin.

Və, marağlıdır ki, bizdə reklam kampaniyalarının sifarişlərində 30%+ hallarda basılmaz banner istifadə edirlər. Bütün məlumat elə ordadır.

O ki qaldı Odnoklassniki.ru da CTR-a, burda heç bir sirr yoxdur: orta CTR 0.15% təşkil edir və 0.3%-ə çata bilir. Ümumi əhatədən kampaniyaya keçənlərin sayı 2-6% təşkil edir adətən, bu da ki çox yaxşı göstəricidir.

Sizdən sitat: *interaktiv əlavə yox, əsas üstünlükdür*.

Bunu yazmaq Günəş qaynar yox, böyükdür yazmaq kimidir və əlavə şərhdə ehtiyac görmürəm. Sadə məntiq səhvidir.

Hörmətlə,

Elxan
Scientology Scientology
Aşağıdakı söhbət (postum) müsahibə sahibindən deyil, neudaçnik ənqidçilərdən gedirdi. Nəzərə alın.
Scientology Scientology
Deyirəm görəsən Yumrunun daşı niyə belə ağırdı, çoxunun başına düşüb?
Bizim millət layihələri dəstəkləmək əvəzinə elə mız qoymaqla məşğuldu, hansı ki, tənqid edənin üstünə düşsən özü nəinki çöpü-çöp üstünə qoymayıb, ümumiyyətlə keyfiyyətsiz və həyatda neudaçnikin biridi.
Emin Quluzadə Emin Quluzadə
Yenə Yumroo söhbəti... Gəlin yenə Azneti 'bağlayaq' indi də keçək hamımız Odnoklassniki-yə :)

Elxan, kiminsə öz biznesini PR etməyi normal bir haldır. Amma gəlin bəzi məsələlərə aydınlıq gətirək reklamverənlərə də bu sahədə çalışanlara da faydası olsun.

1. Qəribədir ki, bizim reklamvericilər İnternet reklamın effektivliyini ancaq kliklə ölçür, baxmayaraq ki 95% reklam büdcələrini klikin heç mümkün olmadığı TV, radio, çap, bilbord və sair reklamlara yönəldır.

Əslində, sizin klikə belə münasibətiniz qəribədir. İnternet-in TV, Radio, outdoor-dan əsas fərqlərindən (və üstünlüklərindən) biri elə odur ki, burada reklamın effektini (ən azından maraq döğurma effekti) daha dəqiq ölçmək mümkündür. Məsələn Göstəriş (view) sayı mənə yalnız auditoriyanın sayı və saytdan nə qədər istifadə etdiyi haqında xəbər verir. Amma klik isə - reklama marağı (ilkin də olsa) olan insanların sayı göstərir. Bu insanlar isə kimlərdir? Düzdür, Hədəf Auditoriya.

Bəlkə də sizin belə danışmağınızın səbəbi Odnoklassniki-də bannerlərə klik sayının o qədər də çox olmamasıdır (ayrılan büdcəyə görə). Hər-halda, belə bir məlumatlar mənə çatır. Özümüzdə bir dəfə sınayarıq, inşaAllah. Amma hər-halda bu həm də bannerin kreativindən və ümumiyyətlə Odnoklassniki-yə relevant olmasından asılıdır.

Reklamvericilər bilməlidirlər ki, İnternet reklamın interaktiv imkanları, klik daxil olmaq ilə bu növ reklamın əlavə üstünlüyüdür -yeganə yox və digər növ reklam kanalların təqdim edən imkanlar burda da mövcuddur və onlar da ölçülə bilinir.

Elxan, interaktiv əlavə yox, əsas üstünlükdür. Əlbəttə, banner Branding üçün də istifadə olunur. Amma TV və Outdoor-a bu məsələdə birmənalı olaraq uduzur.

Sizin TV reklamda nə qədər vaxtınız var auditoriya mesajınızı çatdırmağa? Bəs bilbordda? Hə, İnternet isə sizə imkan verir ki, auditoriya ilə dialoq yaradasınız (hələ engagementdən danışmıram). Banner isə əsas yox sadəcə bu dialoqa dəvət edən mesaj olmalıdır.

O ki, qaldı Branding-in effektinin (Awareness, Perseption, Attitude etc.) ölçülməsinə, əsas üsul yenə də sorğudur. Və burda da kampaniya kompleksli keçirilirsə İnternet reklamının rolunu ayrıca öyrənmək lazımdır.

Klik isə bizə bir çox məlumatları avtomatik verir (Google analytics və s.)

10 dəqiqə sonra davam




AZE.az AZE.az
Shaig, salam

1. Bakililar.az kimi bir saytın özünün development komandası olmalıdır.

- Bakiliların xərci gəlirindən hətta indi də çoxdur. Bunu daha da artırmaqda ehtiyac görmürəm.

2. Rambler vs. Yahoo vs. Bakililar - həvəsinis varsa, forumda bu mövzunu davam edə bilərik. Mən şəxsən düşünürəm ki, fərq kifayət qədərdir, Siz - yox. Əgər dəqiq birə bir dizayn götürmə nümunəsi istəyirsizsə, bu günlərdə respublikada tanınmış xəbər saytlarından biri dizaynını yeniləyib və birə bir dni.ru saytının dizaynını götürüb. Sizin üçün maraqlı olar ) Özüdə onların maliyyə resursları da var, development komandası da ))

3. Facebook vs Odnoklassniki. Siz bəzi şəxsi fikirlərinizi bir fakt kimi yazırsız ki, bu da səhvdir və qəbul olunmazdır bir professional üçün.

Facebookun cəmi 160 000 istifadəçisi var. 18 yaşdan yuxari - cəmi 140 000 adam. Bu 160 minin ayda sayta maksimum 110-120 mini daxil olur. Odnoklassniki.ru saytına 550-600 min. Bunlardan 115 mini rəhbər vəzifələrdə çalışır. Mütəxəssislərin sayı 162 min təşkil edir və sairə. Odnoklassniki.ru da reklamvericiyə daha lazımlı kontingent ümumi əhalidən qat qat artıqdır.

Facebooka gəldikdə, onun auditoriyası Bakililar ilə müqayisə oluna bilər, Odnoklassniki ilə yox. Bundan əlavə Siz deyəsən Facebooku Linkedİn ilə çaşdırmısız. Professionallar üçün sayt odur, Facebook dost tanış üçündür.

O ki qaldı Facebookun yalanına, 600 min və 1.5 milyon Oslo sakini arasında böyük fərq var. Demək istəyirsiz ki, uşaqları çıxmaqla, hər orda yaşayan özünə orta həsabla 4-5 profil yaradır? Yadınıza salıram ki, Facebookda hər kəs öz adı ilə qeydiyyatdan keçir, Odnoklassniki.ru dakı kimi, psevdonim ilə yox.

Facebook və kitab reklamı: yaxşı düşünülmüş əfsanəyə bənzəyir. Konkret yaza bilərsiz, kimdir, uğuru nədədir, və niyə bu Odnoklassniki.ru da ola bilməz?

Mən özüm Facebook reklamını sınamışam. Liveinternet göstərirsə məsələn ki, ordan 40 klik qəlib, Facebook öz statsında göstərir 130-140 klik. Bundan əlavə, kliklər hansı seqmentlərdən gəlib statistikası yoxdur və heç bir əlavə məlumat vermir.

Odnoklassniki.ru dan bir nümunə. Bizdə 9ay butiki reklam verir. Onlar hamilə qadınlar üçün geyim satır. Reklamlarını ümumi tarqetinq ilə birinci ay göstəriblər. Sonra statistikaya baxıb görüblər ki, ən çox reaksiya verənlər 18-34 yaş arası qadınlar və 25-34 yaş arası kişilərdir və tarqetinqlərini ancaq bu seqmentə yönəldiblər və 1 ildir ki reklam davamlı edirlər və saxlamaq fikrində deyillər. Onların saytlarının statistikası isə Azərbaycanın hər bir bankının statistikasından da yaxşıdır.

Yenə də, əgər Facebookun auditoriyasının xüsusi keyfiyyəti barədə faktınız varsa, yazın. Amma, FAKT zəhmət olmasa. Subyektiv təəssürat yox. Odnoklassniki.ru saytının auditoriyasının yüksək keyfiyyəti barədə TNS məlumatı var. Unikallar barədə, seqmentlər barədə - Adriver stats. Bu məlumatlar bizim reklamvericilərə təqdim olunur. Düşünmürəm ki, kliyentlərə Facebook təklif edənlər, belə məlumatlar təqdim edə bilsinlər.
SHaig SHaig
Münasibət bildirdiyiniz üçün çox sağ olun. Əslində mənim fikirlərim sualdan çox şəxsi mövqedir.

Dizayn barədə onu deyim ki, heç də Ramblerin Yahooya bənzədiyi qədər bənzəmirdi. Eyni illərin Rambler dizaynı - (şəkil olaraq) url.az/36s / (link olaraq) url.az/36t Bakiliların hətta üst menusunun forması, javascripti belə eynidir. 2006-nın Yahoo-suna nəzər yetirsək (şəkil olaraq) url.az/36u / (link olaraq) url.az/36v
Onların bənzəmədiyi açıq görünür.

Orjinal dizayn məsələsində isə, düşünürəmki Bakililar.az kimi bir saytın özünün development komandası olmalıdır, heç bir studioya filana ehtiyac olmadan öz məhsullarını özü reliz eləməlidir. Onun mövqeyi bunu tələb edir. Studio məsələsində isə hər halda studiolar buna mövqe bildirərlər. Ancaq burada tapmaq alınmırsa xaricə müraciət edilə bilər. Ümid edirəm növbəti yenilənmələr zamanı orjinal bir dizayn olacaq.

Google ilə müqayisəyə gəldikdə.
Google indi global şirkət olsa da, onlara investisiya local bazar üçün yatırlıb (vaxtı ilə). Onlarda indi də Azərbaycan bazarı üçün xüsusi bir büdcə yoxdur. (Microsoftdan fərqli olaraq) Google Azərbaycan ofisi yoxdur. Bing-in belə Azərbaycan versiyası yoxdur, Google-da var. Hətta Google Translate Azərbaycan dilini əlavə edib. Deməyim odur ki, öz imicləri üçün bunu edirlər. Sırf madiyyatla əlaqəli olmadan. Üstəlik Google-un Azərbaycan gəliri demək olarki yoxdur. Bakililar isə Azərbaycan bazarının içindədir. Maliyyə cəhətdən isə şükür moldovlara da reklam satan bir şirkət url.az/34p hər halda tərcümə üçün madiyyat tapa bilər. wap.xana.az saytı belə cavan yaşında 10+ dildədir. Sadəcə bakililar.az açıldığı zamanın trendinə uyğun olaraq rus dilində qurulmiuşdu. Redizayn zamanı iki dilə keçmək olardı nədənsə keçilmədi. inşa Allah növbəti dəfələrə.



Odnoklassniki və Facebook məsələsində də sözün düzü fikrim stabil olaraq qalır. Mən demirəmki odnoklassnikidə reklam imkanları pisdir. Bir çox yerli saytlardan daha üstündür. Daha sərfə ola bilər. Ancaq ümumilikdə ən yaxşısıdır deməzdim.

Düzü mən Odnoklassnikinin statistik göstəricilərinə necə baxmaq lazımdır bilmirəm deyə, çox detallı fikir bildirə bilməyəcəm. Facebookda ölkələr üzrə statistik rəqəmlərdəki səhvlər barədə deyim ki, bu normal haldır. İstənilən şəbəkədə buna rast gəlmək olar. bir adamın bir neçə hesabı ola bilər. Fake hesablar, parolu unudulmuş hesablar və s. bu tip hallarda istər istəməz saya təsir edir. Bu odnoklassnikidə də belədir. Ancaq Facebookla Odnoklassnikini əsas fərqləndirən cəhət istifadəçilərinin səviyyə fərqidir. Facebookda daha çox ictimai, sosial adamlar vaxt keçirir. Odnoklassnikidə isə tanışlıq məqsədi ilə istifadə olunur. Buna görə də məhsulun xitab edəcəyi kütlədən asılı olaraq onu harda yerləşdirmək barədə düşünmək daha əlverişli olur. Məsələn Facebookda kitab reklamı edib kifayət qədər nəticədən razı qalan firma tanıyıram. Ancaq onu odnoklassnikidə etmək fiyasko olardı. İnsanların vaxt keçirmə faizi olaraq da Facebookda daha çox vaxt keçirilir. Digər tərəfdən API imkanı development cəhətdən yüksək imkanlar yaradır. Bunu reklamlarda çox effektli istifadə etmək mümkün olur. Ondoklassniki isə hələ təzəlikcə API açmaq barədə qərara gəlib.

Ölçülər barədə də yenə fikirlər subyektiv olaraq qalacaq. Text reklamlarının üstünlük təşkil etdiyini Google Adsense-in internet reklam bazarındakı tortun böyük qismini özünə tərəf çəkdiyini düşünsək, o zaman xeyri haqqında daha aydın məlumat sahibi olmaq mümkündür. Sizin qeyd edtiyiniz 2000-3000 istifadəçi konkret olaraq deməli mənim çatmaq istədiklərimdir. Mən say artıqlığına görə çox büdcə xərcləyəcəm və o yenə 2-3 min adamı maraqlandıracaqsa, niyə birbaşa həmin kütləyə targeting etməyim. Hətta bu mənə üstünlük kimi gəlir. Mən şəxsən reklam verən olsam, effekt üçün Facebook-u seçərdim. Effekti aldıqdan sonra, məhsulu yada salmaq üçün ikinci sırada Odnoklassniki fikirləşmək olar. Əlbəttə bunlar hamsı şəxsi mövqedir. Bakililar.az-a da, AzeMarket-ə də işlərində uğurlar.

Hörmətlə.
AZE.az AZE.az
MeTheArt, təşəkkür! )

Anar Vəliyev, şərhə şərh:

Bizim millətin digər bir xüsusiyyəti də var. Məsələn, birinin bir dildə sayt yaradması, o birisinə digər dildə yaratmağa maneçilik etmir, amma bu yenə də narazıçılıq doğurur. Amma bəziləri ölkədə tanınmış saytlarında Qarabağ haqda xəbərləri Ermənistan bölməsində verir, və yaxud forumda bölmə yaradıb adını Ermənistan - Azərbaycan qoyur, baxmayaraq ki, nə əlifbaca, nə də millətə hörmətcə bu düzgün deyil, amma mənim həmvətənlərimə o saytlara vaxtaşırı getməyə və hətta orda yazmağa bu heç cür mane olmur. Təəssüf ki...
Anar Valiyev Anar Valiyev
Bir dil, bir insan deyib atalar. Çox dil bilmek indiki dövrdə həm yaxşıdır, həm də zəruri. Ammma ana dilinə tam sahib olmayıb əcnəbi dildə sərbəst danışaraq üstəlik öz vətəndaşlarına xidmət edəbilmək bacarığı yaginki sadəcə bizdədir :) Bunu bacarmaq da bir istedaddır.

Bakılılar.az saytının hədəfi ölkəmizi xarici arenada təmsil etmək ola bilər. Amma kim öz dilinə yer verməyəni ciddiyə alar? Ən azından etik cəhətdən bu edilməli idi. Qanunlarımızda bu qədər boşluqlar olduğu müddətdə belə halların qabağı da alınmayacaq.

Sonda deyim ki, bunlar sual deyil, sadəcə şərh idi.
MeTheArt MeTheArt
He bakililar.az heqiqeten de nostalgiyadir, internetde milli resurslarin gitliq vaxti bakililar.az var idi, ozude vetenden kenarda olanlar ucun tam bir nemet idi. Mellimin Qubali olmasi ise ayri bir plyusdur:P
AZE.az AZE.az
Shaig, suallarınıza görə təşəkkür!

Dizayn bənzərliyinə gəldikdə, bakiliların baş səhifəsi keçmiş ramblerə, ramblerin yahooya bənzədiyi gədər bənzəyir. Bunu dedikdə, əlbəttə tam original bir dizayn yaratmaq əla olardı. Amma, bir neçə dəfə çalışmışam yerli studiyalara sifariş edim, nəticədə isə a) ya bir il sürüyüb, heç nə göstərməyiblər b) ya şəxsi səhifə səviyyəsində nəsə təqdim ediblər.

Əgər Azərbaycanda elə bir studiya varsa ki, həqiqətən də gözəl və funksional dizayn təqdim edə bilər, biz əməkdaşlığa hazırıq.

Rusdilliliyə gəldikdə, gördüyünüz kimi, Azərbaycan dilində sərbəst yazıram, oxuyuram, danışıram. BDU-da 1996-cı ildə, təhsilimi rusca almağıma baxmayaraq, azərbaycanca da mühazirələr demişəm.

Yəni bu faktor deyil, hər halda, bizim üçün. İki dilə bizim o vaxtlar resursumuz olmayıb. 1999-cu ildən 2006-cı iləcən Bakililar.az boyda sayt ancaq böyük xərc demək idi heç bir gəlirsiz.

Google ilə müqayisəni bir kompliment kimi qəbul edirəm ))) Google-a on milyonlarla investor pulu yatırılıb.

Odnoklassniki vs Facebook:

Odnoklassniki Adriver müstəqil statistika və banner xidmətindən istifadə edir reklam yerləşdirmə üçün. Adriverin məlumatına görə, aylıq Azərbaycandan Odnoklassniki.ru saytına daxil olan unikal auditoriya 550 000 - 600 000 təşkil edir.

Facebook isə hətta öz daxili statistikası ilə Azərbaycandan unikal şəxsləri bütün yaş qruplarında 160 000 yaxın göstərir, yəni Odnoklassniki.ru saytının 25% yaxın.

Bundan əlavə, Facebook-un daxili proqramdan istifadə etməsi bəzi şübhələr doğurur hətta bu rəqəmdən də. Norveçdə, məsələn, səs küy qalxıb bu barədə. Facebook göstərir ki, Oslo şəhərindən 1.5 milyon istifadəçisi var. Amma Oslonun əhalisi cəmi ... 600 mindir!

Digər misal, Facebook göstərir ki, Norveçdən 20-29 yaşlı 850 min istifadəçisi var. Amma Norveçdə bu yaş qrupunda cəmi 613 min adam yaşayır. Pressin yazdığına görə, Facebook reklamvericiləri on milyonlarla kronluq aldadır ildə.

Odnoklassniki.ru da öz daxili proqramlarından istifadə edə bilərdilər və bu daha ucuz başa gələrdi, çünki Adriver kifayət qədər bahalı sistemdir və milyardlarla səhifəyə çox böyük məbləğ ödənilir. Amma, Odnoklassniki.ru istəyir ki, reklamverici arxayın olsun aldığı xidmətdə.

Həm də, Facebook dakı text+balaca loqo reklamı Odnoklassniki.ru dakı 728x90 və yaxud 240x400 iri qrafik bannerlərlə müqayisə oluna bilməz efektinə görə.

Bəli, Odnoklassniki.ru da hələlik Azərbaycan dili yoxdur, amma Azərbaycanın bütün internet istifadəçilərinin 70% yaxını ayda ora daxil olması, rus dilini o qədər bilməyənlər daxil ollmaqla, göstərir ki, bu əsaslı faktor deyil. Vkontakte-dən isə heç söhbət getmir, onlar heç Odnoklassniki-nin 10-15% təmin edə bilməz trafik cəhətdən.

Facebook-da maraq ilə reklam seçməyə başlasaz, 160 000 dönüb olacaq 2000-3000, bu da ki çox azdır. Ucuzluğa gəldikdə, birincisi tekst reklamı ucuz da olmalıdır böyük qrafikadan, ikincisi, auksyon prinsipi işlədikdən, qiymətlər artıq klikə artıq 0.2 dollara çatır və yəqin ki 0.4-də stabilləşəcək 1 ilə.

Digər suallarınız olsa, cavablandırmağa hazıram )

Hörmətlə,

Elxan
SHaig SHaig
Maraqlı müsahibə idi.
Bəzi bölümləri ilə tam razılaşıram. Bu Alexa filan barədə deyilənlər tamamilə haqlı iradlardır. Mən o haqda bir neçə blog yazısı da yazmışdım.
Bakiliların özü ilə bağlı olaraq deyim ki, sayt indi kifayət qədər baxımsızdır. Onsuzda indiki dizayn vaxtı ilə Ramblerin dizaynını belə demək olarsa RİP edib yaşıl rəngə boyanmış formasıdır.

Saytın Rus dilli məsələsində də fikrimcə , həmişə kim rus dillidir saytın rusca olmağını üstün tutur. Əvvəl də, indi də. Ölkəni tanıtmaq da fikrimcə əsasən PR kimi istifadə olunur. Hər halda əvvəlcədən Azərbaycan variantı ola bilərdi. Hər iki dil əksinə üstünlükdür. 11 il multilanguage sistem qurmaq üçün həddindən artıq uzundur. Ən az 20-30 dil əlavə etmək olardı. Demək olar ki, Bakililar Google ilə həmyaşıddır. Ancaq Google-da belə Azərbaycan dili var ancaq Bakililarda yoxdur. Yəni bir mənalı olaraq Azərbaycan dilli istənilməyib saytda.

Digər tərəfdən ən populyar sosial şəbəkənin Odnoklassniki olduğu məsələsi hansı əsasla deyilir. Mən iddia edirəmki Facebook daha populyardır. Daha intensiv istifadə edilir. Üstəlik Azərbaycan dili versiyası da var. Bakililar və Odnoklassnikidən fərqli olaraq. Hətta Vkontaktedə belə Azərbaycan dili var. Facebookda kontekst reklamları artıq Azərbaycan üçün də aktivdir. Üstəlik həm maddi sərfəlidir həm də effektlidir. Facebookda büdcəni adam özü təyin edir. Kiçik büdcə ilə reklama başlamaq olur. Odnoklassnikidə isə paketlər daha bahalıdır. Odnoklassniki bir növ tanışlıq saytı funksiyasını alıb. Facebookda konkret olaraq auditoriya targetinqi də mümkündür. Konkret nələrlə maraqlanan auditoriya lazımdırsa onlara xitab edən reklam vermək mümkündür.
Burada elə çıxmasınki mən Facebook-un vəkili filanam. Sadəcə mövzunun başlığından müsahibə olduğu görünür. Contentdə isə sanki Odnokalssnikinin reklam imkanları haqqında məlumat verilir kimi gəldi. Mən də ona görə subyektiv fikirlərimi yazıram ki, Odnoklassniki nə qədər yaxşı imkanlara sahib olsa da alternativsiz deyil. Hətta daha üstünləri də var.
AZE.az AZE.az
Yadda saxlamaq lazımdir ki, bakililar.az saytı 1999-cu ildə yaranıb. O vaxt adın qısalığı, rahatlığı əsas deyildi.

Maraqlıdır ki, o zaman böyük təşkilatlar bizim saytın heç 10% populyarlığını qazana bilməyib, bunu Bakililar.az adının seçimi ilə izah edirdilər və deyirdilər ki, onlar ən rahat və uğurlu adı götürüblər.

Adın Bakı ətrafında olmasına qəldikdə, Azərbaycanda elə indi də internet istifadəçilərin 95% yaxını Bakıda və yaxud da Bakıdandır, o zaman isə bu 100% yaxınlaşırdı və fokus əsasən bütün dünya üzrə Bakı ilə əlaqəsi olan insanları bir yerə toplamaq və, eyni zamanda, Azərbaycan haqda həqiqəti yaymaq idi.

Digər tərəfdən, Bakı Azərbaycanın paytaxtı olduğundan, portalın adı ona ümumimilli populyarlıq qazanmaqda mane olmayıb.

Qısalığa gəldikdə, artıq bir neçə ildir ki, saytın qısa giriş variantı kimi bbb.az fəaliyyət göstərir.

Amma tam dəyişməydən söhbət getmir, çünki portalın əfsanəvi statusu onun adı ilə bağlıdır.

Əlbəttə, yeni xidmətlər üçün biz qısa brəndlər yaraqırıq adətən. Məsələn, AZE.az xəbər saytı.
mak mak
Elxan Ağamirzəyevə sualları şərh qismində də davam etmək olar: elə birincini özüm soruşacam: bakililar.az - niyə belə çətin səslənən, yazılan və məhdud coğrafiyanı özündə əks etdirən adı seçmisiniz?