Sosial şəbəkələrdə yayımla

Müsahibə - Gündüz Babayev

1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olub. 1983-cü ildən 2002-ci ilədək Yaxın və Orta Şərq ölkələrində, habelə Türkiyədə, əvvəlcə tərcüməçi, sonralar isə ticarət və marketinq sahəsində çalışıb. 2003-cü ildən AB Standard Şirkətlər Qrupunun marketinq və reklam departamentinin direktoru vəzifəsində çalışır. Evlidir, 2 övladı var. 


Mak.az: Gəlin köhnəyə qayıdaq və ordan başlayaq. Most Bank və Bank Standard, sizcə bu dəyişikliyə ehtiyac var idimi?

Gündüz Babayev: Bu suala cavab vermək üçün icazə verin bankın tarixinə ekskursiya edim. Məlum olduğu kimi bizim bank fəaliyyətinə 1995-ci ildə Rusiyanın “Most-Bank”ının törəmə strukturu kimi başlamışdı. “Bank Standard” adını 2004-cü il yanvarın 1-də qəbul etdik. Klassik rebrendinq üsuluna görə, adımızla birlikdə bankın nişanı, rəsmi rəngləri, filiallarının xarici və daxili görünüşü, bir sözlə, siması köklü şəkildə dəyişdi.
Rebrendiqin aparılmasına sövq edən iki əsas səbəb var idi. Əvvəla, artıq bizim adı çəkilən xarici bankla heç bir maliyyə və ya hüquqi bağlılığımız qalmamışdı. Bankımız 100% milli özəl kapital üzərində qurulmuş müstəqil maliyyə müəssisəsinə çevrilmişdi.
Digər tərəfdən, yeni hədəflərə doğru iti addımlarla gedən bankın siması da dəyişməliydi. Rebrendinqin altında uzunmüddətli institutsional inkişaf proqramı var idi. Bu proqramın  məqsədi “Bank Standard”ı aparıcı, çağdaş, universal maliyyə qurumuna çevirmək idi. Beləliklə, əslində zahiri dəyişiklik bankın missiyasında və strategiyasında köklü dəyişikliyin xəbərçisi kimi qəbul edilməlidir.
Bu gün məmnuniyyətlə deyə bilərəm ki, rebrendinq kampaniyası hər cəhətdən uğurlu oldu və özünün vacibliyini doğrultdu.

Mak.az: Bəs bu yeni adı seçərkən tərəddüd keçirmədinizmi? Standard əslində müəyyən sabitlik ilə yanaşı həm də məhdudiyyətlə assosiasiya olunur və bu sizin rəqiblər tərəfindən gözəl istifadə olunaraq: "Gəlin standard olmayan bank"a kimi çağırışlarla müşayət oluna bilərdi.

Gündüz Babayev: “Standard” sözünün bir neçə mənası var: “bayraq”, “meyar”, “ölçü vahidi”, “norma”. Və nəhayət, “nümunə”, “nümunəvi”.  Buna əlavə ediləcək bir sözə gərək görmürəm.
Sualın ikinci bölümünə gəlincə isə, zənn etmirəm ki, kimsə durub bizimlə rəqabət aparmaq üçün “bizim bankımız qeyri-standartdır, bizə gəlin” desin. Bank işində “qeyri-standartlıq” çox təhlükəli ola bilər. Çünki bir çox sahələrdən fərqli olaraq, burada əsasən sanballı mühafizəkarlıq, dəqiqlik, qabaqcadan proqnozlaşdırıla bilmək, ənənəvilik kimi xüsusiyyətlərə birinci dərəcəli əhəmmiyyət verilir.

Mak.az: Sizin hədəf qrupunuz kimdir? Özünüzü kimə daha çox mövqeləndirirsiniz?

Gündüz Babayev: “Bank Standard” universal bank kimi bütün fərdi və korporativ müştərilərə açıqdır. Bankımız hər bir müştərinin ehtiyaclarını ən yüksək səviyyədə ödəməyə çalışır. Müştəriyə fərdi yanaşma, ona sadiqlik, əlverişli şərtlərə malik keyfiyyətli məhsul, çevik və rəqabət qabiliyyətli xidmət şərtlər təqdim edə bilmək “Bank Standard”ın əsas iş prinsiplərindəndir.
Qaldı ki, fərdi müştırilərimizin ümumiləşdirilmiş simasına, onların əksəriyyəti 25-45 yaş arasındakı insanlardır.

Mak.az: Bankın mövqeləndirmə strategiyası(positioning) barədə danışaq.

Gündüz Babayev: Ümumiyyətlə, “Bank Standard” fəaliyyətinə başladığı gündən indiyədək keyfiyyəti kəmmiyyətdən üstün tutmağa çalışmışdır. Məsələn, filial sayını rəqəmsəl olaraq artırmaq yerinə biz onların maksimal səmərəliliyinə önəm vermişik. Eyni meyarla bütün göstəricilərimizə yanaşmışıq və yanaşmağa davam edirik. Hal-hazırda əsas səylərimizi iki istiqamətə yönləndirmişik. Birincisi, göstərdiyimiz xidmətlərin keyfiyyətini artırmaqdır. Bunun üçün mütamadi olaraq ciddi tədbirlər görülür. Digər istiqamət isə, bankın yüksək texnologiyaları mənimsəyib tətbiq etməkdir. Əslində bu istiqamət elə keyfiyyəti artırmaq məsələsinin ayrılmaz parçasıdır, çünki nəticə etibarı ilə yüksək texnologiya tətbiq edərkən siz işin keyfiyyətini artırırsınız. Bu gün biz artıq müasir İsveçrə texnologiyasını tətbiq etməyə başlamışıq. Söhbət T24 proqram təminatından gedir. Amma bu sadəcə başlanqıcdır. Vaxtından əvvəl bəyanatlarla çıxış etmək istəməzdim. Yaxın zamanda “Bank Standard”da texnologiya sahəsində çox ciddi dəyişikliklər görəcəksiniz.
Beləliklə, sualınıza cavab olaraq bunu deyə bilərəm: “Bank Standard” özünü maliyyə bazarında yüksək texnologiyalar əsasında keyfiyyətli xidmət göstərən universal bank kimi görür. Mövqeimiz bundan ibarətdir.


Mak.az: Bir çox sahədə olduğu kimi Bank sektorunda da müştərilər arasında seqmentləşdirmə aparılmaqdadır, məsələn Gənc Kart. Necə bir məhsuldur? Öz seqmentinə xitab edə bilirmi?

Gündüz Babayev: Sosial araşdırmaların nəticələrinə görə, gənc yaşında bir bank seçib onun xidmətlərindən razı qalan insanların əksəriyyəti ömür boyu həmin banka sadiq qalırlar. Müstəqil həyata qədəm basan gənclərə belə bir məhsulu təqdim etməkdə əsas məqsədimiz məhz bu insanları bankçılıq xidmətlərindən faydalanmağa cəlb etmək, onları müştəri kimi qazanmaq olub. “GəncKart” ölkəmizdə gənclər üçün hazırlanmış ilk xüsusi kart məhsuludur. Dinamik həyat tərzi ilə fərqlənən gənclərə onların həyat ritminə uyğun gələn bir məhsul düşündük. Nəticədə, həm çevik ödəniş vasitəsi, həm də əlavə gəlir əldə etmə aləti olan bir kart yaratdıq. Hazırda minə yaxın müştərimiz “GəncKart” sahibidirlər.

Seqmentləşdirməyə gəlincə bu, ayrıseçkilikdən tamamilə fərqli məfhumdur və heç bir mənfi məna daşımır. Əksinə, bankların əksəriyyəti öz müştəri bazasını seqmentləşdirməyə çalışır. Müxtəlif yaş qruplarının fərqli tələbatlarını nəzərə aldığımızdan, “GəncKart”, habelə “Təqaüdçü” və “Uşaq” depozitləri kimi məhsullarımız təbii seqmentləşmənin nəticəsi kimi səciyyələndirilə bilər. Digər tərəfdən, bizdə başqa məqsədli seqmentləşdirmə növləri də geniş tətbiq olunur. Təkrar edirəm, müştəri bazasının seqmentləşdirilməsi müsbət bir haldır və həm bankın, həm də müştərilərin mənafeinə cavab verir.

Reklam

Mak.az:  Biz xatırlayırıq bir neçə il öncə Bankınız reklamlarında bir sıra məşhurlar iştirak etmişdi (Alim Qasimov, Teymur Rəcəbov və s.). Bankı təmsil edəcək simaları necə seçirsiniz?

Gündüz Babayev: 2004-2005-ci illərdə “Bacarığın hədsizdir” şüarı altında keçirdiyimiz reklam kampaniyasından bəhs edirsiniz. Bu relkam silsiləsində məşhur xanəndə Alim Qasımovu, beynəlxalq qrossmeyster Teymur Rəcəbovu və tanınmış yazıçımız Çingiz Abdullayevi əslində bankın siması olaraq düşünməmişik. Elə niyyətimiz olmayıb. Elə olsaydı, üç deyil, bir şəxsiyyət üzərində qurulardı reklamın konsepsiyası. Biz isə əksinə, öz sahələrində zirvəyə yüksəlmiş bu insanları müştərilərimizə bir örnək, bir misal kimi göstərib bu mesajı vermişik: “Bu insanlar bizdən biridirlər. Siz də onlar kimi öz əməyinizlə zirvəyə çata bilərsiniz. Biz isə sizə dəstək üçün varıq”.
Beləliklə, bankımızın siması olaraq biz bacarıqlarına hədsiz dərəcədə inandığımız müştərilərimizi görürük. Məncə, bu doğru seçimdir.

Mak.az: Son illərdəki krizis müddəti sizə necə təsir edib? Bu müddətdə strategiyanız necə idi?

Gündüz Babayev: Son maliyyə böhranının Azərbaycanın bank sektoruna təsirinin cüzi olduğu məlumdur. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, təsiri cüzi də olsa, böhran yenə də müəyyən problemlər yaratdı və yerli bank sektorunun iştirakçılarını ciddi itkilərə məruz qoydu. Böhran zamanı bizim qarşımızda duran əsas vəzifə ölçülüb-biçilmiş maliyyə siyasəti apararaq bankın mövqelərini maksimal şəkildə qorumaq, böhranın fəsadlarını heç bir şəkildə müştərilərin mənafelərinə əks etdirməmək idi. Artıq bu gün rahatlıqla deyə bilərik ki, qarşımıza qoyduğumuz bu vəzifənin öhdəsindən uğurla gələ bildik.
Nə qədər subyektiv səbəb olsa da, azad bazaar iqtisadiyyatında böhranlar qaçınılmazdır. Hər yoxuşdan sonra bir eniş gəlir. Həyatda da, iqtisadiyyatda da bunu görürük. Mühüm olan, bu böhranlara hazır olmaq və daha önəmlisi, bundan faydalanmağı bacarmaqdır. Bəli, təəccüblənməyin, döğrudan da, böhrandan faydalanmaq mümkündür. Adətən, işlər istədiyiniz kimi gedəndə bəzi səmərəsi yetərsiz və ya tamamilə səmərəsiz addımlara əhəmmiyyət verilmir. Böhran isə bütün bunları üzə çıxardır. Elə bu zaman əvvəllər atılmış həmin səmərəsiz addımları, yol verilmiş səhvləri təyin edib onlara qarşı düzgün tədbir görmək çox faydalı olur. Xalq dili ilə desək, böhran “saf-çürük” etmək zamanıdır. Bu da bizim böhran strategiyamızın bir parçası olub. Nəticə isə göz qabağındadır. “Bank Standard” son maliyyə böhranından daha güclü, daha inamlı çıxdı, özünə qarşı etibarı daha da artırmağa müvəffəq oldu.

Mak.az: Bankınızın ən böyük bir nailiyyətini soruşsaq ....

Gündüz Babayev: “Bank Standard”ın ən böyük nailiyyəti müştərilərin etibarıdır. İnkişafımızı əks etdirən rəqəmlər nə qədər böyük olursa olsun, biz hər Zaman müştərilərimizin bizə qarşı münasibətini hər şeydən üstün tutmuşuq.

Mak.az:  Onlayn dərgimizdə aparılan sorğular zamanı belə aydın olub ki, marketinqin əhəmiyyət kəsb etdiyi ikinci ən böyük sektor bank sektorudur. Sizin bankda marketinqin əhəmiyyəti nə qədərdir?

Gündüz Babayev: Vəziyyətin belə olması obyektiv səbəblərdən irəli gəlir. Başqa sözlə, bankçılıqda güclü marketinq zəruridir. Bank sahəsində hökm sürən güclü rəqabətə davam gətirmək üçün banklar daim bazara cəlbedici şərtləri olan yeni məhsul və xidmətlər təklif etməli və ən əsası, onları potensial müştərilərə cəlbedici şəkildə təbliğ etməlidirlər. Bankın təklif etdiyi məhsul və xidmətlərin bazarda uğurlu irəliləyişi bilavəsitə marketoloqlarının işindən asılıdır.
“Bank Standard” üçün marketinqin nə dərəcədə mühüm olduğunu soruşursunuz. Mən belə cavab verim: bankın bütün fəaliyyəti, yəni, məhsulun yaradılmasından, şərtlərin müəyyən edilməsindən tutmuş həmin məhsulun satışına qədər görülən bütün işlər marketinq prosesinin ayrılmaz parçasıdır. Beləliklə, sözsüz ki, marketinq strateji əhəmmiyyətli bir işdir.
 

Mak.az: Bu günlərdə Bankınız 15 yaşını qeyd edir. Bir maliyyə institutu üçün bu ciddi rəqəm sayıla bilərmi?

Gündüz Babayev: Müstəqil dövlətimizin 20 yaşı var. Həmin müddət ərzində baxın, ölkə hardan hara gəldi, necə inkişaf etdi. Nələr dəyişdi. Həm də necə yüksək sürətlə dəyişdi.
Öz növbəsində, bank sektoru da “sıfır”dan başlayıb, baxın, nə qədər inkişaf etdi. Əlbəttə ki, bu şərtlərdə 15 il ciddi bir zaman dilimidir. Bu müddət ərzində iti yüksəlişlər də yaşadıq, böhranlardan da keçdik. Xarici bankın törəmə qurumu kimi başlayıb 100% milli kapitalı təmsil edən, ölkənin ən böyük banklarından biri, sistemyaradıcı maliyyə qurumuna çevrildik.
Növbəti mərhələ üçün “Bank Standard” öz qarşısına çox iddialı məqsədlər qoyub. Əminəm ki, bu məqsədlər reallaşdıqca, bankın mövqei daha da möhkəmlənəcək.  
 

Baxılıb: 3971

Şərhlər(1)

Şərhlər (1)

M.R.researcher M.R.researcher
Maraqli musahibe ucun Gunduz muellime teshekkurler.
Menim bankin movqeyi ve shurlarda yaranan qavrayishi ile bagli sualim var. Diger banklarla muqaisede Bank Standard retail bazarda az gorunur, ve ya lazim olan qeder gorunur. Bu yaxinlarda avtomobil krediti ile bagli bir kampaniya bashladi, amma hemin komunikasiya qisa muddet cekdi. Indi Bank Standarti gizli ve ya aciq shekilde mediada az goruruk. Bu Sizce markanin unudulmasi riski ve ya imicinin daha elcatmaz ve soyuq bir bank kimi olmasina aparib cixarmir ki? Ele Genc Kart mehsulu da artiq az goze carpir, cemi min nefer mushteri sizce az deyil?
Ve bir nece defe arashdirma zamani Bank Standartin VIP, Elcatmaz, Yuxari gelirli insanlarin banki kimi perceptionlar eshitmishem. Bu sizce orta gelirli mushterileri sizden uzaq qacmaga mecbur etmir?

teshekkurler,