Sosial şəbəkələrdə yayımla

Müsahibə - Hasan Toksoy

“Mado” Azərbaycanı regiondakı mərkəzinə çevirmək üçün gəlir

Türkiyə - bizə həm sərhəd, həm ənənə, həm də mentalitet olaraq ən yaxın ölkədir. Bunu istehlakçı davranışları – vərdişlər və biznes normalarında da görmək mümkün olur. Türkiyədəki ən maraqlı ənənələrdən biri hərhansı şəhər vəya bölgənin xalqa bəxş etdiyi təamları ilə, ləzzətləri ilə məşhur olmasıdır. Bu tendensiyanı Azərbaycanımızda - ləvəngisiylə məşhur Lənkəranımızda, pitisi və paxlavası ilə məşhur Şəkimizdə də görə bilirik.

Türkiyədə bir şəhər var ki, dünyaya 300 il öncə bəxş etdiyi bir ləzzətin şanını ölkə sərhədləri daxilində saxlamaqla razılaşmır. Maraş dondurması, xüsusilə “Mado” markasının aktivliyi ilə dünyaya yayılmağa başlayıb. Azərbaycan üçün əslində yad olmayan bu ləzzət “Mado” sayəsində yeni nəfəs ilə istehlakçılarımıza təqdim edilir. “Mado”nun dünya miqyasına yüksəlişinə və qlobal frençez sisteminin yaradılmasına töhfəsinin verən əsas şəxslərdən biri və lideri Hasan İbrahim Toksoydur. “Burger King”in qlobal əməliyyatlarında 13 il müxtəlif səviyəli postlarda iştirak edən Həsən bəy marketinqin bütün biznes komponentləriylə bağlı qərarlarda iştirak edə biləcəyinin əyani sübutudur. “Mado” haqda, “Mado”nun ölkəmizə niyə və necə təşrif buyurması barədə və marketinq barədə fikirlərini öyrənmək üçün Həsən müəllim ilə söhbətləşdik.

MADO...

mak.az: Mado markası haqda Həsən bəydən eşidək...

H.İ.Toksoy: Jenerik bir marketinq ifadəsi ilə deyəsi olsaq, 300 illik bir dondurma ənənəsinin Kanbur ailəsi tərəfindən 5-ci qurşaqdır ki davam etdirilməsidir. Maraş dondurmasına Anadolunun ləzzət ahəngini də əlavə edərək beynəlxalq standartlar və kriteriyalarda bir konseptin istehlakçılara təqdim edilməsidir. Mado bir sistemdir. Məhsulu ilə, biznes fəlsəfəsi ilə, qloballaşma istəyi ilə...

mak.az: Amma bu iddiaları az qala hər ənənəvi türk şirniyyatçısından eşitmək olur...

H.İ.Toksoy:
Bu sadəcə sözlər deyil. Bu iddianın həm rasional, həm duyğusal təməli var. Euromonitorun reytinqində Mado Türkiyədə Cafe-Bar seqmentində ən yaxın iki izləyicisindən, müvafiq olaraq 2 v 3 qat yüksək xala sahibdir. Üstəlik bunlar da əcnəbi markalardır. Bu ən çox qəbul edilən reytinqlərdəndir. Duyğusal tərəfə gəlincə, təbiilikdən bəhs edən sadəcə türk markaları deyil. Hətta Haagen-Daszın reklamında belə təbiiliyə vurğunu görmək mümkündür. Amma burada önəmli bir nüans var – ÜFÜQ! Şirkətinizin gələcəyə baxışı düzgün formalaşmayıbsa bunlar sözdən ibarət qalır. Bundan əlavə şirkətin infrastrukturu və imkanları düzgün dəyərləndirilməlidir. Bizdə bir söz var, bilərsiniz: “Böyük loxma ye, böyük söz danışma”. Bir də satdığınızın marka ola bilməsi vacibdir.

mak.az: Marka olmaq üçün nə lazımdır ki?

H.İ.Toksoy: Markanı yaratmaq lazımdır. Əgər konkret kafedən danışsaq, bir zamanlar yaxşı məhsul təqdim edirdinsə marka idin, ticarətin gedirdi. Sonra bu bəs etmədi və bir konsept yaratma ehtiyacı doğdu. Zaman ötdü və bu sıraya gülər üzü daxil etdik. Biraz da keçdi və hər kəs bu fəndi tətbiqə başladı. Artıq yeni dövrdü və bu dövrdə müştəri ilə duyğusal təmas ən vacib məqamdır. Hətta yeri gəlsə müştəri rasional cəhətlərlə götür-qoy edəndə belə bir aidlik hissi duymalıdır. Bir sözlə markanın tərkib hissələri – dürüstlük, təbiilik, sağlamlıq, sosiallaşmadır.

mak.az: Həqiqətənmi bu “cazibədar marketinq ifadələri” ilə həll olunur məsələ?

H.İ.Toksoy: Bunlar əslində sadəcə “cazibədar marketinq ifadələri” ifadələri deyil. Hər nə qədər elə görünə bilsə də. Üfüq, dünya markası olmaq, məhsul, sistem vs. Bunlar biznesin təməlini təşkil edən sütunlardır. Müştəri sizi sevməlidir, işçiləriniz sizi sevməlidir, bütün tərəfdaşlar sizi sevməlidir. İşçilər və frençezerlər sizi sisteminizin əhəmiyyətli hissələridir. Onlarla bütövlük təşkil etməlisiniz.

mak.az: Mado bu prinsiplərə nə qədər əməl edir?

H.İ.Toksoy: Bizim anlayışımızda işçilər və frençezerlərin əməliyyatların hər bir mərhələsinə müdaxilə və fayda əlavə etmə şansı olmalıdır. Ona görə də, artıq şirkətdə işçilər və frençezerlərdən əmələ gəlmiş komitetlər var. Kim özünü hansı yönümdə (marketinq, maliyə, istehsalat vs.) fikrini bildirməyə uyğun görürsə bu komitetlərdə təkliflər verə bilir. Təbii ki, qərarların qəbul edildiyi məkanlar deyil buralar, amma maraqlı fikirlər götürdüyümüz də olur. Əsas onlara dəyər vermək və bunu hiss etdirməkdir.

mak.az: Biraz da qlobal əməliyyatların hazırkı durumundan və hədəflərdən bəhs edək...

H.İ.Toksoy: Bakıda Türkiyə sərhədləri xaricindəki 7-ci ölkədə 12-ci kafenin açılışı baş tutacaq. İlin sonunadək bu sıraya Malayziya və İndoneziya da daxil olacaq və 15 kafeyə çatacağıq. Amerika və Avropa kimi vərdiş etdiyimiz bazarlar prioritetlərimiz arasında deyil. Bizi daha çox ticari fürsətlər və uyğun mühit maraqlandırır. Bu isə Madonu qonşuluqdakı ölkələr və Uzaq Şərqə yönəltdi. Yaxın əraziyə baxsaq Azərbaycan, Səudiyyə Ərəbistanı, Suriya, Yunanıstan, Uzaq Şərqdə isə daha böyük hədəflər var. Malayziya, İndoneziya, Sinqapur, Tailand, Koreya və Filippində 5 ilə 151 kafenin açılışı üçün müqaviləyə imza atmışıq. Bu böyük bir inqilabdır.

...AZƏRBAYCAN və...

mak.az: Türkiyənin öz seqmentindəki lideri, Maraş dondurmasını Uzaq Şərqə aparıb çıxarmış “Mado”nun Azərbaycanda hədəfləri nədən ibarətdir?

H.İ.Toksoy:
Türkiyədə olduğu kimi, Azərbaycanda da ən böyük kafe şəbəkəsi olmağa çalışacağıq. Hədəflərimizi illik, 3 illik və 5 illik olaraq müəyyən etmişik başlanğıc üçün. Şəbəkədəki şöbələrin sayını ikirəqəmli ədədlə ifadə edəcəyimizə inanırıq. Amma bunun üçün çox böyük işlər görülməli olduğunu bilirik.

mak.az: Ən çox hansı profilli işlərin güc və resurs istəyəcəyini düşünürsüznüz?

H.İ.Toksoy: Azərbaycanda bu yönümdə kafe menecmentinin olmadığını bilirik. Bu ilklərdən olmağın çətinliyini özüylə gətirir. Üstəlik, Azərbaycan bazarına maraq göstərən çoxlu əcnəbi brend də var. Bu da rəqabətin zamanla çox qızışacağını göstərir. Digər tərəfdən azərbaycanlılar qonaqpərvər olsa da, məxsusi restoranlardakı personalın yaxından diqqətini görmək mümkün olsa da, kafelərdə fəaliyyət göstərən personalın yanaşmasına problemlər var. Biz müştəriyə vəd etdiyimizi gülər üzü göstərmək üçün çalışmalıyıq. Yəqin ki, biraz da konseptin və ləzzətlərin adaptasiyasına ehtiyac olacaq. Bu mövzuda zamanla qərarlaşmaq lazım gələcək.

mak.az: Nə zamandır Madonun işlərindən dolayı Azərbaycan bazarında müşahidələr aparmalı olursunuz. Bizim marketinq mühitimiz və istehlakçılarımız haqda hansı fikirlər formalaşıb sizdə?

H.İ.Toksoy: Azərbaycan istehlakçısı reklamlara çox güvənmir. Hətta deyərdim ki, çox həssas və məlumatlı bir istehlakçı kütləsinə sahibsiniz. Amma indiyədək təqdim edilən xidmət və məhsulların qənaətbəxş olmadığını deməliyik. Biz bu mənada baryeri aradana götürməyə cəhd edəcəyik. Mado kafelərdən mənfi aura ilə ayrılmanıza imkan verməməliyik. Təklif yarandıqca tələbin artacağını güman etmək olar. Əsas ilk peşəkar addımlarım atılmasıdır.

mak.az: Türk mediasında Madonun Azərbaycanda az qala “qərargah” qurduğu ilə bağlı xəbərlər yayınlandı. Buna aydınlıq gətirmək olar?

H.İ.Toksoy: Biz Azərbaycanda sadəcə bir kafe açıb Türkiyədən göndəridiyimiz məhsulları orada satmaq kimi dar hədəflərə sahib deyilik. Lüks bir kafenin inşaatı ilə yanaşı ciddi istehsalat potensialına sahib olmaq üçün da çalışdıq. Azərbaycanı həqiqətən də regiondakı mərkəzimizə çevirməyi düşünürük. Amma bunun üçün əvvəlcə Azərbaycan daxilindəki mövqeyimizi möhkəmlətməliyik. Bu heç də asan olmayacaq. Amma baş verməsi Madonun inkişafında önəmli rola sahib olacaq, bundan əlavə isə Azərbaycanın biznes mərkəz ola biləcəyinə etibarı qüvvətləndirəcək.

mak.az: Maraş dondurmasının “dünya elçisi” olan Mado Azərbaycanda özünü necə mövqeləndirməyi düşünür? 

H.İ.Toksoy: Bunu Azərbaycan ofisindən soruşsaz daha doğru olar (gülür...). Amma fikrimi soruşası olsanız, Madonun əvvəla dondurma, ikinci olaraq şirniyyat növləri və ən sonda isti yeməklər təqdim edən bir kafe olduğunu anlatmaq lazımdır. Dondurma əsas məhsul olsa da, Mado orada vaxt keçirməyiniz üçün bütün şəraiti yaratmaq üçün cəhd edir. Bu biraz da, gündəlik tələbat, məkan və o yerin menecmenti ilə bağlı bir məqamdır.

...MARKETİNQ

mak.az:  Həsən bəy marketinqi necə görür? Həm bir ixtisas, həm də biznes funksiya kimi...

H.İ.Toksoy: Marketinqi ən yalın halında “məhsul vəya xidməti müştəriyə çatdıran fəaliyyətlər silsiləsi” kimi ifadə edə bilərik. Bunun içində də 4P-dən 12P-yə qədər (gülür...). Müxtəlif baxışların mövcudluğu ilə bərabər, bu başlığın daxilində hazırlıq, planlaşdırma, kreativ, məhsul mühəndisliyi, medya strategiyalar vs. mövzular incələnə bilir. Amma xülasədə, marketinq işi “müəyyən strategiya daxilində doğru fiziki və riyazi ünsürləri bir yerə cəmləşdirib düzgün kommunikasiyanı aparmaq”dır. Marketinq bugün dünənkindən çox daha fərqli bir strukturdadı, çox həlledici rolları öhdəsinə götürüb. Gün keçdikcə də istər şirkət daxilində, istərsə də müştərilərin gözündə dəyər qazanacaqdır.

mak.az: Halbuki bu gün belə marketinqin dəyər yaratması məsələsi olduqca mübahisəlidir. Sizcə marketinq şirkət və müştəri baxımından dəyərin yaradılmasında hansı mövqedədir?

H.İ.Toksoy: Lap da mərkəzindədir. Bunu mübahisəyə açmaq ya bilgi əksikliyindən, ya da nümunə götürülən fəaliyətin əslində marketinq olmamasındandır. Nəticədə marketinqin işi elə budur: təqdim olunan xidmət vəya məhsulla bağlı göstəriciləri şirkət və müştəri üçün optimunm səviyyədə saxlayıb hər ikisinin gözlədiyi faydanı təmin etmək. Təbii ki, məsələyə keçmişdə olduğu kimi marketinqi reklam və tanıtımdan ibarət görsəniz vəziyyət dəyişəcək. Amma bugün artıq belə bir mövzu yoxdur. Rəqəmli texnologiyaların da inteqrasiyasından sonra marketinq dəyər yaratmağın əsas ünsürünə çevrilib. Marketinqin işi dəyər yaratmaqdır.

mak.az:  Bəs marketinq vs. satış vs. ictimaiyətlə əlaqələr?.. Marketinq nəyin tərkib hissəsidir, nə marketinqin tərkib hissəsidir kimi mövzular bəzən şirkətlərə lazımsız problem çıxarır və enerji aparır. Sizcə bu mübahisələrin dayanması mümkündürmü? Siz bu mövzulara necə yanaşırsınız?

H.İ.Toksoy: Məncə bu problemlərin mərkəzində hər vəziyyətdə reallaşacaq təriflər və açıqlamalar edilməsi həvəsidir. Bu imkansız və lazımsızdır. Şirkətin fəaliyyət göstərdiyi sektora uyğun olaraq bəzən marketinq faəliyyəti satışa yönümlü, bəzənsə PR-a yönümlü ola bilər. Məhsul mərkəzli bəzi şirkətlərdə bu mübahisəyə əməliiyatlar da qoşula bilər. Hətta bəzən departament adlarının da bu mübahisələrdən təsirləndiyini görmək olar: “Satış və marketinq”, “Marketinq və PR”, “Əməliyyat marketinqi” vs. Amma günün sonunda görülən iş marketinqdir. Detal müəyyənedici deyil.

mak.az: Bu mübahisələrin fonunda marketinqin uğur qazanması çətinləşsə də, labüddür. Bəs sizcə uğurlu marketinq nə deməkdir?

H.İ.Toksoy: Xoşbəxt satıcı-Xoşbəxt müştəri! Şirkət məhsul vəya xidmətini uyğun şərait və şərtlərdə təqdim edirsə və müştəri ilə lazımi şəkildə görüşdürürsə, digər tərəfdən isə bunu edərkən korporativ prinsip və standartlara əməl edilirsə marketinq öz işini yerinə yetirib deməli.

mak.az: Oxumaq, inkişaf, işləmək, təcrübə qazanmaq, lider olmaq... Bunların sintezini necə təşkil etmək lazımdır?

H.İ.Toksoy:
Liderlik bir insanda ya var, ya da yoxdur. Çalışaraq əldə etmək çətindir. Amma şübhəsiz ki, oxuyaraq, çalışaraq və inkişaf imkanlarını dəyərləndirərək təcrübələri də üst-üstə qoyub irəli getmək mümkündür. Hətta bu şəraitdə liderliyini də inkişaf etdirmək mümkündür. Əsas çalışmaqdır.

mak.az:  Marketinq aləminə yeni daxil olan birinə nələri tövsiyə edərdiniz?

H.İ.Toksoy: Ən vacib tövsiyəm, mövcud olduğu çevrəni doğru qavraya bilməsi üçün bütün “sensor”larının açıq və hazır olmasıdır. İşin təbiəti məhsul və bazarı doğru analiz edib əlindəki alətlərlə bunların doğru yönləndirilməyi tələb edir. Bir orkestri düşünün. Təbii ki, bununla yanaşı kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi üçün hər məqamdan yararlanmaq... Marketer bilməlidir ki, kommunikasiya mesajı verənin bilgi və təcrübəsindən çox alanın qəbul etməsi ilə bağlıdır. Müştərini tanımayan və qəbul etməyən kommunikasiya marketinq deyil. 

 

Baxılıb: 3415

Şərhlər(5)

Şərhlər (5)

Tarakama Tarakama
ay balam, buraxin da bu turklerin ....! sragagun o boyda futboldan hansisa bursasporu gosterir LIDER TV! ele bil bashimiza at tepib!
maNIKA maNIKA
Məncə ora onun doğma yox, ele məhz qərib Mado olduğu üçün gedirlər. İnsanlarda doğmaya qarşı inam yoxdu ))

Bundan sonra rəqəmlər məncə öncəkindən fərqlənəcək. Həm Ramazan ayı bitdiyi üçün, həm də üzü soyuğa getdiyi üçün.
M.R.researcher M.R.researcher
Mak, reqemlerini bilmirem ama dondurmalari cox dadlidi :)
Tarakama, ciddi qebul olunub olunmadigini ele 5 deqiqe Madonun yaninda durmaqla statistika cixarmaq olar.
Tarakama Tarakama
mak, bilmək olmaz... Gərək doğuşlarla bağlı rəsmi statistikanı gözləyək. İnanmıram ki, MADO-nun Azərbaycanda nəyin bahasına olursa-olsun doğmamaqla bağlı çağırışı əhali tərəfindən ciddi qəbul edilsin.
mak mak
Hasan bəy ilk rəqəmlərdən razıdır görəsən, 1 aydan çox vaxt keçib artıq