Sosial şəbəkələrdə yayımla

Müsahibə - "MPG Azerbaijan"

Mak.az: MPG reklam agentliyidir, yoxsa?

Z.İ (Zaur İsmayılov):
 MPG sadəcə reklam agentliyi deyil, MPG – 30 ildən çox iş təcrübəsi olan, biznes sahəsində optimal nəticələr qazanmaq üçün brendlərlə istehlakçılar arasında müvafiq əlaqələr yaradan beynəlxalq media xidmətləri qrupudur. Adımızdan göründüyü kimi, biz – Media Planning Group – media planlaşdırma, media satınalmaları və reklam yerləşdirmə üzrə ixtisaslaşmış şirkət olaraq, dünyanın qabaqcıl media şirkətlərindən biri sayılan, Havas Media daxilində ən böyük şəbəkəyik.

Mak.az: Qlobal reklam agentliklərinin özünə biçdiyi və dünyada qəbul olunmuş mövqeləndirmələri mövcuddur. TBVVA kreativlik, Euro RSCG marjinallıq v.s. MPG-nin qlobal və yerli mövqeləndirilməsi haqda nə deyə bilərsiz?

Z.İ: MPG - yeni düşüncə tərzidir. Biz yeniliklər – yeni, “təravətli”, qeyri-adi fikirlər və yanaşmalar axtarışında olan, zamanın nəbzini tutaraq dövrün tələbləri ilə səsləşən və onlara uyğunlaşmağa çalışan, dəyişikliklərə hazır olan və daima inkişaf edən bir şirkətik. Biz “niyə” sualından çox, “niyə də yox” sualını verməyi xoşlayırıq. İşimiz çox sadə, lakin vacib prinsiplər üzərində qurulub: yenilik, asan uyğunlaşma, dinamik inkişaf, cavabdehlik, düzgünlük, hər bir müştəriyə fərdi yanaşma. Haşiyəyə çıxararaq əlavə etmək istərdim ki, adını qeyd etdiyiniz Euro RSCG, Havas Media daxilində fəaliyyət göstərən kreativ şirkətidir. Belə ki, Havas Media daxilində MPG – media, Euro RSCG isə kreativ xidmətləri üzrə ixtisaslaşmış aparıcı şirkətlərdir.

Mak.az: Adətən qlobal reklam agentlikləri qloballaşma və genişlənmə çalışmalarında gediləcək ölkəni seçərkən potensialı hesablayaraq hərəkət edirlər. Maraqlıdır ki, MPG kimi qlobal reklam agentliklərinin əksərinin olduğu Tunis, Misir kimi Afrika ölkələrində şöbələrini açdıqdan sonra Azərbaycan səviyyəli bazarlara gəlir. MPG-nin fəaliyyətində isə bunun tərsini müşahidə edirik.

Z.İ: Ümumiyyətlə, bu mövzuda Azərbaycanı ayrılıqda nəzərdən keçirmək düzgün olmazdı. Adətən, qlobal şirkətlər post-sovet məkanına ümumi bir bazar kimi baxır və Azərbaycanla bağlı verdiyi qərarlar bu məkanda apardıqları ümumi siyasətin bir parçası kimi qiymətləndirilir. Bu mənada dünyanın bir çox qabaqcıl şirkətləri kimi, Havas Media da post-sovet məkanında biznes hədəfləri kimi Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycanı seçdi. Bu təəcüblü deyil, çünki bu ölkələr post-sovet məkanında sürətlə inkişaf edən, geniş imkanlara və güclü potensiala malik dövlətlərdir. Beləliklə, həm bazarın həcmi, həm də qlobal müştərilərin bu bazarlarda böyüməsi qlobal müştərilərə bu bazarlarda da xidmət ehtiyacını ortaya çıxarır.

Mak.az: MPG qlobal vebsaytında adınızın qeyd edilməsi necə bir hissdir?
 
Z.İ: Dünyada böyük şəbəkəyə malik bir şirkətin Azərbaycan nümayəndəliyini idarə etmək çox fərəhli bir hissdir. Bu hal mənim üzərimə böyük bir məsuliyyət qoyur. Ümumiyyətlə isə, Azərbaycanın qlobal media şirkətinin bir hissəsi kimi onun qlobal vebsaytında özünə yer alması da çox sevindirici bir haldır.

Mak.az: MPG-nin qlobal müştərilərindən hansılar Azərbaycan bazarında da sizinlə əməkdaşlıq edir?

Z.İ: Avropanın ən böyük media şirkətlərindən biri olaraq, MPG böyük müştəri bazasına sahibdir. Qlobal müştərilərdən Azərbaycanda təmsil olunan bütün şirkətlər bizimlə əməkdaşlıq edir. Bunlardan Danone, Reckitt Benckiser və Mango kimi brendləri misal göstərmək olar.

Mak.az: Qlobal partnyorlar (tərəfdaşlar) daha kaprizlidir, yoxsa yerli şirkətlər?

Z.İ: Hər iki halın özünəməxsus xüsusiyyətləri var və biz, əsas etibarilə, qarşılaşdığımız bütün çətinliklərə, “kaprizlərə” sınaq kimi baxır və bu kimi halların bizi inkişaf etdirdiyinə inanırıq. Bu səbəbdən indiyə qədər məsələyə bu aspektdən baxmamışıq. Ümumiyyətlə isə, bu suala birmənalı cavab vermək çətindir. İstər qlobal, istərsə də yerli şirkətlər, ilk növbədə, məşğul olduqları sahədə daha çox uğur əldə etməyə, satış bazarlarında mövqelərini möhkəmləndirməyə, böyüyərək inkişaf etməyə çalışırlar. Bundan əlavə, sirr deyildir ki, müasir dövrdə hər bir ticarət nişanının reklam və PR-a ehtiyacı var. Biz çalışırıq ki, tərəfdaşlıq etdiyimiz hər bir şirkətə onun inkişaf edərək böyüməsində və fərqli uğurlar qazanmasında maksimal dərəcədə kömək edək.
Bildiyimiz kimi, hər bir ticarət nişanının özünəməxsus strategiyası və illər boyu qoruyub saxladığı prinsip və ənənələri olur. Tərəfdaşlarımız tərəfindən qarşımıza qoyulan hər bir vəzifəyə bu prinsip və ənənələr daxilində orijinal, qeyri-standart və yeni tərzdə yanaşmağa çalışırıq. İş birliyi qurduğumuz şirkətlərin yerli və ya qlobal olmasından asılı olmayaraq, onlarla işləməkdən böyük həzz alırıq. Düşünürəm ki, ən əsas hər bir müştəriyə fərdi yanaşmaqdır – bu zaman qarşıya qoyulan vəzifəni ən düzgün və effektiv şəkildə həll etmək olur.

Mak.az: MPG-də çalışan komandanızla bağlı nələr deyərdiniz?

 

   
   
Z.İ: Rəqabət şəraitində media xidmətləri bazarında fəaliyyət göstərən bir şirkət kimi MPG öz komandasının keyfiyyət cəhətdən inki¬şa¬fına daima diqqət verir. Çox peşəkar və güclü komandamız var. Komandımızın gücü onun hər bir üzvünün istedad və bacarıqları, iş tərəfdaşlarına olan münasibəti və yaradıcılıq imkanlarındadır. Biz işimizə çox məsuliyyətli yanaşırıq, potensial, güc və imkanlarımızı isə inkişafa doğru yönəldirik.
MPG-də işləmək bütün komandamıza bir çox üstünlüklər verir: biz MPG-nin bütün araşdırma proqramlarından, qlobal saytda yerləşdirilən hər növ məlumatdan sərbəst şəkildə istifadə edə, müxtəlif növ metodiki qaynaqlardan faydalana bilirik. Bundan başqa, işçilərimiz mütəmadi olaraq MPG tərəfindən təşkil edilən beynəlxalq treninqlərdə iştirak edir, peşəkarlıqlarını artırmaq və böyük təcrübə qazanmaq imkanı əldə edirlər.
Ayrıca, MPG Azərbaycan daxilində media şöbəsi ilə yanaşı, kreativ şöbə də fəaliyyət göstərir. Bildiyimiz kimi, Havas Media daxilində kreativ xidmətlərlə MPG yox, Euro RSCG şirkəti məşğuldur. Azərbaycanda kreativlik sahəsinə tələbatın kifayət qədər böyük olmadığını nəzərə alaraq, müstəqil kreativ agentliyin açılmasına ehtiyac görülmədi. Buna görə də, biz həm media, həm də kreativ xidmətləri göstərən tam reklam agentliyi kimi fəaliyyət göstəririk.

Mak.az: Mediaplanlama işlərində peşəkarlaşmış şirkət kimi, Azərbaycandakı trend necədir? Kommunikasiya kanallarının seçimi istiqamətində hansı dəyişikliklər baş verir?

Z.İ: Reklam bazarının inkişafı, bazarın böyüklüyü və reklam sahəsinə yatırılan sərmayənin həcmi ilə müəyyənləşir. Maraqlıdır ki, Azərbaycanda telereklam bazarı radio, çap və internet reklam bazarına nisbətən daha çox inkişaf etmişdir. Buna baxmayaraq, son illər ərzində internet reklam bazarında müəyyən irəliləyiş hiss olunur, bu isə əhalinin internetə olan maraq və tələbatından irəli gəlir. Həmçinin, hal-hazırda reklam bazarında “küçə” reklamı və nəqliyyat üzərində reklamın inkişafı müşahidə olunur. 

Media planlaşdırmaya gəldikdə isə, o, qeyri-rəsmi olaraq adi media planlaşdırma və strateji media planlaşdırma kimi təsnif olunur. Media planlaşdırma dedikdə, əsasən, kommunikasiya vasitələrinin texniki səviyyədə öyrənilməsi nəzərdə tutulur ki, buna spot planlaşdırma da deyilir. Strateji planlaşdırma isə, kommunikasiya vasitələrinin strateji səviyyədə öyrənilməsi, brend →  istehlakçı → auditoriya prinsipi üzrə bütün aspektlərdə tədqiqat apararaq media strategiyasının/kommunikasiya siyasətinin müəyyən edilməsidir. Azərbaycanda strateji planlaşdırma istənilən səviyyədə araşdırılmasa da, son 3 ildə bu sahədə müəyyən irəliləyişlər nəzərə çarpır. Bu növ planlaşdırma üçün böyük miqyasda məhsul, istehlakçı və kommunikasiya vasitələrinin öyrənilməsinə ehtiyac var. Daha dəqiq desək, araşdırmaların aparılması həm spot planlaşdırma, həm də strateji media planlaşdırmanın inkişafı üçün lazımdır. Sadəcə, araşdırmaların aparılması üçün kifayət qədər media büdcəsi olmalıdır ki, bu da media bazarına qoyulan sərmayədən asılıdır. Başqa sözlə, media büdcəsi nə qədər çox olarsa, araşdırmalar bir o qədər effektiv və məhsuldar olar, bu isə son nəticə etibarilə media bazarının inkişafı deməkdir.

Ümumiyyətlə, reklam bazarı böyüdükcə oraya qoyulan sərmayəyə tələbkarlıq artır, bu isə sərmayədən daha düzgün və sərfəli istifadə yollarının axtarılmasına səbəb olur. Bunun üçün araşdırmaya ehtiyac var. Reklam bazarı böyüdükcə, araşdırma bazarı da inkişaf edir, bu isə media planlaşdırmanın keyfiyyətini və peşəkarlığını artırır. Son illər ərzində media analizinin sürətli templə inkişafı bizi daha nikbin olmağa və gələcəyə ümidlə baxmağa vadar edir.

Baxılıb: 4572

Şərhlər