Sosial şəbəkələrdə yayımla

Müsahibə - Nigar Arpadarai

Nigar Arpadarai, 2009 ildən Azerfon şirkətində çalışaraq Marketinq Ünsiyyət vasitələri, Brendin Strateji  Mövqeləndirilməsi üzrə Menecer vəzifələrində çalışmışdır. 2012-ci ildən etibarən Azerfon şirkətinin Korporativ Ünsiyyət bölümünə rəhbərlik edir. Bu vəzifədə o, şirkətin xarici ünsiyyət, korporativ sosial məsuliyyət və mətbuat ilə əlaqələrinə cavabdeh olan şəxsdir.  

2006-2009 illər ərzində xanım Arpadarai öncə Avropa Komisiiyasının Azərbaycandakı Xüsusi Elçisinin Ofisinin Əlaqələndirici Şəxsi, sonradan isə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin Mətbuat Katibi vəzifələrində fəaliyyət göstərmişdir. Nigar xanımın iş təcrübəsinə o cümlədən, Yunanıstan Respublikasının Azərbaycandakı Səfirliyində və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda iş daxildir. 
Ailəlidir, bir oğlu var.
 
Mak.az: İlk öncə şirkətinizin daxili və xarici PR şüarı nədir, hansı prinsipləri özündə ehtiva edir?
 
Nigar Arpadarai: Nar Mobile Azərbaycan bazarının ən gənc mobil operatoru olmasına baxmayaraq, hər zaman yenilikçi olmağa və tərəfdaşlarının hörmət və rəğbətini qazanmağa müvəffəq olmuşdur.
Əminliklə söyləyə bilərəm ki, fəaliyyətə başladığımız ilk gündən etibarən dəyər və prinsiplərimizə sadiq qalaraq qarşıya qoyduğumuz hədəflərə nail olmuşuq. 
Əsas missiyamız insanların bir-birləri ilə rahat və asan ünsiyyət qura bilmələrini təmin etməkdir. Biz qlobal dünyanın artan ehtiyaclarını nəzərə alaraq, sürətlə inkişaf edən məlumat mübadiləsinə cavab verən rabitə xidmətləri göstərməklə yanaşı, müştərilərimizə öz fikir və təəssüratlarını, həmçinin onlar üçün dəyərli olan məlumatları paylaşmaq imkanı yaradırıq.
Fəaliyyətə başladığı ilk gündən etibarən Nar Mobile yerli mobil rabitə bazarına yeniliklər töhfə vermiş və bu sahədə bir sıra nailiyyətlərin təşəbbüskarı olmuşdur. Sadəlik və yenilikçilik hər zaman bizim əsas şüarlarımız olmuşdur. Biz əminik ki, əldə etdiyimiz bütün nailiyyət və uğurların əsasında insan amili durur. Biz insanların gücünə, onların verdiyi dəyərə inanırıq. Qazandığımız uğurlar və yeniliklər, verdiyimiz töfhələr peşəkar və komandamızın gərgin əməyi sayəsində mümkün olmuşdur. Heyətimizdə yenilikçi, təcrübəli, təşəbbüskar və bacarıqlı insanlar çalışır və məhz onların sayəsində biz irəli, yeni-yeni zirvələrə doğru uğurla addımlayırıq. Şirkətimizə dəyər qazandıranlar ona dəyər verən insanlardır.

 
Mak.az: Media ilə münasibətləri bildiyimiz qədəri ilə siz idarə edirsiniz. Hansı səviyyədədir bu işlər? Yeni medianın sizin işlərə təsiri və onu yenidən gözdən keçirmək üçün əsaslı təsirini hiss edirsinizmi?
 
Nigar Arpadarai: Bəli, rəhbərlik etdiyim şöbə şirkətin xarici və daxili ünsiyyət, korporativ sosial məsuliyyət və o cümlədən, mətbuatla əlaqələrin qurulması üçün məsuliyyət daşıyır. Media nümayəndələri ilə münasibətlərə biz çöx böyük önəm veririk və hər zaman yeniliklərimiz, layihələrimiz haqqında məlumatları ilk olaraq media nümayəndələrinə çatdırırıq.  
Artıq heç kim üçün sirr deyil ki, sosial media insanların həyatını dəyişərək, cəmiyyətin inkişafına çox önəmli bir tövhəsini vermişdir. Nar Mobile üçün isə bu prosesin 2 tərəfi haqda danışmaq istərdim. İlk növbədə əlbəttə ki, sosial media “ənənəvi” media ilə rəqabətə girərək və onu sıxışdıraraq önəmli bir media kanalına çevrilməkdədir. Digər tərəfdən, Nar Mobile üçün sosial media artan bir biznesdir, belə ki, mobil telefonları vasitəsilə sosial mediadan istifadə edən abunəçilərimizin sayı gündən-günə artır.  Nar Mobile-ın rəsmi facebook səhifəsinə nəzər salsanız görərsiniz ki, o “PR alətindən” daha çox müştəri ilə ünsiyyət üçün bir platformaya çevrilmişdir. Belə ki, burada müştərilər suallarını yönləndirə, balansını artıra bilərlər, o cümlədən onlara lazım olan digər məlumatları əldə edə bilərlər.  
Sosial medianın bizi haraya gətirəcəyini biz bir müddət sonra görəcəyik, amma onun nüfuzunun tədricən daha da artması heç bir şübhə yaratmır.  
 
Mak.az: KSM!!! Bu modadır yoxsa həqiqətən səmimi məsuliyyət göstərişidir?
 
Nigar Arpadarai: Korporativ Sosial Məsuliyyət nisbətən yeni anlayışdır. Bizə bu anlayış beynəlxalq şirkətlərdən gəlmişdir və tez bir zamanda beyinlərə yerimişdir. Düşünürəm ki, xalqımız hər zaman cəmiyyət qarşısında məsuliyyətli olmuşdur. Belə ki, bizdə tarixən xeyriyyəçilik, insanlara kömək etmək təcrübəsi mövcud idi. Zeynəlabdin  Tağıyevin fəaliyyətini buna misal göstərmək olar. Ona görə də, moda olub olmaması əslində önəmli deyil, önəmli olan nəticədir. 
 
Mak.az: Mövzu KSM-dən açılmışkən, Sonuncu “Eşitməmək Düşünməmək deyil” sosial layihəsi cəmiyyətdə əks səda yaratdı demək olar ki, hamı bu layihəni alqışladı. Layihəni həyata keçirmək nə qədər asan və nə qədər çətindir?



Nigar Arpadarai: Etiraf etməliyəm ki, bu mənim həyata keçirdiyim ən sevimli layihələrdən biridir. Layihədə biz Nar Mobile-da çalışan 12 nəfər eşitmə qabiliyyəti məhdud olan əməkdaşımızdan söhbət açırıq və onların misalında ölkəmdə fiziki imkanları məhdud olan insanların işə düzəlmə problemini önə çəkirik. İndiki dövrdə iş tapmaq nəinki fiziki imkanları məhdud olan insanlar üçün, hətta özünə inanan və fiziki cəhətdən sağlam olan insanlar üçün də çətinləşib. Eşitmə imkanları məhdud olan insanlar çox zaman heç iş tapmağa və cəmiyyət arasına çıxmağa cəhd belə etmirlər, belə hesab edirlər ki, bu cəhdlər uğursuz olacaq. Biz öz növbəmizdə təcrübəmizlə bölüşərək bu problemi qismən də olsa həll etməyi öz öhdəmizə götürdük. 
Bizim qarşımızda duran əsas məsələ fiziki imkanları məhdud olan insanların problemini önə çəkmək və onlar üçün bərabər imkanların yaradılmasını nümayiş etdirmək idi. Məqsədimiz digər şirkətləri bu təcrübədən yararlanmağa səsləmək idi. 
Layihə çərçivəsində çəkilən video çarxlarda, Nar Mobile-ın eşitmə qabiliyyəti məhdud olan əməkdaşları çəkilmişdirlər. 
Qeyd etmək istəyirəm ki, layihə davam edir, və biz bu istiqamətdə işimizi davam etdirəcəyik.
 
Mak.az: Təcrübəniz əsnasında hər hansı bir “crisis management“ periodu yaşamısınızmı, öhdəsindən necə gəlmisiniz?
 
Nigar Arpadarai: Əlbəttə ki, hər bir şirkətdə kritik situasiyalar olur, amma mən indi belə bir situasiyanı təsvir etməyə başlasam, siz məni pis PR mütəxəssisi olmaqda günahlandıra bilərsiniz :) Mən yaxşı PR fəaliyyətini aşağıdakı kimi təsvir edərdim: 70% pis xəbərlərin olmaması və 30% yaxşı xəbərlərin təşviqi. Biz bu istiqamətdə uğurla çalışırıq. 
 
Mak.az: Koprkom olaraq bir çox mükafatların təqdim olunması hətta bir çox halda öz ünvanınıza qəbul edilməsi proseslərində iştirak edirsiniz. Bu mükafatların şirkətə onun imicinə dəyər əlavəsi nə qədərdir? Nəzərə alsaq bir çox halda bu mükafatları demək olar ki, ölkədə hamı almış vəziyyətdədir.
 
Nigar Arpadarai: Razıyam ki, belə mükafatların həddindən artıq dəyərləndirməsinə lüzum yoxdur. Digər tərəfdən, bir çox hallarda mükafatların məhdud, amma pozitiv PR effekti ola bilər. Hesab edirəm ki, bizim bazarda olan 

mükafatların təsisçiləri və təşkilatçıları onun əsl dəyərinin artırılması istiqamətində ciddi çalışmalıdırlar.
   
Mak.az: Sponsorluq fəaliyyətinizin “marketing metrics”i necə təşkil olunub, geri dönüşü necə hesablayırsınız?
 
Nigar Arpadarai: Sponsorluq fəaliyyəti birbaşa satış aləti deyil, lakin sponsorluq fəaliyyətinin uğurunun hesablanması yolları var. Biz mütəmadi olaraq müştəri davranışının analizini həyata keçiririk ki, bu analizlərdə şirkətin müəyyən sponsorluq fəaliyyətində iştirakının effekti rəqəmlərlə göstərilir. Sponsorluq fəaliyyəti şirkətin bəyan etdiyi dəyərlərə və fəaliyyət prinsiplərinə uyğundursa, onu uğurlu hesab etmək olar. Yəni, şirkət bəyan etdiyi dəyərləri layihələr vasitəsilə həyata keçirir, bununla da bu dəyərlər tək söz olaraq deyil, əməllərlə sübut olunur. Burada əsas məsələ şirkətin öz dəyərlərinə sadıqliyini nümayiş etdirməsidir. Buna misal olaraq, bizim bir müddət əvvəl həyata keçirdiyimiz sponsorluq fəaliyyətini göstərmək istərdim. Nar Mobile hər zaman özünü milli brend kimi təqdim edir. Bu bəyanatımızı London Olimpiya Oyunlarında iştirak edən Milli Olimpiya Yığmamızın Rəsmi Kommunikasiya Tərəfdaşı olaraq və Milli Olimpiyaçılarımızı dəstəkləyərək təsdiq edirik. 
 
Mak.az: İKT sahəsində ölkənin ən böyük tədbiri sayılan Bakuteldə hansı yenilikləri nümayiş etdirdiniz ?
 
Nigar Arpadarai: Bu il artıq 5-ci dəfədir ki, Nar Mobile Bakutel sərgisində iştirak edir. Hər il olduğu kimi, bu il də müştərilərimizi yeniliklərlə sevindirməyə müvəffəq olduq. Ən böyük layihələrimizdən olan səmada mobil rabitə xidmətlərinin həyata keçirilməsi layihəsini təqdim etdik. Belə ki, sərginin açılış mərasimində iştirak edən ölkə Prezidenti, cənab İlham Əliyev  Nar Mobile-ın stendi ilə tanış olarkən təyyarə ilə xaricə təlim məşqlərə qatılmaq üçün yollanan olimpiya qalibimiz ilə birbaşa rabitə əlaqəsi yaratmışdır. Bundan başqa stendimizdə Samsung, Huawei, Apple kimi brendlərinin yeni məhsulları nümayiş etdirilmişdir və Nar Mobile-ın kampaniyaları, tarifləri, mobil imkanlarını haqqında sərgi iştirakçılarına məlumat verilmişdir. 

Baxılıb: 5788

Şərhlər