Sosial şəbəkələrdə yayımla

Müsahibə - Nigar Köçərli

Nigar Köçərli BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997-1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999-2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildə “Əli və Nino” kitab mağazaları şəbəkəsini yaradıb. Eyni adlı nəşriyyat evinin rəhbəri, Milli Kitab Mükafatının təsisçisidir.

Mak.az: Bizim cəmiyyətdə kitaba necə bir mövqeləndirmə lazımdır ki satışı artsın? 

Nigar Köçərli: Ümumiyyətlə, heç bir cəmiyyətdə kitaba mövqeləndirmə lazım deyil. Sualınızdan artıq görünür ki, cəmiyyətimizdə ciddi problem var. Kitab oxumaq təbii bir şeydir. Cəmiyyətin inkişafında vacib rol oynayan bir təkandır. 

Mak.az: Azərbaycanda bir oğlanın yanından keçən qızı kitab oxuması ilə "ram etdiyini" düşünün.  Nə hisslər keçirərsiniz?

Nigar Köçərli: Mənə elə gəlir ki, oğlanla qızın hansı hiss keçirmələrini gərək onların özündən soruşasınız ))
 
Mak.az: “Əli və Nino” kafesinin lazımi səviyyədə rəğbət görməməsini nəyə bağlayırsınız?

Nigar Köçərli: “Əli və Nino” şəbəkəsinə 5 kitab evi, 2 kitab kafesi, nəşriyyat evi və Azərbaycanda ilk online kitab mağazası (www.alinino.az) daxildir.  “Əli və Nino” bir milli brenddir. Əslində, “Əli və Nino” yalnız ticarət nişanı yox, həm də vətəndaş cəmiyyətinin nişanıdır. Biz yeni nəsil ilə bərabər böyüyürük. Ola bilsin, qüsurlarımız var, amma bu qüsurlar yalnız təcrübəsizlikdən və səhv etməyə qorxmamaqdan irəli gəlir. Axı bu sahə tam yeni bir sahədir, müstəqilliyimizin ilk kitab brendiyik.  
 
Mak.az:  Gürcüstanın prezidenti Saakaşvili Milli Məclisdə Ali və Nino əsərinin adını çəkdikdən sonra bu sizin mağazaların ziyarət sayına təsir etdimi?

Nigar Köçərli: Mağazalarımıza gələnlərin sayına təsir etməsindən söhbət gedə bilməz, amma faktın özü çox təsirli idi. Məncə, dövlət adamları kitablara çox tez-tez müraciət etməlidirlər ki, onlar insanların qəlbində xoş hisslər oyada bilsinlər. 

Mak.az: Şirkətlər kitabları marketinq mediası olaraq görürmü sizcə?

Nigar Köçərli: Bəli, görürlər. Demək olar ki, bütün iri şirkətlərlə işləyirik: banklarla, mobil operatorlarla, və s. Əslində, biz yeni kommunikasiya yolları təklif edirik, axı ənənəvi outdoor reklamı və BTL aksiyaları insanları hədsiz yorur və qıcıqlandırır. İnsanların bizə inamı və rəğbəti var. Hər gün şəbəkəmizdə minə yaxın insan alış-veriş edir və statistikamıza əsasən, bizim əsas müştərilərimiz 25-36 yaş arasında orta təbəqə nümayəndələridir. Müxtəlif BTL aksiyaları, qeyri-adi reklam kampaniyaları həyata keçiririk, online mağazamızda banner yerlərini təklif edirik, buraxdığımız kitablarda reklamlar yerləşdiririk. 

Mak.az:  Son zamanlar kitab mağazalarının sayı artmaqdadır. Ali və Nino rəqiblərdən fərqlənmək üçün hansı marketinq addımlarını atır?

Nigar Köçərli: Azərbaycanda marketinq adətən belə anlaşılır. Rafael ilə Coşqunun və ya Avroviziyanın qaliblərinin şəkillərini bilbordlara yapışdırmaqla elə bilirlər ki, təsirli reklam kampaniyasını aparırlar. Biz çalışırıq bu işə fərqli yanaşaq. Əvvəla bizim reklam büdcəmiz yoxdur. Biz daha çox PR-a üstünlük veririk. Ayda ən azı 2-3 kitab təqdimatı keçiririk. Bu, ilk növbədə gənc yazıçılara dəstək vermək üçündür. Məşhurların imza günlərini keçiririk – Çingiz Abdullayev, Qənirə Paşayeva və digərləri.  Müxtəlif aksiyalar keçiririk. Kitab satıcısı rolunda bizdə gənc yazıçılar, jurnalistlər, bloqqerlər, hətta millət vəkilləri çalışıb. Şou-biznes ulduzları Faiq Ağayev və Nura Suri da bizdə kitab satıblar – fikirləşdik ki, onların auditoriyası daha genişdir, kitaba yaxın olmaqları gənclərə yaxşı təsir edə bilər. Murad Dadaşov bizdə əyləncəli kitab auksionu keçirib.  
“Əli və Nino”nun BookClub adında layihəsi var. Gənc kitabsevərlər ayda 2 dəfə görüşüb kitabları müzakirə edirlər. Bu gəncləri çox sevirəm. Əvvəl bir-birini tanımırdılar, amma indi dostlaşıblar və kitaba olan sevgilərini hamı ilə paylaşırlar. Bu yaxında bir neçə aksiya həyata keçiriblər. Park Bulvarda “ƏDV-yə YOX deyək, kitaba dəstək verək” aksiya keçiriblər. Bizim dükanımızda kitab satıblar. “Oxumaq dəbdədir!” fotoaksiyada iştirak ediblər. Bu gənclər böyük bir gücə çevirilirlər. Gələcəkdə daha böyük işlər görəcəklər, əminəm. 
Və nəhayət, "new media"dan çox yaxşı istifadə edirik. Hal-hazırda bizim Facebook səhifəmizdə 30 minə yaxın fanlarımız var. Həftədə 2-3 dəfə müsabiqələr, viktorinalar keçiririk. Bu işə tez-tez sponsorları cəlb edirik. Məsələn, müsabiqələrin birində bir turistik şirkət çox qiymətli hədiyyələr paylayıb.  
Ötən il Almaniyada keçirilən kitabçıların seminarında PR üzrə gördüyümüz işlərdən danışdım. İnana bilmədilər ki, biz bu qədər iş görürük.

Mak.az: Sosial şəbəkələrin birində 8 martla bağlı qeyri adi aksiya keçirirdiniz və internetdə çox yayıldı. Bəs effekti necə oldu? Bu il kişilər daha çoxmu kitab hədiyyə etdilər?
 
Nigar Köçərli: “Əzizim, mənə 8 marta gül yox, ətir yox, kitab hədiyyə et!” aksiyası çox uğurlu oldu. Deyilənə görə, bu Azərbaycanın ilk virus reklamı olub. Bir necə yüz “share”, minlərcə şərhlər. Məncə, bu reklamı görməyən olmayıb. Əslində, bu cür PR üsüblarını çox sevirəm. Çəkiliş – 10 dəqiqə, dizayn – 20 dəqiqə, xərclər – 0 qəp, effektivlik – çox yüksək. Əlbəttə, satışlara da çox yaxşı təsir etdi. Amma ilk növbədə insanların beyinlərində bir balaca çevriliş etdi. İstehlak dünyamızda kitabı, mənəviyyatı unutmamaq çox vacibdir. 

Mak.az: Hədiyyə demişkən, Azərbaycanda kitab hədiyyə etmək mədəniyyətinin hələ də formalaşmamasının səbəbi nədir?

Nigar Köçərli: Kitabın real həyatımızda yeri çox zəifdir. Doqquz millyonluq ölkəmizdə cəmi 10 kitab dükanı var. Normal avropa ölkəsində 20 min əhaliyə 1 kitab dükanı düşür.   
 
Mak.az:  Qadın mövzusuna davam edirik )) Qadın biznesvumen olmaq çətindir yoxsa…?
 
Nigar Köçərli: Biznesvumen və biznes-ledi sözlərinə qabaq istehza ilə yanaşsam da, indi isə ümümiyyətlə nifrət edirəm. Xüsusən bu yaxınlarda oxuduğum xəbər başlığından sonra “Məşhur biznes-ledi Ruhi…”. Kül dedim keçəlin başına. 
Əslində, bizim cəmiyyətimizdə “qadın” və “biznes” anlayışları çox antaqonikdir. Bizneslə məşğul olan qadınların sayı utandırıcı səviyyədə azdır – mən, şəxsən yalnız 2 öz müstəqil biznesini qurmağa nail olan qadınları tanıyıram. Mənə ən çox verilən suallardan biri: “Niyə gözəllik salonu yox, kitab biznesi ilə məşğulsunuz?”. Bu sualdan görünür ki, cəmiyyət qadınların biznes ilə məşğul olmasına istehza ilə yanaşır və heçnə gözləmir, gözəllik salonu ya da paltar dükanı, yalnız bu qədər. 
 
Mak.az:  İnternetin belə populyar və əlçatan olduğu bir vaxtda kitab biznesinin çökməsini ehtimal etmək doğrudurmu?

Nigar Köçərli: Hal-hazırda dünyada oxucuların 11% elektron kitablarına üstünlük verirlər. 2020-ci ildə bu rəqəm 20 %-ə çatacaq. Əlbəttə, burada böyük təhlükə var. Amma elektron kitab yenə də kitabdır, onun satışları da kitab dükanlarına gəlir gətirə bilir. Qiymətdə elə də böyük fərq yoxdur. Təəssüflər olsun ki,  Azərbaycanda elektron kitabın nə olduğunu hələ yaxşı anlamırlar. Bizdə düşünürlər ki, elektron kitab internetdən pulsuz yüklənən pirat kopiyasıdır.

Mak.az: Bir kitabı bestseller edən nədir? Onun əla tərkibindən başqa daha nə olmalıdır?

Nigar Köçərli: Əlbəttə ilk növbədə kitabın məzmunu vacibdir. Dünyanın ən çox satılan kitabları Aqata Kristi ve Şekspirin əsərləridir. Əsrlər boyu bu kitablar satılır və satılacaq milyonlarca. Bu kitablar belə sevgini məzmuna və yazıçıların istedadına görə qazanıblar. Heç bir PR üsubu o vaxt istifadə olunmayıb. O biri tərəfdən, biz müasir bir dünyada yaşayırıq və kitab da bir məhsuldur. Əlbəttə onun bestseller olmağı üçün PR çox vacibdir. 

Mak.az: Ən çox hansı mövzulu kitablar satılır? Və indiyə qədər ən çox satılan kitab hansıdır?

Nigar Köçərli: Bizim şəbəkəmizdə 4 dildə kitab satılır – azərbaycanca, türkcə, rusca, ingilscə. Hər ay bizim şəbəkə ayın 10-luğunu açıqlayır. Artıq bir neçə ildir ki “Əli və Nino” kitabı bizdə siyahıların əvvəlindədir. Xaled Hüseyninin “Çərpələng uçuran” kitabını tərcümə edib buraxmışıq. O da bizdə çox yaxşı satılır. Başqa bir kitabın satışları ilə də razıyıq – Qənirə Paşayevanın “Onun sevgi məktubları”. “Dünya klassikləri” və “Dünya uşaq ədəbiyyatı” seriyaları çox populyardır. 
 
Mak.az: Ən sevdiyiniz, dəfələrcə oxuya biləcəyiniz və təsirləndiyiniz kitab hansıdır? 

Nigar Köçərli: Həyatımın müəyyən məqamlarında mənə çox təsir edən kitablar olub. Siyahı çox böyükdür. Əsası isə odur ki, kitabsız yaşaya bilmirəm. Bu mənim üçün bir meditasiyadır.  

Baxılıb: 5328

Şərhlər