Sosial şəbəkələrdə yayımla

Müsahibə - Rəhman Abdurəhmanov

mak.az: "Azza Şirniyyat" fəaliyyət dövrünə görə çox gənc yaşlarındadır demək olar ki, 2 ilə yaxın müddətdir çalışırsınız. Bu qısa müddət ərzində şirniyyat mağazaları şəbəkəsini qurmusunuz. Bu uğurlu nəticə nə ilə bağlıdır? Bazarda bu sahə boş idi yoxsa...

R.A: Cəmi 18 aydır biz fəaliyyət göstəririk, və hal-hazırda 6 mağaza ilə fəaliyyətimizi davam etdiririk. İnkişafımız davam edir və mağazalarımızın sayını da artırırıq. Qeyd olunan inkişaf şirniyyat bazarında olan boşluqla əlaqəli deyil, bu işə peşəkarcasına və keyfiyyəti prioritet saymaqla bağlıdır. Ölkədə inkişaf gedir, insanlarımızın rifah halı yüksəlir, daha çox özlərinə və özlərinin sağlamlıqlarına fikir ayırmağa başlayıblar. Məhz sağlamlıq və keyfiyyəti axtaran alıcılar bizi kəşf edir və ya biz onları kəşf edirik. Beləliklə də bizə tələbat artır biz də öz növbəmizdə daha çox tələbatı qarşılamaq üçün böyüyürük. Doğrudur, keyfiyyətli işin xərci də çoxdur, lakin Azza adını daim yüksəkdə saxlamaq, bizi bu xərclərə getməyə və bu barədə tərəddüd etməməyə səbəb olur.

mak.az: Rəqabət barədə nə deyə bilərsiniz?

R.A: Rəqabət biznesi maraqlı edən anlayışlardandır. İnsanı daha yaradıcı düşünməyə vadar edir, bu həm qiymət həm də qeyri qiymət rəqabətinə aiddir. Rəqabət son nəticədə müştərilərin xeyrinə olan bir mübarizədir. Daha çox öz nəticələrimiz və dünyadakı inkişaf tendensiyaları ilə müqayisə aparıb, daha yüksək nəticələr əldə etmək üçün özümüzlə rəqabət edirik.

mak.az: Marketinq fəaliyyətiniz nələrdən ibarətdir?

R.A: Rəqiblərin, istehlakçıların davranışlarını araşdırmaq, hədəf qrupumuzla birbaşa çalışmaq, korporativ identifikasiyamızın yaradılması, müxtəlif cobranding layihələri, sponsorluq və s.

mak.az: Kənardan o qədər də çox reklama pul xərclədiyiniz barədə qənaət yaranmır, bu həqiqətən belədir yoxsa...

R.A: Düzgün qeyd edirsiniz, bizim reklam və ümumiyyətlə marketing büdcəmiz o qədər də böyük deyil. Daha çox istehsal və satış kanallarının inkişafı ilə məşquluq. Qeyd olunanların standartlaşdırılması istiqamətində işlər aparırırq. Müxtəlif təyinatlı Beynəlxalq Standartları almaq üçün işlər aparırıq. Lakin bu işlərlə yanaşı kiçik büdcəli lakin hədəfli marketinq fəaliyyətimiz də aparılmaqdadır. Hədəf qrupumuzla daha sıx işləyirik, buna görə kütləvi tanıtım və reklama müraciət etmirik.

mak.az: Hədəf qrupunuz barədə qeyd etdiniz, kimdir sizin hədəf qrupu?

R.A: Bizim hədəf qrupu daha çox gəlirə görə deyil, keyfiyyətə və sağlamlığa görə müəyyən olunur. Yəni keyfiyyətli qidalanmağı öz sağlamlığı üçün daha önəmli hesab edən və Sağlam Qida Tərzi ilə yaşayan hər kəs bizim hədəf müştərimizdir.

mak.az: Sağlam Qida Tərzi konsepsiyası barədə qısaca məlumat verərdiniz?

R.A: Sağlam Qida Tərzi Azza tərəfindən irəli sürülmüş bir konsepsiyadır. Biz bu konsepsiyanı bütün qida ilə bağlı müəssisələrimizdə tədbiq edirik. Konsepsiya əslində çox sadə prinsiplərdən ibarətdir. Bu prinsiplər isə keyfiyyətli xam mal, keyfiyyətli hazırlanma prosesi, gigiyenik şərtlərə uyğunluq, keyfiyyətli çatdırılma. Çatdırılma dedikdə biz həm restoranlarımızda yeməkləri təmiz və dadlı şəkildə müştəriyə çatdırmanı, şirniyyat  mağazalarında isə paketləməni və s. nəzərdə tuturuq.

mak.az: Bütün dünyada olduğu kimi bizim ölkədə də böhranının təsiri olub, siz bundan əziyyət çəkirsinizmi və bununla necə mübarizə aparırsınız?

R.A: Bəli, qətiyyətlə qeyd etmək ki, xeyr bizdə böhran yoxdur bu düzgün olmazdı. Müəyyən formada bizim də payımıza bu böhrandan pay düşüb. Bununla mübarizə metodu kimi biz daha çox xərclərin optimallaşdırması, personelin inkişafı və birbaşa marketinq kanallarına müraciət etməyi müəyyənləşdirmişik.

mak.az: Marketinq xərclərinizi azaldmısınız?

R.A: Xeyr, fikir vermisizsə, biz mağazalarımızın sayını artırırırıq. Hər yeni mağazanın marketinq xərcləri də var, buna həm reklam, merhcandising və s. şeylər daxildir. Əvvəl də qeyd etdiyimi kimi, hədəf qrupları ilə birbaşa çalışmağa üstünlük veririk. Buna misal kimi biz ölkədə ilk dəfə nəşr edilən şirniyyat kataloqunu qeyd edə bilərik. Bu kataloqun hazırlanmasında biz ən peşəkar fotoqraf, kopirayter və dizaynerlərə müraciət etmişik. Kataloqun elektron variantını paylamaq üçün onlayn müsabiqə elan etdik. Hər 100-cü kataloqu yükləyən şəxs bizdən pulsuz olaraq tort əldə etdi. Məhz bu cür aksiyalarla öz marketinq fəaliyyətimizi davam etdiririk.

mak.az: Sizin əsas üstünlüyünüz və fərqiniz nədən ibarətdir?

R.A: Keyfiyyətli xammal, mükəmməl texniki və istehsal imkanlarımız, peşəkar idarə etmə sistemi və əlbəttə məmnun müştərilərimiz.  

mak.az: Hansı planlarınız var?

R.A: Bu günlərdə “Milli Şirniyyat” istehsal xəttimizi fəaliyyətə buraxdıq. İlkin nəticələr gözləniləndən yuxarıdır, bütün ehtimallarımızı müsbət mənada alt üst edib.
Şərq şirniyyatı, şokolad istehsalı, və s. istiqamətlərdə böyüməyi planlaşdırırıq. Şəhərdə ən böyük assortimentdə tortları biz təklif edirik, bu çeşidliliyi bir az da artıracayıq.
Toy və eksklüziv tortlarla bağlı daha fərqli təkliflər vermək üzərində işlər aparırıq.

 

Baxılıb: 4979

Şərhlər