Sosial şəbəkələrdə yayımla

Müsahibə - Tahir Mirkişili

Tahir Mirkişili 1977-ci ildə Azərbaycanın Qubadlı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində elmlər namizədi olub. Bir müddət Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. Ultra şirkətinin qurucusu və hal-hazırki prezidentidir. Evlidir.

Azərbaycanda bir qida, pərakəndəçi, paltar və ya kimya sənayesi yox, ənənəsinə sahib olmadığımız IT şirkəti…

Mak.az: Bizim üçün IT şirkətinin menecmenti xarakterik deyil. Bu yeniliyi həyata keçirmək daha çox çalışmaq tələb edir. Ultra şirkəti biznes sistemini qurarkən hansı təcrübələr və prinsipləri özünə rəhbər tutdu?

Tahir Mirkişili: Hələ 1999-cu ildə ULTRA şirkəti qurularkən əsas məqsəd Azərbaycan biznes və İT aləminə həm idarəetmə , həm də çeviklik və peşəkarlıq nöqteyi nəzərindən bir yenilik gətirmək idi. Biz bu 10 ildə buna nail ola bildik. 10 il ərzində şirkətin həyata keçirdiyi layihələrin əksəriyyəti “Regionda ilk dəfə” kateqoriyasına aiddir. Şirkətin top menecmentinin aldığı yüksək təhsil bu uğuru əvvəlcədən vəd edirdi. Daim təkmilləşmək, treyninq almaq, yaradıcı olmaq, idarəetmədə ənənəvi üsullardan uzaqlaşaraq, beynəlxalq biznes prinsiplərini tətbiq etmək, şaquli yox, üfiqi idarəetmə formasını tətbiq etmək kimi prinsiplərin tətbiqi ULTRA –nı digər şirkətlərdən tam fərqləndirməkdir.

Mak.az: Ultra şirkətinin prezidenti özü  kompüterlə nə vaxt tanış olub?

Tahir Mirkişili:
İlk dəfə orta məktəbdə oxuyarkən 1990-cu ildə SSRİ-nin EC kompüterləri ilə. Ən çox sevdiyim dərslərdən biri isə İnformatika dərsi idi, Riyaziyyat dərsindən sonra.

Mak.az: Fəaliyyətinizin ilk 10 ilinə nəzər saldıqda qısaca nələr keçir fikrinizdən?

Tahir Mirkişili:
Bu 10 ildə nə qədər iş gördüyümüz, nələrin necə mümkün olduğu, intellekt və enerjinin nəyə qadir olduğu və eyni zamanda hansı səhvlərin baş verdiyi, daha nələrə nail olmaq imkanları və s..

Mak.az: Bu 10 ilin mənzərəsi önümüzdəki 10 ildə necə Ultra şirkəti ved edir?

Tahir Mirkişili:
Əslinda uğurlu biznesdə hər bir keçən il növbəti il üçün möhkəm bünövrə rolunu oynayır. Biz öz yolumuzu daim qalxan pilləkən formasında görürük. Keçən 10 il ərzindən toplanan bilik və təcrübə növbəti 10 ildə ULTRA -ya dəfələrlə artıq yaradıcı olmaq, daha social olmaq, daha peşəkar olmaq vəd etdi.

Mak.az: Ultra şirkətinin olmadığını fərz edək. Azərbaycan IT sahəsi nələri itirmiş olardı? Azərbaycan IT aləmində Ultranı unikal edən faktorlar və bu sferaya gətirdiklərinizlə bağlı rəyiniz…

Tahir Mirkişili:
Ümumiyyətlə hər bir şirkət unikaldır.. Bəlkə də biz olmasaydıq kimsə edəcəkdi bunları. Sadəcə deyə bilərəm ki, ULTRA olmasaydı yəqin ki, kimsə bunları edəcəkdi: Regionun ən böyük İT şirkəti, Qafqazda ilk noutbuk istehsalı, Regionda ilk İctimai Simsiz zonalar, Universitet proqramları, 6 Dünya Premyerası, Elektron Sənəd Dövriyyəsi, Elektron Təhsil, Avropanin ən böyük Planetraiumu, Elektron Muzeylər, Elektron İmza, Elektron Maliyyə, Elektron Sığorta və s. həllər….

Mak.az: Azərbaycanda kompüter istehlakçısını Ultra nə qədər yaxından tanıyır və onların ehtiyacını ödəmek üçün neler teqdim edir?

Tahir Mirkişili:
Ultranın əməkdaşlarının əksəriyyəti Marketinq departamenti üçün informasiya mənbəyidir. Əməkdaşların orta yaşı 25 yaşdır. Bu yaş qrupu isə dünyada ən çox İT tələbatı yaradan qrupdur. Bundan başqa biz daim marketinq araşdırmaları aparır, sayt vasitəsilə istehlakçıların fikrilərini öyrənir, forumlarda iştirak edirik. Dünya İT meylləri ilə yerli tələbatı uzlaşdırmaq bizim əsas fəaliyyət prinsiplərimizdəndir.

Mak.az: Nexus brendini yaradan dövrlərdə yerli markalara və istehsala etibar çox az idi, bu qərarı necə verdiniz və bu qərardan razısınızmı?

Tahir Mirkişili:
NEXUS ilk yerli Noutbuk brendidir. Əslində NEXUS brendi bir sosial siyasət rolunu yerinə yetirməkdədir. İnsanlara özlərinin nə isə yarada biləcəyi inamı qaytarmaq lazım idi. Biz də 2003 cü ildə bu yolu tutduq. Bu qərarı vermək və bunu yerinə yetirmək etiraf edim ki, həyatda ən çətin və riski qərarımız idi. Ama biz bunu bacardıq və indi geri baxanda bununla fəxr edirik.

Mak.az: Qlobal şirkətləri və markaları  yəqin ki izləyirsiniz? Şəxsən siz şirkətiniz və Nexus markanızı  hansına bənzəməsini istərdiniz?

Tahir Mirkişili: ULTRA olaraq gələcəyimizi yalnız intellktual həllər təqdim edən və əlavə dəyər yaradan bir şirkət kimi görürük və buna doğru gedirik. Ən çox bəyəndiyim qlobal şirkətlərdən İntel, Microsoft, Apple, Cisco adlarını çəkə bilərəm. NEXUS-u marka olaraq insanlara daim yaxın olan, onların gözləntilərini təmin edə bilən, razılıq yaradan və konul oxşayan bir marka olaraq görmək arzumuz var və buna doğru gedirik. Ən çox bəyəndiyim qlobal markalaradan Sony, Apple adlarını çəkə bilərəm.

Mak.az: Bakutel sərgisində demək olar ki, hər il iştirak edirsiniz. Bu sərgilər Sizin marketinq hədəflərinizə nə qədər xidmət edir?

Tahir Mirkişili:
Bildiyiniz kimi, son illər fiziki sərgilərə maraq aşağı düşməkdədir. Virtual sərgilərin inkişafı və internetin imkanlarının artması sərgilərin marketinq faydasını azaltmaqdadır. ULTRA olaraq sərgidə iştirakı eyni zamanda bir iqtisadi məsuliyyət hissi kimi qəbul etməkdəyik. Mən deyərdim sərgidə iştirakımız iqtisadi və sosial maraqlar prizmasından baxdıqda 50/50 pariteti kimi qiymətləndirilə bilər.

Mak.az: Ümumiyyətlə şirkət və brendləriniz barədə informasiyanı hansı yol ilə alıcılara çatdırmağı effektli hesab edirsiniz? (ənənəvi reklam yoxsa internet və mobil reklam kimi vasitələrdən)

Tahir Mirkişili:
Əgər Azərbaycandan danışsaq mən bütün yolları vacib görürəm. Çünki hər bir üsulun özünün üstünlükləri var.

Mak.az: Son 10 ildə dünyada aktivləşən və son dövrlərdə Azərbaycana da sıçrayan sosial məsuliyyət (KSM) anlayışı ile bağlı Ultranın fəaliyətləri varmıdır?

Tahir Mirkişili: 
ULTRA da ən çox fikir verdiyimiz nüanslardan biri sosial məsuliyyət, “fikirləşən başlar”, maarflənirmə tədbirləridir. Hər bir şirkət böyük bir ailəyə bənzəyir. Sosial məsuliyyət olmadan heç bir keyfiyyət və yaradıcılıqdan söhbət gedə bilməz.

Mak.az: Əgər ölkəmizdə fəaliyyət göstərən İT şirkətlərinin fəaliyyət istiqamətinə baxsaq böyük əksəriyyət satış və istehsala yönəlib, proqram təminatı və inkişafı ilə bağlı milli məhsullarımız demək olar ki, yoxdur. Bu istiqamətdə hansı fikirləriniz var?

Tahir Mirkişili: Biz bu istiqamətdə geniş fəaliyyətlə məşğuluq. Umumiyətlə, proqram məhsulu yaratmaq çox mürəkkəb və məsuliyyətli bir işdir. Ölkənin böyük olmaması, yaradıcı məsuliyyətin ciddi qəbul olunmaması, yaradılan məhsulları peşəkarlıq səviyyəsinin yüksək olmaması keçən illərdə yerli proqram məhsullarına tələbatı çox aşağı salmışdır. Amma son illərdə vəziyyət xeyli dəyişməkdədir. Bu gün ölkədə ən iri proqram layihələrini yerinə yetirən bir şirkət kimi, biz də qazandığımız bilik və təcrübəni yerli proqram məhsullarının yaradılmasına həsr etmək fikrindəyik

Mak.az: Mak.az ilk yarandığı dövrlərdən bizimlə əməkdaşlıq edirsiniz, bu əməkdaşlıqdan gözləntiləriniz və bizə arzularınız?

Tahir Mirkişili: 
Biz umumiyyətlə marketing yönümlü bütün fəaliyyəti alqışlayırıq. Sizin portalın fəaliyyətində daim bir yaradıcılıq və inkişaf görməkdəyik. Bizim əməkdaşlığımızı da zəruri edən məhs bu amildir. Mən arzu edirəm ki, yaradıcılıq və yenilikçilik sarıdan daim inkişafda olasınız.

Baxılıb: 6073

Şərhlər(1)

Şərhlər (1)

Avira Avira
Ultra - uzun omur dileyirik. Eslinde global brendler sirasina daxil olmaq ucun mence her bir gucunuz, biliyiniz ve en esas isteyiniz var.
Ugurlar