Sosial şəbəkələrdə yayımla

Müsahibə - Vüqar Aslanov

Vüqar Aslanov 1977-ci ildə Gürcüstanda anadan olub. Orta təhsilini Gürcüstanda başlayıb sonradan isə Azərbaycanda davam edib. Xarici dillər Universitetini bitirib. 1998-ci ildə ANS TV-də, sonralar isə Bakcell, Delfin Hotel və Texnoservis şirkətlərində aparıcı vəzifələrdə çalışıb.  Hal-hazırda "Notebook.az" layihəsinin rəhbəridir.


mak.az: Notebook.az layihəsi hansı ehtiyacdan yarandı, ümumiyyətlə bu layihənin yaranma prosesi barədə məlumat verərdiniz ?

Vüqar Aslanov: Artıq müasir dünyanın gələcək inkişafının prioritetlərindən biri də kompüter texnologiyalarıdır. Bildiyiniz kimi  kompüter texnologiyaları zaman keçdikcə  daha da təkmilləşməkdə, istənilən sahədə geniş istifadə olunmaqdadır.Texnologiya inkişaf etdikcə ona olan tələbat da günü-gündən artır.Artıq son bir neçə ildə mobil kompüter avadanlıqları hesab olunan noutbuk satışlarının bütün dünyada nəzərəçarpacaq dərəcədə artması bu sahəyə diqqəti xeyli artırıb. Ölkəmizdə bu sahəyə marağın artması nəticəsində noutbuklarla bağlı bir layihənin həyata keçirilməsinə eytiyac duyulurdu. Elə bu səbəbdən də "Notebook.az" layihəsi ötən ilin may ayından fəaliyyətə başladı.Məqsədimiz umumilikdə insanlara noutbuk seçimində yardım etmək  bununla yanaşı onlara noutbukların istifadəsilə bağlı düzgün məlumat vermək və məlumatlandırmaqdir.

mak.az: Notebook.az layihəsi fəaliyyətə başlayarkən nə üçün "Fujitsu-siemens computers"-i seçdi ?

Vüqar Aslanov: Hal-hazırda dünyada noutbukların istehsalı ilə məşğul olan bir çox şirkətlərin adını sadalamaq mümkündür.Lakin biz "notebook.az" layihəsinə başlamazdan əvvəl noutbuk istehsalı ilə məşğul olan brendlərlə bağlı təhlil apardıq. Və uzun araşdırmalardan sonra müəyyənləşdirdiyimiz kriteriyalara cavab verən məhz Fujitsu Siemens Computers olduğu qənaətinə gəldik. Qeyd etmək istərdim ki, Fujitsu Ltd. Və Siemens AG şirkətləri 1999-cu ildən etibarən müştərək olaraq "Fujitsu-Siemens Computers Corporation" adı altında kompüter texnologiyaları istehsalı sahəsində fəaliyyət göstərirlər. Şirkətin baş ofisi Almaniyanın Auqsburq şəhərində, kompüter avadanlıqlarının istehsal olunduğu zavodlar isə Paderborn və Zömmerd şəhərlərində yerləşir. İT sahəsində artıq 30 ildən çox təcrübəsi olan "Fujitsu-Siemens Computers" şirkətinin avadanlıqları Avropada və Yaponiyada layihələşdirilərək istehsal olunur.   Artıq illik pul tədavülü 6.65 milyard avroya çatan "Fujitsu-Siemens Computers" şirkəti Azərbaycanda da  iki il müddətində dövriyyəni gücləndirilməklə aktiv olaraq kompüter bazarını mənimsəyir.
Qeyd etmək yerinə düşər ki, Avropada test laboratoriyaları olan "Fujitsu-Siemens" şirkəti, avadanlıqların keyfiyyətinə xüsusi əhəmiyyət verir. Yapon texnoloqiyası + Alman keyfiyyətini özündə birləşdirən Fujitsu-Siemens kompüter və noutbuklarının yığılması və test olunması Almaniyada keçirilir. FSC texnikasının üzərinə yalnız çoxlu sayda yüksək dərəcəli testlərdən  keçmiş komponentlər qoyulur . Bütün komponentlər test olunur və nümunəvi istifadədən keçirilir. Bu komponentlər yalnız istehsal mərkəzindən gətirilir. Elə bu məqamda sizin də marağınızı nəzərə alaraq bir neçə test formasını misal göstərmək olar :
 -Yüksək məsafədən yerə buraxılır və ekranın əks tərəfinə təzyiq olunur.
-Power ON/OFF  düyməsi 4000 dəfə yandırılıb söndürülür.
-Noutbukun qapağı 85000 dəfə açılıb örtülür və s.
[ Çində istehsal olunan noutbuklarda bu proses cəmi 20000 dəfə həyata keçirilir ]
"Fujitsu-Siemens" şirkəti personal kompüterlərə 3 il noutbuklara isə 2 il zəmanət verir. Lakin qeyd etmək istərdim ki, xüsusi texnologiyayla istehsal olunmuş LİFEBOOK seriyadan olan noutbuklar 3 il zəmanətlidir.
Fujitsu-Siemens Computers, innovasiya sahəsində bir sıra ilklərə imza atıb. Beləki, mobil avadanlıqlarda UMTS modulunun və "Blueray" texnologiyasının ilk tətbiqi bu kateqoriyaya aiddir. 
Fikrimcə, bütün bu sadaladığımız məqamlar verdiyiniz sualı tam dolğun şəkildə əhatə edir.

mak.az: Notebook.az layihəsi tam müstəqildirmi ?

Vüqar Aslanov:
Layihənin başlanğıcında müstəqil olaraq həyata keçirilirdi.Daha sonra Fujitsu Siemens Computers-in bu layihə ilə yaxından tanış olmuş və layihəni yüksək qiymətləndirərək öz tam dəstəyini vermək qərarına gəlmişdir. Hal hazırda Fujitsu Siemens Computer Azərbaycanda keçirilən əsas layihələri "notebook.az" ilə həyata keçirir.
mak.az: "Notebook.az" layihəsi olaraq müştərilərə xidmət istiqamətində hansı yeniliklər edirsiniz ?
"notebook.az" layihəsi çərçivəsində və eləcə də FSC şirkətinin dəstəyilə, Azərbaycanda İT sahəsində çalışan şirkətlər arasında ilk dəfə üçrəqəmli 198 telefon məlumat mərkəzi (call-center) fəaliyyətə başladı. Bu addımla da Fujitsu-Siemens Compüters onun məhsullarından istifadə edən bütün potensial istifadəçilərə özünün tam loyallığını nümayiş etdirdi.

mak.az: "198 telefon məlumat mərkəzi" hansı funksiyanı yerinə yetirir ? Müştərilərin məlumatlandırılması üçün hansı addımlar atılıb ?

Vüqar Aslanov: 198 telefon məlumat mərkəzi "notebook.az" layihəsinin telefon ilə informasiya dəstəyini həyata keçirir.Artıq hər hansı bir notebook.az istifadəçisi vəya FSC avadanlığına sahib olan istənilən bir şəxs üçrəqəmli 198 telefon nömrəsini ev telefonundan və ya istənilən mobil operatordan (kodsuz) yığmaqla FSC avadanlığıyla bağlı bütün lazımi məlumatları avtomatik rejimdə əldə edə bilər.Bu unikal xidmətin köməyilə siz servislə xidməti və texniki konsultasiya ilə bağlı sualları həll edə bilər, bununla yanaşı FSC avadanlığının satış nöqtələri ilə bağlı məlumtlar əldə edə bilər (müştərilərin rahatlığı üçün kreditlə satış imkanları və metro stansiyalar görə satış nöqtələrin dislokasiyası barədə məlumatlar). Eyni zamanda FSC-in yeni məhsulları və reklam kampaniyaları haqqında ətraflı informasiya və müştərilərin şikayət və təkliflərin qeydi üçün 198 saylı telefon məlumat mərkəzinin tərkibində avtomatik rejimdə çalışan menyular mövcudur. Beləliklə 198 TMM  həftınin 7 günü, 24 saat ərzində fasiləsiz müştərilərin xidmətindədir.

mak.az: "198 telefon məlumat mərkəzi"nə zəng edən müştəriləri noutbuklarla bağlı ən çox hansı sual maraqlandırır ?

Vüqar Aslanov: Məlumat mərkəzinə gələn zəngləri təhlil etdikdə görürük ki, müştəriləri daha çox satış nöqtələri və onlarda sərfəli kredit şərtləri olması, avadanlıqların keyfiyyəti və zəmanət müddəti  maraqlandırır. Xüsusən zəmanət müddəti ilə bağlı sualların sayı üstələyir digər sualları və xüsusi dəqiqləşdirməyə ehtiyac duyulur. Buna səbəb FSC digər istehsalçılardan fərqli olaraq öz avadanlıqlarına daha uzun müddətli zəmanətlə təmin edir. Diqqətinizə çatdırım ki, personal kompüterlərə və monitorlara 3 il noutbuklara isə  2 il ve ya 3 il (LİFEBOOK seriyası) zəmanət verilir.

mak.az: Reklam panellərinizdə nə üçün "keyfiyyəti sevənlər üçün" şüarına vurğu edirsiniz? Marketinq nöqteyi nəzərindən bu məqamı izah edə bilərsiniz mi?

Vüqar Aslanov: Biraz əvvəl FSC avadanlığı ilə bağlı toxunduğumuz bütün məqamlar : istər istehsal prosesində invosiyaradan daim istifadə , istər sınaq mərhələsini xüsusi laboratoriyalarda keçirilməsi, istərsə də böyük zəmanət müddəti və  daha sonrasında məlumat mərkəzinə qədər hər bir məqam bunu deməyə əsas verir ki, elə FujitsuSiemens-in şüarı belə də olmalıdır : "keyfiyyəti sevənlər üçün".

mak.az: Ölkədə komputer texnologiyaları istehsalçıları arasında rəqabət kifayət qədər güclüdür. Belə bir şəraitdə bir çox qabaqcıl şirkətlər rəqabətə davam gətirmək üçün müxtəlif PR aksiyaları keçirir və ya marketing fəaliyyətlərini daha da gücləndirirlər. Bəs "Fujitsu-siemens" öz marketinq fəaliyyəti ilə digərlərindən nə ilə fərqlənir ?

Vüqar Aslanov: Sadaladığınız fikirlər artıq dövrün tələbinə çevrilib və bütün istehsalçı şirkətlər üçün zəruri tədbirlər toplusudur, və mənə elə gəlir ki, həyata keçirilməsi labüddür. əlbəttə, FSC daim öz istifadəçiləri ilə sıx əlaqədədir. Onların nəyi, niyə və necə istədiyini müxtəlif formalarda araşdıraraq tələblərə maksimum cavab verən avadanlıqların istehsalına nail olmağa çalışır. Bununla əlaqədar misal çəkmək olar ki, artıq avqust ayında Azərbycanda satışa çıxarılacaq Fujitsu Siemensin yeni 3000 seriyalı noutbukları tam müştərilərimizin tələblərinə uyğun olaraq hazırlanmışdır. Bu noutbuklar müasir dizayn, bütün kommunikasiya vasitələri (bluetooth, camera, WiFi və sair), mükəmməl mühafizə texnologiyalar və digər yeni imkanlar  ilə təchiz olunmuşdur.

mak.az: mak.az-la bağlı fikirləriniz , yazılarımız sizi qane edirmi, elektron jurnalımızda daha hansı rubrikaların olmasını istərdiniz ?

Vüqar Aslanov: Hesab edirəm ki, ölkəmizdə xüsusilə də marketinq sahəsində sayları barmaqla sayıla biləcək qədər az olan belə layihələr daim dəstəklənməlidir. Biz sizin fəaliyyətiniz ilə yaxından tanışıq və bizim ilə bağlı istənilən məsələdə siz dəstək olmağa hazırıq. Bildiyiniz kimi Fujitsu Siemens Computers mak.az layihəsinin təşkilatçıllığı ilə aprel ayında keçirilən "Marketinqin rəngi nədir" adlı marketinq müsabiqəsinin baş sponsoru olmuş, müsabiqənin qalibi noutbukla təltif edilmişdir. O ki qaldı ikinci sualınıza mak.az saytında köşə yazıları formatında təhlil xarakteri daşıyan yazıların olması çox maraqlı olardı. Sizdən daha da maraqlı işlər, layihələr gözləyirik. Gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Baxılıb: 5480

Şərhlər