Sosial şəbəkələrdə yayımla

Məşhur 2012-ci il...

İnanılmaz olsa da artıq 2012-ci ilin ilk yeddi gününü geridə qoyduq...

Dünyanı dəyişən 2011-ci il Ərəb ölkələri üçün Ərəb Baharı kimi, Avropa üçün Maliyyə Böhranı və işsizlik, Asiya üçün Təbii Fəlakətlər, xüsusilə də Yaponiya üçün relyefin dəyişməsi, Koreya üçün rəhbərin itgisi və sair kimi hadisələrlə yadda qaldı. Dünyanı dəyişən 2011-ci il istehalkçı vərdişlərinin dəyişməsindən də yan keçmədi. Avropa və Amerika daha az pul xərcləyib qənayət etməyə başladı. İstehlakçılar sabah nə olacağından əmin olmadıqları üçün daha az pul xərcləyib yalnız lazım olanları almağa üstünlük verirdilər. Ipsos Mendelsohn sorğusuna əsasən 60% respondent hələ də pulu ehtiyatla xərclədiyini bildirib. Bu da öz növbəsində marketinqə xərclənən pula təsirini göstərib. Hazırda əlimdə dəqiq rəqəm olmadığı üçün, 2011-ci ilin media xərcləmələri haqda növbəti yazıda məlumat verəcəm. 

 
 
Bəs Azərbaycan?
 
Dünyada negativ hadisələrin olmasına baxmayaraq 2011-ci il Azərbaycan üçün bir xeyli uğurlu il oldu deyərdim. Avrovizyonda qalib gəlib yarışmanın Bakıda keçirilməsi, boks üzrə dünya çempionatının Bakıda keçirilməsi, Jack Trout müəllimin Bakıya gəlməsi, nəinki Bakıda digər şəhərlərdə də Avrovizyon şərəfinə yenidən təmir bumunun başlanması və sair kimi sevindirici məqamlar var. 
 
Bəs marketinq?
 
Bu yazını yazmağa hazırlaşanda ən çox ağlımda fırlanan bu sual idi. 2011-ci ildə marketinqin trendləri nə idi, biz irəliyə yoxsa geriyə getdik? Dünyanın trendinə çata bilirikmi? Ötən ildə marketingin əsas trendi digitallaşması oldu. Bu daha əvvəldən başlasa da 2011-ci ildə daha da aktuallaşdı, sosial şəbəkələr gündəmdə qaldı və 
istehlakçıların alış-veriş vərdişlərində online shopping daha geniş yer aldı. Azərbaycanda isə...
 
2011-ci il telekomunikasiya operatorlarının savaş ili oldu...
 
Bir il əvvəlki vəziyyətlə müqaisədə hər üç operator 2011-ci ildə daha aqressiv şəkildə bir-birinə “söz atmaqla” və hətta qiymət endirməklə “müharibəyə” başladılar. Həmişə özünü təmkinli və ağır aparan Azercell belə Əzizlərim tarifinin reklamında “ulduz dostum” deməklə Bakcellə söz atdı . Bakcell isə domino oynu ilə həm Azercell həm də Nar Mobile-dan ucuz olduğunu göstərdi. Nar Mobile isə komunikasiyalarında Azercell-in müddətli kampaniyalarına sataşaraq tarif paketlərini “bu kampaniya deyil, tarifdir” deyə mövqeləndirdi. Avrovizyon xəbərindən dərhal sonra Azercell 2012-ci il üçün əsas tərəfdaşlığı ələ keçirdi, bunun ardından da Nar Mobile Eldar və Nigarı marka üzü etdi. Bakcell Xəzər Tv-də başlayan "Aramızda Qalsın" serialını, Azercell isə eyni kanalda Qaynana serialını sahibləndi. Və beləliklə də mobil telekom sektorunda biribirini qovalama və aqressiv rəqabət davam etdi.
 
Jale-nin düşməni Vita1000 doğuldu...
 
Meyvə şirəsi bazarında uzun müddət birinci olan Jale 2011-ci ilin payızında Vita1000 markasının hücumuna məruz qaldı. Qalmaqallı tizeri və hayküylə bazara girən Vita1000 şirələri həm qiymət, həm penetrasiya, həm də satış baxımından Jaledən geri qalmır. “Yeni meyvə şirəsi istəyirəm” deyən Vita1000-çilərə 
Natura “İstədiyiniz meyvə şirəsi” deyərək cavab verdi və elə bundan sonra da hamının ağlı qarışdı. Meyvə şirəsi bazarında heç vaxt aqressiv olmayan Well də bu müharibəyə qoşularaq 
 
“Bitməyən ləzzət” dedi. Ən qızğın vaxtda Coca-Cola ortaya 5 dəqiqə hədiyyə kampaniyası ilə çıxdı. Bu arada Gülüstan markası da rebranding edib yeni formada su bazarında rəqabətə davam etdi. Maraqlıdır ki, bu hayküydə Cappy çox sakit qaldı...
 
Südçülərin sayı artdı
 
Ilin ilk yarısında Atena süd möcüzəsilə bazara daxil oldu. Komunikasiyaya bir xeyli diqqət ayıran Atena fərqli dizayn və mövqelənməsilə bazardakı rəqibləri canlandırdı. Daha əvvəldən bazarda olan Jale süd məhsullarında rebrendinq edib daha modernləşdi, Bəyaz Süd “Süd Bəyazdır” deyə komunikasiyaya başladı, SAB digər məhsulları ilə yanaşı süd məhsullarını da əhatə edən imicə yönəlik komunikasiya etdi. Yerli südçülərlə yanaşı Danone və President kimi xarici markalar da komunikasiya zamanı “mən də varam” dedi. Bütün bunlara baxmayaraq PalSud öz sakit mövqeyini qorudu... 
 
Yerli reklamlar canlandı
 
Daha çox adaptasiyalar və ya xarici reklam agentliklərinin reklamları ilə kifayətlənməli olan icmamız ötən il yerli kreativlərlə sevindilər. Bəzən sevinməyib tənqid etsələr də, pis və ya yaxşı yerli reklamların hazırlanması sektorun canlanmasına səbəb oldu. 2011-ci il ərzində təqribən 60-a yaxın yeni yerli TV reklam yerləşdirildi. Bu reklamlar arasında global markalar üçün hazırlanmış yerli konseptlər də daxildir. bu isə 2010-cu illə müqaisədə 50% çoxdur. Yerli TV reklamların hazırlanmasında həmişə olduğu kimi xarici agentliklərdən də dəstək alınsa da, əvvəlki illərlə müqaisədə yerli agentliklərin işləri daha çoxdur. Ən çox səs-küy yaradan isə İdeal mağazalar şəbəkəsinin “Gözəlliyin Adresi” reklamı və standardlardan kənar olması ilə yadda qalan Bizim Tarla yaşıl noxud üçün hazırlanmış xairci vs. yerli noxud reklamı oldu.  
 
Banklar daha təmkinli davrandılar
 
 
Avropa maliyyə böhranı ilə mübarizə apardığı dövrdə, Azərbaycanın maliyyə sektorunda geriləmə olmasa da 2011-ci ildə bankların marketinq fəaliyyətləri FMCG və telekom sektorunun fəaliyyətinin kölgəsində qaldı. İlin ilk yarısında Bank Standard depositlərini reklam edən TV reklamla başladı və Bank of Baku il boyu müxtəlif konseptlərlə öz aktivliyini qorudu. JIS tərəfindən hazırlanan Bolkart konsepti bank sektorunda yaratdığı fərqliliklə yadda qaldı. 
 
 
 
Və Mak.az...
 
 
Toplaşmağa və dərdlərimizlə bölüşməyə çox vaxt ayıra bilməsək də onlayn jurnalımız əvvəlki illə müqayisədə daha çox oxucu kütləsi toplaya bildik. İl ərzində bir dəfə ənənəvi məclisimizi “Marketinqə nə Lazımdır?” mövzusu ilə keçirib ən azından marketinq icmasından marketinqə nələrin lazım olduğunu öyrənə bildik. Təkcə dekabr 2011-də sayt ziyarətçilərinin sayı 80% artdı və ən əsası çoxdan gözlənilən yeni ilə yeni loqo ilə daxil olduq. 2012-ci ildə daha yeni formatda və yeni layihələrə hazırlaşan Mak.az bu ilin marketinq üçün daha kreativ və daha böyük layihələrlə dolu olmasını arzu edir.
 
Hərkəsə uğurlu il və əjdaha marketinq yaradıcılığı arzusu ilə,

Ruxsarə Məmmədova

Baxılıb: 3428

Şərhlər(1)

Şərhlər (1)

firdovsi firdovsi
Steve Jobsun vefati dunya ucun daha seskuylu oldu neinki Korya lider. sadece olaraq Koreya lideri il sonuna dogru olduyu ucun 2011 den daha tez yada dushur. ilin evvelerinde Unibank da cox aktiv olub , elave etmek olardi.