Müsahibə - Elnur Baimov
Elnur Şaxbaz oğlu Baimov 1974-cü ildə Bakıda riyaziyyatçı ailəsində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetini "Beynəlxalq əlaqələr və Hüquq" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. 1998-ci ildə İngiltərənin Bristol Universitetinin "Biznesin İdarə Olunması" ixtisası üzrə diplomunu əldə edib. Elnur Baimov ABŞ, İngiltərə və Rusiyanın bir sıra şirkətlərində çalışıb. Azərbaycana qayıtdıqdan sonra müxtəlif yerli şirkətlərin aparıcı vəzifələrində çalışıb. 2002-ci ilə qədər Nissan şirkətinin nümayəndəliyinin Baş Müdiri, 2002-ci ildə Mbask şirkətində müxtəlif vəzifələrdə həmçinin İnzibati İşlər üzrə Direktor vəzifəsində çalışmışdır. 2003-cü ildən başlayaraq Day.az xəbər portalının Baş Redaktoru vəzifəsində çalışır.
Mak.az: Elnur bəy, Siz özünüz biznes təcrübənizlə jurnalistika işinə başlamısınız, Sizcə Day.Az-ın uğur qazanmasında sizin biznes kapitalınızın nə qədər rolu var və Biznes Təcrübənizdə marketinqin yeri?
Elnur Baimov: Sualınıza cavab olaraq demək istəyirəm ki, mən həm xarici ölkələrdə İngiltərə, ABŞ, Rusiya həm də Azərbaycanda bir neçə aparıcı beynəlxalq şirkətlərdə çalışmışam. Həmin şirkətlərdə öhdəliklərim hüquqi inzibati işlərdən başqa həm də marketinqlə bağlı olub.
Day.Az-da isə mənim əsas vəzifəm jurnalistika yox idarə edən və marketinqlə bağlı öhdəliklərdir. Bu nə deməkdir, biz burada biznes prosesləri qurmuşuq. Çox təəssüf ki, ölkədəki KİVlərin 95%-də biznes prosesləri idarə olunmur, xaotik idarə olunma müşahidə olunur. Amma mən biznes sahəsindən gəldiyim üçün vertikal idarə etmə üsullarını tədbiq edirəm. Bu nədən ibarətdir, bizdə prosedurlar var, kim nəyi edə bilər kim nəyi edə bilməz. Ümumiyyətlə bizdə qol bağlayan qaydalar yoxdur, mütəxəssislərimizə, yazarlarımıza sərbəstlik verilib. Hər səhər ofisdə müzakirələr aparılır, kim nə edəcək, hara zəng vurulacaq, hansı tədbirə gediləcək. Jurnalistlərimiz öz sahələrinə uyğun olaraq məlumat toplayırlar.
Marketinqlə bağlı mənim işlərim əsas olaraq oxuyucularımızın KİV-dən nə gözlədiklərini araşdırıb öyrənməkdir. Yəni siz bizi müqayisə etsəniz digər KİV-lərlə görəcəksiniz ki, biz onlar kimi çox məlumat vermirik, bizə də həmin KİV-lərə göndərilən qədər press reliz gəlir (gündəlik orta hesabla 100-ə yaxın) lakin bunların çoxu bizdə işıq üzü görmür. Məsələn; Hansısa uşaq teatrının divarının malyar işlərinin başa çatması kimi xəbərlər bizdə heç vaxt işıq üzü görmür. Biz çalışırıq əsas oxucularımızı maraqlandıran məlumatları çatdıraq.
əsas işimiz saytı "user friendly" etməkdir, əgər siz fikir versəniz baş səhifəyə daxil olduqda istədyiniz kateqoriyada məlumatları əldə etmək imkanınız var, daxil olduğunuz kateqoriyadan birbaşa yenidən baş səhifəyə qayıtmadan başqa kateqoriya daxil ola bilirsiniz. Digər layihələrimiz olan Turbo.Az, Today.Az və Boss.Az-da da bu prinsipə əməl edirik. İlk əvvəllər bir çox xəbər agentlikləri bizim sistemi tənqid edirdilər indi isə həmin agentliklər özləri bu sistemə üz tuturlar. Bu sistem həm oxucular üçün uyğundur həm də reklam imkanlarının bol olmasına görə sərfəlidir.
Lakin bir şeyi unutmamaq lazımdır ki, xəbər agentliyi və xəbər portalı olmaq tamam başqa başqa anlayışlardır. Bu məsələlərdə fokuslanmaq önəmlidir. Misal üçün, Turan informasiya agentliyinin işinə nəzər yetirsək görəcəksiniz ki, onların internet resursu tamamı ilə qapalı sistemdir. əsas bizneslərini öz xəbər bülletenlərini satmaqla qurublar. Başqa agentliklərə gəldikdə isə onlar həm xəbəri satırlar həm də internet saytlarında pulsuz paylayırlar. Müəyyən vaxtdan sonra ödənişli əsaslarla xəbəri alan abunəçi artıq şikayət edir, çünki onun ödədiyi informasiyanı pulsuz internetdə də əldə etmək imkanı var. Bunun da qarşısını almaq üçün agentlik bəzi xəbərləri saytda yayımlayır bəzilərinə isə məhdudiyyət qoyur. Bu da ziyarətçi sayının nəticədə azalmasına səbəb olur.
Bu yaxında Azərbaycan dilində də resursumuz öz işinə başlayır. Mən düşünərəm ki, zəngin məzmunlu Azərbaycan dilli qəzet çıxarılsa uğur qazanacaq. Azərbaycan dilli oxucu və Rus dilli oxucu ilə arasında heç bir fərq yoxdur!
Mak.az: Deməli əsas problem Müştəri Məmnuniyyətini təmin etməkdir.
Elnur Baimov: Bizim bütün layihələrimiz Müştəri Məmnuniyyətinin təmin olunmasına riaəyət edir.
Mak.az: Day.Az-in çox böyük bir forum auditoriyası var, təxminən 35.000 nəfər adam var. Bu həm də Day.Az populyar qalmasının və istifadəçi loyallığının qorunması üçün yaxşı bir alətdir. Bu əvvəlcədən planlaşdırılmışdır yoxsa ...
Elnur Baimov: Xeyr. Day.Az layihəsinin texniki tapşırığında məqsəd community qurmaq məqamı yox idi. Forum sonradan yarandı yəni oradakı mövzular və bölmələr hamısı tədricən yarandı. Mak.az yarandıqdan sonra biz forumda Marketinq bölməsini açdıq. Bizim forumda sizdəki kimi çox dərindən və ətraflı müzakirələr aparılmasa da ümumi müzakirələr aparılır. Forum xaotik olaraq yaranıb.
Mak.az: Gəlin Aznet-dən danışaq. Rus dilli və Azərbaycan dilli seqment. Belə müşahidə olunur ki, rus dilli seqment internetdə daha aktivdir və populyar saytların 90%-i rus dilindədir. Marketinq cəhətdən siz bu iki seqmentin inkişafını necə görürsünüz?
Elnur Baimov: Mən bu cür sualın verilməsinin həmişə əleyhinəyəm, yəni rus dilli auditoriyanın daha çox informasiyalı olması obyektiv səbəb olan rus dilli resursların çox olmasına görə baş verir.
İnkişafdan danışsaq rus dilli seqmentin azalması müşahidə olunacaq, siz indi baxsanız Azərbaycan dilli saytların sayı daha çoxdur. Amma məzmun baxımından hələm inkişaf etməyiblər. Məsələn siz öz saytınızdan başqa Azərbaycan dilli hansısa saytı nümunə göstərə bilərsiniz? Xəbər saytı olmamaq şərti ilə...(red. sakitçilik) yoxdur. Yoxdur, Niyə yoxdur?
İndi isə rus dilində bir nümunə çəkin zəhmət olmasa. Yenə də yoxdur, Ümumi inkişaf yoxdur, jurnalistika inkişaf etməyib.
Ona görə Rus dilli və Azərbaycan dilli seqment çox aktiv və passiv deyə müqayisə etmək istəmirəm. İndi Azərbaycan dilində də sayt açırıq, görəcəksiniz o da inkişaf edəcək.
Mak.az: Online layihələrin offline, offline layihələrin online reklamı. Hansı lazımdır?
Elnur Baimov: Online sadəcə online olmalıdır. Bizim bu sahədə çox təcrübəmiz var, yani həm online layihələri həm da offline layihələri çox reklam etmişik. Online offline olmamalıdır. Niyə, çünki online layihənin hədəf qrupu onlinedadır, yəni siz onu metroda reklam etsəniz, insanlar reklamı növbəti stansiyada düşdükdən sonra yaddan çıxaracaqlar.
Online reklamlar indi daha effektlidir, çünki daha ucuzdurlar həm də ölçmək imkanı daha genişdir. Offline layihədə bəzən iştirak etmək olar. Məsələn bizim reklamlarımız "Maşın Şou"da olmuşdur. Burada ona görə iştirak etmişik ki, bu bütün ölkə əhalisini əhatə edən bir layihə idi.
Mak.az: Aznetdə açılan dünyaca məhşur layihələrin klonları əmələ gəlməyə başlayır, məsələn facebook, linkedin. Bunların uğur şansı nə qədərdir?
Elnur Baimov: Xalqımız çox parçalanıb. Yəni birləşmək həvəsimiz çox azdır, offline olaraq birləşə bilməyən xalq online necə birləşə bilər?
Kiçik qruplar olaraq birləşmək mümkündür, məsələn siz kimsiniz? Marketoloqlar, yəni ölkənin marketoloqları bir araya gəlmisiniz.
Psixoloji amillər və işə ayrılan investisiya məbləğinin az olması ilə əlaqədar bu kimi layihələrin uğur qazanacağına inanmıram.
Mak.az: Azərbaycanlı internet istifadəçisini necə təsvir edirsiniz?
Elnur Baimov: Azərbaycanda təxminən 300.000 internet istifadəçisi var. Bunların 80% korporativ istifadəçidir. Bunların da çoxu ciddi istifadəçi deyil. əsasən mp3, tanışlıq və s. tipli məzmunların həvəskarlarıdır.
Mak.az: Hal-hazırda ümumi reklam bazarının təxminən 1%-ni təşkil edən online reklam gələcəyinə inanırsınız?
Elnur Baimov: Reklam bazarının böyük bir hissəsindən bizim xəbərimiz var. Biz bu işlərə başlayanda ayı cəmi 40$ reklam banerlərini satırdıq. Sonra danışıb 25 dollara endirim edirdik. İndi vəziyyət necədir? Artıq şirkətlər reklam büdcələrində online reklam üçün bənd ayırırlar. Online Reklamın əsas üstünlüyü reklam verənə daha etibarlı statistika verə bilmək imkanıdır. Digər xəbər daşıyıcılarında bu imkan yoxdur.
Mak.az: Day.Az layihəsinin qiyməti nə qədərdir?
Elnur Baimov: Day.Az tipli layihənin qiyməti 2 milyon dollara qədər ola bilər.
Mak.az: Xəyallarınızdakı Day.Az–a çatmısınızmı?
Elnur Baimov: Bizdə internet sürəti yoxdur, bu inkişaf etmədigcə bizim heç bir gələcək barədə düşüncəmiz yoxdur. Azərbaycan dilli resurslarımızı və Today.Az layihəmizi inkişaf etdirəcəyik.
Mak.az: Reklam siyasətiniz barədə:
Elnur Baimov: Saytda reklamların sayını azaldırıq. Reklam agentlikləri ilə "premium" və "budget" reklam banerləri qiymətlərinə görə işlərimizi qurmuşuq. Hətta bizdə reklam agentlikləri biri biriləri ilə əməkdaşlıq edir. Yəni qısaca olaraq reklam işlərimizi outsorsinq edirik.
Mak.az barədə fikirləriniz:
Elnur Baimov: Bu sayt artıq bazarda öz yerini tutub. Bu faktdır ki, mən "Day.Az"dan başqa yeganə həm qonaq həm də aktiv istifadəçisi kimi ziyarət etdiyim tək forumdur.
Mən özüm bu forum barədə müxtəlif yerlərdə söhbətlər eşidirəm və bu özü bir uğurdur.
Bu cür davam edin daha da yaxşı olacaq, Sizə uğurlar!
Baxılıb: 8712
Şərhlər