Sosial şəbəkələrdə yayımla

Müsahibə - Elnur Nurəliyev

Tərcümeyi-hal

1980-ci il yanvarın 16-da Sumqayıt şəhərində doğulmuşam. Atam mühəndis, anam həkimdir, necə deyərlər, ziyalı sovet ailəsi. ADNA-da tətbiqi riyaziyyat ixtisasına yiyələnmişəm. Gördüyünüz kimi, ixtisasım üzrə işləmirəm, bu da bizim biznesdə adi haldır. McCann Erickson-a 2001-ci ilin sentyabrında “entry level designer‿ vəzifəsinə gəlmişəm. Bir neçə aydan sonra dizayner, bir ildən sonra art direktor oldum. 2005-ci ilin may ayından yaradıcı şöbənin rəhbəri təyin edildim. Evliyəm, bir oğlum var — gələcək reklamçı :) 

1) əvvəlcə McCann Azərbaycan barədə bizi qısaca məlumatlandırardınız.

McCann Erickson dünyada nəhəng reklam şəbəkəsi və Azərbaycanda böyük reklam şirkətidir. 50-dən artıq əməkdaşımız var. Yaradıcı şöbə 10 nəfərdən ibarətdir. Bizdə reklam sahəsinin ən yaxşı mütəxəssisləri çalışır. Bizim Coca-Cola, Nestle, MasterCard, Unilever, GSK, Novartis, Kimberly-Clark kimi qlobal müştərilərimiz var. Eyni zamanda yerli bazarın liderlərindən olan Atəşgah, Atropatena, bir neçə bank, tikinti şirkətləri ilə birgə çalışırıq. 
 

2) Azərbaycanda marketinqin vəziyyətini necə qiymətləndirirsiniz?

Məlum olduğu kimi, marketinq Azərbaycanda gənc sahədir. Hələ çox öyrənmək lazımdır. Xaricdə standart hesab olunan şeylər bizdə yeni tətbiq edilir. Məsələn, inteqrasiya olunmuş marketinq kommunikasiyaları. Onları bizdə savadlı və düşünülmüş şəkildə həyata keçirən çox az sayda mütəxəssis var. Xoşbəxtlikdən İnternet, həm də bötüvlükdə informasiya şəffaflığı sayəsində məlumat almaq asandır. Ancaq yenə də öz səhvlərin üzərində öyrənmək lazım gəlir. Bu mənada digər agentliklərlə müqayisədə bizim bəxtimiz gətirib. Biz McCann şəbəkəsinin texnologiya və metodologiyalarından yararlanırıq. Müştərilərimizə müasir, yaddaqalan və effektiv variantlar təqdim etmək üçün biz reklam və dizayn aləmində mövcud olan tendensiyaları diqqətlə izləyirik. 

Bizim ölkədə lokal brendlər çox deyil. Ancaq Azərbaycan bazarının böyük potensialı var. İqtisadiyyat inkişaf etdikcə, reklama tələbat da böyüyəcək. Təbii olaraq, belə bir halda özünü reklam etmək istəyənlər daha tələbkar olacaqlar. Şübhəsiz ki, gələcəkdə rəqabətə davam gətirə bilmək üçün reklam agentlikləri daha artıq peşəkarlığa can atmalı və daim axtarışda olmalıdır. 

Xalq Bank üçün çarxın cəkilişləri, Ukrayna.
"əgər qarşımıza daha ciddi tələblər qoyulubsa, biz xarici ölkələrə müraciət etməli oluruq. Bəzən reklam çarxlarımızı Türkiyə, Ukrayna, Litvada çəkmişik."
3) Fəaliyyətiniz zamanı daha çox hansı çətinliklərlə üzləşirsiniz?

Problem çoxdur. 

Birincisi, bizim ölkədə məlum səbəblərdən marketinq üzrə həqiqətən savadlı mütəxəssis azdır. Məlumatsız müştərilərlə işləmək isə çətindir. Effektiv reklam kampaniyası bütün mərhələlərdə — təhqiqatdan başlamış maraqlı ideyaların savadlı və hərtərəfli reallaşdırılmasına qədər düşünülmüş yanaşma tələb edir. Bütün bu mərhələlərdə müştərilərlə sıx kontakt tələb olunur. Bu heç də həmişə gözlənilən nəticəni vermir. Odur ki, bəzən reklam kampaniyasını tam istədiyimiz kimi aparıb başa çatdırmaq çətin olur. 

Digər problem xalqın lazımınca qiymətləndirilməməsidir. Çoxları düşünür ki, bizim insanlara daha sadə, ilk baxışdan başadüşülən nə isə vermək lazımdır, bizim tamaşaçı orijinal ideyalar üçün hələ hazır deyil. Belə yanaşma maraqlı konsepsiyaların reallaşdırılmasını çətinləşdirir. Biz heç vaxt kreativi kreativ xətrinə düşünmürük. Bizim şirkətin missiyası müştərilərimizin biznesini inkişaf etdirmək üçün daha effektiv reklam hazırlamaqdır. Maraqlı ideyalar reklamı yaddaqalan edir, müştərilərimizi isə öz rəqiblərindən fərqləndirir. 

Daha bir fundamental problem. Bunu "KKK" abbreviaturası ilə də xarakteizə etmək olar — kiçik ölkə, kiçik iqtisadiyyat, kiçik büdcələr. Yaxşı ideya, yaxşı kreativ keyfiyyətli reallaşdırma tələb edir. Bu da hazırda reklama xərclənən pullardan daha böyük büdcə deməkdir. Ya büdcə ideyaya uyğun olmalı, ya da ideya büdcəyə uyğunlaşdırılmalıdır. əgər əvvəlcədən büdcənin böyük olmadığı məlumdursa, biz azbüdcəli, ancaq effektiv kreativ fikirləşməyə çalışırıq. 

Yaradıcı qrupun rəhbəri kimi mən daha bir problemlə üzləşirəm. Bizdə yeni, çeynənməmiş ideyanı lokal istehsal çərçivəsində reallaşdırmaq çox çətindir. əgər qarşımıza daha ciddi tələblər qoyulubsa, biz xarici ölkələrə müraciət etməli oluruq. Bəzən reklam çarxlarımızı Türkiyə, Ukrayna, Litvada çəkmişik. Hətta bir dəfə Cənubi Afrikaya da getmişik. Bəzən özümüz də çəkirik. Məhdud büdcə zamanı Gürcüstana da müraciət edirik. Ancaq qeyd etməliyəm ki, Gürcüstan da axır vaxtlar bizi qane etmir. Orada da işləmək çətindir. Səviyyə də bizdəkindən az fərqlənir. 

Yaxşı kadrlarla bağlı da problem var. Bakıda istedadlı, peşəkar dizayner və ya koopirayter tapmaq çox çətindir. Art-direktor haqqında isə danışmağa dəyməz. Ya xaricdən dəvət edir, ya da özümüz yetişdirməli oluruq. 

Təbii ki, bazarın böyüməsi, büdcənin və savadlı kadrların sayının artması ilə bütün bu problemler də həll olunacaq. 

4) Xarici və yerli marketinq arasında hansı müqayisəni aparmaq olar?

Qərb bazarı reklamla doludur. Qərbdə insanlar ona öyrəşiblər və onun yanından etinasız keçə bilərlər. Ona görə də qərbli həmkarlarımız daha kəskin metodlar tətbiq etməli, daha maraqlı ideyalar tapmalı olurlar. İnsanları adət etmədikləri yerdə yaxalamaq üçün qeyri-standart kanallar axtarırlar. İndi "virus reklam" deyilən sahə inkişafdadır. Bizə Moskva ofisimizdən şirkətimizin yüksək çinli işçisi gəlmişdi. O, maraqlı bir əhvalat danışdı bizə. Bir dəfə onlar çox böyük içki istehsalçısı üçün təqdimat keçirirlər. Təqdimatdan sonra şirkətin top meneceri hər kəsi şoka salan ifadə işlədir: "Bəsdir xərclədiniz, fikirləşməyə başlayın!". Bu misal mənim də xoşuma gəldi. 

Bizim belə şeylər görməyimizə hələ çox var. Bizim tamaşaçı hələ bu qədər ərköyün öyrədilməyib. Buna baxmayaraq, çalışırıq ki, dünyadakı tendensiyalardan geri qalmayaq. əgər bizdə mümkündürsə, bütün tendensiya və metodikanı mənimsəməyə və tətbiq etməyə çalışırıq. 

5) ən yaddaqalan reklam kampaniyalarınız hansılar olub?

"Yaddaqalan" dedikdə, siz nəyi nəzərdə tutursunuz? əgər kampaniyanın həcmini və səviyyəsini nəzərə alsaq, SimSim — "Öz ritminlə yaşa!", Azercell — "Həyat paylaşdıqca gözəldir!", BankStandart — "Bacarığın hədsizdir!" və Xalq Bank — "Uğurla birlikdəyik!" kampaniyalarını göstərmək olar. əgər parlaqlıq və orijinallığını önə çəksək, o zaman mütləq Pepsodent diş fırçaları üçün "Sən seçildin! İndi seçim sənindir!", Mitsubishi Lanser — "Sizin üçün olsun!", uşaqlar üçün azbüdcəli, ancaq maraqlı Pepsodent — "İnsanlar niyə gülümsəyir?", Qış Olimpiya Oyunlarının sponsoru olan "Xalq Sığorta" üçün "Biz varıq!" çarxlarını qeyd edə bilərəm. 

Təəssüf ki, bizim çox maraqlı, orijinal, festivallıq işlərimizi rəflərdə toz basır. 

6) Mövcud reklam bazarını necə qiymətləndirirsiniz?

Bizim bazarda keyfiyyətli reklam çox azdır. Mən heç Qərb bazarını demirəm, burdan-bura Rusiyadan geri qalırıq. Bizdə yaxşı olan nəyinsə hazırlanma prosesinə də mütləq xarici ekspertizanı cəlb etmək lazım gəlir. Söhbət yalnız audio-vizual istehsaldan yox, eyni zamanda poliqrafiyadan, qeyri-standart konstruksiyaların yığılmasından və digər istehsal növlərindən gedir. Nəyisə yaxşı etmək istəyirsənsə, özün elə. Təəssüf ki, biz bu prinsiplə işləyirik. Problem təkcə az büdcədə və mütəxəssis çatışmazlığında deyil. Burada xalq arasında çox məşhur olan prinsiplərin də rolu var. Fürsətdən istifadə edib, necə var, ele de demək istəyirəm — "bas, getsin" yaxud "yola ver, getsin". Biz şirkətdə bunun abbreviaturasını işlədirik — BG–YVG. ISO standartı kimi səslənir lap. Bizdə öz üzərində çalışanlar, inkişaf etmək istəyənlər çox azdır. Buradan da TV-lərdə yayımlanan, ağrısız baxa bilmədiyimiz "şedevrlər" meydana çıxır. Bizdə aşağı səviyyə təkcə reklamda deyil, dizaynda da var. Bizim bazarda çalışan dizaynerlərin çoxu estetik zövqə və dizaynın nəzəriyyəsinə sahib olmayan "mütəxəssislər"dir. Çoxlarının düşündüyü kimi, yalnız qrafika proqramlarını bilmək və onlarla işləmək yetərli deyil. 

7) Azərbaycan iş adamlarının ən çox müraciət etdikləri reklam istiqamətləri hansılardır?

əksər hallarda standart kommunikasiya dəstinə müraciət olunur — televiziya reklam çarxı, küçə reklamı, ticarət obyektlərində, radio, jurnal, qəzet reklamı və hazırda Azərbaycanda sürətlə inkişaf edən İnternet reklamı. Buna baxmayaraq, biz çalışırıq ki, kommunikasiyalara şablon yanaşmayaq, qeyri-standart formalar tapaq. Bu işdə müştərilərimiz bizə etibar edirlər və biz hansı kommunikasiya vasitəsinin daha effektli olacağını müəyyənləşdirib işimizi o istiqamətdə qururuq. Onu da qeyd edim ki, biz əsasən kompleks layihələrə üstünlük veririk. McCann Erickson inteqrasiya olunmuş marketinq kommunikasiyası kliyentlərə təqdim edir, onlar üçün brend yaradır. Biz çalışırıq ki, müştərilərimiz yalnız bazarın tələbatına uyğun işlər təklif etməyək, həm də tələbat yaradaq. Bu bizim üstünlüyümüzdür. 

8) Marketinq şirkəti özünün marketinqini necə təşkil edir?

Bu suala kreativ direktor kimi cavab verəcəm. Etiraf etməliyəm ki, bizi əsasən məlumatlı insanlar tanıyırlar. Ya reklam sahəsində çoxdan çalışan adamlar, ya da peşəkar reklam agentliyi axtaran müştərilər. DYP-çilər bizi tanımırlar :) Zarafat edirəm. İstərdik McCann Erickson-u bizim maraq dairəmizdə olan və bizimlə maraqlanan hər kəs tanısın. Bunun üçün biz konkret addımlar atırıq. Rəssamlıq Akademiyasında bir neçə təqdimat keçirmək istəyirik. Hansısa bir peşəkar forum təşkil etməyi düşünürük. Azərbaycan, Qazaxıstan və Özbəkistanı özündə birləşdirən regional veb-saytın yaradılması üzərində işləyirik. 

Hansısa "self-promotiona"la qürrələnə bilməyəcəm. Amma... Biz Yeni ildə öz yerli və xarici müştərilərimizə və partnyorlarımıza Yeni il açıqcası göndəririk. Bir neçə orijinal variant var. Göstərə bilərəm! :) 

9) Sizə uğur gətirən amillər hansılardır? Nescafe 3 in 1 misalında.

Biz bacardığımızı maksimum şəkildə ortaya qoymağa çalışırıq. Biz parlaq ideyalar və onların reallaşdırılması üçün yeni yollar tapmağa çalışırıq. Tez razılığa gəlməyə tələsmir, ideyalarımıza qarşı tələbkarlıq göstərir, öz üzərimizdə çalışırıq. 

Nescafe 3 in 1 üçün digər məqamları da qeyd edə bilərəm. Birincisi, Nestle savadlı və hər detala diqqət göstərən bir müştəridir. Bütün layihələrdə sıx əməkdaşlığımız olub. Biz bu kampaniyada hər bir nüansı çox diqqətlə düşünmüşdük, hər bir detalı yüz ölçüb, bir biçmişdik. İkincisi, sözügedən layihədə beynəlmiləl bir qrup işləmişdi — gürcü rejissor, ukraynalı prodüser və operator. Təşkilati dəstək bizə məxsus idi. Üçüncüsü, xüsusi olaraq bu layihə üçün söz və musiqi yazılmışdı. Nəticədə "Ünsiyyətə qarış!" mahnısı meydana çıxdı. "Nescafe 3 in 1" kampaniyası inteqrasiya olunmuş marketinq kommunikasiyasına ən bariz nümunədir. 

10) Mak.az layihəsi barədə də fikirlərinizi bilmək istərdik.

Bakıda çoxlu sayda reklam şirkətinin olmasına baxmayaraq, Azərbaycan reklamçıları üçün görüşmək, fikirlərini bölüşmək, tanış olmaq üçün bir məkan yoxdur. Azərbaycan dilində reklam, marketinq və ya dizayna aid heç bir İnternet resurs da mövcud deyil. Odur ki, Mak.az-ın yaradılması çox sevindiricidir. Sizə uğurlar! Bizim auditoriya tərəfindən sevilməyi və inkişaf etməyi arzulayıram. Reklam lazım olsa, burdayıq. :) 

McCann Erickson-un yaradıcı komandası iş başında.
11) Gözlədiyiniz, ancaq vermədiyimiz sual.

Mən öz komandamız haqqında da danışmaq istərdim. Kollektivim barədə danışmağı çox sevirəm, çünki bizim uşaqlarla fəxr edirəm. 

12) Hansı kitabları, jurnalları və müəllifləri məsləhət görürsünüz?

Prinsipcə, indi məsləhətə çox da ehtiyac yoxdur. Hazırda İnternetdə yetəri qədər marketinq, reklam, dizayna aid çoxlu material var. Kreativliyə aid də həmçinin. Amazon-da axtarış etmək və məlumatlı adamların tövsiyələrinə baxmaq yetər. Mən belə də edirəm. Reklam üzrə Devid Oqilvinin "Ogilvy on Advertising" kitabını məsləhət görürəm. O, reklamda klassika sayılır. Dizaynerlərə Robin Uilyamsin "Design Workshop" və Kirsanovun "Dizaynın əsasları" kitablarını tövsiyə edərdim. Onlar bizim komandaya çox kömək ediblər və edirlər də. Kreativlik üzrə Maykl Mixalkonu oxumuşam. O, yaradıcı təfəkkürdə ekspertlərdən biri hesab olunur. Daha sonra Edvard de Bononun "Lateral düşüncə" və "Düşüncənin 6 şlyapası" kitablarını oxumaq olar. Dövri nəşrlərə gəlincə, məndə onların uzun siyahısı var. Bölüşə bilərəm :)

Təşəkkür edirik.

Baxılıb: 7665




Fayllar:

Müsahibənin Rusça Versiyası

Şərhlər