Sosial şəbəkələrdə yayımla

Müsahibə - Fərid Məmmədov

Itesa Kaspian MMM şirkətinin icraçı direktoru olan Fərid Məmmədov 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə orta məktəbə getmiş, 1991-ci ildə məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tərəfindən Tənzimlənməsi fakültəsinə daxil olmuşdur. 1992-ci ilin aprel ayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamışdır. Cənab Məmmədov 1992-1994-cü illərdə hərbi qulluqda olmuşdur. 1994-cü ildə hərbi qulluqdan qayıdan F. Məmmədov təhsilini davam etdirmiş, eyni zamanda Material Ehtiyatları Nazirliyində 2000-ci ilədək çalışmışdır. 1998-ci ildə ADİU bitirmişdir. O, 2000-ci ildən İtesa Kaspian MMM şirkətində çalışır. 2007-ci ildə UFİ tərəfindən tanınan və təşkil olunan Sərgilərin Təşkili və İdarə edilməsi sahəsində təhsil almışdır. 



mak.az: Sərgilərin effektivliyinin ölçülməsinin ən effektiv vasitələrindən biri də (iştirakçıların və ziyarətçilərin sayının yanında) sərgi ərzində bağlanan işgüzar müqavilələrin məbləğidir. Siz belə bir statistika aparırsınımı? Yoxsa niyə? Sizcə bu şirkətləri cəlb etmək üçün daha inandırıcı olmazmı?


Fərid Məmmədov: Sərgi zamanı müqavilələrin bağlanması PR kompaniya üçün yaxşı bir məlumatdır. Sərgi zamanı böyük şirkətlər sərgi iştirakçıları ilə müqavilə imzalayırsa, bu sərgi təşkilatçılarının apardığı reklam kompaniyasına öz müsbət təsirini göstərir. Ümumiyyətlə kommersiya sərgilərində nə bizim, nə də ki, başqa bir sərgi təşkilatçısı tərəfindən belə bir statistika aparılmır. Sərgi iştirakçıları özləri bu haqda sərgi təşkilatçısına məlumat verirlərsə, o zaman biz bu məlumatdan istifadə edirik. ƿgər bu barədə məlumat verilmirsə, biz heç zaman özümüz bu məlumatları onlardan istəmirik, çünki bu bir kommersiya sirridir.

mak.az: Sərgilərdə stendin yerləşdiyi yerin nə qədər əhəmiyyəti var? Yəni girişdə ilk olmaq həmişə mi daha effektivdir? Ümumiyyətlə yer seçimi baxımından şirkətlərə nələr məsləhət görərdiniz?

Fərid Məmmədov: əlbəttə ki, sərgidə stendin harada yerləşməsinin əhəmiyyəti vardır, ancaq o qədər də böyük deyil. Bu sərgidə iştirak edən şirkətin sərgi zamanı qarşısına qoyduğu hədəflərdən də asılıdır. Sərgidə stendin girişə yaxın olub olmamağının sərgidə qazanılacaq əlaqələrə və müvəffəqiyyətə böyük təsiri yoxdur. Öncə də qeyd etdiyim kimi, bu sərgi iştirakçısının qarşıya qoyduğu hədəflərdən çox asılıdır. Biz şirkətlərə hər zaman dəstək olmağa və lazım gəldiyində öz məsləhətlərimizi verməyə hazırıq.

mak.az: Sərgilərə profilə uyğun ziyarətçilərin cəlb edilməsi kimin vəzifəsidir? Təşkilatçının yoxsa iştirakçıların?

Fərid Məmmədov: Sərgiyə ziyarətçilərin cəlb edilməsi, bu həm sərgi təşkilatçısının, həm iştirakçının vəzifəsidir. əlbəttə sərgiyə qatılan zaman, sərgi təşkilatçısı özü qeyd edir ki, onun vəzifələrindən biri həm sərgi iştirakçılarını, həm də ziyarətçiləri sərgiyə cəlb etməkdir. Çox hallarda, xüsusən də bizdə, sərgidə iştirak edən şirkətlər sərgiyə gələn ziyarətçiləri öz stendlərinə cəlb etməkdə özləri heç bir fəallıq göstərmirlər. Sərgi təşkilatçısı vacib olan insanları sərgiyə cəlb edir. Sərgi iştirakçıları daha fəal olmalıdırlar ki, sərgiyə gələn mütəxəssislər məhz onların stendinə gəlib baş çəksinlər. Bu çox vacib məsələdir və şirkətlər özlərinə hədəf qoyduqda bunu da müzakirə etməlidirlər. Biz onlara hər zaman dəstək olmağa hazırıq. Belə ki, sərginin qazandığı müvəffəqiyyət yalnız sərgi təşkilatçısının deyil, həm də sərgi iştirakçısının zəhmətinin nəticəsi olmalıdır.


mak.az: Sərgilərin iş günləri təşkil olunması onların effektivliyini azaltmırmı?

Fərid Məmmədov: Xeyr, iş günləri təşkil olunan sərgilər effektivliyini itirmir və fikir versəniz, görərsiniz ki, ümumi əhaliyə aid olan sərgilərdə sərginin son gününü biz hər zaman Şənbə gününə salırıq. Ancaq sırf mütəxəssislər üçün təşkil olunan sərgilərdə belə tarixlərə ehtiyac yoxdur, ona görə ki, sərgiyə gəlib ziyarət etmək  işin bir hissəsidir. Qeyd edim ki, işdən icazə alıb sərgiyə gələ bilməyən mütəxəssis öz rəhbərinə sərginin əhəmiyyəti və orada qarşılaşacağı yeniliklər barədə məlumat versə heç bir anlaşılmazlıq olmaz. Bu bir dünya praktikasıdır, sırf mütəxəssislər üçün təşkil olunan sərgilər iş günləri təşkil olunur, ancaq ümumi əhalinin marağını əhatə edən sərgilərin, məs., AutoShow, Mebel  və s. son günü Şənbə, Bazar günlərinə salına bilər.


mak.az: Azərbaycanda ilk təşkil etdiyiniz sərgi hansı olub?

Fərid Məmmədov: Azərbaycanda ilk təşkil etdiyimiz sərgi 1995-ci ildə Azərbaycan Beynəlxalq Ticarət Yarmarkası olub və həmin o sərgi əsasən 4 sektoru əhatə edirdi: inşaat, telekommunikasiya, kənd təsərrüfatı və səhiyyə. Həmin bu sərgidən sonra bizim bütün əsas sərgilərimiz ayrıldı və sırf mütəxəssislər üçün sahələrə bölündü.

mak.az: Sizcə şirkətlərin sərgilərdə iştirakı ilə həmin şirkətin PR yoxsa Reklam bölməsi məşğul olmalıdır?

Fərid Məmmədov: Sərgilərdə şirkətlərin iştirakı zamanı həm PR, hım də Reklam bölməsi məşğul ola bilər.  Bu da sərgidə iştirak edən şirkətin seçdiyi hədəflərdən asılıdır. Sərgi həqiqətən də unikal bir marketinq vasitəsidir.

Sərgilər, maraqlanan alıcını birbaşa satıcı ilə görüşdürən yeganə vasitədir. O, bütün beş hissiyyatdan istifadə etməyə, məhsulu nümayiş etdirməyə, suallara cavab verməyə, etirazları təkzib etməyə və, ən vacib olaraq, potensial alıcılarınız ilə münasibətlər qurmağa imkan verir. Sərgi – həmkarlar ilə şəxsi, etibarlı münasibətlərin qurulması üçün ideal məkandır, həmçinin daimi müştərilər və təchizatçılar ilə görüş yeridir. əlaqələrin effektivliyi həmçinin stenddə ziyarətçinin məhsul ilə birbaşa tanış ola biləcəyinə görə artır. Sərgi sənayesinin tədqiqatı Mərkəzinin (CEİR) verdiyi məlumata görə, sərgilər şirkətlərin top-menecerlərinin 90%-i üçün müqavilələrin bağlanması zamanı ən əsas və birinci növbəli məlumat mənbəyidir. Onlar bazarı nisbətən tez öyrənməyə imkan verir. Heç bir reklam mənbəyi bu imkanı vermir. Və şirkətlər bundan istifadə etməyi bacarırsa, unikal nəticələrə nail olur. Lakin, sadəcə ekspozisiya sahəsi sifariş edərək, "bütün dünyanın ayağınız altına atılacağını" güman etməyin.  Müfəssəl tədbirlər planı hazırlamaq üçün kifayət qədər vaxt sərf etmək və sərgidə iştiraka lazımınca hazırlaşmaq vacibdir.

mak.az: Komandanız barədə məlumat verərdiniz? Kimlərlə çalışırsınız?

Fərid Məmmədov: İteca Caspian şirkəti təxminən 2000-ci ildən fəaliyyətə başlayıb. Bizim komandamız demək olar ki, çox gəncdir. Mən xoşbəxtəm ki, qarşısına qoyduğu hədəflərə çatmağı sevən, güclü ambisiyaları olan bir komandayla çalışıram. Bizim komandanın üzvləri gənc olmalarına baxmayaraq çox istedadlı və çalışqandırlar. Birgə seçdiyimiz hədəflərə çatmaq üçün komanda halında çalışdığımızın məhsuldarlığını görürük. Bizim bütün sərgilərimiz dövlət tərəfindən dəstəklənir və fürsətdən istifadə edərək, AR dövlət qurumlarına bizim fəaliyyətə yüksək qiymət verdikləri üçün dərin minnətdarlığımı bildirmək istəyirəm.


mak.az: İteca özü özünə marketinq sualları verir mi, bizim hədəf kütləmiz kimdir, özümüzü bazarda necə mövqeləndirk? o zaman cavablarınız nə olur bu suallara
 
Fərid Məmmədov: əlbəttə ki, İtesa da öz qarşısına müəyyən hədəflər qoyur  və çalışır ki, qarşısına qoyduğu hədəflərə çatsın. Hədəfsiz inkişaf mümkün deyil, məhz buna görə də, hər bir şirkət qarşıya qoyulmuş məqsədə çatmağı hədəf seçməlidir. Ümumiyyətlə şirkətin uzunmüddətli hədəfləri də olmalıdır. Hədəfin olmamağı şirkətin inkişafını ləngidə bilər. Bizim hədəflərimiz nəinki sərgi təşkilatçılarının, həmçinin sərgi iştirakçıları və sərgiyə gələnlərin maraqlarını müdafiə etməyə yönəlmişdir.

mak.az: Yeniliklər gözlənilirmi?

Fərid Məmmədov: Yeniliklər əlbəttə gözlənilir. Bu ilki kimi. Noyabr ayının 5-7 nə kimi, Qafqaz regionunda analoqu olmayan mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgisi keçirildi. Bizim planlarımızda bu sərgilərin sayını artırmaqla yanaşı təşkil etdiyimiz sərgilərin keyfiyyətini artırmaq da vardır. Son üç il ərzində bizim sərgilərimiz beynəlxalq sərgi təşkilatçılarının rəğbətini qazanmışdır. Beynəlxalq sərgi təşkilatçıları birliyi olan UFİ-nin keçirdiyi auditlərdə bizim sərgilər yüksək qiymətləndirilmişdir. Bu da əlbəttə ki, sevindirici haldır.

mak.az: Saytımız barədə fikirləriniz.

Fərid Məmmədov: Təbriklər! Çox peşəkarcasına və yaradıcı alınmışdır! Yeni sənaye xəbərlərini oxumaq və ən son hadisələrdən xəbərdar olmaq xoşdur.

















Baxılıb: 6630

Şərhlər