Sosial şəbəkələrdə yayımla

Müsahibə - Nigar Qasımova

Nigar Qasımova Bakıda anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq ixtisası üzrə məzunudur. Bir müddət İqtisadi İslahatlar Mərkəzində çalışıb. Müxtəlif layihələrdə marketinq üzrə mütəxəssis kimi iştirak edib. Teykvando üzrə iki dəfə Azərbaycan Çempionatının gümüş mükafatçısı olub. 1-ci dan qara kəmər sahibidir.

mak.az: Şirkətinizdəki pozisiyaniz barədə zəhmət olmasa məlumat verərdiniz?

N.Q (Nigar Qasımova):  Bank of Baku-da 2004-cü ildən etibarən işləyirəm. Bankda ilk addımlarımı məhz "direct marketing" qrupunda atmışam. Maraqlı və faydalı təcrübə yolu keçərək 2007-ci ildə PR və Reklam departamentinin direktoru vəzifəsinə təyin edildim. Şirkətimizin inkişafı, tanınması baxımından məsuliyyətli və əhəmiyyətli bir departmentə rəhbərlik edərək, bankı layiqincə təmsil etməyə, cəmiyyətlə bank arasında pozitiv əlaqə yaratmağa, ən əsası isə bankın yeniliklərini əhaliyə düzgün şəkildə çatdırmağa çalışıram.  

mak.az: Maliyyə sektorunda bankçılıq termini ilk dəfə siz gətirmisiniz, bu terminin yaranma tarixçəsi barədə zəhmət olmasa. 

N.Q: Bank of Baku-nun hazırda həm əhali tərəfindən, həm də maliyyə bazarında kifayət qədər tanınan və sevilən "Sizə Yaxın Bankçılıq" şüarı 2003-ci ildə McCann Erickson şirkətinin kreativ qrupu tərəfindən yaradılmışdır. Uzun illərdir ki, Bank bu şüara riayət edərək, istehlakçıların tələbatını yüksək səviyyədə ödəmək məqsədilə müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində daim aktiv iş aparır. Qazanılan nailiyyətlər isə qarşıya qoyulan məqsədlərin reallaşması istiqamətində bankın sürətlə irəliləməsinin əyani sübutudur. 

mak.az: Bank of Baku-nu daha çox istehlak kreditləri ilə tanınır. Bankın bu cür pozisiyalaşdırılması ilə razısınızmı? Bu məqsədli bir şəkildə əldə edilmiş bir imicdir. Yoxsa kortəbii?  

N.Q: Tamamilə sizinlə razıyam, çünki 1994-cü ildən fəaliyyət göstərən Bank of Baku, bank bazarında mövcud olan standartları göz önünə alaraq bazarın tamamilə yeni bir seqmentinə üz tutmaqla, Azərbaycanda istehlak kreditlərini bank bazarına ilk dəfə təqdim edən bank olmuşdur. Qısa vaxt kəsiyində isə bazarın bütün seqmentinə məhsul və xidmətlər təqdim etdi və geniş əhali kütləsinin və biznes təmsilçilərinin etibarını və etimadını qazanmağa nail oldu, bazarın əhəmiyyətli payını əldə etdi və bazardakı mövqeyini indiyədək saxlamağı bacardı. Bunun nəticəsi olaraq da bank müştərilərinin ümumi sayı yüksək sürətlə artaraq hazırda 140 mindən artıq təşkil edir. əminliklə deyə bilərəm ki, Bank of Baku hazırda istehlak kreditləri bazarında liderdir.

Bank of Baku hazırkı dövrdə Azərbaycanın iri maliyyə qurumlarından biri kimi pərakəndə bank xidmətləri ilə yanaşı, kiçik və orta biznesin təmsilçiləri və iri şirkətlər üçün də geniş çeşiddə məhsul və xidmətlər təqdim edir, əhalinin tələbatını daha dolğun şəkildə ödənilməsi üçün isə bu məhsul və xidmətlərini daim təkmilləşdirir. Qeyd edim ki, ötən ilin yekunlarına görə Bank plastik kartlar bazarında aktiv kartların ümumi sayına görə Azərbaycanda fəaliyyət göstərən özəl banklar arasında ilk pillədə idi. Bankın keçirdiyi bir sıra əmanət kampaniyalarının şərtləri isə o qədər əlverişli və cəlbedicidir ki, əhalinin əksər hissəsi öz vəsaitlərini məhz Bank of Baku-da saxlamağa üstünlük verir. Bu isə əhalinin banka olan etibarından irəli gəlir. 
 
mak.az: McCann Erickson şirkətinin kreativ müdürü Elnur Nuraliyev müsahibəsində Azərbaycanda sifarişçilərin marketinq barədə anlayışlarının kifayət qədər yüksək olmamasından gileyləndi. Bu barədə nə deyə bilərsiniz? Bir müştəri olaraq siz reklam və kreativ şirkətləri barədə nə fikirləşirsiniz və onların səviyyəsindən razısınızmı? 

N.Q: Elnur müəllim ilə tamamilə razıyam. Ölkəmizdə Marketinq anlayışına bələd olan mütəxəssislər çox azdır. Ümumiyyətlə bu sahə ölkəmizdə çox zəif templə inkişaf edir, bu isə öz növbəsində bir sıra problemlər törədir. Üstəlik əksər reklam və kreativ şirkətlərinin məsuliyyətsizliyi, sifarişi düzgün və keyfiyyətli şəkildə icra etmək qabiliyyətində olmamaları bu problemləri daha da qabardır. Nəticədə sifarişçinin reklam vasitəsilə əhaliyə çatdırmaq istədiyi mesaj, fikir təhrif olunur. 

mak.az: Hansı marketinq agentlikləri ilə çalışırsınız?

N.Q: əslində deyə bilərəm ki, Bank of Baku ölkəmizdə fəaliyyət göstərən bir sıra reklam şirkətləri ilə əməkdaşlıq edib. Sadəcə bir çox şirkətlərlə əməkdaşlıq qısamüddətli olub. əsas səbəb hazırda bir çox şirkətlərdə korporativ müştəri anlayışının olmaması. əksər bizim şirkətlər "Müştərini cəlb etmək" prinsipi ilə fəaliyyət göstərirlər. Lakin bu prinsipdən daha vacib olan bir prinsip də var  - Müştərini cəlb etməklə yanaşı, onu SAXLAMAĞI BACARMAQ lazımdır. əsl Marketinq budur. Bu səbəbdən, yalnız 2-ci prinsiplə işləyən şirkətlərlə əməkdaşlıq etməyə üstünlük verirəm.  
 
mak.az: Bank sektorunda en effektli marketinq metodunu hansı hesab edirsiniz? və ümumiyyətlə bank marketinqinin digər sahələrin marketinqindən fərqi nədir?

N.Q: Hesab edirəm ki, marketinqdə olan bütün metodlar effektivdir, o halda ki, onu düzgün vaxtda və məkanda istifadə edirlər. Bu və ya digər marketinq metodlarının istifadə edilməsi təqdim edilən məhsuldan, onun target qrupundan və digər vacib faktorlardan asılıdır. Bank marketinqinin digər sahələrin marketinqindən fərqə gəldikdə isə hesab edirəm ki, böyük bir fərq yoxdur. Marketinqin əsası olan 4 P istənilən sahədə tətbiq oluna bilər. Sadəcə olaraq bunu düzgün şəkildə etmək lazımdır. 

mak.az: Müxtəlif peşə sahiblərinə yönəlik kampaniyalarınız (sevimli məllimimiz, həkimlər, metro işçiləri və s)olub. Effekti oldu mu?

N.Q: Ötən il Bank müştərilərində loyallığın artırılması məqsədi ilə bir sıra stimullaşdırıcı kampaniyalar həyata keçirdi. Bakı Metropoliteninin 40 illiyi və Metropoliten işçilərinin peşə bayramı, Tibb İşçilərinin Peşə Bayramı və "Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə "Kredit kartlar" layihəsi çərçivəsində endirim kampaniyarını təqdim etdi. Qeyd edim ki, həyata keçirilən hər üç kampaniya inanılmaz effekt verdi. Belə ki, ötən ilin yekunlarına görə Bank plastik kartlar bazarında aktiv kartların sayına görə banklar arasında birinci yeri tutub. 

mak.az: Azərbaycanda fəaliyyət göstərən bankların depozit faizi "yarışına" girməsinə necə baxırsınız? Sizcə müştəriləri sadəcə depozit faizləri ilə banka cəlb etmək mümkündürmü?

N.Q: Rəqabət bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizədir. Hər bir sahədə olduğu kimi, bank bazarında da sağlam rəqabət mövcuddur. Qeyd edim ki, hazırda müştəriləri banka yalnız depozit faziləri ilə cəlb etmək mümkün deyil, daha dəqiq desəm əmanət yerləşdirən müştəriləri 2 kateqoriyaya bölərdim. Yalnız faizə üstünlük verən və faizlə yanaşı bankı seçərkən qərarlarına təsir edə biləcək stimullaşdırıcı kampaniyalara əhəmiyyət verən müştərilər. Bank of Baku əmanət kampaniyalarını hazırlayarkən hər iki kateqoriyadan olan müştəriləri cəlb etməyi çalışır. Belə ki, qısaca keçmişə nəzər salsaq görərik ki, Bank keçirdiyi kampaniyalar zamanı daim yüksək faizlərlə yanaşı dəyərli hədiyyələr də əmanətçilərinə təklif edir. Bura avtomobillər, müvafiq pul vəsaiti və.s göstərmək olar. 2008-ci ilin ilk əmanət kampaniyasını uğurla həyata keçirən Bank tezliklə əmanətçilərini yeni kampaniya il sevindirəcək. 

mak.az: İnternet və mobil kommunikasiya vasitələrinin inkişafı sizcə bank sektorunda marketinqdə hansı yeni imkanlari gətirə bilər?
 
N.Q: Müasir texnologiyaların tətbiqi indiki zamanda zəruri məsələdir. İstər Bank sahəsində, istərsə də digər sahələrdə. Nəzərə alsaq ki, hazırda virtual məkan yüksək sürətlə inkişaf edir, internet istifadəçilərinin sayı hər gün kifayət qədər artır, sözsüz ki, hər bir sahədə intenet və mobil kommunikasiya vasitələrinin inkişaşı zəruridir. Bank of Baku da bu sahədə müvafiq addımlar atır. Həftə içi hər gün müştərilərə xidmət edən Məlumat mərkəzi – 145, internet bankinq və s. Qeyd edim ki, Bank tezliklə bu sahədə daha bir neçə məhsulun tətbiq edilməsini planlaşdırır.  

mak.az: İntervyumuzu internet mövzusu ilə də bitirmək istərdik. İnternet üzərindən marketinq jurnalı kimi fəaliyyət göstərən
mak.az barədə fikirləriniz və arzularınız.  
 
N.Q: İlk öncə sevindirici haldır ki, Azərbaycanda marketinq sahəsini inkişaf etdirən, bu sahədə maarifləndirmə işlərini aparan, peşəkar mütəxəssislər vasitəsilə marketinq anlayışını əhaliyə düzgün şəkildə çatdıran internet portalı fəaliyyət göstərir. Bu təşəbbüsü dəstəkləyirəm və bu portalın inkişafı üçün mümkün olan hər bir dəstəyi verməyə hazıram. Arzum isə budur ki, bir çox anoloji portalların edə bilmədiklərini məhz Mak.az həyata keçirsin. əminəm ki, buna dəstək olan bir çox marketoloqlar olacaq. Uğurlar! 

Baxılıb: 8008

Şərhlər